Anlamaq dərdi
Etibar Etibarlı
Köhnə,
sağalmaz dərddir
Anlamaq dərdi”.
Sən çox fakir eləmə.
Bir də, bacın qurban,
ta içmə...
Sona VƏLİYEVA.
Varmı “köhnə dərd”in təzə əlacı,
Axı, anlamadan
yaşamaq olmur?!
Əbədi yoldaşır bizə, ay bacı,
Çarəsiz bir dərddir,
daşımaq olmur!
Daim şər əlində
xeyir qan qusur,
Bahar nələr çəkib sərt rüzigardan?!
Gah Nəsimi
olub,
gah Həllac Mənsur—
Soyulub dabandan,
asılıb dardan!
Cəllad kötüyünün vahiməsindən
Qorxub həqiqəti
dananlar olub!
Ölməz Bruno tək
əqidəsindən
Dönməyib tonqalda
yananlar olub!
Qələmi süngüdür,
amalı bəlgə…
Dərdi şərab
kimi içib şairlər!
Ölməmiş yüz dəfə,
min dəfə bəlkə
Sirat körpüsündən
keçib şairlər!
Dərd var--
bir cavabsız sualdır hələ,
Talesiz Hadinin hanı məzarı?
Nargində
Müşfiqə atılan güllə
Boyadı
al qana
mavi Xəzəri!
Bu gün ağıl verir
Qərb qoca Şərqə,
İblis
qəhqəhəsi qulaq batırır!
Necə anlamayaq?!
Dərdə bax, dərdə--
Meymun layla çalıb, fili yatırır!...
Düşünən başların
qan bahasına
Neçə yol dəyişib donu dünyanın!
Bir ovuc qanan da
çəkilsə qına,
Dönər cəhənnəmə
sonu dünyanın!...
Ömür payımızda
əzab var, yaş var,
Şairlər doğulur acılar üçün.
Anlamaq dərdinə
düçür qardaşlar
Qoy ölsün dərd çəkən bacılar
üçün!...
Kaspi.-2014.-11-13 yanvar.-S.18.