Vəfa xəzinəsi

Flora Xəlilzadə, əməkdar jurnalıst

Onların şəkillərini ilk dəfə kəndimizdə bacımın albomunda görmüşdüm. Kitabxanaçı bacım universitetdə qiyabi oxuyurdu. Sessiya vaxtı Bakıda Qulu Xəlilovgildə qalırdı. Xəlil Rza ilə Qulu müəllim yaxın dost idilər, ailəvi get-gəlləri var idi. Bu səbəbdən bacım da Xəlilin ailəsini yaxşı tanıyırdı. Firəngiz xanımla Xəlilin qoşa şəkilinə baxaraq ilk sözüm belə olmuşdu: “Bir-birlərinə necə oxşayırlar”. Əslində, uşaq ağlı ilə söylədiklərım sonralar onları daha yaxından tanıyanda başqa bir həqiqəti təsdiqlədi. Firəngiz xanımla Xəlil Rza bütün daxili aləmləri, arzuları, düşüncələri, amalları, əqidə və məsləkləri ılə eyni varlıq, eyni adam idilər.

Xəlil Rza Ulutürkü ilk dəfə ötən əsrin 70-ci illərindən tanıyırdım. Rəfimdə avtoqraf yazdığı kitablarını hərdən vərəqləyəndə yadıma nələr düşmür. Ruhumuzda, xatirələrimizdə əbədiləşən böyük şair, azadlıq və istiqlal aşiqi Xəlil Rza Ulutürk! Vəfatından sonra bütün mehrimi Firəngiz xanıma saldım. Gözəl münasibətimiz yarandı. Bir daha Firəngiz xanımın mərdliyinə, sədaqətinə, yorulmazlığına, dəyanətinə, həssaslığına, dostsevərliyinə, dürüstlüyünə və nəhayət səbrinə, dözümünə məftun oldum. Doğmama, əzizimə çevrildi.

Xəlil Rza Firəngiz xanımı həyatının Günəşi adlandırmışdı. “Sən mənim ömrümdə olmasan, dünyam zülmətə dönər”- demışdı. Və bu gün Xəlilin gəzdiyi cığırlarda, yollarda Firəngiz xanımı görəndə istər-istəməz fikirləşirsən ki, bir vaxt Xəlil üçün yanan bu Günəş, indi ömür-gün dostunun arxivindəki yazılarının taleyinə nur saçır. Heç Xəlilin sağlığında bu qədər kitabı işıq üzü görməmişdi. Məhz Firəngiz xanımın fədakarlığı, cəfakeşliyi sayəsində Xəlil Rza Ulutürkün 50-dən çox kitabı nəşr edilib.

Firəngiz xanım Xəlil Rza ilə bağlı xatirələrini də qələmə alıb. Öz ömür-gün dostları haqqında xatirələr yazan çox xanımların kitabını oxumuşam. Firəngiz xanımın yazı üslubu tamam bambaşqadır. Təbii, səmimi, ənbaşlıcası da olmuş gerçəkliyin güzgüsüdür, yaşanmış həyatın kağızlara sıxılmış qəlb harayıdır. Bu haraydan boylanan Xəlil Rza divanəliyi, amalı, bir həqiqəti də təsdiq etdi ki, böyük şairimizə həyatın ağrı-acılarına sinə gərməkdə arxası, köməyi onun mərd və hünərli ömür-gün dostu Firəngiz xanım olub. İstər yazılarında, istərsə də söhbətlərində Xəlil Rzanın əqidəsi, vətəndaşlığı, etibar və məhəbbəti önündə səcdə etdiyini bildirsədə, bu həqiqəti dərindən duyursan ki, qarşısında əyilməli olacaqlarımızdan biri də şəhid Təbrizin anası, böyük şairin könül yadigarı Firəngiz xanımdır. Şeirlərinin birində Xəlil Rza vəfadarına görün necə müraciət edib: “Sən günəşli bir dənizsən, körpələrin-ləpələrin”. Təkcə övladları deyil, bu ləpələrdən biri də elə Xəlil bəyin özü idi. 20-ci il dönür ki, Xəlil haqq dünyasına qovuşub. Bu illərin acılığı, ağır qüssəsi Firəngiz xanımın sinəsində ovunmaz dərdə çevrilsədə, səhhətində, ovqatında problem yaratsada, evində yeri boş görünsə də bir gün də Xəlilsiz olmayıb. Bu məhəbbətin, yanımlığın, pərvanəliyin ahəngində həyat yoldaşından çox bir ana sevgisi, ana qayğısı, ana təşnəliyi, ana nəfəsi duyulur.

 

Xəlil Rza Ulutürkün “Eşqim, vəfadarım mənim”(Bakı-2013) adlı yeni nəşrdə Firəngiz xanım xatirələrini elə hiss və duyğularla qələmə alıb ki, indiyə qədər oxuduğum məhəbbət və qəhrəmanlıq dastanları nəfəsimi belə kəsməmişdi. Ürək döyüntülərimin, göz yaşlarımın səbəbini onda tapdım ki, yaxından tanıdığım bu iki şəxsin əslində, dastanlara sığmayan sevgiləri olub. İmtahanlardan, sınaqlardan, maneələrdən, qadağalardan keçən, iki oğul övladı ilə bəhrələnən bu məhəbbətin sonda ağır tənhalığınını yaşayan, xiffətini dilə gətirməyən, dərdlərinin üstünə xəfif nikbinlik sığalı çəkən Firəngiz xanım bir örnəkdir. Xəlil Rza məcnunluğundan, Firəngiz xanım təmkinliyindən biz hələ çox şey öyrənməliyik.

Müasir Azərbaycan poeziyasında ikinci elə bir şair tanımıram ki, bütün məhəbbət şeirlərinin ünvanı ancaq öz xanımı olsun. Bir dəfə sözarası zarafata salib Firəngiz xanımdan bu barədə soruşan da eşitdiyim cavabdan həm heyrətləndim, həm də qəribə bir mənmunluq duydum: “Yazan da nolar, şair gözəllikdən ilham alıb vəsf edər...” Sifətinə yayılan gileyli təbəssümdən sonra titrəyən səsindən aldığım sözləri məni xeyli düşündürdü: “Kaş ki, yüz mininə şeir qoşardı,amma bu gün yaşayardı...” Yadıma özbək şairəsi Zülfiyyənin ömür-gün yoldaşının olümünə yazdığı şeiri düşdü: “kaş sən məni atıb gedəydin, amma biləydim ki, sağ-salamatsan”. Sevdiyi insanın naminə hər cür əzaba razı olmaq, acılıqlara sinə gərmək hər qadının da hünəri deyil. Bu mənada Firəngiz Ulutürk həm hünərli, həm də təpərlli xanımdır. Xəlil Rza da kimi seçdiyini, kimi sevdiyini gözəl bilirmiş. Hələ gənclik illərində öz aşiqliyini, əbədi vurğunluğunu belə etiraf edib:

 

Tutub gözlərimi məhəbbət mənim,

Heç kimi görmürəm səndən savayı,

Gecəyə nur salan bir afət mənim,

Bəxtimin ən böyük səadət payı,

Heç kimi görmürəm səndən savayı.

 

Köksümüzü yaralayan 20 Yanvar müsibəti! 1990-cı il yanvarın 26-sı şəhidlərin yeddisi günündə Xəlil Rza DTK əməkdaşları tərəfindən qəflətən həbs edilib. Bununla da Firəngiz xanımın qara günləri başlayıb. Azərbaycanın o vaxtkı rəhbərlərinə ərizə yazaraq Xəlildən xəbər tutmaq, yerini öyrənmək istəyib. Dövlət orqanlarının başçıları isə susmaqda davam ediblər. Firəngiz xanımın döymədiyi qapı qalmayıb.Nəhayət fevralın ortalarında Xəlil Rzanın Moskva televiziyası ilə çıxışını verirlər. Firəngiz xanım o günləri belə xatırlayır: “Xəlili ekranda görəndə elə bil dünyanı mənə verdilər. Sifətindən pis görünmürdü. Lakin onun çıxışı bir çoxlarını narazı salmışdş ki, nə üçün Sılva xanım deyir. Böyük bir millətin oğlu kimi İttifaq, dünya qarşısında çıxış edən Xəlil ona necə müracıət edə bilərdi? O, qadın haqqında danışırdı. Hər bir davranışı millətin səviyyəsini göstərirdi. Düşmənə qalib gəlmək üçün ağıl və fərasət lazım idi. Təəssüf ki, bunu çoxları dərindən dərk etmək istəmirdi. Bəla burasında idi ki, bunu aşağı kütlə desəydi, o qədər də narahat olmazdım. Ziyalılardan bir neçəsi belə düşünəndə təəccüb qaldım onların ziyasına”.

Bir ömrün qoşa qanadı nəhayət ki, uzun çək-çevirdən, yoxlama və yazışmadan sonra Lefortovo zindanında görüşüb. “Xəlillə ilk dəfə görüşəndə ağladım. Onun görkəmi məni çox sarsıtdı. Xəlil dağ qartalıydı, zindanda yaşaya bilməzdi axı?!”

Dolmuş gözlərini məndən gizlətmək, ya bəlkədə məni kövrəltməmək üçün, araya başqa söz salmaq istədi. Amma alınmadı. Hər ikimiz də Xəlil Rza Ulutürkə köklənmişdik. O dar qəfəsdəki ilk görüşdən sonra Xəlil bəy Firəngiz xanım üçün “Sənin göz yaşların” adlı şeir yazıb:

 

Mən səni ömrüm boyu təbəssümlü görmüşəm,

Gülümsər gözlərində sevinc, fərəh görmüşəm.

Sənin səadətinə həyatımı vermişəm,

Bəs nədir bu hıçqırıq? Göz yaşın almaz-almaz,

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

 

Qəza-qədərlə dolu yollarda Firəngiz xanım geri çəkilmir. Bir dəfə Xəlil Rza deyir ki, bəlkə azuqəni poçtla göndərəsən, özün gəlməyəsən. Firəngiz xanım qəti etiraz edir: “Səninlə beş dəqiqəlik görüş məni bir ay saxlayır”. Xəlilin məhkəməsinin Bakıya keçirilməsi ilə bağlı Firəngiz xanımı növbəti görüşə buraxmayıblar. Şair bundan xəbər tutduqda çox müütəssir olaraq etiraz və harayını misraların ömrünə bağlayıb:

 

Nə zindan, nə zəncir, nə dəmir qəfəs,

Bizi öz hökmündə saxlaya bilməz.

Sən ey pıçıltısı toplar susduran,

Naləsi tankların döşündən vuran,

Pakizə, müqəddəs, əbədi, ölməz,

Fəryadım, əfqanım, neyçün gəlmədin?

 

“Xəlilim Lefortovadan özü ilə üç bağlama gətirmişdi. Bunların biri zindanda yazdığı şeirlər, ikincisi Puşkindən, Lermontovdan etdiyi tərcümələr, üçüncüsü dustaq həyatından bəhs edən gündəlikləri idi”.

Bir məsələni də mütləq qeyd etməyi lazım bilirəm ki, Xəlil bəyin zindanda yazdığı şeirlərin ruhundakı mübarizlik, qətiyyət, xüsusilə də Firəngiz xanıma ünvanladığı poetık müraciətlər o qədər mündəricəli, təsirli, düşündürücü və çağırış doludur ki...

 

Haqqın daş məhbəsi sökən gücü var,

Ahımdan əriyir beton divarlar.

Sən şair qadını, çələngin-vüqar

Bükmə qanadını, aya, Marsa var,

Yoxdu qeyrətinə son, Firəngizim!

Ayağım qandallı, içərim azad,

Yetim bir dürrəm kı, sədəflə təzad,

Mənə bir kağız ver, bir qələm uzat

İldırım qələmi yon, Firəngizim!

Zülmət kamerada arslan bürcüyəm,

Göyün dayağiyam, yerin gücüyəm,

Yarsam bu zindanı , el sevinciyəm.

Dustaqlıq mann deyil, mann, Firəngizim!

Qorxma, mən sarsılmaz dağ qalasıyam,

Min-min ölüm gəlsə sağ qalasıyam.

Sabah azad olub hayqırasıyam:

-Canım ey Azadlıq! Can Firəngizim!

 

Firəngiz xanım kimi ilahi bir ananın südü ilə böyüyən, Xəlil Rza kimi cəngavər bir kişinin qanını damarlarında gəzdirən Təbriz Xəlilbəyli torpağımız uğrunda qəhrəmancasına həlak oldu.Bu acı xəbər bütün eli saraıtdı.Yadımdadı, yazıçı Əzizə Cəfərzadə necə dərin kədərlə mənə dedi: “ Xəlil necə dözəcək, düşünə bilmirəm...” Firəngiz ana Xəlilə görə hönkürtüsünü içində boğaraq özünü tox tutmağa çalışdı. Xəlil Rza Ulutürk isə oğlunun dəfni günü daha bir böyüklük göstərdi: “Gözün aydın, Firəngiz, oğlun Azərbaycan uğrunda şəhid olub!” Bu sözlər hamını kədər qarışıq heyrət içində qoymuşdu. Bu dəyanəti yalnız Xəlil Rzadan gözləmək olardı. Zəlimxan Yaqubun ağılarından da bu etiraf boylanır:

Dərdi yalqız çəkəəkə

Saldın bizi dərdə Xəlil!

Min kişinin gücü vardı

Sənin kimi ərdə Xəlil!

 

Əslində, Təbrizin həlak olması Xəlil Rzanı çox satsıtmışdı. Firəngiz xanım yenə də dəyanətli tərpənir, “içəridən sökülsəm də, Xəlilimə Təbrizimdən danışmırdım”. Elə Xəlil bəy də dərdini sinəsinə salmışdı.Günlərin birində isə gücünü toplayaraq “Qaytar mənim qüdtətimi!”-deyə hayqırıb:

 

Qaytar, mənim qüdrətimi,

Odlar yurdu, Od torpağı!

Varım, yoxum, cismim, qanım,

Canım Təbrizimi itirmişəm.

Bağ-bağçamı, gülşənimi itirmişəm.

Böyük insanların həyatı həmişə qayğılarla, eləcə də çəkilməz dərdlərlə, xəstəliklərlə dolu olur. Uzun illər şəkər xəstəliyindən, ürək ağrılarından əziyyət çəkən şairimizi son zamanlar təngənəfəslik də çox incıdirdi. “Gecələr demək olar ki, yatmırdı.Uzanan kimi boğulma tuturdu onu”-deyə Firəngiz xanım susur...

Xəlil Rzanı müalicə etdirmək məqsədilə bu qoşa ömrün Türkiyə, Almaniya, Fransa həyatı başlayıb.Cərrahiyyə əməliyyatları, müayinələr, müalicələr...Təəssüf ki, heç nəyin köməyi olmadı. Xəlil ağrılar içində boğulurdu. Bununla belə şairin ruhu həmişə yüksək idi.Firəngiz xanım söyləyir: “Onun sarsılmaz iradəsi məni heyran edirdi”. Elə bu heyrəti də duyaraq Xəlil Rza Ulutürk deyirdi:

Qorxma, mən sarsılmaz dağ qalasıyam,

Minbir ölüm gəlsə,sağ qalasıyam.

Ruhumuzda, könlümüzdə, məsləkimizdə, əqidəmizdə, xatirələrimizdə sağ qaldı Xəlil Rza. Özü isə... “Xəlilimə görə Təbrizim üçün ürək dolusu ağlamamışdım. İndi isə tək qalmaq, Xəlilimi oxşamaq, hönkürmək istəyirəm”. Firəngiz xanım onu da etiraf etdi ki, Xəlildən sonra onu yaşadan xalqın öz şairinə olan güclü məhəbbətidir.

Gəncədə yaşayan, Xəlil bəyin köhnə dostlarindan olan professor Bağır Bağırovun Firəngiz xanıma yazdığı bir məktub məni yaman duyğulandırdı. Açığı, həm kövrəldim, həm də qürurlandım: “Sız bir Milli Qəhrəman anası kimi də, Xəlil Rza beşiyi başında mərd sədaqətli bir İnsan olaraq dayanmağınızla sağlığınızda özünüzə möhtəşəm abidə ucaltmısınız. Elə bir məclis, elə bir söhbət olmaz ki, mən sizi nümünə göstərməyəm”.

 

Qeyri-adi ifaları ilə qəlbimizə hakim kəsilmiş Xumar Qədimova şairin bir şeirini öz avazında elə xəfif və qəribə ahənglə oxuyur ki...Sakit ürəklə qulaq asmaq mümkün olmur. Səsin zərifliyində duyulan həsrətin çalarları könlümüzə tuşlanır:

 

Mənim o yerlərdə ayaq izim var

Səadət aynası beş dənizim var.

Vəfa xəzinəsi Firəngizim var.

Onun üzünə həsrət qalmışam.

 

Xəlil Rzanın təkcə elə Lefortovo zindanında Firəngiz xanım üçün yazdığı şeirləri əsl məhəbbət dastanıdır. Uydurma və nağıllardan çox uzaqda dayanan, amma əfsanəyə bənzəyən bu eşqin bütün fəsillərindən vüsalla, min xatirəli görüşlə bərabər hicran, ayrılıq, həsrət, etiraz və etiraflar boylanır. “Firəngizin məktubu” adlı şeir bu mənada dağlardan tökülən şəlalər kimi yanar qəlbimizə bir sərinlik, qarıışıq halımıza sakitlik, ruhumuza coşqunluq gətirir:

 

Qüdrət dağı, qeyrət seli, min candı bu könlüm,

Ey sal qaya, dinlə, yatan ümmandı bu könlüm,

Coşsam,görəcəksən,dəli tufandı bu könlüm,

Sussam, demərəm bəxtimə bir dəm kimi gəldin,

Ölməz, əbədi şairə həmdəm kimi gəldin.

 

Bu həmdəmsə bu gündə Xəlil Rza Ulutürkün yazılarının başına pərvanə kimi fırlanır. Xəlil Rza Firəngiz xanımı həyatının Günəşi adlandırmışdı. Elə həyat da təsdiqlədi ki, böyük şair haqlı idi. Bu Günəş indi də nur saçır...İşığının selində isə Xəlil Rza Ulutürkün vəfatından sonra çap edilən kitabları sıralanıb.

 Kaspi.-2014.-11-13 yanvar.-S.16.