Özəl nəşrlər,
hardasınız?
Naşirlər
kitabxanaları, kitabxanalarsa naşirləri
qınayır
“Kitabxanaların, xüsusilə Mərkəzi Kitabxananın zəruri kitab nüsxələri ilə təmin olunması ilə bağlı layihə üzərində iş gedir. Çünki həqiqətən bizdə yaxşı kitablar nəşr olunur. Amma daha çox özəl nəşriyyatlar bu kitabları çap etdiyi üçün onun nüsxələri kitabxanalara gedib çıxmır. Həm zəruri nüsxələr, həm də onların elektron variantı getməlidir. Bilirik ki, kitablar az nəşr olunur və xeyli vəsait tələb edir və bu qədər xərci nəşriyyatın üzərinə qoymaq olmaz”. Bu fikirləri mətbuata açıqlamasına Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, əgər özəl nəşriyyatlar ölkədə mövcud olan bütün kitabxanaları təmin edə bilmirlərsə, onda nəşr etdikləri kitablardan 1-2 nüsxə, eyni zamanda elektron variantı Mərkəzi Kitabxanaya göndərməlidir ki, Milli Kitabxana ilə başqa kitabxanalar arasında mübadilə edə bilsinlər.
Özəl
nəşriyyatlar çap etdikləri
kitabların nüsxələrini Milli
Kitabxanaya və
ya digər
kitabxanalara göndərməkdə niyə
maraqlı deyillər?
Bəlkə problem
sistemin özündədir, qeyri
dövlət
sektorlarını qınamağa ehtiyac yoxdur. Ya bəlkə ittihamın iki
ucu var? “Kaspi” bu və ya
digər sualları
araşdırarkən
maraqlı nüanslarla
qarşılaşıb
Pərakəndəlik, yoxsa
Yazıçı-publisist Akif
Əli bildirib ki, “Kitabxana işi haqqında”
qanuna görə
hər bir nəşriyyat
kitabxanalara çap etdiyi kitabı göndərməlidir: “Məcburi nüsxə deyilən anlayış var. Nəşriyyatlar
həm əlaqədar müvafiq
dövlət
strukturlarına, həm
də kitabxanalara kitab göndərməlidirlər.
Kitabxana tək
bu gün üçün mövcud
deyil. O, həm
də kitabları gələcək
üçün qoruyur.
Ona görə
kitabxanalara kitab
göndərmək vacibdir.
Ən azı Milli kitabxanaya
göndərilməlidir. Prezident də
bir çox
kitabları çap etdirib
və kitabxanalara pulsuz
paylanmasını tapşırıb. Bu ümummilli, ümumədəni aksiyadır. Ona görə
də kitabxana fondlarının zənginləşməsində hamı maraqlı
olmalıdır”. Özəl
nəşriyyatların
fəaliyyətindən danışan A.Əli “özəllər öz əlləri, öz
başlarıdır. Ona görə kefləri necə istəyir, o
cür hərəkət edirlər.
Müəlliflər gərək özləri
maraqlı olalar. Mən
məsələn, Milli Kitabxanaya həmişə özüm
kitab göndərirəm”-deyə qeyd
edib.
«Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəyli
hesab edir ki, problemi həll etmək üçün
kitabxanalar özəl
nəşrlərə abunə
olmalıdırlar: «Əvvəl
proses başqa cür həyata
keçirilirdi. Hansı özəl mətbəədə
kitab və
jurnallar çap olunurdusa həmin
nəşrləri lazımi ünvanlara göndərirdilər. İndi
isə dövlət statusu
olan kitabxanalar abunə
yazılmalıdırlar. Müəllif
kitabı kitabxanaya özü
aparmalıdır. Kitabxanalar hansı
müəllifi
maraqlı hesab edirlərsə
həmin müəllifə müraciət edirlər. İndi
nəşr olunan kitabların sayı həddən
artıq çoxdur. O müəlliflərin hamısı ilə əlaqə
yaratmaq da asan deyil”. Özəl nəşrlərin kitab
mağazalarına yol tapmasına gəlincə,
yazıçı-dramaturq bildirib ki, nəşriyyatlar
özləri birbaşa bu işlə məşğul olur:
«Ya da müəllif öz
hesabına kitab buraxdırıb hər hansı kitab mağazasına aparır və “bunu
5 manata sat” deyir. Yəni
kitab yayımının təşkilində pərakəndəlik var,
sistem yoxdur».
Yazıçı Natiq Rəsulzadənin fikrincə, hər bir
özəl nəşriyyat çap etdiyi kitab nüsxələrini Milli
Kitabxanaya və
bəzi dövlət kitabxanalarına
göndərməlidir: «Bu gün kitabların əksəriyyətini
özəl nəşriyyatlar çap edir. Problemin digər
tərəfi hazırda
kitabların böyük tirajlarla
çap olunmaması ilə bağlıdır. Dövlət Proqramına əsasən min
tirajlarla çap olunan nəşrləri çıxmaq
şərtilə, müasir
müəlliflərin 300-500 və ya
1000 nüsxəlik
kitablarını paylamaq da
mümkün deyil. Çünki respublikada yüzlərlə kitabxanalar var”. N.Rəsulzadə hesab
edir ki, bu məsələdə
Avropa ölkələri ilə, heç
olmasa Rusiya ilə ayaqlaşmaq
lazımdır: «Həmin
ölkələrdə hər
şey peşəkar
səviyyədə qurulub. Mümkün deyil ki, müəllif
öz kitabını qoltuğuna
vurub hər
hansı kitabxanaya müraciət etsin.
Bu, rəsmi
qaydada həyata
keçirilməlidir.
Özəl nəşriyyatların
proqramına elə bir maddə
daxil edilməlidir
ki, onlar kitabları
özləri kitabxanalara göndərsinlər. Müəllifin işi kitabı yazmaqdır. Kitabı
satmağı və
yaymağı bacarmaq lazımdır. Bu isə
müəllifin işi deyil”. N.Rəsulzadənin fikrincə, ölkədə kitab
yayımı üzrə
mütəxəssislərə ehtiyac var. Belə
ki, bu iş
bizdə özfəaliyyət səviyyəsindədir. “Kitabxana
bir yana, mağazalar da gərək kitabları qəbul etməkdə maraqlı olsunlar. İndi oxucu kitabdan uzaqlaşıb.
Ancaq onu bu yolla
kitaba qaytarmaq olmaz. Əgər kitab mağazalarının satıcısı əlini əlinin üstünə qoyub
«Xəbərim yoxdur
kitabınız satılıb, ya yox» deyirsə,
nəşriyyatlar «Biz niyə
kitabxanaya göndərməliyik?» deyə inad
edirlərsə hansı irəliləyişə nail
olmaq olar? Hər bir
qurum öz işini yerinə
yetirsə, bəlkə nəyəsə nail olmaq olar. Bəlkə onda oxucunu kağız üzərində
yazılan kitaba qaytara
bilərik. ».
Tələbat olan
kitablar
“Biz nəşriyyatlarla müqavilə
bağlayırıq və
onlar kitablarını bizdə sərgiləyirlər”- deyən M.Ə.Sabir adına şəhər
kitabxanasının müdiri Aliyə Kərimova həmçinin
müəlliflərin öz
kitablarını kitabxanaya hədiyyə etdiklərini bildirib:
”Ayrı-ayrı müəlliflərlə isə
o qədər də əlaqə
yaratmırıq. Sadəcə, oxucularla
onların görüşünü təşkil edirik və
müəlliflər kitablarının
1-2 nüsxəsini kitabxanaya hədiyyə edirlər”. Bakı şəhər Mədəniyyət və Turizm
İdarəsindən kitabxanaya
daxil olan nəşrlərin adətən bədii
ədəbiyyat
olmadığını qeyd edən A.Kərimova həmçinin müasir yazıçıların əsərlərinin
də göndərilmədiyini bildirib: “Demək
olar ki, onların
arasında müasir ədəbiyyat
yoxdur. Biz tələbat olan
kitabların siyahısını tutur və maliyyə şöbəsinə müraciət edirik.
Pul ayrılanda idarə
kitabları alıb bizə
göndərir”.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova isə qeyd edib ki, kitabxanalarına daxil olan nəşrlərin siyahısı sorğu əsasında müəyyənləşir və oxucuların tələbatı əsas götürülür: «Hər adam kitab dərc edib bizə müraciət edirsə, biz o kitabı almaq fikrində deyilik. Tanımadığımız müəllifi və əsəri alıb heç vaxt fonda qoymuruq. Xüsusilə bizdə uşaq ədəbiyyatı olduğu üçün «bu kitabın oxucusu nə vaxtsa tapılar» deyə düşünmürük. Məktəb proqramlarında və sinifdənxaric oxularda nə yer alıbsa onlara uyğun olaraq fondumuzu təmin edirik. Biz özfəaliyyət şəklində işləyən nəşriyyatlarla işləmirik. Ona görə də seçimi özümüz edirik». Kitabxana müdiri hesab edir ki, bibliokomissiya olmalı və uşaq nəşrləri komissiyadan keçməlidir: “Heç olmasa kitabların nəşri haqqında rəy olmalıdır».
“Kitab klubu”nun əməkdaşı
Dürdanə
Ramazanlı nəşriyyatlarla
müqaviləyə əsasən
müəlliflərin
kitablarının təqdimatlarını
keçirdiklərini
bildirib: “Eyni zamanda, müəlliflərin özləri ilə də ayrıca əməkdaşlığımız
var. Müəlliflər kitablarını nəşr etdirəndən sonra kitab klubuna müraciət edir
və gətirib təqdim edirlər. Biz
də sonra həmin
kitabların reklamları ilə
məşğul oluruq. Kitab klubunun
əsas missiyası
nəşr olunan kitabların təbliğatını
həyata keçirməkdir. Satış isə ikinci
dərəcəlidir. Biz həmin kitabları Facebook səhifəmizdə reklam
edir və
saytımızda yerləşdiririk.
Bizim nəşriyyatlarla
qarşılıqlı əməkdaşlığımız
var”.
Özəllərin
özbaşınalığı
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının elmi
katibi Əminə
Cəfərova qeyd
edib ki, kitabxanaya kitablar həm müəlliflər, həm də nəşriyyatlar tərəfindən daxil
olur. Belə
ki, Milli Kitabxanada özəl
nəşrlərlə bağlı problem
yoxdur: «Kitabxana işi haqqında» qanuna
görə nəşriyyatlar 4 ədəd kitab verirlər. Həmçinin müəlliflər tərəfindən
də kitablar daxil olur. Bəzən isə müəlliflər hətta kitablarının
elektron versiyasını da
gətirirlər.
Amma deyə bilmərəm ki,
qanuna 100 faiz əməl olunur. Bu, ümumiyyətlə, bütün
sivil ölkələrdə problemdir. Bəzən müəllif
«Öz hesabıma çap
etdirmişəm» deyərək kitabı vermək istəmir”.
Milli Kitabxananın
şöbə müdiri Gülarə
İbrahimova da qeyd edib ki,
qanuna görə
özəl və dövlət nəşriyyatları çap etdirdikləri
kitablardan Milli Kitabxanaya verməlidirlər: “Ancaq
bu, özəl
nəşriyyatların
özbaşınalığıdır. Nəşriyyatlarla əlaqə
saxlayanda deyirlər
ki, müəllifin
sifarişidir. Biz nəşriyyatlardan il ərzində 600-dən çox
nüsxə
alırıq. Ancaq bu,
çap olunan
kitabların hamısı deyil. Biz həmin
nəşrlərin izinə düşür,
əlaqə saxlayır, rəsmi məktubla müraciət edirik.
Nəşriyyatlar pulla alın deyirlər.
Bu, bütün
kitabxanaların problemidir. Əvvəllər İnformasiya
Nazirliyi fəaliyyət göstərirdi və qanunu
icra edirdilər.
İndi isə
kitabları nəşr
edirlər və kitabxanaya
vermək istəmirlər. Səbəbini isə
öz vəsaitlərinin hesabına çap etdirdikləri
ilə əlaqələndirirlər.
Məsələn, “Nurlan” nəşriyyatına
yaxın düşmək
olmur. Əlimizdə
qanun olduğu üçün biz onlardan özümüz tələb edirik”.
“Kim kitab yaza bilər, kim yaza bilməz»
Ünvanına səslənən ittihamla
razılaşmayan «Nurlan» nəşriyyatının
direktoru Nadir Məmmədli “Kaspi”yə
açıqlamasında lazımı kitabları Milli Kitabxanaya verdiklərini qeyd
edib. Naşirin fikrincə, Milli
Kitabxananı lazımsız kitablarla doldurmaq olmaz: «Biz özəl
strukturuq. Bizə
heç kim göstəriş verə bilməz ki,
kitabları kitabxanaya verin.
Nəşrləri o
zaman vermək
lazımdır ki, kitablar
dövlət sifarişi ilə
nəşr olunsun. Necə
ola bilər
ki, kimsə
100 kitab çap etdirir, onun da
5-6-nı kitabxanalara verəsən?
Axı bizdə böyük tirajlar yoxdur. Özəl
strukturun pulunu da ayrı-ayrı insanlar verir”. Bazar strukturuna
göstəriş
verməyin düzgün olmadığını qeyd edən
N.Məmmədli ziyalıların
adətən 100-150 kitab çap etdirdiyini bildirib: “Özünüz də
bilirsiniz ki, onların
pulu çox azdır.
Biz həmin
müəllifləri kitablarını kitabxanalara özbaşına versək, onların
hüquqlarını pozmuş olarıq.
Digər tərəfdən
gərək Milli
Kitabxana hər
kitabı qəbul
etməsin. Milli Kitabxanaya o kitablar verilməlidir ki,
onlar milli dəyərləri
qoruyur. Təsadüfi
bir adam əlinə kitab
götürüb həmin kitabxanaya
verməməlidir. Çünki bizdə
«Kim kitab yaza bilər,
kim yaza bilməz» kriteriyası
artıq yoxdur. Kimsə
atası, anası və
ya qohumları haqqında şeir
yazır. Bu kitabların Milli
Kitabxanaya verilməsinin
nə əhəmiyyəti
var? Biz çap olunan kitabları
müəllifə veririk
və o, özü kitabxanaya aparır. Biz
gündə kitab nəşr
edirik. Ona görə işimizi
buraxıb hər gün kitabxanaya kitab apara bilmərik. Gərək kitabxana özü adam
ayırsın ki, gəlib
kitabları yığsın”.
Naşir hesab
edir ki, dövlət kitabxanalara
vəsait
ayırır və onlar da müəlliflərin əsərlərini
almalıdırlar: «Biz İSBN kodunu öz cibimizin pulu ilə alırıq.
Üstəlik vergi də
ödəyirik. Biz kitabları özümüz
versək müəllifi narazı sala bilərik.
Bunun üçün
ya müəllifə əlavə
pul versinlər,
ya da dövlət kodun
pulunu ödəsin».
N.Məmmədli hesab
edir ki, Mədəniyyət
və Turizm Nazirliyində
kitabların qiymətləndirilməsi üzrə keçirilən müsabiqə zamanı seçilən kitablar
üçün pul nəşriyyatların
hesabına köçürülməməli, müəllifləri həvəsləndirmək üçün
onların özünə
verilməlidir.
Mədəniyyət və Turizm
Nazirliyinin kitabxana sektorunun müdiri Lətafət Məmmədova «Kitabxana işi haqqında» qanunu
xatırlayaraq kitabxanalara dövlət və qeyri-dövlət nəşriyyatlar tərəfindən
məcburi nüsxələrin verilməli
olduğunu bildirib. Belə ki, kitabxanaların pulsuz məcburi nüsxələrlə
təchizatına uyğun olaraq Milli Kitabxanaya 4 məcburi nüsxə, elmi
kitabxanalara - AMEA-nın və BDU-nun
kitabxanasına 2 məcburi
nüsxə, o cümlədən, qəzet və jurnalların 2 məcburi nüsxəsi göndərilir: «Hər bir
nəşriyyatın
öz kataloqu
olmalıdır. Onlar bütün
kitabxanalara göndərməyə məcbur
deyillər. Ölkədə yeni nəşrlərlə bağlı kataloq
buraxılır. Əgər
oxucuların tələbatı varsa həmin
kitab kitabxana tərəfindən
əldə edilir.
Qanunu pozan nəşriyyatlar isə buna
görə məsuliyyət
daşıyırlar».
Göründüyü ki, ortada problem yox deyil. Qanunun icrasına
məsuliyyətsiz yanaşmada isə təkcə bir tərəfi təqsirləndirmək də
düz olmaz. Ən yaxşısı,
hər kəsin öz vəzifəsini yerinə
yetirməsi
və
Qanuna əməl olunmasıdır. Onda
Qanunda dəyişikliyə də ehtiyac qalmaz...
Təranə
Məhərrəmova
Kaspi.-2014.-14 yanvar.-S.10.