Tənha ağacların dostu,
qardaşı...
Gülayə
Ziqmund Freyd
həyat haqqında olan düşüncələrinin birində əminliklə
qeyd edirdi ki, həyatda
neçə dəfə məğlub
olmağının elə
də əhəmiyyətli
olmadığını bil... “Çünki əsl
əhəmiyyətli olan,
məğlubiyyətdən sonra yenidən dirçəlməyindi!”
Həyatdan vaxtsız köçmüş istedadlı şair Faiqin poetik dünyası haqqında olan düşüncələrimi qələmə alanda elə bilirdim ki, demək istədiklərimi bütün qapsamıyla anlada biləcəm. Lakin yazı prosesində fikirlərim şaxələndi, Faiq haqqında yazacağım ən gözəl fikirlərimin nədənsə iç dünyamda ilişib qaldığını, o fikirləri bütün təfərrüatı ilə çatdıra bilmədiyimi qəlbimin dərinliyində hiss etdim. Necə deyərlər, hiss etdim ki, mən bu doğma mövzuya bir qələm adamı olaraq məğlub olmuşam.
Məğlubiyyətdən sonrakı dirçəlmək haqqının əl yeri olaraq qaldığını Freyd
yuxarıdakı məşhur
fikrində ifadə edib.
Faiq haqqında başladığım yazının davamını həmin o məğlubiyyətdən sonrakı dirçəliş anı, məqamı kimi yazmağa başladım...
“Ürəyim
Faiqi istəyir...
”
Azər Turanın bu nakam şairin “Əsərləri”nin birinci cildinə yazdığı ön sözdə xüsusi ayırma ilə verdiyi bu ağrılı, eyni zamanda da dərin haqq-sayı, mənəvi bağlılığı ortaya qoyan cümlənin Faiqin iynə boyu şeirləri haqqında yazdığım bu məqalənin birinci hissəsilə baş-başa qaldığım anlarımda unutduğum olmadı heç. Ön söz müəllifi elə beləcə də yazır: “Ürəyim Faiqi istəyir...” O Faiqi ki, o, “bənzərsiz düşüncələr qoynunda yaşadı, milliyyətçi bir ovqat, sərt türkçülük onun hədsiz dərəcədə həlim, yumşaq təbiəti ilə sanki tərs mütənasib idi. Amma onu türkün başına gətirilənlər öldürdü, Faiq millətinin təhqir olunmasına dözmədi...“
Gənc bir qələm adamının bənzərsiz şəxsiyyətinə, poetik durumuna olan heyranlığın belə duyğusalllıqla ifadəsi öz yerində... Ancaq bu yazının davamını mənə yazdıran başlıca səbəb Faiqin nakam ölümünə unudulmaz elegiya kimi qələmə aldığı “Fağır oğlan” şerində tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevanın təsvir etdiyi və haradasa hər bir həssas oxucunun özünün də öz doğması, əzizi olan Faiq obrazı oldu. Qəribədi ki, Azərin kövrək publisistik xatırlamaları ilə Sona xanımın səmimi poetik təqdimatı bir-birini son dərəcə incə bir bənzəyişlə tamamlayır. Ayrı-ayrı zaman kəsiyində, fərqli mühitdə qələmə alınmış publisistik düşüncələrlə poetik təqdimetmə eyni bir yaşam tərzinin gerçək tərəfini eyni münaısibət doğmalığı, ehtiram və ağrı hissiylə göz önünə götürür.
Azər “Faiq bənzərsiz düşüncələr qoynunda yaşadı...” müşahidəsiylə oxucunu Faiqin mənəvi dünyasına təqdim edir, onun sakit təbiətinə uyuşmayan daxili təbəddülatlarının nədənliyini önləyir... Sona xanım bu deyilənlərin iç dünyasında ehtiva olunan xarakter özünəməxsusluğuna olan həssas vətəndaş münasibətini önə çıxarır:
Dilini bilmədik,
Dərdini bölmədik, fağır oğlan.
Sonra ayrılığın sətir-sətir
Misra-misra
Satdı sənin də çəkdiklərini.
Çeşid-çeşid dərd torbası,
Topa-topa ağ buludların sirdaşı
Tənha ağacların dostu,
Qəmli bənövşənin qardaşı –
Fağır oğlan...
“Topa-topa ağ buludların sirdaşı, tənha ağacların dostu, qəmli bənövşələrin qardaşı” olmadan şair olmazlar ki!..
O sirdaşı, o ağacları, o qardaşı duyanlar olmayınca şairlər yad edilməz, xatırlanmaz ki!
Qələmdən, dəftərdən, kitabdan öncə könülkdən yol açan, çiçəkləyən söz nə gözəl məlhəmdi şair qəminə, şair itkisinə, faciəsinə... Məhrəmlik, simsarlıq izn verir ki, bir şair-vətəndaş öz itkisinin gerçək obrazını gerçək yaratsın:
Anana qıymadığın,
Bacından gizlətdiyin,
Atandan əhəya etdiyin,
Dostlarından dandığın
Qəmli sevgi hekayətini
Dinlədimi
Sonda balaca qardaşın –
Məzar daşı fağır oğlan...
“Fağır oğlan” deyə anılan bu nakam şairin – Faiqin özünün yazdığı “Bənövşə” şerində ortaya qoyulan obrazla Sona xanımın təqdim etdiyi tənha ağacların dostu, buludların sirdaşı, bənövşələrin qardaşı olan gənclə, Azərin yumşaq təbiətində sərt türkçülük yaşadan mücadilə qəhrəmanı arasında mənəvi bir bütövlük, tamlıq görünür, bu Faiqin “Bənövşə” şerindəndi... Bir yaz sevdalısı simasında büsbütün azadlıq aşiqinin ömür yolu sərgilənib:
Torpağın altında dözə bilmədin,
Ah çəkdin, ahından torpaq söküldü.
İstəyin, diləyin özgəydi sənin,
Baxdın bu dünyaya, belin büküldü.
Təbii ki, torpağın altında dözə bilməyib, ahıyla torpağın bağrını sökən, üzə çıxan bənövşəylə torpağın üstündə dözə bilməyib altına tələsən gənc bir şairin, nə qədər paradoksal olsa da, üzvi bir gen, məslək qohumluğu, doğmalığı var. Əslində, Faiq “Baxdım bu dünyaya, belim büküldü” misrasıyla, bənövşədən çox öz aqibətini təsbit edib.
Faiq “qəlbimi bir
qüssə üşüdür ağır-ağır; bir sehrli qüssə, bir
sirli qüssə...
Sonra gözlərimdən ulduzlar
yağır, yağır fağır-fağır” – deyə yazırdı.
O fağır ulduzlardan biri elə Faiqin özü idi. Və Sona xanım qələmə aldımı şeirdə o fağırlığın daha gerçək adını tamamlayır. Baxıb görürsən ki, bu fağırlıq insana utanc bir xarakter qırıqlığı, kəsiri deyil. Bəşəriyyət yaranışından bu təbiətə, bu yaşama aşiqdi. Bu fağırlığın mələk həyası, Tanrı duası olduğu tərəfləri var:
Üzündə mələk həyası,
Dilində Tanrı duası,
Qəlbində sevgi yarası...
Yaşamaqdan bezib,
Ölümə üz tutan...
Ayrılığa yol olan,
Yolçu olan fağır oğlan...
Faiq öz şair fəhminin, poetik müşahidəsinin gözüylə baxıb görürdü ki, “korlar əsasının səsinə, quşlar baharın nəfəsinə tapır yolları”.
Faiqin yolçuluğu dostlarından keçir, inanır ki, onun fağır yolçuluğunun mələk həyasına, Tanrı duasına aşiqdi, maildi könül dostları. Belə olmasaydı S.Vəliyeva bu qədər kövrəkliklə, eyni zamanda da doyumsuz bir qədirbilənliklə yazmazdı ki:
Torpaq məlhəmdi,
Sərindi yaman...
Məzar laylalı beşiyim,
Torpaq ana qucağım,
Söylə, dincəldimi
Əlacsız yaran, fağır oğlan?..
Bir görkəmli fırça ustamız Səttar Bəhlulzadənin ecazkar tabloları tanışdı bizə... Bir də təsviri sənətimizdə, şerimizdə unudulmaz, hər kəsə doğma Səttar Bəhlulzadə obrazı var...
Azərbaycan rəssamlığı müstəvisində, şerimizdə hər kəsə doğma olan Səttar Bəhlulzadə obrazı heç də Səttarın öz yaratdığı tablolardan baxımsız deyil.
Təbii
ki, Səttar
Bəhlulzadə obrazı ən duyumlu,
istedadlı sənətkarlar tərəfindən
yaradılıb və
geniş maraq doğurub. Heç böyük rəssamın
əl işlərini görməyənlər
belə Səttarın kətan üzərində və şeir diliylə yaradılan
obrazları ilə
tanış olsalar, əlbəəl
anlayarlar ki, söhbət nadir
bir bir istedaddan
gedir.
Faiqin dost yaddaşından süzülüb gələn, A.Turanın publisistik, Sona xanım Vəliyevanın poetik təqdimatlarından bizə bəlli olan obrazı ilə tanışlıq da belədi. Elə ilk anda gəlinən qənaət belə olur ki, söhbət həqiqətən də nadir istedad sahibi olan, bənzərsiz bir insandan gedir.
Sağ olsaydı bu dostluğun təmənnasız qayğıkeşliyini də şübhəsiz görəcəkdi. Bəlkə də
hər iki qələm adamının söz sənətimiz, ədəbiyyatımız, mədəniyyətimiz
qarşısında etdiyi xidmətlər, insanlara
göstərilən diqqət eyni
zamanda da elə Faiqə, onun
işıqlı xatirəsi
önündə
edilən bir yaxşılıqdı. Həm də Faiqin
adına, xətrinə edilən
yaxşılıq.
Zamanın bir xoş çağında Faiqin könül dostuna yazdığı bir şeir indi onun özünə elegiya kimi oxunur:
Uca-uca dağ başından,
Anan, atan, qardaşından,
Qohumundan,
tanışından
Dostum, səni
kim apardı?
Sakit axan çay qırağı,
Çayın daşı çay
balığı,
Qonşumuzun gülyanağı
Səni saxlaya bilmədi,
Dostum, səni
kim apardı?
Faiqin sevgi şeirlərinin
özü belə vətəndaşlıq münasibətilə liməlim
doludu. Yazır ki, dənizin
bir əli yapışmalıdı
dənizin
ətəyindən,
Ancaq: qınamayın Xəzəri:
Neynəsin yazıq
Xəzər?
Ayrılıb gedə
bilmir
Qız qalasından...
Düz qənaətdi ki, əsl əhəmiyyətli olan məğlubiyyətdən sonra yenidən
dirçəlməkdi...
Faiqin cismani cəhətcə həyata məğlub
olması bütün
doğmaları üçün
gerçəklikdi. Onun son dərəcə
orijinal, yaşarı poeziyası isə məğlubiyyətindən sonrakı dirçəlişinin həyat
nəfəsidi; hər
tumurcuğu çiçəkləyir. Bu tumurcuğun
bir ləçəyi
kimidi aşağıdakı
misralarım – Faiqin ruhuna, bacılaırı Rəqsanənin, Ətrabənin, Şəfanın
və
Səhiyyənin adına oxuyuram:
Təklənmişəm özgələrin köçündə,
Yazına yaz, qışına qış bənzəmir.
Axtarmışam min baxışlar içində,
Baxışına heç bir baxış bənzəmir.
Hayıf,
keçdi ömrümüzdən o anlar,
Sel içində axdı getdi gümanlar.
Gözlərimdə dayanmayır leysanlar,
Yağışına heç bir yağış bənzəmir.
Bir sual var bu
sinəmi
göynədən,
Yollarımız ayrı düşdü bəs
nədən?
Hara getdin həyat
adlı səhnədən,
Naxışına heç bir naxış bənzəmir.
Gülayəyəm, deyim doğru sözü mən,
Dolanmışam hər
cığırı, izi
mən.
Sürünmüşəm dizin-dizin düzü mən,
Yoxuşuna heç
bir yoxuş bənzəmir.
Kaspi.-2014.-18-20 yanvar.-s.24.