ŞEİR DƏRDİ
İnam Atanın (Asif Atanın) “Şeir dərdi” fəlsəfi-tənqidi əsərində yaradıcıdan şeiriyyətin mahiyyətinə uyğun yazmaq, yaşamaq tələb olunur. Ona görə ki, zamana uyğun şeiriyyət olmur.
Əsərdə Vətən, İnsan dərdinin Azərbaycan şairlərinin yaradıcılığında ifadəsi araşdırılır, çatışmazlıqlar göstərilir, insani, yaradıcı ölçüyə uyğun gələnlər təqdir edilir: “Dərddən yaranıb şeir – dərdsizlikdən ölə bilər” - deyilir.
Eləcə də “Şeir dərdi”ndə dərdçiliyin ayrı-ayrı çalarları açılır, insanın var olmasında özüylə üz-üzə qalmağın, dərdindən güc almağın yolları göstərilir.
İşıqlı
Atalı,
Mütləqə
İnam Ocağının Yükümlüsü
***
I. HƏYAT – ANTİHƏYAT
Dərdsizlik dərdi yaşayır şeirdə – kədərdən, möhnətdən, əzabdan uzaq – çağlayan xoşbəxtlik, firavanlıq, gülüş, nəşə!
Dərd dünənləşir, bugündən xaric edilir, ürək ağrıdan ayrılır, göz yaşdan. Şənliyə bürünür aləm. Gülşənləşir iqbal – inadlı antihəyat yaranır əslində sənətdə:
“Seyr edib mən bu vətən mülkünü cənnət görürəm.
Sınsın o qələm ki, tutulub dərdə.
Zaval bilməz, xəzan bilməz baharımsan, Azərbaycan!
Dərdi, qəmi xeyli vaxtdır sovurmuşam küləklərə.
Yaddır
bizə hicran qəmi, yaddır bizə hicran!
Qələm dostun xəzan bilməz bir baharın şairidir,
Dərdi, qəmi yaxına buraxmayan,
Dünyamızın sevincindən doymayan həqiqətin şairidir.
Ətir saçan bir gülşənin şairidir”.
Qəmdən təcrid edilmiş gülşəndə həyat yoxdur, antihəyat var.
Dərdsiz şeir əslində mədh etdiyi bugünü həyatilikdən məhrum eləyir. Əslində dərdsiz şeirin rədd etdiyi, bütün bəlaların
daşıyıcısı sayılan.
Dünən – həyatidir, onda insanlar insan kimi yaşayırlar, əzabla
qarşılaşırlar, dərd çəkirlər, göz yaşı
tökürlər, saç ağardırlar, hicran mahnısı oxuyurlar,
matəm əhli olmaqdan çəkinmirlər. Dərdsiz şeir qəhrəmanları
köhnələrə qibtə
etməlidirlər, çünki
köhnələr həyat görüblər, qışla
rastlaşıblar, boranla, şaxtayla rastlaşıblar, xəzanla
rastlaşıblar, əbədi bahar gülşəninə məhkum olunmayıblar. Şən
həyata
qarşı qoyulan acı həyat
– antihəyata
qarşı qoyulan həyat
təsiri
bağışlayır – dərdsiz
şeirin niyyətinə zidd.
“Gün
vardı ki, aşıqların
Çaldıqları saz ağlardı” – deyir şair. Sazın
ağlamasında həyatilik
var, sazı göz yaşından ayırmaq antihəyatilikdir,
çünki dərdsiz
həyat yoxdur, dərddən məhrum olmaq əslində həyatdan məhrum
olmaqdır. Nikbinlik dərdsizlik deyil, dərddən
qaçan həyatdan
qaçır; dərdsizlikdə nikbinlik yoxdur;
nikbinlik müdriklikdir, – müdriklikdə
arsızlıq yoxdur.
Bu səbəbdən də Dünənlə Bugün təzadı dərdsiz şeirdə antihəyatiliyə xidmət eləyir: burada bugün həyatsızlaşır;
bugünün hədsiz mədhi – dünənin sonsuz inkarı: – mifoloji təzad – qara dünən, ağ
bu gün – bu günü həyatlikdən məhrum edir.
Həmin cəhət “İki sahil” təzadında da özünü
büruzə verir: dərdli Cənub və dərdsiz Şimal təzadı qeyri-həyati təzaddır, çünki Cənub dərdi hər mənada həm də Şimal dərdidir; əgər Cənub ağlayırsa, əslində Şimal da ağlayır, əgər Cənub yaralanırsa, deməli, əslində Şimal da yaralanır, iki dərd yoxdur, dərd birdir.
Bu səbəbdən də “Bu sahildə sevinc
aşıb–daşır, o sahildə kədər ərşə qalxır” təzadı antihəyatidir:
“Bu
tayın doğma sevinciylə dolurkən ürəyim,
Baxıram mən o taya, dərdli Süleyman oluram” - deyir şair.
O tayda dərd varsa, bu tayda doğma
sevincdən cuşa gəlmək olmaz, – həyatda belədir, – dərdsiz şeirdə bu hal özgələşir, iki ürək döyünür bir ürəkdə.
“Çox
yaxşı bilirsən ki, bahardır bu tərəfdə...
Bu torpaqda eşidilməz nə inilti, nə nalə” – deyir şair.
Əgər Cənubda xəzandırsa, bu, həm də Şimalın xəzanıdır; əgər cənub inildəyirsə, – şimal da inildəyir, nalə çəkir.
İki dərd yoxdur əslində, iki ürək olmadığı kimi.
“Can deyib
od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə” - dərdi o taylı-bu taylı dərddir, atəşin, fəlakətli.
“Ağla Araz gözlü ürəyim, ağla!” - dərdi o
taylı-bu taylı dərddir, çünki ürək birdir – iki deyil.
“O qədər nalə etdim ki, qızardı lalətək bağrım.
Baxıb öz dövrəmə gördüm qərənfil, yasəmən yandı” - dərdi birdir, iki deyil, bu sahilli dərddir həm də – dərdsiz şeirə zidd.
Əgər “əziz doğma “Vətən” birdirsə “o sahildə-bu sahildə”, deməli, bu sahil də dərdlidir” – təzad antihəyatiliyinə zidd.
Deməli, “Beynəlmiləl avazlı Bakı” xəzansız deyil əslində!
“Süleyman,
qafil olma, yaxşı bax ətrafa, şairsən,
Cinayət aşdı həddindən, haray sal ki, Vətən yandı!”
(şeirlər
S.Rüstəmindir)
- dərdi
o sahilin dərdi olduğu dərəcədə bu sahilin dərdidir, çünki yanan Vətən birdir, yanan ürək bir olduğu kimi.
...Dərddən yaranıb şeir – dərdsizlikdən ölə bilər.
II. DƏRDSİZLİK DƏRDİ
Dərdsizlik dərdindən qurtarmağa
çalışdı şeir, həyata can atdı, dərdə düşdü – həyatiləşdi, – ehkama zidd.
“İnsanlıq
gah zəhər, gah şərbət içər,
Duyumlu bir sirri var asimanın”.
“İnsanın
ən
böyük eşqi – əməli
Bəzən aslan kimi
çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda”.
“Dünya
binasını qurandan bəri,
Səadət adlanan o gözəl pəri
“Gəl” deyə səsləmiş qərinələri”.
“Yazıqlar
olsun ki, hələ insanlıq
Gəlib qovuşmayıb ona bir anlıq”.
Həyata yaraşdırmırdı dərdi ehkam, mücərrəd gəlirdi; köhnə gəlirdi əzəli dərd ehkama;
sığmırdı nikbinliyinə. Qəm ehkam sevincinə yad olurdu.
“Qalib gələcəkmi cahanda kamal!” – deyə
soruşurdu şair və ehkam qeyzlənirdi: məgər kamal cənnətə dönən həyatda qalib gəlməyib?
Antihəyatdan başqa həyat tanımır ehkam.
Həyatla antihəyat, ehkamla həqiqət şairin daxili aləmində döyüşürdülər, “matəm şairi olmaq istəməyən”, “gələcəkdə göz yaşının itməsinə inanmalı olan sənətkar fəlakətli qəbahəti qələmə alanda onun bir tüfeyli kimi cərgədən çıxmasını”
bildirməli olurdu.
Əslində isə “tüfeyli kimi cərgədən çıxanlar” həyata pərçimləniblər, onları həyatdan qoparmaq mümkün
deyil, – ehkam yasağında sıradan çıxarılanlar həyatda sıradan
çıxarılanlar idilər.
Ehkam dərdə sədd çəkmişdi, hədd qoymuşdu, ancaq istedad dərdə çatırdı,
yalançı nikbinlik xurafatından ayrılırdı,
şeir həyatiləşirdi dərddə.
“Mənə dərman, dərman verin, qəlbim yanmasın!
Günəş təbim şölə çəkib alovlanmasın.
Üzüqoyulu
torpaqlarda sürünüm ki, mən
Tərlan könlüm ağ buluda havalanmasın!”
Fəryad eşidilir şeirdə – həyat yaşayır fəryadda, dərd daşıyır təb – ehkama qarşı.
“Andı
yalan, eşqi yalan,
Dostluğu
da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən,
Şair, nə tez qocaldın sən!”
(Şeirlər S.Vurğunundur)
İblislərlə bir yerdə, bir vaxtda, bir cərgədə yaşamaq dərddir – köklü, dərin, ehkama yad!..
“Elin tərəfindən, xalqın adından simsiz
taxtaları çalanlarla” bir yerdə, bir vaxtda, bir cərgədə yaşamaq dərddir – köklü, dərin – ehkama zidd!
“Çətin işdə, bərk ayaqda tez sınıxanlarla”
bir vaxtda, bir yerdə, bir cərgədə yaşamaq dərddir – köklü, dərin – ehkama zidd!
“Fikri dar,
qəlbi dar,
acgözlərlə” bir vaxtda, bir yerdə, bir cərgədə yaşamaq dərddir – köklü, dərin, – ehkama zidd!
“Odun–suyun
arasından üzə çıxanlarla” bir vaxtda, bir yerdə, bir cərgədə yaşamaq dərddir – köklü, dərin – ehkama zidd!
Dərdsiz həyat yoxdur, həyatsız şeir; dərdsizliyə yaddır sənət, ehkama yağı.
“Dünya
yuxusuzdur,
ağlaya
bilmirəm.
Ömür
ömür pusur,
ağlaya
bilmirəm”. (R.Rza)
Dünyanın acısı var – ağlaya bilməməkdir, acı dadır
dünyanın dərdi ömürdə, ağlaya bilməmək dərdi var həyatda, ağlaya bilməmək halı var dərdlilərin.
“İki
gözdə bu qədər
qəm, kədər
necə, necə sığışıb.
Bir
dözümsüz həyatı,
Bir dözümlü ürəyi”. (R.Rza)
Dünya boyda kədər yığışıb gözlərə, həyat boyda kədər – balaca gözlərdə böyük dərd məskən salıb, ona görə də gözlər böyükdür –
gözlərin mənası gözlərə sığmır.
Fərəhlə məşhur olduğu kimi kədərdə də məşhurdur dünya.
Kədər daşıyandı dünya, ona görə möhtəşəmdir.
“Dəniz dedi ki, sahillər sıxır məni,
Darıxıram
qayaların əbədi çəmbərində
Dağların
rəqsinə baxma,
Üstümə pul-pul tökülən şəfəqlərə,
Sinəmdə itib gedən üfüqlərə baxma.
Dərdim çoxdur dərində,
Darıxıram sahilin çəmbərində”. (R.Rza)
Dünya
böyük olsa da, geniş olsa da, möhtəşəm olsa da, insandan kiçikdir əslində; – insan dünyaya
sığmır, dünya insanı sıxır – insaniliyin
sahili yoxdur, dünyanın sahili var, sahilsiz mahiyyət, məna sahilli dünyaya
uyuşmur; dərdlə doğulur insan, dərdlə qoşalaşır, – insaniliyin ümdə cəhətidir dərd. Bu səbəbdən də:
“Ağlamaq
ilk dilidir,
Bəlkə, bəşəriyyətin.
Ağlamaqdan
başlayıb
Əlifbası sənətin,
Fəlsəfənin, hikmətin”.
(B.Vahabzadə)
Ağlamaq – ağlanmaq, işıqlanmaq, ağıllanmaq
deməkdir. Şərq ruhaniyyatında
ağlamaq – dərdə qalanmaq, yanmaq,
ocaqlanmaq sayılıb, göz yaşından hikmət süzülüb.
Müdriklərimizdə atəş söndürən olmayıb göz
yaşı, – atəş
alovlandıran olub. Bu hikmətə qayıtmaq gərək, bunsuz şeir keçinə bilməz, bunsuz şeir şeir ola bilməz. Bu səbəbdən də:
“Gəlin, həyatı
Ağrılardan
öyrənək,
əzablardan
öyrənək”. (B.Vahabzadə)
Ağrı
dərsi, əzab dərsi – əzəli dərsdir, əbədi dərsdir, ağrıda – dərs ağlandırır,
ağıllandırır, ağrıdan doğulur,
ağrıyla doğulur həqiqət, ağrı ayıldır
insanı, ağrı kimi gəlir ömrə ümid, ağrı kimi
yetişir nicat, ağırlaşır ömrü müdriklərin, yüngülləşir ömrü
naşıların, ağrı karvanıdır ömür.
Bu səbəbdən də:
“Sevincin mənasını öyrətsin qəmlər bizə” (B.Vahabzadə)
Bu səbəbdən də:
“Mənə fikir çəkmə deyən,
Dünya fikir dünyasıdır”. (H.Arif)
Dünya
fikir dünyasıdır, çünki dərdlə həmahəngdir, çünki dərd – həyatın üzvi hissəsidir, çünki dərd – fikir anasıdır, dərddən qaçan – həyatdan qaçır; dərdi yaşadır dünya,
sevinclə bərabər, dərd əhlidir dünyanı qanan, dərd qalanır ömürdə; çünki “Bulud-bulud
göz yaşını göy harasa sıxmalıdır”.
(H.Arif)
Bu səbəbdən də:
“Qəm sevincə, sevinc qəmə hamilədir”.
Bu hikmətdir,
demə nədir?” (N.Həsənzadə)
Qəm sevincə hamilədir, çünki sevincin qəm yoxuşu var, –
çıxmalı. Sevinc qəmə hamilədir, çünki
sevincin qəm
enişi var, – enməli.
Bu səbəbdən də:
“Sən kədərə hazır ol,
Sevinc gözlədiyin vaxt!” (N.Həsənzadə)
Çünki kədər sevinclə hazırlanır, çünki kədərin göyü, əslində sevincdir; çünki sevinc
kədər yoxuşunda yaranır, kədər yoxuşunun zirvəsində parlayır; həyat insana sevinc göyü və kədər yoxuşu verir, insan sevinc
göyündən və kədər yoxuşundan baxır ömrünə.
Bu səbəbdən də dərd ağacı yetişir daxilində insanın, dərd ağacı boylanır
dünyaya insandan.
“İçimdəki dərd ağacı,
Kökü
taleyin qatında,
Başı
arzu qanadında,
İliyimdən sümüyümə,
Dırnağımdan
saçımacan,
Ürəyimdən ovcumacan,
Zərrə-zərrə, qətrə-qətrə
Məni tamam zəbt eləyən
Gülüşümə kölgə salan,
Sevincimdən nəftdiləyən
Yarpaqları yad şilləsi.
Budaqları
od qırmacı,
İçimdəki dərd ağacı”. (S.Rüstəmxanlı)
Dərd ağacı yetişir insanların içində – göynədən, ağladan; dərd ağacı yetirir həyat, dərd ağacından baxır
insan sabaha, dərd ağacından görünür ümid, dərd ağacından düşən ləyaqətdən düşür, dərd ağacı ucalır
sevincə.
...Dərd
insanın içindədir,
ancaq ehkam yollarında sənətkar özündən
uzaqlaşırdı, özünə
oxşamırdı.
Kaspi.-2014.-18-20 yanvar.-S.21.