Sözün yeri dar, fikrin yeri geniş

Flora Xəlilzadə,

əməkdar jurnalist

“Kaspi” qəzetində şair Eldar Nəsibli barəsində dərc edilmiş “Bu da bir ömürdü, yaşadı Eldar” adlı yazını hələ oxumamışdan kövrəldim. Çünki şair qardaşımızın maşın qəzasından dünyasını dəyişməsi yenidən məni kədərli ovqata və xatirələrə köklədi. Eldarı tələbəlikdən tanıyırdım. Bizdən yuxarı kursda oxuyurdu. Boylu-buxunlu yaraşıqlı oğlan idi. Sonra tale elə gətirdi ki, bir redaksiyada çalışdıq. Onda bildim ki, valideynləri ağır bir tale yaşayıb. Ailə repressiyaya tuş gəlib. Elə Eldar da Sibirdə doğulmuşdu sürgün həyatı bitdikdən sonra doğma Qazağa qayıtmışdılar. Eldar duyğu və düşüncələrini şeirin dili ilə deməyi bacaran qələm sahibi idi. Son illər səhhətindəəyyən problemlər yaranmışdı. Çəkdiyi mənəvi əzablar öz sözünü deyirdi, amma onu başqa bir əzrayıl-maşın qəzası apardı. Elə bu məqamda Eldarı yad edən, onun yaradıcılığı haqqında səmimi fikirlərini yazan tənqidçi Vaqif Yusifliyə öz minnətdarlığımı bildirirəm. Həqiqətən də müasirləri yazmasa unudulmaq çox asandı. Dünyasını dəyişmişlər özlərinə neyləyə bilərlər ki?! Ya övladın bu işi görməlidir, ya da bir xeyirxah tapılmalıdır. Son illər bu missiyanı zahirən zəif (Bu söz üçün üzür istəyirəm-F.X.) çiyinlərinə götürərək, söz sənətinin unudulmaz nümayəndələrilə bağlı maraqlı məqalələr yazan Vaqif Yusifli necə böyük və savab iş gördüyünün bəlkə də heç fərqində deyil. Ürəyinin diktəsilə yazanları həmişə qəhrəmanlarının taleyi düşündürüb, başqa fikrə yer qalmır ki?! Unudulmuşları unudulmağa qoymayan, bizlərə meydan verən “Kaspi” qəzetinin təsisçisindən tutmuş baş redaktoruna, bütün yaradıcı kollektivinə minnətdaram ki, qələm sahiblərinə qəlibsiz bir mühit yaradıblar. Hər kəs öz sözünü deyə bilir. Nəticə də yeni, orijinal əsərlərin yaranmasına rəvac verilir. Hər bir yazıdan müəllifin öz nəfəsi duyulur, öz dəsti-xətti hiss edilir. Qələm əhli üçün bu çox vacib amildir.

Nə isə mətləbdən uzaq düşdüm. Mən də bu yazımda bədii sözün dəyərini bilən və müntəzəm şəkildə onu qiymətləndirən, ədəbi prosesdə fəallığı ilə seçilən, bizi bizə tanıdan Vaqif Yusifliyə öz ürək sözlərimi ərməğan etmək istədim. Əslində, mən onun barəsində çoxdan yazmaq haqqında düşünürdüm.

Vaqif Yusifli danışdığı kimi yazan, yazdığı kimi danışan qələm sahibidir. Həmişə də onun məntiqinə, səlis fikirlərinə heyrət etmişəm. Xalq yazıçısı Mirzə İbrahimovun bir fikirini xatırlamaq yerinə düşür: “ Danışıq dili ilə ədəbi dil arasında nə qədər yaxınlıq, eyniyyət olsa, o qədər yaxşıdır. Bu baxımdan Azərbaycan dili seçilən, yəni danışıq dili ilə ədəbi dil arasında fərqi az olan dillərdəndir.” Bu tənqidçini həmişə maraqla oxumuşam. Ruhu şad olsun Eldar Nəsiblinin, bu yazıya məhz onun xatirəsi bir körpü oldu.

Müasir Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndələrindən biri olan Vaqif Yusifli elə bir ədəbiyyat adamı, yazıçı, şair, tərcüməçi, publisist çox az tapılar ki, onun yaradıcılığına müraciət etməsin. Özünəməxsus tərzdə, mövqe və təhlil üslubu ilə sözünü deməmiş olsun.

Klassiklərimizdən başlayaraq ən gənc yazara qədər Vaqif Yusifli qələminin üz tutduğu ədəbi fəaliyyət o qədər aydın, dürüst təhlilə çəkilib ki, hərdən də heyrətlənməyə bilmirsən. Sözün gücündən, qüdrətindən bu dərəcədə yerində, həmdə fərqli şəkildə necə bəhrələnmək və yazmaq olar?! Təəssüf ki, bizdə qəribə bir vərdiş var. Hamıdan yazırıq, hətta ilk kitab müəllifindən də tutmuş mətbuatı yağır etmişlərədək. Amma qələm əhlinin yaradıcılığını söz-söz təhlilə çəkən, dəyərləndirən, faydalı məsləhət verən, ədəbiyyatın, eləcə dəəllifin öz xeyiri naminə iradlarını bildirən, axtarış və tədqiqatları ilə yaradıcılıq atmosferinə yenilik gətirən, qiymətli fikirləri ilə qolumuzdan tutan tənqidçinin zəhmətini unuduruq. Əslində, tənqidçilik çox ağır və çətin sənətdir. Doğrudur, onu peşə kimi də dəyərləndiriblər. Görkəmli tənqidçimiz, rəhmətlik Qulu Xəlilovun özü də “Tənqidçilik şərəfli peşədir” demişdir. Mənim düşüncəmə görə, tənqidçilik sənətdir. Hansısa bir əsəri, yaradıcılıq aləmini ədəbi-bədii cəhətdən təhlilə çəkmək, saf-çürük etmək, müqayisələr, paralellər aparmaq, müəllifin məqsəd və məramına ayna tutmaq, toxunulan mövzunun necə işlənməsini dürüst dəyərləndirmək, doğru fikir söyləmək, haqlı tənqid , yaxud da əksinə təqdir etmək sənət nümunəsinin bir növünü yaratmaqdı. Əgər tənqid ədəbiyyatın yol göstəricisi hesab edilirsə deməli, sənət yaradıcısı peşə olmaz ki! Bu başqa məsələ ki, təhlil peşəkarcasına aparılıbmı?

“Kaspi”, “525-ci qəzet”, “Ədalət” qəzetlərində Vaqif Yusiflinin son vaxtlar imzası tez-tez görünür. Bəlkə başqa mətbuat orqanlarında da məqalələri dərc edilir. Xəbərim yoxdur. Mən ancaq müntəzəm oxuduğum qəzetlərin adlarını çəkdim. Bütün yazılarını eyni maraqla oxusam da bir mövzusu daha aktual və təsir edici idi: “Şeirimizdə Qarabağ”. Silsilə məqalələrdən ibarət olan bu yazılarda müəllif müasir poeziyamızda Qarabağ mövzusunun əhatə etdiyi aspektlərlə bağlı yaranmış şeirlərin mətləb və məramını açıqlayaraq “Hər bir Azərbaycan şairinin qəlbində bir Qarabağ dərdi var” fikirini sadəcə cəmiyyətimizə mesaj kimi ötürmür. Döyüşə yalnız silahla-topla, tüfənglə getmirlər ki?! Sözün də öz gücü, öz hədəfi var. Müəllifin bir xəbərdarlığı da istər-istəməz düşüncələrimizdə lövbər salır: “ İstərdim ki, bu nümunələrin sayı əskilməsin, Atəşkəs rəsmi şəkildə elan edilsə də, poeziyamızda Atəşkəs olmasın”.

Ötən əsrin 80-cı illərindən imzasını tanıdığım Vaqif Yusifli ilə ilk əyani tanışlığım böyük şairimız Məmməd Arazla bağlı oldu. “Qorqud” assosiasiyası tərəfindən Məmməd Araz mükafatına layiq görülmüşdük. Səhv etmirəmsə, bu, olub 1994-cü ildə. Vaqif Məmməd Araz yaradıcılığı ilə bağlı dəfələrlə yazıb. Kitabı da var. Bu sevgi onun ədəbi düşüncələrində elə həkk olub ki, saatlarla danışar, yazar, amma nə sözü tükənər, nə fikri tamamlanar. Əslində, heç yarımçıqlıq da olmaz. Hər dəfə də bir yeni baxış, yeni münasibət duyular. Kim necə başa düşür düşsün, Məmməd Araz yaradıcılığına pərəstiş edənlərə mənim böyük sayğılarım var. Ən azından əsil şeirin necə olduğunu dərk etdiyinə görə. Vaqif Yusifli kimi sənət xiridarının unudulmaz şairimizə bəslədiyi ehtiram və sədaqətin kökündə isə əsil ədəbiyyatçı mövqeyi, vətəndaşlıq qeyrəti və həssas ürək dayanır. İllər şehli gəncliyimizi əlimizdən alsa da, əvəzində əbədi qalacaq uğurlarımız da çox olub. İndi filologiya elmləri doktoru olan, ədəbiyyatşünas alimimizin 20-yə yaxın kitabından xəbərim var. Elmi araşdırmalarının, dərc edilmiş məqalələrinin sayını heç özü də dəqiq bilməz. Ən başlıcaədəbi tənqidin susduğu bir vaxtda Vaqif Yusifli çox səmərəli şəkildə işləyir. Ayrı-ayrı yazıçı və şairlərimizin yaradıcılıqlarını təhlil etməklə bərabər bölgələrimizin ədəbi mühiti də diqqətindən kənarda qalmır. Məlumdur ki, Yazıçılar Birliyinin ( Qurumun 75 illiyi ilə əlaqədar mən özüm də bu mövzunu işləmişdim) müxtəlif bölgələrdə filialları fəaliyyət göstərir. Müəllifin Quba, Aran, Şirvan və digər bölgələrin ədəbi mühiti ilə bağlı yazdığı məqalələrdə təqdim olunan şairlər haqqında oxucu həm müfəssəl məlumat alır, həm də tənqidçi mövqeyini, fikrini öyrənir. Məncə, bu çox vacibdir, ən azından öz sualına cavab tapırsan. Bu şairi oxumağa dəyərmi? “Müasir ədəbiyyat” silsiləsindən Vaqif Yusiflinin dərc etdirdiyi məqalələrdən biri “Ay işığı”-20 il” adlanır. Azərbaycanın ədəbi və təfəkkür mərkəzlərindən biri olan qədim Qubanın ədəbi mühitinə tutulan güzgüdə necə qələm sahibinin portretini görür, yaradıcılıqları ilə tanış olursan. Bu yazılarda Vaqif Yusiflinin istedadlıya açıq aydın tərəfkeşliyi diqqət çəkir və rəğbət doğurur: “...Ramiz Qusarçaylı. Mən bu istedadlı şair haqqında mətbuatda bir neçə dəfə öz sözümü demişəm, onun “Bir çiçək axşamı” şeirlər kitabına özümün də ürəyimcə olan ön söz də yazmışam.” Elə bu münasibətin nəticəsidir ki, tənqidçi qətiyyəti bizə də sirayət edir: “Ramiz Qusarçaylı üçün şeir obrazlı düşünüş tərzinin ifadəsidir...” Vaqif müəllimlə razılaşmamaq qeyri mümkündür. Bəzən də fikirlərimiz o qədər üst-üstə düşür ki...

Onun yazılarının içində mən kövrəldən bir məqalədən də danışmaq istəyirəm. Cəmi 38 il yaşamış, onun da ömrünə son nöqtəninin maşın qəzası qoymuş Vaqif İbrahim. Bu geniş ürəkli, qayğıkeş şairi çox yaxından tanıyırdım. Gəncləri başına yığaraq ədəbi birlik yaratmışdı. O zaman bizi böyük sənətkarlarla tanış edərək televiziya kanallarına çıxmağımıza da kömək olardı. Təəssüf kı, indiki gənclik onu elə də tanımır. “Taleyinə yazılanlar” adlı yazıda adaşının yaradıcılığını təhlilə çəkən müəllifin fikirlərindəki dəqiqlik gözlərimizin önündə ötən əsrin 70-80-ci illərinin ədəbi mühitini canlandırdı: “Vaqif İbrahim elə bir dövrdə yaradıcılığa başlamışdı ki, bu zaman Azərbaycan poeziyasının ən görkəmli nümayəndələri yaşayıb-yaradırdılar. Təbii ki, Vaqif kimi o illərdə yeni nəslin nümayəndəsi sayılan şairlər üçün ustadlar qarşısında söz demək böyük məsuliyyət tələb edirdi. Amma Vaqif İbrahim öz poetik istedadına, inersiyasına güvənərək yeni nəsil arasında seçilə bildi”. Qəribə xasiyyəti vardı, adamlara yaxşılığı utana-utana edərdi Vaqif İbrahim.

Müasir şairlərimizdən Tahir Talıblı, Əbülfət Mədətoğlu, Məcnun Göyçəli, Yusif Nəğməkar və onlarca başqalarının yaradıcılıqları ilə bağlı qələmə alınan yazılarda tənqidçi mövqeyi, ədəbiyyatçı rəyi, həmkar diqqətilə bərabər, Vaqif Yusiflinin vətəndaş ürəyinin çırpıntıları da duyulur. Şairlərə diktə olunan mövzuların zamanla, məkanla, üzləşdiyimiz ağrı-acılarla necə həmahəng və bağlı olduğunu yazan tənqidçimizin bir fikri əslində acı bir həqiqətdir. Ötən əsrin 80-ci illərinə kimi gənc şairlərimizin əksəriyyətinin yaradıcılığında bir romantik ruh var idi. Təbiətin, həyatın gözəllikləri müasir şairlərin şeirlərində poetik əks-səda tapardı. Ermənilərin xalqımıza qarşı yeritdikləri soyqırımı siyasəti dəətli olaylarla başımıza min bir fəlakət gətirdi. Bu ağrı-acılar da şerimizdə dərd adlı bir obraza çevrildi. Beləliklə, Vaqif Yusiflinin dəqiq təhlilidir ki, şairlər, xüsusi ilə də doğma yurdlarını itirmişlər öz şeirlərində dərdin şəkilini çəkdilər. Bu sırada Əbülfət Mədətoğlunun şeirləri dərdin öz dərdinə belə ağı dedi, ünvanını göstərdi:

Mən bu qoca dünyanın

Yol keçən bir bəndəsi.

Mənə dərddən vurulub

Ürək adlı kündəsi!

 

Mən bir fikri də deməyi özümə borc bilirəm. Biz adətən “vətəndaş şair”, “vətəndaş yazıçı” kimi ifadələri çox işlədirik. Nədənsə “vətəndaş tənqidçi” demirik. Halbuki Vaqif Yusiflinin bütün yaradıcılığı milli təəssübkeşlik və vətəndaşlıq qayəsi üstündə köklənib. Ədəbiyyatımızın keşiyində müsəlləh əsgər kimi dayanıb. İllərdi əlində qələm söz uğurunda döyüşür. Özünəməxsus düşüncə ilə ədəbi prosesin fikir qatarına məhz fərqli, müxtəlif mövzulu, məna və mətləbli incilər yükləyir. İstər nəsrdə, istərsə də şeirdə pünhani bir dillə ifadə olunan həqiqətlərin dərkinə ayna tutmaq tənqidçidən həssaslıq, duyum və digər məziyyətlər tələb edir. Ən başlıcası tənqidçi obyektiv və cəsarətli olmalıdır. Hər bir nasirin, şairin oxucu ürəyində öz yozumu var. Tənqidçini başqalarından fərqləndirən də onun bu yozumlardan uzaqda dayanmasıdır. Tənqidçinin fikri ədəbi meyarlara, düşüncələrə, klassiklərə, müasir tələblərə, geniş mütaliyəyə, dərin təhlillərə və nəhayət fərqli yanaşma prinsiplərinə söykənməlidir. Vaqif Yusifli məhz belə hərtərəfli və çoxcəhətli yaradıcılığa malik tənqidçidir.

Yazımın əvvəlində dediyim kimi, Vaqif müəllimin səmərəli və müntəzəm fəaliyyəti onun ədəbi mühitə diqqətindən xəbər verir. Yaranan yeni əsərlərə daim münasibət bildirməsi, müəllifin uğurlarını oxuculara çatdırması, təqdimindəki şairin, yaxud da nasirin yaradıcılığı barəsində geniş təhlillər aparması və həmişə də düşüncələrini ustalıqla qələmə alması Vaqif Yusiflinin üstün cəhətlərindən biridir. Səlis, rəvan nitqi kimi yazı dili də gözəidi. Ən əsası tənqidçi məntiqi inandırıcı və təsirlidi. Elə məqam olub ki, məhz Vaqifin məqaləsindən sonra haqqında danışılan müəllifi oxumuşuq. Sözün düzgün istiqaməti və təsiri budur. Təbliğatın bir yolu da

ədəbi tənqidin işığından keçir. Təbii ki, tənqidin də məramı və məqsədi aydın olanda nəticə ədəbi uğurlara rəvac verir. Bu mənada Vaqif Yusifliyə minnətdarıq ki, məhz onun cəfakeşliyi, ardıcıl ədəbi fəaliyyəti sayəsində yaradıcı aləmdə baş verənlərdən xəbərdar oluruq. Əlbəttə, bütün yazılanlar uğurlu olmur, çap edilən kitabların heç də hamısı ədəbi nümunədir. Makulatura da çoxdur. Xüsusi ilə də “şairəm söyləyir, yerindən duran”( M.Müşfiq). Yadımdadı, bir dəfə bu barədə rəh-mətlik Bəkir Nəbiyevlə söhbət edəndə qəribə bir fikir söylədi: “Mənim susmağım elə o cür yazanlara etirazımdı...” Bilmirəm, nədənsə mən bu sözləri qəbul edə bilmirəm. Elə Vaqif müəllimdən umacağım da budur ki, hərdən bu sözü urvatdan salanları “yada” salmaq lazımdır. Abırlı insanlar susduqca həyaya ehtiyacı olanlar söz meydanında yabı oynatmaqdadı. Ən dəətlisi də budur ki, bu “şeir”lərə musiqi də qoşurlar. ”Öləsən səni qaynana...”, “Sən mənim mürəbbəli şirin çayımsan”... kimi şit, duzsuz sözlərdən ibarət nəğmələrə nə qədər qulaq asmaq olar? Demokratiya sözdə anarxiya demək deyil.

Nə isə...Sonda yazımın ahəngi bir az dəyişdi. Vaqif müəllim mənim nəzərimdə ədəbiyyatımızın keşikçisi missiyasını fədakarlıqla yerinə yetirən söz xiridarıdı. Hərdən də fikirləşirəm ki, böyük arzu və istəklərlə yaşayanlar, ədəbiyyatın bütün incəliklərinə dərindən bələd olanlar əsl sənət haqqında düşünməyə daha çox üstünlük verirlər. Həyatın özündə də belədir. Yaxşılar pisləri qəbul etməz ki... Yəqin ki, Vaqif Yusifli də bu səbəbdən nümunələrdən yazmağa, təhlil və təqdim etməyə, tanıtmağa daha çox israrlıdır. Mən onun yazılarının daimi oxucusu kimi sadəcə düşüncələrimin bir qismini qələmə aldım. Tənqidçi haqqında söz demək həqiqətən çox çətindi. Belə bir fikir var: “ Sözün yeri dar, fikrin yeri geniş olmalıdır”. Təki kölgədə qalan olmasın...

Kaspi.-2014.-18-20 yanvar.-S.16.