“Teatr hər bir
məmləkətin kültür səviyyəsinin
aynasıdır”
2014-cü
ildən ötən ilə - 2013-cü ilə boylananda olanları, keçənləri, yaşananları,
uğurları, uğursuzluqları, yanlışları,
doğruları görmək, duymaq, anlamaq, dərk edib qavramaq daha asan
olur. Odur ki, biz də
belə bir təcrübəni sınaqdan
keçirtmək qərarına gəldik. Bu
niyyətlə də üz tutduq teatr-tamaşa müəssisələrinə.
İlk hədəfimiz Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrı oldu. Teatra daxil
olub, üz tutduq mətbuat
katibi teatrşünas
Elçin Cəfərovun (Azərbaycan Milli Elmlər
Akademiyası Memarlıq və
İncəsət İnstitutunun
“Teatr, kino və televiziya”
şöbəsinin
doktorantıdır...) otağına. Bir stəkan çayın xatiri
böyük olar deyirlər, elə də oldu. Çay gəldi,
söhbət
başladı. Teatr sənətinin
bitməz-tükənməz problemləri
zamanımızı, biz isə
çayımızı tükədə-tükədə Azərbaycan
teatrının mövcud durumundan,
insanların teatr sənətinə olan
çoxstandartlı münasibətindən, gerçəklikdən, hazırda gedən proseslərdən, teatr sənətini, eləcə də bizi gözləyən proqnozlardan
danışdıq. Söhbətimiz
uzun olsa da, yazımız qısa olacaq.
Çünki qəzet
səhifəsini nəzərə
alaraq, söhbət
zamanı əldə olunan
nəticə və qənaətləri ümumiləşdirib
nəzərinizə çatdırmaq
niyyətindəyik. Buyurun,
oxuyun:
Azərbaycan teatrının mövcud durumuna baxış...
Milli teatr
sənətimizin hazırkı
durumunu optimist
mövqedən yanaşaraq konstatasiya etsək, deyə bilərik ki,
bu gün, Azərbaycan teatrı,
bütövlükdə
götürdükdə,
yeni bir inkişaf mərhələsini yaşayır. Son
illər ərzində Azərbaycanda teatr sənətinin hüquqi
bazasının formalaşdırılması istiqamətində çox
mühüm addımlar atılıb. “Teatr və
teatr fəaliyyəti haqqında” Qanun, Azərbaycan
teatrının inkişaf etdirilməsi haqqında, Azərbaycan Teatrı
2009-2019-cu illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında, Azərbaycan
Respublikasında Milli Teatr
Gününün təsis edilməsi
haqqında Dövlət
Prezidentinin Sərəncamları, milli teatr sənətimizin 2009-2019-cu illərdəki inkişaf
konsepsiyasını əks
etdirən Dövlət Proqramı və digər hüquqi-normativ
sənədlər paketi milli teatr sənətimizin gələcəyi haqqında ümidlə danışmağa
imkan verir.
Sözügedən
Dövlət
Proqramında nəzərdə tutulan tədbirlərin dəqiq, keyfiyyətli və dürüst
şəkildə həyata keçirilməsi Azəbaycan
teatrını yeni, prinsipcə fərqli bir inkişaf mərhələsinə
gətirib
çıxara bilər.
Təbii ki, teatr uzun müddət durğunluq şəraitində yaşayıb. İndi Azərbaycan teatrının mövcud problemlərinin birdən-birə həll olunmasını, milli teatrımızın dünyanın qabaqcıl teatrları ilə rəqabətə tab gətirə biləcək səviyyəyə yüksəlməsini, tamaşaçı məsələsinin, maddi-texniki, kadr, təşkilatlanma və s. problemlərin tam həllini gözləmək sadəlövhlük olardı. Milli teatr sənətimiz uzun illər boyu içində bulunduğu sistemli böhrandan yalnız sistemli islahatlar vasitəsilə çıxa bilər ki, bu islahatların ilkin mərhələsi də artıq başa çatıb, bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib. Bunlara misal olaraq, Mədəniyyət və Turizim Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ard-arda iki il keçirilən Bakı Beynəlxalq Teatr Konfransını göstərə bilərik. Onu da qeyd etmək lazımdır ki, cari ilin noyabr ayının birinci ongünlüyündə III Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi nəzərdə tutulub. Respublikada fəaliyyət göstərən teatrların madii-texniki bazasının möhkəmləndirilməsi, gənc teatr rejissorlarının, aktyorların, teatrşünasların, teatr rəssamlarının, eləcə də texniki işçilərin xarici ölkələrdə təcrübə mübadilələrində, beynəxalq seminarlarda, ustad dərslərində, forumlarda, konfranslarda və s. bu tipli tədbirlərdə iştirakı, teatrlarımızın bir sıra beynəlxalq festivallara qatılması, dünyanın müxtəlif ölkələrinə qastrol səfərlərinin təşkili artıq müəyyən inkişafın göstəricisidir.
Teatra münasibət...
Son zamanlar,
belə bir fikir formalaşıb ki, internetin sürətlə insanların həyatına daxil
olması, texnologiyanın inkişafı teatra
marağı öldürür, onu arxa plana
atır. Bu fikrin
haqlı olduğunu təsdiq etmək
qeyri-korrekt olar. Belə ki,
zaman-məkan sənət növü olan teatr tamam
başqa bir sənətdir, “insanın ruhunun
yaşamı”nı əks
etdirən bu canlı sənət növünə nekroloq
yazmağa tələsənlər
yanılırlar. Teatr prosesi
qarşısıalınmaz bir prosesdir. Bu prosesi
ləngitmək, ritmini
pozmaq olar, amma tamamilə
dayandırmaq qeyri-mümkündür. Bu gün mövcud
olan teatr sistemi dağılsa, bir çox teatr-tamaşa
müəssisələri bağlansa
belə, Azərbaycanda teatr prosesi həmişə davam
edəcək.
Teatr
tamaşaçısını tanıyıb, öyrənməyə
çalışırsa, izləyicisini
müəyyən mənada teatra
cəlb edirsə, deməli, həmin teatr
hər zaman öndə
deməkdir.
Gerçəklik...
Keçmiş sovet dövrdə teatrlar tam şəkildə dövlət büdcəsindən maliyyələşirdi. Yəni, tamaşa hazırlanmasından tutmuş, kommunal xərclərə qədər bütün xərclər dövlət tərəfindən qarşılanırdı. Teatr-tamaşa müəssisələrinin heç biri pul qazanmaq barədə düşünməyə məcbur deyildi.
Bazar iqtisadiyyatı dövrünün teatrı isə dövlət tərəfindən
yalnız işçilərin
maaşı və
dövlət sifarişi üsulu ilə hazırlanan
tamaşaların xərcləri ilə təmin olunur.
Bazar iqtisadiyyatının
teatrı, əgər belə demək mümkünsə, gəlirini özü qazanmalı, özü-özünü
dolandırmalıdır.Teatrın gəliri
isə ancaq biletlərin
satışından əldə olunur.
Təəssüf hissi doğursa da, bu gerçəklikdir – bu gün Azərbaycanda
tamaşaçı auditoriyası elə
də geniş deyil ki, tamaşalara bilet satışından əldə
olunan gəlirlə mövcud
olan bütün maddi problemləri
həll etmək mümkün
olsun. O ki
qaldı, sponsor, donor
və mesenatların
teatr sənətinə maddi
vəsait
ayırmasına, yenə
də təəssüf ki, bu gün
Azərbaycan
gerçəkliyində bu
barədə ümumiyyətlə danışmaq yersizdir.
Əslində,
sponsor fəaliyyəti haqqında mövcud qanunvericilik
aktları da teatr sənətinə
maddi vəsait
ayrılmasını stimulılaşdırmır. Buna görə,
bu gün
teatrlarımızın çoxu ciddi maddi problemlərlə üzləşir.
Proses...
Akademik Milli Dram Teatrında ötən illər ərzində çox sayda yeni tamaşalar hazırlandı. Həm klassik, həm də müasir milli və dünya dramaturgiyasının nümunələri teatrın repertuarına daxil edildi. Hazırda paralel şəkildə 4 yeni tamaşanın məşqləri gedir. Teatr artıq bir neçə nüfuzlu beynəlxalq festivalda iştirak edib, kollektivin müxtəlif ölkələrə qastrol səfərləri uğurla həyata keçir. Sevindirici haldır ki, gənclərin teatr sənətinə marağı artmaqdadır. Həmçinin istedadlı, maraqlı, cəsarətli gənc rejissorlarımız, aktyorlarımız var və onlara öz potensialını göstərmək üçün geniş imkanlar yaradılır. Akademik Milli Dram Teatrının nəzdində fəaliyyət göstərən Teatr Studiyası da gələcəkdə istedadlı gənclərin teatra cəlb olunmasına şərait yaradacaq.
Proqnoz...
Bir sözlə, bu
gün Akademik Milli Dram Teatrında gərgin
yaradıcılıq prosesi gedir. Bu prosesin
nə ilə nəticələnəcəyini,
qarşıya qoyulan strateji
məqsədlərə
nə dərəcədə nail
olunacağını proqnozlaşdırmaq çətindir. Amma ümid edirik ki, görülən işlərin hər biri
milli teatr sənətimizin inkişafına təkan verəcək.
Arzu-istək...
Bir məqamı
da vurğulamağı lazım bilirik ki, teatr
sənətinin
inkişafının qeydinə
qalmaq təkcə teatrda
çalışan insanların qayğısı
olmamalıdır. Əgər bir millət
kimi formalaşmaq,
milli-mənəvi dəyərlərimizi
qorumaq, mədəniyyətimizi dünya miqyasında tanıtdırmaq istəyiriksə, hər birimiz,
cəmiyyətin hər bir
fərdi teatr sənətinin
inkişafını (ən
azı) istəməlidir. Çünki Atatürkün
dediyi kimi, “Teatr hər
bir məmləkətin kültür
səviyyəsinin
aynasıdır”.
*** *** ***
Necə
deyərlər, nəticə heç
nə, proses hər
şey. Əsas odur ki, teatr prosesimiz öz tempo-ritmiylə
(arada axsayaraq, bəzən isə
işıq sürətilə) yoluna
davam etməkdədir. Artıq vaxt çatıb, vədə yetişib,
bizə də yol
görünməkdədir. Teatrşünas Elçin Cəfərova bizə göstərdiyi köməkliyə, xoş
münasibətə və isti çaya görə,
təşəkkürümüzü
bildirib üz tuturuq növbəti
teatr-tamaşa müəssisəsinə. Hansı teatr-tamaşa müəssisəsinə, bax,
o da qalsın qəzetimizin gələn sayına...
Altay Cəfərsoy
Kaspi.-2014.-18-20 yanvar.-S.10.