«Ədəbi söhbətlər» haqqında «gecikmiş» söhbət
Etibar Etibarlı
Tanınmış şair-tərcüməçi Səlim Babullaoğlunun müsahibələrdən ibarət “Ədəbi söhbətlər” kitabı haqqında düşüncələrimi “Gecikmiş söhbvət” adlandırmağımın iki səbəbi var və bu səbəbləri açıqlamazadan öncə bir az geriyə qayıtmaq istəyirəm. Səhv etmirəmsə, 1997-cı ilin əvvllərində Səlim mənə “Tənha” adlı şeirlər, tərcümələr, hekayələr və bir dram əsərindən ibarət “Tənha”adlı ilk kitabını bağışlamışdı. Səmimi qəlbdən təbrik eləmişdim. Kitabda heca vəzninin müxtəlif formalarında, həmçinin sərbəst vəzndə şeirləri, hətta ritmik kökdə (təbii ki, klassik əruz üslubunda deyil) qəzəlləri də vardı. Şübhəsiz, gəncliyə xas olan romantika burda da hərəkətverici qüvvə idi. “Tənha” hekayəsini oxuyanda isə elə bildim ki, o daxilən azadlıq təşnəsində olan, lakin yaşadığı mühitin daş çənbərindən çıxa bilməyib, yanıb-yaxılan gəncliyimin, yəni o dövrün gəncliyinin bədii obrazını yaradıb. Bir anlıq mənə elə gəlirdi ki, Səlimin qəhrəmanı qanadlarını geniş açıb Göylə Yer arasında çırpınan və qonmağa yer axtaran kövrək qanadlı bir quşa bənzəyir. Sonrakı yaradıcılığını izlədikcə, sevinirdim ki, artıq çağdaş ədəbiyyatımızda rəğbətlə qarşılanan istedadlı bir şair—tərcüməçi, esseist və peşəkar jurnalist “Səlim Babullaoğlu” imzası var. ( İstedad ilahi vergidir və bu istedadın uğuruna sevinməmək Allah qarşısında bəlkə də ən böyük günahdır.) Hərdən bəzi şeirlərini oxuyanda mənə elə gəlir ki, cavan Nazim Hikmətin gah Vətən xiffəti hopmuş, həsrət və intizar dolu həzin səsini, gah da üsyan püskürən hayqırtılarını eşidirəm. .
Bəs niyə “gecikmiş söhbət”? Birincisi, kitab əlimə gec düşümüşdü. İkinci səbəb isə filologiya elmləri üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin “Ədəbi söhbətlər”ə çox qısa və konkret sözönü yazması idi. Lakin kitabı oxuduqca son iyirmi ildə mətbuatda dərc olunan, yaxud teleekranlarda izlədiyim müxtəlif səpgili müsahibələri xatırladım (əlbəttə, yaddaşımda qalanları). Gəlin etiraf edək ki, tək-tük müsahibələri nəzərə almasaq, jurnalistikamız hələ nastolji hisslərdən və dar çərçivədən yaxa qurtara bilməyib -- mətləbə dəxli olmayan “ütülü” suallar, şübhəsiz, alınan “ütülü” cavablar. Mətləbə dəxli olmayan suallar vermək isə sol əllə sağ qulağı tutmaq kimi bir şeydir. Deyəsən indi də “tərif dövrü”nü yaşayırıq, çünki professional tənqidimiz “inadla” susmaqda davam edir. Maraqlıdır, biz nədənsə yaranmış şəraitə gec uyğunlaşırıq. Heç uzağa getməyək. Məsələn, “Pravda” dövrü bitən kimi rus jurnalistikası çox sürətlə manevr elədi. Mövzuların arealı genişlənib, baxışlar da dəyişib, yanaşmalar da. “Hələ literaturnaya qazeta”nı, yaxud başqa nəşrləri demirəm. Öz köhnə adını saxlayan “Komsomolskaya pravda”qəzetində də müxtəlif mözuları əhatə edən müsahibələr sovet dövründəkilərdən köklü surətdə fərqlənir, həmçinin ədəbi nəşrlərdə dərc olunan müsahibələr də o cümlədən. Belə qənaətə gəldim ki, “Ədəbi söhbətlər” bu cəhətdən mükəmməl bir örnək rolunu oynaya bilər, çünki informasiya tutumuna görə bu toplu dünya ədəbiyyatının ümumi və fərdi mənzərəsini əks etdirən kiçik bir bədii ensiklopediyanı xatırladır. Səlim Babullaoğlu yaradıcılığının digər mühüm bir tərəfi --ədəbi jurnalistika sahəsindəki peşəkarlığı da “Ədəbi söhbətlər”də özünü qabarıq şəkildə büruzə verir. O, apardığı müsahibələrində özünü hərcəhətli biliyə malik, necə deyərlər, “tutduğunu buraxmayan”. müsahibində hüsn-rəğbət oyadan və nəticədə qarşısındakı insanın ürəyinə yol tapıb, onun “saqqızını oğurlayan”, “gizlinlərinlərini üzə çıxaran” inadkar bir bir həmsöhbət kimi istəyinə çatır. Axı müsahibə aparmaq heç də asan deyil. Jurnalist bilməlidir ki, kiminlə, hansı dünyagörüşə malik şəxslə üzbəüz əyləşib və ona nə üçün və hansı məqsədlə müraciət edir. Çünki jurnalistin verdiyi sual onun özünə qarşı müsahibində ya rəğbət, ya da ikrah hissi oyada bilər. Müsahib qarşısındakı jurnalistin məntiqi qarşısında, yaxşı mənada, “tərki-silah “ olmalıdır. Səlim öz istedadı, dünyagörüşü və mədəniyyəti sayəsində buna nail olur.
Səlim kitabı “Ədəbi söhbətlər” alandırmaqda yanılmayıb. Bəs onda “Söhbətlər”in özəlliyi nədədir? Elə maraqlı cəhət də odur ki, müsahibələrdə publisistika, portret-oçerk və infornasiya kimi janrların elementləri vahid bir ahənglə əsas ideyaya –müsahibin daxili aləminin, həyata baxışının, həmçinin ədəbi yaradıcılığa, ümumən sənətə və sənatkarlığa münasibətinin açılmasına xidmət edir. Digər bir cəhət: müəllif öz müsahiblərinin tərcümeyi-halını müsahibənin elə məqamında təqdim edir ki, tamamilə yerinə düşür və trafaretdən uzaq olduğu üçün oxucunu darıxdırmır. Eyni zamanda o, müsahibi ilə harada, hansı şəraitdə görüşdüyünü, onun olkəmizə şəxsi qonaq kimi, yaxud respublikada baş verən tarixi, elmi-mədəni hadisələrlə əlaqədər dəvətli kimi gəldiyini də vurğulayır. İlk baxışda müəllifin bu yanaşması adi hal kimi görünə bilər. Əksinə, illər keçəndən sonra kitabı vərəqləyən oxucunun bu gün baş verənlər haqqında dolğun informasiya ala biləcəyini təsəvvür etsək, müəllifin peşəkar addım atmaqda nə qədər haqlı olduğunu görərik.
Səlimin suallarla başlayan müsahibəsi sonradan, həm də sezilmədən dialoqa çevrilir və bu dialoq o qədər təbii alınır ki, elə bil iki geniş dünyagörüşlü şəxs ədəbi problemlər ətrafında həvəslə danışır, mehriban həmsöhbətə çevrilirlər. Qarşında əyləşən, geniş əhatəli elmi-ədəbi bilgiyə malik, dünyada baş verən siyasi hadisələrə və dünyanın ayrı-ayrı guşələrində öz kökündən qidalanan ədəbiyyatların müasir inkişaf mərhələsinə öz fərdi baxışı olan yazıçı, şair, rəssam, teatr xadimi, yaxud siyasətçilərlə (nazir, səfir) dialoqa girmək cəsarət tələb edir. Axı Rusiya yazıçıları ilə müsahibə aparmaq nə qədər asandırsa, Amerika, Qərbi Avropa ədəbiyyatına və mədəniyyətinə daha yaxşı bələd olan digər yazarlarla danışmaq bir o qədər çətindir. Çünki Sovet dövründə tərcümə edilən Amerika və Qərb ədəbiyyatı nümünələri bilavasitə mövcud ideologiyanın “məcazına” uyğun gələməli idi. Biz də daxil olmaqla, digər respublikaların yazıçıları yalnız həmin nümunələrlə tanış idilər. Rus yazıçıları indi də, yaxşı mənada, yeniliyi öz “nastolji çərçivələri” daxilində qəbul edirlər. İkincisi, biz az-çox rus dilinə bələdik, klassik və müasir rus yazıçılarının yaradıcılığı, düşüncələri, modernizmə baxışları bizə tanışdır və bu “ tanışlığa” uzun illərin “birgəyaşayış” prinsiplərindən irəli gələn təsir az rol oynamır. Amerika və Qərbi Avropada nəşr edilən klassik və müasir ədəbi mümunələri dərhal və birbaşa orijinaldan oxuyan , həmçinin orijinaldan tərcümə edən, həmin arealda ədəbiyyatlarda baş verən prosesləri yaxından izləmək imkanına malik yazıçı ilə həmsöhbət olmaq çox ağır bir yükü çiyninə götürmək deməkdir. S.Babullaoğlu bu işin öhdəsindən məharətlə və peşəkarcasına gələ bilib.
Kitabda 43 müsahibə yer alıb. Türkiyə, İran, ABŞ, İngiltərə, İraq, Bolqarıstan, Polşa, Ukrayna, Gürcüstan, Qırğızıstan və s. kimi ölkələri, eyni zamanda respublikamızı təmsil edən yazıçılarlarla, həmçinin iki nəfər siyasət adamı—nazir və səfirlə (Hər iki nəfərlə söhbətin məğzini bilavasitə ədəbiyyat və mədəniyyətə münasibət təşkil edir.) aparılan müsahibələrin istinad nöqtəsi eyni olsa da, məzmun baxımından heç biri bir-birinə bənzəmir. Məsələn, Səlimin ilk müsahibi “Cumhuriyyət” qəzetinin köşə yazarı, həm keşməkeşli, həm də maraqlı həyat yolu keçən, neçə-neçə antologiyanın tərtibçisi və bir o qədər də dərginin təsisçisi və redaktoru, eləcə də 15-dən artıq şeir kitabın müəllifi olan Ataol Bəhramoğludur. Mükəmməl təhsil görmüş bu insan bir neçə dil bilir. Maraqlı da orasıdır ki, o, Moskva Dövlət Universitetində və məşhur Sorbon Universitetində xeyli vaxt elimi-tədqiqat və araşdırmalarla məşğul olub. Jurnalist əvvəlcə onun ilk şeirini nə vaxt yazdığını və şeirə münasibətini öyrənmək, həm də müəllifin öz ilk şeirini peşəkarlıq baxımından necə qiymətləndirdiyini bilmək üçün (Sonradan aydın olur ki, Səlim müsahibəyə bilərəkdən bu sualla başlayıb.) verdiyi suala “1959-cu ildə” cavabını alan kimi dərhal öz məqsədinə döğru addım atır:
--1950—60-cı illəri türk və dünya şeiri üçün hansə mərhələ kimi dəyərləndirirsiniz və şeirə ilk təsirlər barədə nə deyə bilərsiniz?
A. Bəhramoğlu:
--60- cı illər türk şeiri üçün modernist düşüncənin başlayıb otururşduğu bir dövr idi—“ikinci” yeniləşmə dövrü idi.
--Orxan Vəlidən sonra...
--Bəli. Mən şəhərdən uzaqda yaşayırdım və o şairləri tanımırdım. Türk şeirində mənim sevdiyim şairləri—Orxan Vəlini, sonra isə Atilla İlhanı kəşf etdim. (Müsahib bir çox şairlərin də adını çəkir.)
Səlimin:”Orxan Vəlidən sonra,-deyə çox incə bir məqama toxunması , heç şübhəsiz, A. Bəhramoğlunu jurnalistə daha ciddi münasibət bəsləməyə vadar edir, həm də yaxşı mənada “özünü yığışdırır”, çünki qarşısında türk ədədbiyyatına bələd olan bir qələm adamı görür. Söhbət rəvan şəkil alır. Sanki “müsahib—jurnalist” deyil, dünya ədəbiyyatından, müxtəlif ədəbi cərəyanlardan və bu cərəyanları təmsil edən nümayəndələrdən söhbət açan iki mütəxəssis, həm də hərəsinin özünəməxsus mövqeyi olan iki mehriban dost söhbət edir.
S. Babullaoğlu çağdaş türk poeziyasını təmsil edən bir yazıçının Azərbaycanda çox böyük məhəbbətlə sevilən Nazim Hikmətə münasibətinin oxucular üçün maraqlı olacağını bildiyinə görə dərhal söhbətin istiqamətini dəyişir:
--Ataol bəy, Sizə Nazim Hikmət təsir etdimi? .
--Bəli,
belə demək olar.
Hərçənd 50-ci illərdə onun şeirləri yasaqlıydı və nəşr olunmurdu.
Hətta
adını tutmaq belə yasaqdı. O dönəmlərdə
mən onun əlimə keçən bir
neçə şeirini oxumuşdum. O vaxt o şeirlər mənə o qədər də
təsir etməmişdi. Amma sonralar, 60- çı
illərin sonunda mən
onun həbsxanada
yazdığı şeirləri
oxuyanda onu özüm üçün
yenidən kəşf etdim. Böyük sadəlik, böyük
lirizm, eyni zamanda dərin
bir dramatizm vardı o şeirlərdə. O şeirlər mənə çox təsir etdi.
Nazim XX əsr
türk şeirində
epizmin zirvəsiydi.
(Bu cavab şəxsən məni
çox sevindirdi.)
Jurnalist müsahibinin rus ədəbiyyatına da yaxşı bələd olduğunu bildiyi üçün fürsəti əldən vermir, onun münasibətini öyrənməyə çalışır. A.Bəhramoğlu Dostoyevski, Letmontov, Yesenin və Mayakovskini xatırlayır, onların yaradıcılığına verdiyi qiymət isə rus ədəbiyyatşünasları və tənqidçilərinini verdikləri qiymətdən daha maraqlı təsir bağışlayır. O eyni zamanda ədəbiyyatımızla bağlı veilən növbəti sualla əlaqədar Rəsul Rza, Anar, Elçin, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən və başqalarının adını çəkir və onların şeirlərini yüksək qiymətləndirdiyini dilə gətirir.
S. Babullaoğlu rus dilini yaxşı bilir və bir çox şairlərin, o cümlədən rus şairləri ilə yanaşı, Amerika və Qərbi Avropa ədəbiyyatına mənsub şairlərin şeirlərini də (rusca tərcümədə) əzbər bilir və bu qabiliyyət müsahibə zamanı onun çox karına gəlir: həmsöhbəti şeiri deməyə başlayanda Səlim arxasını gətirir və beləliklə, bu iki nəfər müəllif haqqında ya ortaq məxrəcə gəlir, yaxud da ona müxtəlif mövqedən yanaşırlar. Hər iki halda onlar biri-birinin mövqeyinə hörmət nümayiş etdirirlər. Bu da müsahibənin cəlbedici, maraqlı və oxunaqlı olmasına gətirib çıxarır. Məsələn, sovet dönəmində yetişən və sayılıb –seçilən şairlərdən biri—Rimma Kazakova ilə söhbət əsnasında da, yuxarıda qeyd etdiyim kimi, şairənin özünün, yaxud digər şairlərin şeirlərindən Səlimin rusca nümunələr söyləməsi və sərbəst fikir yürütməsi müsahibində dərin rəğbət hissi oyadır, həmçinin onu söhbətə həvəsləndirir. Fikrimcə, R.Kazakova masir rus şeirinin sonuncu “poeziya ilahəsi”dir. Onun poeziyasında dərin lirizm, ötkəmlik və özünəməxsus həyat fəlsəfəsi elə harmonik vəhdət təşkil edir ki, ovsunlanmaya bilmirsən. Dünyanı qarış-qarış gəzən bu qadına kişilər həsəd apara bilər. Rimma xanım o yerləri sadəcə bir seyirçi kimi baxmayıb, əksinə görüb-götürdükləri yaradıcılığında silinməz izlər buraxıb, aldığı təəssürat şedevrlərə çevrilib, çünki o, daxilən hümanist bir insan olub. Müxtəlif rəsmi və qeyri-rəsmi vəzifələrin öhdəsindən layiqincə gələn, kişi xasiyyətli, dəmir iradəli bir qadınla, belə bir istedadlı şairə ilə müsahibə aparmaq heç də asan deyil. Mərhum Rimma xanım Azərbaycana, poeziyamıza həmişə isti münaibətilə seçilib. O, ünlü şairimiz B.Vahabzadə şeirlərinin ən yaxşı tərcüməçisi kimi ədəbi ictimaiyyətimizə yaxşı bəllidir. Səlimin sohbətin axırında bilərəkdən verdiyi bir suala isə şairənin verdiyi cavabın son abzasını xartırlatmaq yerinə düşər:
--...Azərbaycana olan səmimi hisslərimdə şübhə yeri olmamasını istərdim. Mən həqiqəti sevirəm. E r m ə n i s t a n t ə c a v ü z k a r d ı r. Mən bütün bunları Anar Rəsu oğluna 16 noyabr 1991-ci il tarixli məktubumda bildirmişəm. Mən azərbaycanlılarla h ə m r ə y ə m.
Məncə, şərhə ehtiyac yoxdur.
Dünya ədəbiyyatının və öz
ədəbiyyatımızın,
bütövlükdə
incəsənətin (teatr, rəssamlıq, kinematoqrafiya) müxtəlif
yaş qrupundan olan təmsilçiləri ilə, eləcə də
nazirlər və səfirlərlə aparılan
müsahibələrin miqyası və coğrafiyası o qədər genişdir ki, onlardan ayrı-ayrılıqda söhbət açsaq,
əlavə bir
kitaba sığmaz. Əslində, buna
heç ehtiyac da yoxdur.Elə
ona görə
də mən gətirdiyim bir-iki məqamla
kifayətlənməli oldum.
Kitabı oxuyub nəticə çıxarmaq isə oxucunun
özündən
asılıdır.Şübhə
etmirəm ki, oxuyan heç
nə itirməz, əksinə qazanar.
Maraqlı cəhətlərdən
biri də
odur ki, Səlim həmsöhbətləri ilə
apardığı “söhbətlər”in məğzini ifadə edən cümlələri başlığa
çıxarıb. Hətta
əksər hallarda
başlıqdan müsahibin dünyagörüşünü, maraq dairəsini
təyin etmək mümkündür.
Məsələn, “Biznes
adamları üçün
yazıçılar bir növ
təhlükəli adamlardır.”—Aleksandr
Ebanoidze, “Drujba narodov” jurnalının baş
redaktoru (Rusiya), “Nə qədər
bəşər hissini
və sevmək qabiliyyətini itirməyib, şeir
yaşayacaq.”—Dalmira Tilepbergenova, Bişkek PEN klubunun sədri,
şairə, kinematoqraf (Qırğızıstan), “Şair iki dəfə iki
beş eləyər, deyən adamdır”.—Ənvər Ərcan, şair, publisist (Türkiyə), “Şeir
sifariş qəbul
eləmir.”—Məzahir Şəraməd, şair
(İran), “Poeziyada ən yaxşılar
qalır.”—Rimma Kazakova, şairə (Rusiya),
“Əgər poeziya yoxdursa, rəsm əsəri, incəsənət yoxdur.”—Vladimir Slepçenko, Xalq rəssamı
(Ukrayna),
“Həqiqi poeziya heç vaxt kiçik zaman kəsikləri ilə yaşamır”.—Mixail
Sinelnikov”, şair-tədqiqatçı (Rusiya),
“Az-çox həqiqəti yazılı ədəbiyyat deyirdi”.—Anar, Xalq
yazıçısı, “Poeziya mənim üçün
özünüsübutdur.”—Əlisəmid Kür
( şair), ”İnsan azad
düşünəndə hər şeyi deyə bilir.”—Əjdər Ol
(şair) və
s. və
i.—üst-üstə
47 müsahibə, yəni bu
qədər insanla
üz-bəüz
söhbət.
“Mütərcim”
nəşriyyatının
2011-ci ildə nəfis tərtibatla
buraxdığı bu müsahibələr toplusunun ədəbiyyatçılar və ədəbi
jurnalistika ilə
məşğul olanlar üçün
maraqlı olacağına inanıram.
Bakı, dekabr 2013.
Kaspi.-2014.-25-27 yanvar.-S.22.