«Biz hələ Rəsulzadəni çox öyrənməliyik» -

Nəsiman Yaqublu: «Dünyada bir çox alimlər tanıyıram ki, onlar Rəsulzadə irsini araşdırırlar»

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini əks etdirən «Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası» görkəmli şəxsiyyət haqqında elmi qaynaq hesab edilir. M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, tarixçi Nəsiman Yaqublunun nəşr etdirdiyi ensiklopediya 600 səhifədən ibarətdir və nəşrdə tarixi şəxsiyyətin mühacirətdəki fəaliyyəti də əks etdirilib.

N.Yaqublu “Kaspi”yə müsahibəsində M.Ə.Rəsulzadə haqqında araşdırmaların daha da genişlənəcəyini bildirib.

- Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunan ensiklopediyasının nəşri üzərində 25 il çalışmısınız. Kitabın nəşri niyə bu qədər uzun çəkdi?

- Əvvəla, ensiklopediya yazmaq çox ciddi işdir. 71 il ömür sürən Rəsulzadənin fəaliyyəti haqqında bilgilər əldə etmək, sənədlər toplamaq və oxuculara geniş informasiya vermək çox çətindir. Bir var ki, Rəsulzadənin həyatının müəyyən bir dövrünü araşdırırsan – bu bir qədər asandır, bir də var bütün fəaliyyətini araşdırırsan – bu isə çətindir. Rəsulzadənin 1200-ə yaxın məqaləsi var. Bu məqalələrin hamısı tarixi, nəzəri, Azərbaycan mədəniyyətinə və tarixinə yeni baxışlar sistemidir.

Gərək bu məqalələrin hamısını oxuya biləsən ki, oradan dəyərli fikirləri seçib ensiklopediyaya da verəsən. Yəni Rəsulzadənin ensiklopedik fəaliyyətini vermək, bütün həyatının mərhələlərini öyrənmək üçün gərək bütün əsərlərindən xəbərin olsun. Ona görə bu iş çox çətin başa çatdırıldı.

Rəsulzadənin həyatının Azərbaycan dövrünü araşdırmaq bir qədər asandır. Çünki materiallar burada var və gedib arxivlərdə rahat işləyirsən. Bir də var ki, gedib Polşada, Fransada, Almaniya və Türkiyədəki fəaliyyətini araşdırırsan – bunlar ağır işdir. Bunun üçün əlbəttə, oralara getmək və maddi vəsait lazımdır, sonra da 2-3 ay arxivlərdə çalışmalısan. Bu da ciddi maddi problemlər ortaya çıxarır. Digər bir tərəfdən, Rəsulzadənin fəaliyyəti ilə bağlı sənədlərin çoxu şəxsi adamlardadır. Bu da bir problem yaradır. Bildiyiniz kimi Rəsulzadə uzun illər mühacirətdə fəaliyyət göstərib və oradakı dostlarında çoxlu sənədlər var. Onları tapmaq, sənədləri toplamaq da digər bir çətinlikdir. Oradakı insanların bir çoxu etibar edib sənəd vermir, bir çoxu başqa səbəb tapır, bəziləri dünyadan köçüb gedib, onun uşaqlarını tapa bilmirsən və s. Məsələn, Rəsulzadənin mühacirətdə olan yaxın dostlarından birinin oğlu hazırda Amerikada yaşayır. Onda bir neçə məktub var. Mən gözləyirəm ki, o, nə vaxtsa Türkiyəyə və ya başqa bir ölkəyə gələcək, mən də onunla görüşüb həmin sənədləri əldə edəcəyəm. Düzdür, vermək istəmir, amma bilirəm ki, məktublar ondadır. Bax, ensiklopediya hazırlamaqda bu cür çətinliklər var. Digər tərəfdən, çoxlu fotoları yığmaq da asan deyil. Ensiklopediya təkcə yazılı bilgi vermək deyil, orada həm foto, həm yazıları təsdiqləyən sənəd verirsən ki, onları sübut edəsən və oxuculara çatdırasan. Daha bir çətinlik isə yazdıqlarını toplayıb nəşr etdirmək məsələsidir. Çünki bu gün Rəsulzadə ilə bağlı araşdırmalara dəstək verən bir təşkilat yoxdur. Bu baxımdan ortada maddi çətinliklər də var. Tutaq ki, bir kitabı yazırsan, sonra sponsor axtarışına başlayırsan. Rəsulzadəni çap etməyə isə indiyə qədər çox adam ehtiyat edib. Düşünürəm ki, ölkə başçısının 130 illiklə bağlı sərəncamından sonra bu qorxu hissi insanlardan çıxıb gedəcək. Çünki ölkə başçısı özü şərait yaradıb ki, Məhəmməd Əmin Rəsulzadənin irsi yayılsın və öyrənilsin.

- Ensiklopediyada Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən bütün məqamlar yer alıbmı?

- Demək olar ki, cümhuriyyət liderinin bütün həyat və fəaliyyətini əks etdirən məqamlar nəşrdə öz əksini tapıb. Təbii ki, elə məqamlar ola bilər ki, biz gələcəkdə onu daha genişləndirib araşdıraq. Amma onun bütün dövrlərdəki – İran, Türkiyə, Almaniya, Fransa, Polşa, Rumıniya, Rusiya, Gürcüstan və s. ölkələrdəki fəaliyyəti var. Hansı ölkələrdə çalışıbsa oradakı fəaliyyəti nəşrdə əksini tapıb. Demək olar ki, nəşr tam şəkildə onun fəaliyyətini əhatə edir. Bu Rəsulzadə haqqında doğurdan da ensiklopedik kitabdır. Nəşrin ən dəyərli bir məqamı Rəsulzadənin biblioqrafiyasıdır. Çünki biz həmin biblioqrafiyanı ilk dəfə sistemli şəkildə toplayıb verdik. Bu, çox önəmli məsələdir. Hansı qəzetdə və ya jurnalda hansı ildə və hansı nömrə ilə məqaləsi çap olunubsa, onların hamısı nəşrdə yer alıb. Ona görə düşünürəm ki, bu, çox ciddi qaynaqdır. İstənilən adam artıq Rəsulzadənin əsərini gedib haradasa axtarmayacaq. Biləcək ki, bu, artıq hardasa var. Rəsulzadə o qədər geniş mətbuat orqanlarında fəaliyyət göstərib ki, onların hamısı haqqında məlumat vermək də çətindir. Tutaq ki, onun fəaliyyətinin Azərbaycan dövrü var. Bu barədə yazıları, kitabları çıxıb, amma mühacirət dövrü ilə bağlı materiallar yoxdur. Məsələn, onun yazısı Polşada «Vosxod» jurnalında çıxıb. İndi orda Rəsulzadənin məqaləsini tapmaq çətin məsələdir. Və yaxud Fransada «Prometey» jurnalı çıxıb. Həmin jurnalda onun məqalələrini necə tapasan? Eləcə də Almaniya, Böyük Britaniya ensiklopediyasında Rəsulzadənin məqalələrini tapmaq çox çətindir. Ola bilər ki, yenə də tapılacaq. Amma biz kifayət qədər araşdırmalar edib bunları tapdıq və onun biblioqrafiyasını verdik. Digər tərəfdən biz ilk dəfə olaraq bu nəşrdə Rəsulzadənin ailəsi ilə bağlı yeni sənədlər çap etdirdik. Ailəsinə məxsus olan şəxsi sənədlər, pasportlar, şəcərəsi haqqında məlumatlar verdik. 1816-cı ildə Novxanıda keçirilən siyahıyaalmada onun babası Rəsulun adını tapdıq. Bu da ciddi məsələdir ki, onun nəslinin, kökünün həqiqətən haradan olduğunu üzə çıxarır. Nəhayət, ilk dəfə olaraq Rəsulzadənin Azərbaycanın görkəmli şəxsiyyətləri, həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin Rəsulzadə haqqında fikirlərini verdik. Məsələn, Stalin, Əlibəy Hüseynzadə, Ziya Göyalp, Atatürk haqqında Rəsulzadənin fikirlərini verdik. Rəsulzadənin Stalin, Hitler, marşal Pilsudski ilə əlaqələri haqqında ilk dəfə elmi mənbələrə istinadən verdik. Onun Almaniya, legionerlərlə bağlı fəaliyyəti haqqında müxtəlif fikirlər, əfsanələr gəzirdi. Biz bunları elmi mənbələrə əsaslanıb verdik ki, bundan sonra kimsə hər hansı bir fikir söyləyə bilməyəcək. Biz artıq elmdən kənar fikirləri qapatdıq. Ensiklopediyada ədəbiyyat siyahısı vermişik. Həmçinin nəşrdə Rəsulzadənin şəxsi yazışmaları yer alıb. Rəsulzadənin yüzdən çox məktubu var. Həmin məktubların xronikasını dərc etdirdik - kimlərlə və nə haqda məktublaşıb. Mənbələri də göstərdik ki, həmin məktubları gedib harada oxumaq olar. Biz həmin sənədləri Dövlət Arxivinə vermişik. Nəhayət, Rəsulzadənin istintaq materiallarını verdik. İlk dəfə olaraq Rəsulzadə 20-ci əsrin əvvəllərində çar hökumətinə qarşı yazdığı yazılara görə necə istintaq olunub və həbs edilibsə - bunlar haqda nəşrdə materiallar var.

- Nəşrin xarici dillərə tərcüməsi nəzərdə tutulurmu?

- Hazırda ensiklopediyanı rus dilində nəşrə hazırlayırıq. Həmçinin Türkiyədə türk dilində çapa hazırlanır. Amma bu o demək deyil ki, bu, tam yekunlaşmış bir işdir. Çünki biz bir müddətdən sonra araşdırmalarımızı yenidən təkmilləşdirib çap edəcəyik. Yeni faktlar, yeni sənədlər tapılır, biz bütün bunları ensiklopediyaya əlavə edəcəyik. Bu işi görmək üçün böyük bir qrupun yaradılmasına, fəaliyyətinə və maddi vəsaitin ayrılmasına ehtiyac var. Mən öz gücümlə bunu etdim. Gələcək nəsillər üçün bir şey var. Bütün mənbələri, istinadları verdik və bundan sonra işləyən adamlar üçün çətinlik olmayacaq. Çünki söykənməyə bir mənbə var.

- Dediniz ki, dünyanın bir sıra kitabxanalarında Rəsulzadənin əsərləri saxlanılır. Bu ensiklopediya da həmin kitabxanalarda yer alacaqmı?

- Hansı dildə ki, var, onlar kitabxanalarda yer alacaq. Təbii ki, polyak Azərbaycan dilini bilmir ki, bu dildə nəşrə istinad etsin. Ona görə mən nəşri rus dilinə çap etdirməyə çalışıram ki, bu dildən istifadə edə bilirlər. Bu tərcüməni Polşaya, keçmiş sosialist respublikalarının kitabxanalarına verməyi düşünürük. Türkiyədə çap ediləcək nəşrin isə türkdilli xalqlar üçün bir mənbəyə çevrilməsini istəyirik. Nəşrin ingilis dilinə tərcüməsi də nəzərdə tutulub. Çünki ingilisdilli oxucular dünyanın çox hissəsini əhatə edir. Bu, onlar üçün ciddi bir qaynağa çevrilə bilər. Həmçinin nəşri polyak dilinə tərcümə etməyi düşünürəm. Çünki polyakların Rəsulzadəyə böyük marağı var. Mən orada olarkən bunun şahidi olmuşam. Rəsulzadə 71 illik ömrünün 31 ilini Azərbaycanda yaşayıb. Qalan ömrü isə mühacirətdə keçib. Həmin ölkələrdə yaşamaq üçün onların mədəniyyətini, tarixini bilmək lazım idi. Rəsulzadə o ölkələrdə təkcə yaşamayıb, o, həmin ölkələrdə Azərbaycanın istiqlal mübarizəsini aparıb. Mən həmin ölkələrin arxivlərində işləyərkən orada Məmməd Əminin kitablarının olduğunu gördüm. 70 il ərzində dünya ictimaiyyəti Rəsulzadədən qaynaqlanıb. Rəsulzadəni fövqəladə lider səviyyəsinə yüksəldən yalnız Azərbaycan xalqı yox, eyni zamanda digər xalqların azadlığı uğrunda apardığı mübarizə olub. Polşada arxivdə işləyərkən onun polyak dilində məktublarını tapmışam. Həmçinin onun ingilis, fransız dillərində məktubları var. Rəsulzadə 10-a yaxın dil bilirdi. O bu dillərdə mübarizə aparıb və Azərbaycanın müstəqillik adını beynəlxalq aləmdə tanıdıb. Getdikcə Rəsulzadəyə dünyada maraq artır. Dünyanın bir çox alimlərini tanıyıram ki, onlar Rəsulzadə irsini araşdırırlar. Demək, o, böyük şəxsiyyətdir ki, başqa xalqlar da onunla maraqlanır. Demək Rəsulzadənin gördüyü iş bir millətin çərçivəsindən kənara çıxıb ki, onu fransız da, polyak da, alman da, yapon da araşdırır. Deməli, biz hələ Rəsulzadəni çox öyrənməliyik.

- Geniş oxucu kütləsi nəşr haqqında məlumatlıdırmı?

- Biz artıq bu nəşrin elektron formatını Prezident Aparatının kitabxanasına təqdim etmişik. Həmçinin digər kitabxanalara təqdim etmişəm. Nəşri hissə-hissə qəzet və jurnallarda çap etdirirəm, oradan oxumaq olar. Kitab mağazalarından da almaq olar. Amma yenə deyirəm bu iş tam bitməyib. Rəsulzadə ilə bağlı çox sənədlər var ki, onları arxivlərdə axtarmaq lazımdır. Prezidentin sərəncamında göstərilib ki, Məhəmməd Əmin Rəsulzadənin irsinin Azərbaycana gətirilməsi lazımdır. Biz bu işi görməliyik. Əgər Mədəniyyət və Turizm Nazirliyi mənə müraciət edərsə, mən bu işi görə bilərəm. Çünki mənim əlaqələrim var və bu işi sistem kimi formalaşdırmışam. Təkcə Rəsulzadə ilə bağlı yox, onun əlaqələri olan görkəmli şəxsiyyətlərlə bağlı sənədləri də yığıb Azərbaycana gətirmək lazımdır ki, it-bata düşməsinlər. Çünki getdikcə bu sənədlər itir, onları şəxsi ailələrdə dəyərləndirmirlər, aparıb harasa atırlar. Üstəlik onların çoxunun uşaqları alman və ya fransızdır. Orada yaşayanlar artıq Azərbaycan təfəkküründən uzaqlaşıblar. Ona görə də o sənədləri nə qədər tez yığıb gətirsək, millətimiz və tariximiz üçün əhəmiyyətli olar. Biz tariximizi nə qədər düzgün yazsaq, millət ondan bir o qədər çox faydalanacaq.

Təranə Məhərrəmova

Kaspi.-2014.-30 yanvar.-S.8.