“Qızıl alma”
əməliyyatı
Hər il xalqımızın sevimli bayramlarından olan Novruz münasibətilə bir sıra tədbirlər keçirilir. Və bu bayramda teatrların xüsusi payı olur. Çünki məktəblilərin Novruz bayramına düşən yaz tətili günlərində teatrlarımız bir-birindən maraqlı tamaşalarla uşaqlara sevinc bəxş edir. Bu teatrlardan biri də hər il olduğu kimi bu il də öz ənənəsinə sadiq qalan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oldu. Teatr bu dəfə balaca dostların görüşünə onların çox yaxşı tanıdığı və sevdiyi “Məlikməmməd” xalq nağılının motivləri əsasında hazırlanan “Məlikməmməd və sehirli almalar” tamaşası ilə gəldi. Tamaşa başlamazdan əvvəl qısa vaxt ərzində Novruzun rəmzləri olan Keçəl və Kosa həmişəki kimi öz məzəli-duzlu zarafatları, oyunları, deyişmələri ilə uşaqların bayramını təbrik etdilər. Sonra sehirli almalardan söhbət açaraq tamaşaya giriş verdilər.
Əməkdar artist Nicat Kazımovun quruluşunda hazırlanmış, əsl bayram, karnaval əhval-ruhiyyəsi aşılayan tamaşanın süjeti nağıldan fərqlənirdi. Belə ki, nağıldan fərqli olaraq tamaşada ayrılmaz olan üç qardaş div yerinə almaları oğurlamaq üçün qiyafələrini dəyişmiş üç əcinnə qıza aşiq olur və onların ardınca gedirlər. Onların sevgisinə qarşılıq verən əcinnə qızlar sonda almaları Şirməmməd, Qulməmməd və Məlikməmmədə yedizdirirlər və ədəbi qovuşurlar. Qızların başçıları rəhbər əcinnəyə isə yalançı alma verməklə uzunqulağa çevirirlər. Sonda isə qardaşlar xoşbəxt şəkildə atalarının yanına qayıdır, ona gəlinlərini təqdim edir və qotazlı uzunqulaq bağışlayırlar.
Bu maraqlı səhnə quruluşunu daha da özəlləşdirən ona verilmiş tərtibat, mizanlar, rəqslər və unudulmaz musiqi nömrələri idi. Mənə çox maraqlı gələn bu tamaşanı hər iki heyətin ifasında izlədim. Ancaq onu da qeyd etməliyəm ki, hər iki heyət gözəl oynasa da, üç əcinnə qızların dəyişdirilməsi (şeytanı oynayan Rasim Cəfərov da, Ramil Məmmədov da rollarının öhdəsindən çox gözəl gəlmişdilər) tamaşanı bir qədər darıxdırıcı etmişdi. Belə ki, birincidə Günel Məmmədova (Diva), Roza İbadova (Divsənəm), Səbinə Məmmədova (Divşən) idisə, ikinci heyətdə Zümrüd Quliyeva, Asya Atakişiyeva, Təhminə Məmmədova oynayırdı. Günel Məmmədovanın rusca sərbəst danışığı Zümrüd Quliyevadan tamamilə fərqlənirdi və daha təbii alınmışdı. Zümrüd Quliyevada isə personaj bir qədər ürkək, hər şeydən qaçan dovşan tipajını xatırladırdı. Roza İbadovanın rəqsi, ədaları, mimikası, jestləri səni həm güldürür, həm də təəccübləndirə bilirdisə, Asya Atakişiyevanın ifasında rol, bir qədər “həyasız qız” tipajını xatırladırdı. Üç xanım içərisində Təhminə Məmmədovanın oyunu daha canlı alınmışdı, ən çox da rəqs səhnələrindəki çevik hərəkətləri ilə.
Qardaşlara gəlincə, şeytandan qorxmamağa çalışan Şirməmməd (Müşfiq Əliyev), şeytanı görən kimi bayılan Qulməmməd (Anar Seyfullayev), heç nədən və heç kimdən qorxub çəkinməyən Məlikməmmədin (Araz Pirimov, Bəhram Həsənov) həm oyunları, həm də rəqsləri bir an da olsun tamaşaçını darıxdırmırdı.
Tamaşanın musiqilərindən danışsaq, hər tamaşasında olduğu kimi Nicat Kazımovun gözəl musiqi duyumu yenə də öz işini görmüşdü. Bir-birindən rəngarəng musiqi nömrələri tamaşaçını da həmin musiqinin, tamaşanın abı-havasına salırdı. Ən gözəli də o idi ki, tək azəri yox, ərəb, hind və digər xarici ölkələrin tanınmış, məşhur musiqilərindən istifadə olunmuşdu. Bunlardan: “Almanı atdım xarala”, “Məcnun gəzər leylini”, Araşdan “Vostoçnaya skazka”, Röyadan “Ulduz nəğməsi”, Aysel və Araşdan “Always”, Xumar Qədimovadan “Miyanə gözlər”, “Arşın mal alan” filmindən “Gülçöhrənin ariyası”, “Asyanın rəqsi”, “Gülçöhrənin rəqsi” və digərlərini misal göstərmək olar.
Nigar Pirimova
Teatrşünas
Kaspi.-2015.-3 aprel.-S.10.