Görəvinin dərvişi
Seyid Əhməd
Arslan: “Məni Azərbaycana gətirən Allahın
lütfüydü”
Derlər ki, bəzi insanlar dua kimidir,
görünməz, amma toxunur. Sən onu görməzsən, amma
hiss edərsən. O adamın duası üstündədir, səninlədir.
Və bəzən ən çarəsiz
anında gələr ağlına, sanki Tanrı onu bilərək
sənin üçün göndərib. Axı Rəbbin
hər bəndəsi üçün bir mələyi var Yer
üzündə...
90-cı illərdə Bakıya bir qarayanız tələbə
gəldi Türkiyədən. Nəyə gəldi, nədən
gəldi?! Bəlkə də ibtidai sinifdə
müəlliməsinin ruhuna oxuduğu duaydı onu bura gətirən?
“Çırpınırdı Qara dəniz”
türküsüydü?! Ya ortaq dərdimizdi?
Bilmirəm.
Sevdası, həsrəti, bir də ovuclarında
düyünlənən yumruğu ilə gəldi və getdi. Yolu
Qarabağdan da keçdi, Şəhidlər Xiyabanından da.
O səfərindən
düz 23 il sonra ikinci Vətənim dediyi
Azərbaycana bir də gəldi. Bu dəfə niyəsi
söhbətimizdə...
Azərbaycandakı
üç illik diplomatik fəaliyyəti ərzində
hamının sevgisini qazanan, kiçikdən böyüyə
hər kəsin “ağabəy”
çağırdığı, Türkiyənin Azərbaycandakı
səfirliyinin kültür və tanıtım müşaviri
Seyid Əhməd Arslan qonağımızdır.
-Xoş
gördük Sizi. Əhməd bəy, neçə
ildir Azərbaycandasınız?
-Çox
ildir. Mən həmişə özümü Azərbaycanda
hiss etmişəm. Vəzifə olaraq desək,
üç ilim tamam olub, artıq vəzifəmin son
aylarıdır. Qismət olacaqsa, iyunda
Türkiyəyə qayıdacağam.
-Azərbaycana
gəlməyinizdə, müvəffəq olmağınızda
ədəbiyyat fakültəsindən məzun
olmağınızın təsiri var. Duyğular heç
yazıya töküldümü?
-Şeir cızma-qaralarım oldu, amma onu heç
paylaşmadım. Arada məqalələr yazıram, elə
Dərviş Yunusla bağlı biri yeni yayımlanıb.
-İlk şeirin movzusu nəydi?
-Sevgiydi.
-Yadınızda
qalıbmı?
-“Ulu bir
çinarsın, nazik bir gülsün,
Həyata anlamı verən sevgilər” - deyə
başlayırdı. Amma həyatda hər kəs həddini bilməlidir.
Şeir yazmaq bir az da qabiliyyət
işidir. Bu mövzuda peşəkar
olmadığımız üçün bu işdə
uğurlu olan insanlara kömək olduq, təməl prinsiplərini
hazırladıq. Onların
yazdıqlarını geniş xalq kütlələrinə
çatdıracaq zəmin yaratdıq. Biz
başımızı əydik ki, çiyinlərimizə
çıxıb o gözəl nəğmələrini ən
ucdakı insanlara çatdırsınlar. Buna
gücümüz çatdı. Yaza bilməsək
də, yaza bilənlərə xidmətkar olduq.
-“Çırpınırdı
Qara dəniz” Sizin ömrünüzə nə vaxt oxundu?
-Bax o,
önəmli andır. Çox önəmlidir.
-O,
qulağınıza oxunan dua kimidir, eləmi?
-Mən
“Çırpınırdı Qara dəniz”lə ilk dəfə
iki, ya üçüncü sinifdə tanış
oldum. Həyatımdan çox müəllim gəldi-keçdi,
amma mən Bədia adlı müəlliməmi unutmuram. Ilk dərsində bizə bu türkünü öyrətmişdi.
-Bir səbəbi vardımı? Niyə bu mahnı?
-Biz o
zaman başa düşmürdük, amma müəllimimizin nə
qədər milli kimliyə sahib olduğunu indi başa
düşürəm. Görün nə qədər
ruhuna işləyib ki, bizə ötürə bilib. Bəlkə də ilk toxumları atan o müəllimə
oldu. Hardadır, yaşayırmı, bilmirəm,
amma yaşayırsa, Allah ona uzun ömür versin, yaşamırsa,
üzülərəm. Bəlkə həyatda
əlini ən çox öpmək istədiyim o öyrətməndir
deyə bilərəm. Bakıda noyabr
ayında Türkiyə kültür həftəsi
keçirdik. Heydər Əliyev Mərkəzi
kimi prestijli bir məkanda ilk dəfə kültür həftəsi
keçirmək bizə nəsib oldu. Orda
xüsusilə səhnə performansı möhtəşəm
idi. Mehteran, səma, türk xalq musiqisi bəlkə
də dünyada ilk dəfə hamısı eyni səhnəni
bölüşdülər. Biz bəlkə
tarixdə ilk dəfə mehterana
“Çırpınırdı Qara dəniz” söylətdik.
Azərbaycanın çox millətsevər bir
xanımı olan Azərin xanımı dəvət elədik,
o da sıx proqramı olmasına rəğmən dəvətimizi
qəbul elədi və biz onu gətirdik. “Mehtər
marşı”yla Azərin xanım. Bu da mənim
həyatımda unuda bilməyəcəyim gözəl tədbirlərdən
biri oldu. Keşkə o Bədia öyrətmənimin
ünvanını bilsəydim, gedib Türkiyənin
harasında da olsa o müəlliməni götürüb ora gətirərdim.
Həyatımın ən anlamlı anı
olardı. Mən o ifanı ağlayaraq dinlədim.
Çox duyğulanmışdım. Elə bilirəm Bədia müəlliməmin həyatında
ən önəmli hədiyyə olacaqdı.
-İlk
dinlədiyinizlə indikinin arasındakı həyəcan fərqi...
-Bax yenə
duyğulandım (Gözləri dolur, bir anlıq susur...), hər
halda ədəbiyyat belə bir şeydi, içərisində
olan biri deyiləm, amma ədəbiyyat adamı yumşaq ürəkli
olur, duyğusal olur. Məndə də
“Çırpınırdı Qara dəniz”in həm də
acı bir xatirəsi var. Xüsusilə türk millətinin o
acı günlərinin birini tərənnüm edir. Allah Əhməd Cavaddan razı olsun. Allah ona rəhmət eləsin.
Kimlyinin fərqində olan bir insanın bunu söylərkən,
ya da dinlərkən duyğulanmaması mümkün deyil.
-Sona
xanım bir söz dedi efirlərin birində: “Kaspi” qəzeti
bizə böyük kişilərin əmanətidir və biz
bunun fərqindəyik”. Mənə elə gəlir
ki, bu mahnı da Üzeyir Hacıbəyovun, Əhməd
Cavadın yadigarıdır. Axı onlar
böyük türk kişiləridir.
Bəlkə
də elə buna görə hər iki ölkədə
baş üstə daşınır...
-Yeri gəlmişkən,
deyim ki, burada çox ziyalı ilə görüşüb, tanış olmaq imkanım oldu. Bunlar
içərisində bəhs etdiyiniz Sona xanımın tam
ayrı bir yeri var. Onu ifadə edəcək kəlmə tapa
bilmirəm. Könül arzu edər ki,
türk dünyasının belə igid xanımları
çox olsun. Duyarlı, qabiliyyətli, bu
qabiliyyətinin böyüklüyü ilə bərabər bu
qədər də sadəliyidir mənə ən çox təsir
edən. Bu qədər uğurun
arxasında sadə xarakterli bir qadın dayanır. Əminəm ki, Bədia öyrətmənim kimi,
Türkiyəyə qayıdandan sonra da onu sayğı və
sevgi ilə xatırlayacağam. Unuda bilməyəcəyim
sayğın türk xanımlarından biri olacaq. Onunla hər söhbətimizdə özümdə
bir çatışmazlıq görürəm, onun
baxışlarını, duyarlılığını
çox bəyənirəm. Elə ən
son Ankara Universitetində konfrans mövsuzu olan Hüseyn Cavid əsərlərinin
Anadolu tükcəsiylə təqdim olunması, Türkiyədə
çox önəmli yerlərlə buluşdurulması
öz-özlüyündə bir fədakarlıqdır. Bu baxımdan onu təbrik edirəm. Bunu təkcə mən demirəm, İLESAM sədri
və yardımçısı. yenə
Sona xanım kimi bir xanım olan İltər xanım da Sona
xanmla görüşdən çıxandan sonra
heyranlıqlarını dilə gətirdilər. Əmin olun, burada ədəbiyyat sahəsində ən
böyük ədəbi söhbəti elə Sona xanımla elədilər.
-Azərbaycanlılar
sizi bura təyin olunmamışdan əvvəldən
tanıyırlar...
-Deyə
bilmərəm, amma mən Azərbaycanı
tanıyırdım. 1990-91 –ci illərdə
Qorbaçovun sön dövrləri, Azərbaycanın ən
ağrılı günlərində Bakıya gəldim.
Çox çəkmədən o da istefaya
getdi.
-Niyə gəldiniz?
-Onu mən
də bilmirəm nəydi gətirən, demək ki, Allahın
bir lütfüydü. Bəzən tale sizin əlinizdə
olmadan öz işini görür. Çox
təşəkkür edirəm o qədərə ki, məni
həmişə sevindiyim, geriyə dönüb baxanda
peşmanlıq duymadığım gözəl yerlərə
götürdü. O baxımdan burada da Allahın bir hikməti
var deyə düşünürəm. 90-cı
illərdə buraya gəlişim, ta o illərdəki sevgi mənə
unuda bilmədiyim xatirələri, sevgini, sayğını gətirmişdi.
O zaman universitet məzunu olaraq gəlmişdim. Bir
düşünün, gəncsiniz, aradan 23 il
keçir, eyni yerə ölkənizi təmsilən diplomatik
bir vəzifəyə gəlirsiniz. Hər halda
bu, yaşana biləcək ən gözəl təsadüf, ya
da təvafüqdür. Yəni onu deyim ki,
istəyin, o zaman bir yerdə Allah onu sizə inanın ki, nəsib
edir. O istəyin alt yapısını yetişdirmək
lazımdır. Ondan sonra Mövla əsirgəmir,
onun rəhmət xəzinəsi çox geniş və boldur,
sizə də bir pay düşür.
-Azərbaycandan
gedəndə nəyi götürəcəksiniz
özünüzlə?
-Vallah, gedəcəmmi, bilməm. Bəlkə fiziki olaraq gedərəm də, amma ruhən burdayam.
Osman Qazi universitetində Tamella Abbasxanlı var, professor doktor, buradan onu da salamlayıram, çox sevdiyim bir sözü var, artıq mənim də dilimə düşüb. Deyir ki,
“Vətənimdə Vətənimi özlədim”. Türkiyədə Azərbaycanı, Azərbaycanda Türkiyəni özləmək bu olsa gərək.
-İndi azərbaycanlılar da deyəcək bizim Ankarada bir oğlumuz var. Əhməd bəy, Azərbaycanda Sizə ən çox təsir edən bir görüş, ya da şəxs...
-Məna aləmi insanın həyatını gözəlləşdirən ən böyük amillərdəndir. İşin məna aləminə girərsək, o, ayrıca bir bölümdür. Zatən ədəbiyyatın ən böyük alimləri də buradan çıxmışdır, Mənadan, Eşqdən, Sevgidən... Bəlkə o şeirlərin sevilməsinin arxasında yatan da budur. Bu məna aləmi olmasaydı, bu gun Füzulinin çox da sayılan bir yönü olmazdı. Füzulini biz görmədiyimiz halda sayıb seviriksə, bu onun məna aləmindən alıb bizlərə gətirdiklərindəndir. Məna aləmində əgər insanları gəzər görürsəniz, hələ bizə ordan bir şeylər sunar görürsəniz, o insanlar həyatımızda gözəl şeylər buraxır. Madam sözü oraya gətirdik, Allah rəhmət eləsin, Feyzullah bəy adlı birini tanıdım Azərbaycanda. Çox az bir qarşılaşmamız oldu. Müşavir yoldaşlarımla İrandan bir səfərdən gəlirdik. Lənkəranda məsciddə ona da uğrayıb, bir çayını içdik. Yarım saatlıq o görüş mənim yaddaşımda iz buraxdı. Təkcə o adama Türkiyədən onlarla kitab gətirib göndərdim. Çünki tam bir kitab aşiqi, bir xidmət əhliydi. O adam: “Mən peyğəmbərimizin yaşından artıq yaşamaq istəmirəm”- demişdi, onun yaşında da dünyadan getdi.
Burda da var o məna. Məsələn, Yəhya
Bakuvini götürək. Bunlar bizim bu
günlərə gəlməmizdə, mənəvi
dünyamızın təkamülə ərməsində
çox önəmli fiqurlardır. Əgər
bu gün Anadolunun türklərə yurd olmasında bir səbəb,
bir nədən arayırsınızsa, bunlardan biri də Yəhya
Bakuvi həzrətləridir. Yəhya
Bakuvinin hələ də Anadoluda yaşayan, yaşadılan və
yaşadılacağını ümid elədiyimiz xidmətləri
var. Bakuvi həyatdadır, sadəcə, Anadoluda deyil,
Balkanlarda, Misirdə yaşayır. Əskilər
dermişlər: “Şərəfül məkan bilməkin”. Yəni bir məkanın şərəfi oranın
insanlarıyla ölçülür. Bakı
qiymətlidirsə, onu qiymətli qılan əsaslardan biri
Bakuvidir, onun arxasındakı mənəvi dinamit odur. Azərbaycanda da hara getsəniz, onun bənzərinə
rast gələ bilərsiniz. Bunları
unutmamaq lazımdır. Mənasız cismin
heç bir qiyməti olmur. Bax, səndən
soruşuram, yaxın zamanda atanı itirdin, bircə gün
evində saxladınmı? Yox,
götürüb öz əllərinlə torpağa verdin.
Bu sənin canındır, amma ölən kimi
tez-tələsik torpağa verməyə cəhd edirsən.
Niyə? Çünki ruh
getdi. Ruhsuz kimsənin bir qiyməti olmaz,
atan belə olsa.
-Dərvişin
görəvi varmı?
-Olmaz
olurmu? Əslində bu bəhs etdiyimiz
hamısı dərvişanə görəvlər.
-Bəs
görəvin dərvişi olmaq?
-Məsuliyyət Yer üzündə insana bilərək
verilən bir şeydir. Hamımız müsəlmanıq, Quranda belə deyir:
“Biz məsuliyyəti dağlara-daşlara verdik, onlar bu məsuliyyətin
çətinliyindən çəkinib almadılar,
dönüb insana yüklədik”.
Məsuliyyətlə insan insan olur. Ya əşrəfi
məxluq olur, ya da əsvəli sahilin olur. Allah nəzdində də, cəmiyyətdə də
qiymətə minir.
Məsuliyyətin bizdən bir əvvəlki nəsildə
adı dərvişlər deyə keçər, insanlar mənəviyyatdan
qopmamaq üçün özlərində bir məsuliyyət
hiss edib bu sahədə xidmət göstəriblər.
Dərviş
Yunus demirmi ki:
“İlim
ilim bilməkdir,
ilim
kendini bilməkdir,
Sen kendini bilmezsin,
Ya nice
okumaktır...”
Sadəcə, oxumaq deyil, təhsil, elm, və məsuliyyət
bir arada vəhdət təşkil edir. Olmazsa olmaz!
Məsuliyyət yükünü daşıya bildiyi
müddətcə kamil insandır, cəmiyyətdə yeri və
nüfuzu olan bir insandır.
-Oxucularımıza son
sözünüz nədir?
-Dağarcığımızda
olanları anlatdıq. Bircə ona təəssüf edirəm
ki, Azərbaycanda görmədiyim çox iş qaldı. Əgər vaxtım olsaydı, gənclərə
daha çox vaxt ayırardım, onların təhsili
üçün əlimdən gələni edərdim.
Nigar İsfəndiyarqızı
Kaspi.-2015.-15 aprel.-S.13.