Olimpiya çempionu olmaq istəyən avarçəkən
Tamerlan Mustafayev məğlubiyyəti
heç cür həzm edə bilmir
Azərbaycanda avarçəkmənin böyük ənənələri var. Hələ ötən əsrin 30-cu illərində Bakı buxtasında yarışan idmançıların mübarizəsini birbaşa dənizkənarı bulvardan müşahidə etmək mümkün idi. 80-ci illərdə bu növ o qədər inkişaf etmişdi ki, Azərbaycanın ovaxtkı SSRİ idman ustalarının hər üçündən biri məhz avarçəkən idi. Ölkənin bu mənada əsas mərkəzlərindən biri isə Mingəçevir şəhəri idi. Buradakı münbit şərait istər respublika, istər ittifaq, istərsə də böyük beynəlxalq yarışlarda qalib gələn onlarla avarçəkənin yetişməsinə imkan vermişdi.
Bu ənənələr müstəqillik dövründə də davam edir. Mingəçevirin özündə anadan olan və şəhərin avarçəkmə qüruru olmağa əsas namizəd Tamerlan Mustafayevin böyük perspektivinə heç kimdə şübhə yoxdur. Biz də gənc idmançı ilə söhbətləşərək onu yaxından tanımağa çalışdıq.
Bu gün...
- Tamerlan,
qarşıdan ilk Avropa
Oyunları gəlir. Orada iştirak
edəcəksənmi?
- Bu, hələ dəqiqləşməyib. Qərarı federasiya rəhbərliyi verəcək. Oyunlar zamanı 1 nəfərlik kayak qayığı ilə 2 məsafəyə - 200 metr və 1000 metrlik yürüşlər təşkil olunacaq.
- Bəs sən özünü buna
hazır sayırsanmı?
- Bəli, hazıram.
- Bir neçə gün əvvəl Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində "Bakı 2015" öncəsi test xarakterli Beynəlxalq Prezident Kuboku keçirildi. 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə mübarizə apardın. Yarış haqqında təəssüratların necədir?
- 3 medal götürdüm. 3 məsafədə də iştirak etdim. 1000 və 500 metrdə 2-ci, 200 metrdə 3-cü yerlə kifayətləndim. Gözlədiyimdən də yaxşı nəticə göstərdim. Daha çox uzun məsafəyə yönəldiyimdən, 200 metrdəki çıxışım bir az zəif alındı. Çalışırdım ki, qısa məsafədə yüksək nəticə göstərim, amma alınmadı. Əminəm ki, məşq edərək gələcək yarışlarda 3 məsafənin hamısında birinci olacağam.
- 21 yaşın olsa da, bu günə qədər çox sayda yarışda iştirak etmisən. Hansı nəticələrin var?
- Azərbaycandakı bütün yarışlarda qələbələrim var. Beynəlxalq yarışlardan Almaniya, Polşa, Slovakiya, Gürcüstanda 100-ə yaxın ölkənin iştirakı ilə keçirilən turnirlərdə qızıl medal qazanmışam. Avropa çempionatının finalında mübarizə aparmışam. Böyüklər arasındakı dünya çempionatında isə ilk cəhddən 11-ci olmuşam. İnanıram ki, bu nəticələri tezliklə daha da yaxşılaşdıracağam.
Dünən...
- Avarçəkməni
seçməyində əsas rolu nə, yaxud kim oynadı?
- Bu, anadan olduğum Mingəçevirdə ən məşhur idman növüdür. Onu seçməyim təbiidir. Həm də suda olmağı çox sevirəm.
- İlk yarışın yadındadırmı?
- Əlbəttə. Mingəçevirdə idi. Birinci olmuşdum.
- Bir neçə cür qayıq olsa da, kayaka üstünlük vermisən...
- Kayak ən yaxşısıdır. Bədən quruluşunu düzəldir. Həm də o birilərindən bir qədər rahatdır.
- Çətin tərəfi nədir?
- Kayakın özünün çətin tərəfi yoxdur. Əsas çətin olan məşqləridir. Xüsusilə də hava pis olanda işimiz ağırlaşır.
- Çox məşq edirsiniz?
- Günün azı 5-6, bəzən 7 saatını. Ən çox suda çalışırıq. Gündə 20-25 km üzürük. Fiziki hazırlığımıza da diqqət yetiririk. Ştanqla çalışır, qaçır, üzgüçülüklə məşğul oluruq. Bir sözlə hərtərəfli məşq edirik.
- Bezdirici olmur?
- Xeyr, əksinə. Məşqsiz dayana bilmirəm. Ən yorğun vaxtlarımda belə idmanı atmaq haqda düşünməmişəm.
- Yarışlar zamanı məsafələr müxtəlif olur. Hərəsinin öz “döyüş” taktikası olmalıdır...
- Bəli, məsələn, uzun məsafədə ilk saniyələrdən döyüşə atılmıram. Gücümü sona saxlayır, yalnız o zaman maksimumumu ortaya qoyuram. Qısada isə durum fərqlidir. Burada startdan finişə qədər maksimum güc sərfi gərəkdir.
- Yarışlara
necə köklənirsən? Biləndə ki,
rəqiblərin çox güclüdür,
ruhdan düşməmək üçün nə edirsən?
- Heç bir fərqi yoxdur: mən bütün yarışlara eyni səviyyədə hazırlaşıram. Rəqiblərə gəlincə, onların hamısı mənim üçün güclüdür. Yarış zamanı fikrim onlarda yox, özümdə olur. Yalnız öz işimi görüb qalib gəlməli olduğumu bilirəm. Başqa heç nəyə ehtiyac yoxdur.
- Heç
batmaq təhlükəsi yaşamısan?
- Yox, şükürlər olsun ki, olmayıb.
- Maraqlıdır, bəs həmin kayakda necə taraz dayanırsız? Yəni bunun sirri nədir? Sıravi idmansevərlər üçün bu, həmişə maraqlı olub.
- Çətin bir şey yoxdur. Əsas öyrəşməkdir. Başlanğıcda biraz enli qayıqlarda sürürlər, sonra yavaş-yavaş ensizlərə keçirlər.
- Bu müddət ərzində qarşılaşdığın ən böyük çətinlik nə olub?
- Məğlubiyyətlərim.
- Həzm edə
bilmirsən?
- Heç cür! Mənim üçün məğlubiyyət ən böyük çətinlikdir. Üz-üzə qalmaq istəmirəm.
Sabah...
- Bir
idmançı kimi qarşına qoyduğun hədəf nədir?
- Olimpiya çempionu olmaq!
- Bunu
etmək üçün özündə
güc hiss edirsənmi?
- Həm güc, həm də
inam. Bunların ikisinin də olması vacibdir.
- Avarçəkmənin Azərbaycanda ənənələri
olsa da, maraq o qədər də böyük deyil. Səncə, niyə belədir
və bunu necə dəyişmək
olar?
- İki səbəbi
var. Birincisi, bazanın
yalnız Mingəçevirdə
olmasıdır. Yeni belə qurğular
tikiləndən sonra
durum müsbətə doğru
dəyişməkdə davam
edəcəkdir. İkinci səbəb
isə valideynlərdir.
Onlar uşaqlarını su idmanına qoymaqdan nədənsə çəkinirlər.
- Yəqin ki, sudan qorxurlar.
Onları necə inandırmaq
olar ki, bu o qədər də təhlükəli deyil?
- Bu, mümkün deyil. Qorxu varsa, qoymayacaqlar. Su ilə yanaşı,
havanı da misal gətirirlər.
Yayda isti olanda razılıq
versələr də,
qışda - soyuq olanda fikirlərindən dönürlər.
- Avarçəkmənin mövsümü
olurmu? Yəni qışda da
yarışırsız, məşq
edirsiniz, yoxsa ilin müəyyən vaxtlarında?
- Bütün fəsillərdə
qayıqdayıq. Fərq
etmir: məşq məşqdir.
- İndiyə
qədər ən uzun məsafə olaraq nə qədər gedə bilmisən?
- 32 km.
- Təhsilinə diqqət yetirə bilirsənmi?
- Həvəsim böyük
olub, məktəbdə
yaxşı oxumuşam.
Ancaq idmandan sonra dərslərimə yetərli
vaxt ayıra bilmədim. Buna təəssüf edirəm.
Amma mütləq təhsili davam etdirəcəyəm.
Bu il sənədlərimi
Azərbaycan Bədən
Tərbiyəsi və
İdman Akademiyasının
üzgüçülük fakültəsinə verəcəm.
Mənim
fikrimcə, idmançı
həm də savadlı, yaxşı dünyagörüşünə malik biri olmalıdır.
- Bu günə qədər ən maraqlı və çətin yarışın hansı
olub?
- Bütün yarışlarım
çətin və maraqlı olub. Həqiqətən hamısına eyni
səviyyədə hazırlaşıram.
- Diplomatik cavablar verirsən. Bu, artıq
müəyyən bir mərhələyə gəlməyin
deməkdir. Maraqlıdır, səni heç küçədə və
ya hansısa tədbirdə tanıyan -
"bax, o Tamerlan Mustafayevdir" deyən olubmu?
- Olur bəzən. Amma mən hələ özümü böyük
titullu idmançı
saymıram. Ancaq
tezliklə olacam!
- Əzmkarlığın alqışlanmalıdır. Qəzetimizdə səni gənclərə
nümunə kimi təqdim edirik. İndiki gənc nəsilə, yəni həmyaşıdlarına
nə məsləhətlər
verə bilərsən?
- Əvvəlcə, çox
sağ olun. Tövsiyəm odur ki, əsas Azərbaycan və xalqımıza xeyir vermək üçün çalışsınlar.
Təhsil 1-ci, idman isə
2-ci planda olmalıdır.
Bu iki şey
ilə hamı mütləq ciddi məşğul olmalıdır.
Bunu etsəniz, uğur özünü gözlətməyəcək.
Portreti
Tamerlan gənc,
ancaq böyük bir döyüşçüdür. Yenilgini qəbul
etmək istəməyən,
etməyən kayakçı,
qarşısına ən
böyük zirvələri
fəth etmək məqsədi qoyub. İndidən ölkənin ən
perspektivli avarçəkənləri
sırasında olan Mustafayevin gələcəyi
parlaqdır. Hər yarışda
güc üzərinə
güc qatır, böyüyür. Simasında çempion
ruhu, qələbə
istəyi, əzmi var.
Avarçəkmə sevgisi
- Kənardan baxanda avarçəkmə
maraqsız görünə
bilər. Yəni müxtəliflik yalnız qayıqlardadır.
Hamının da məqsədi
ən tez gəlməkdi. Səncə də
belədir?
- Hərənin öz zövqü var. Məsələn
mən, futbola yox, boksa daha
maraqla baxıram. .Bizim idman kənardan asan görünsə də, bəlkə də ən çətin idmandır. Elə asan olsaydı,
hamı bu idmanla məşğul olub, tez çempion
olardı. Amma belə
deyil. Çox zəhmət tələb
edən növdür.
Hərtərəfli hazır olmalısan.
Sudakı köklənmə,
texnika, güc, sürət... Bunların heç biri
insana hazır verilmir. Yalnız İllərlə edilən
məşqlər nəticəsində
yüksək səviyyəyə
qalxmaq mümkün ola bilər.
Kənan Məstəliyev
Kaspi.-2015.-17 aprel.-S.23.