Vüqar Bayramov: “İlk Avropa Oyunları ölkəmiz üçün strateji iqtisadi layihədir”

 

Avropa Oyunlarını iqtisadi baxımdan qiymətləndirdikdə yalnız oyunlar keçirilən zaman yalnız əldə edilən gəlirləri müəyyənləşdirmək doğru deyil. Avropa oyunları strateji layihə olduğu üçün onun gəlirləri yalnız qısa deyil, eyni zamanda uzunmüddətli dövrü əhatə edəcək. Bu haqda “Palitra”ya iqtisadçı alim Vüqar Bayramov bildirib. O qeyd edib ki, Avropa oyunları keçirildiyi müddətdə cari gəlirlərin əldə edilməsinə imkan verməklə yanaşı, eyni zamanda, strateji baxımdan oyunlar başa çatdıqdan sonra ölkə iqtisadiyyatına əlavə vəsaitin daxil olmasına imkan yaradacaq. Şübhəsiz, oyunlar keçirilən müddətdə kiçik və orta sahibkarlar daxil olmaqla ölkə iqtisadiyyatı bu tədbirlərdən faydalana biləcək. Bu oyunlar iqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaradacaq. Bu isə ölkə sahibkarlarının qısa və uzun müddətli dövrdə oyunların keçirilməsindən faydalanmaslna şərait yaradacaq.

Vüqar Bayramov Avropa Oyunlarının iqtisadi əhəmiyyətini hesablayan zaman həm cari və həm də starteji gəlirləri bir-birindən fərqləndirməyi əhəmiyyətli sayır: “Gəlirlər sadəcə qısa müddətli dövrü əhatə etməyəcək, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək. Əvəlla, bu oyunların keçirilməsindən həm cari, həm də srtateji baxımdan turizm sektoru və sahədə fəaliyyət göstərən sahibkarlar faydalana biləcəklər. Avropa Oyunları keçirilən zaman ölkəyə xeyli sayda turistin gəlməsi nəzərdə tutulur. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq. Digər tərəfdən, cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Nəzərə alsaq ki, oyunlar müxtəlif xarici kanallar vasitəsilə yayımlanacaq, praktiki olaraq bu da həmin oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaradacaq. Yerli və xarici şirkətlər Avropa oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaq. Bu, artıq müşahidə olunmaqdadır və rəsmi tərəfdaşlar da var. Bu isə şirkətlərin reklam gəlirlərinin bir qisminin məhz bu oyunlara cəlb edilməsinə imkan yaradacaq. Eyni zamanda, ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Bu, MB-nin intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətlidir. Avropa Oyunları strateji baxımdan da Azərbaycan üçün gəlir vəd edir.”.

Ölkəmizin strateji gəlirlərinə toxunan Vüqar Bayramov bildirib ki, inşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək. Azərbaycan İslam, Avropa Çempionatının yarımfinalını və digər beynəlxalq oyunları keçirməklə bağlı artıq razılıq əldə edib. Bu o deməkdir ki, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq. Praktik olaraq, ölkəmiz növbəti beynəlxalq yarışların təşkil edilməsi üçün bütün bazanı formalaşdırıb. Deməli, növbəti illərdə çox cüzi xərclərlə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə Avropa Oyunlarının əsas starteji iqtisadi üstünlüyüdür. Bu oyunların təşkilinə xərclənən vəsait uzunmüddətli dövrdə yaradılan infrastrukturdan istifadə və gəlir əldə etməyə şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki oyunlar ərəfəsində xərcləri cari və strateji gəlirlər hesabına kompensasiya edə bilsin.

İqtisadçı alim deyib ki, Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək. Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastruktrunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımdan əhəmiyyətlidir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq.

Vüqar Bayramov deyib ki, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun priortitet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və starteji gəlirlər əldə edə biləcək.

İqtisadçı alim bildirib ki, cari və strateji gəlirləri nəzərə alsaq, Avropa Oyunları iqtisadi baxımdan rentabelli bir layihədir. Sözügedən oyunların keçirilməsi Azərbaycan üçün sadəcə geosiyası və beynəlxalq mötəbər yarışa ev sahiblik etmək baxımdan deyil, eyni zamanda ölkə iqtisadiyyatının dəstəklənməsi baxımdan vacibdir. Deməli, oyunların təşkilindən udan tərəf Azərbaycan və ölkə iqtisadiyyatıdır.

 

İlkin AĞAYEV

Palitra.-2015.-29 aprel.-S.10.