“Azdrama”da nələr
baş verir?
Kimin haqlı, kimin haqsız
olduğunu müəyyənləşdirmək çox
çətindir
Adı ətrafında demək olar
ki, heç vaxt qalmaqallar əskilməyən Dövlət
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla
Mədəniyyət və Turizm Nazirliyi müqaviləni yeniləyər-yeniləməz
teatrın bir qrup tanınmış aktyorunun “Milli
Teatrımızı yalnız Siz xilas edə bilərsiniz” - deyə
ölkə başçısı İlham Əliyevə
ünvanladıqları müraciətin mətni mətbuatda
yer aldı. Sənət ocağının və ümumən
teatrımızın sayılıb seçilən
aktyorlarından - Xalq artistləri Ramiz Məlik, Nurəddin
Mehdixanlı, Rafiq Əzimov, Firəngiz Mütəllimova,
Zemfira Nərimanova, İlham Əsgərov və
b.-larının adının yer aldığı müraciəti
aktyorlar özlərinin fəryadı kimi dəyərləndirirlər.
Kollektivin bütün problemlərinin 2010-cu ildən, yəni
Akademik Milli Dram Teatrına İsrafil İsrafilovun direktor təyin
olunmasından sonra yarandığını bildirən aktyorlar
qeyd edirlər ki, direktorun kollektivlə ilk
görüşü yaradıcı heyəti
aşağılamaqla və bu vaxta qədər görülən
işlərin heç nəyə yaramadığını, səviyyəsiz
və mənasız işlər olduğunu söyləməklə
başlayıb. “Yeni təyin olunmuş direktorun kollektivimizin
ünvanına söylədiyi bu haqsız fikirlərinə və
aşağılayıcı münasibətinə baxmayaraq,
biz işlərimizə davam etdik. Günlər, aylar, illər
keçdikcə biz Böyük Sənət
Ocağının necə çökməsini, kollektivin necə
ümidsizliyə qapılmasını görsək də,
dözür, susur və nəhayət bu
dağıdıcı prosesə bir son veriləcəyini
gözlədik. Amma yaxşılığa doğru heç nə
dəyişmədi, əksinə, vəziyyət daha da pisləşməkdə
davam etdi və etməkdədir” - deyə müraciətdə
qeyd olunub.
Aktyorların
sözlərinə görə, daim zəngin repertuarı,
uğurlu tamaşaları, rəngarəng aktyor oyunları ilə
fəxr edilən, respublikamızda fəaliyyət göstərən
digər teatrlara örnək olan, heç vaxt
tamaşaçı problemi olmayan, bütün göstəricilər
üzrə öndə olan, hətta bəzi tamaşalarına
bilet tapılmayan teatr indi problemlər burulğanındadır:
“Demək olar ki, bütün uğur qazanan,
tamaşaçı gətirən tamaşalar repertuardan
çıxarıldı, Akademik Teatrın aktyor heyətinin
tamaşalarda iştirakı minimuma endirildi, teatrın
bütün rejissorları işdən
çıxarıldı, kənardan dəvət olunan
aktyorlar, hətta rejissorluq təhsili olmayanlar teatrın
bütün repertuarını zəbt etdilər. Nəticədə,
tamaşaçı sayı, maliyyə göstəriciləri,
uğurlu tamaşaları ilə fəxr edən Akademik Milli
Dram Teatrı dəvətnaməyə möhtac qaldı, bilet
satışı minimumun altına düşdü, teatr
özünün daimi tamaşaçılarını itirdi. Teatrın daxili nizam-intizam qaydaları pozuldu”.
Aktyorlar teatrda hazırda hökm sürən abı-havanın
İ.İsrafilovun “Parçala, hökm sür” siyasətini
ustalıqla həyata keçirməsi ilə əlaqələndirirlər:
“İsrafil İsrafilov kollektivi parçalayıb üz-üzə
qoydu. Zərərli daxili konfliktlər
yarandı. Dünənki dostlar bir-birinin
düşməninə çevrildi. Yaradıcılığa
sərf olunacaq vaxt və enerji mənasız, daxili
sözlü savaşlardan əsl fiziki güc tələb edən
savaşlara keçdi”. Aktyorlar Azərbaycan
xalqının 143 illik tarixi olan sənət ocağı - Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının, bir nəfərin
hikkəsi və iradəsi ilə bütün mənalarda
dağıdıldığı və məhv edildiyindən
narahatlıqlarını dilə gətirirlər: “Tam məsuliyyətlə
deyirik ki, İsrafil İsrafilov direktoru olduğu Azərbaycan
Akademik Milli Dram Teatrının kollektivini param-parça edərək
bir-birinə düşmən edib və daha böyük fəsadların
baş verməməsi naminə bu prosesin
dayandırılması lazımdır”.
O cümlədən,
Xalq artisti Azərpaşa Nemətovun da nazir Əbülfəs
Qarayevin əmri ilə teatrın bədi rəhbəri və
baş rejissoru təyin edilməsi kollektiv tərəfindən
birmənalı qarşılanmayıb.
Yaxın
keçmişə baxış
Bir az keçmişə - 5 il əvvələ nəzər
salıb teatrda yer alan narazılıqlarla maraqlansaq demək
olar ki, gileylər aktyorlarla müqavilə söhbətindən
sonra başladı. O zaman İsrafil İsrafilov jurnalistləri
yığaraq müqavilələrin
uzadıldığını, yəni müəyyən
güzəştlərə gedildiyini bildirdi. Hərçənd
bu “güzəşt”də bəzi aktyorların gündəmə
səs salan açıqlamaları da rol oynadı və onlar nəticədə
bu “şans”ı qazandılar. Həmçinin
teatr ənənəvi zəncirləri qıraraq modern teatr aləmində
olduğu kimi “rejissorlarla müqavilə” məsələsini də
gündəmə gətirdi. Və o zaman
xeyli narazı qalan rejissorlar oldu. Teatrımızın
səhnəsinə əcnəbi rejissorlar da o zamandan ayaq
açdı.
Aktyor və rejissorlarla müqavilə məsələsi ətrafındakı
söz-söhbətlərin səngiməsindən çox
keçməmiş “yaş” məsələsi ortaya
çıxdı. Teatr və kino aləmində
yaşlılara böyük yer verildiyi, hətta sənətin
meyarlarının onlar tərəfindən müəyyən
edildiyi qonşu ölkələrdən fərqli olaraq
“yaş” məsələsi bizdə əsil əngələ
çevrildi. Belə ki, 65
yaşını adlayan aktyorlar təqaüdə göndərildi
və gərəkirsə bəziləri ilə müqavilə
bağlanıldı. Fəxri adları
olanlara isə “hörmət” əlaməti olaraq səhnəni
70 yaşında tərk etməyə qədər güzəşt
edildi. Gördükləri mənzərə
ilə barışmayan Zərnigar Ağakişiyeva, Məcnun
Hacıbəyov, Kubra Əliyeva... kimi aktyorlar teatrdan
uzaqlaşdılar.
Aktyorların fəryadı?
Yaranan narazılıqlarla bağlı Xalq artisti Nurəddin
Mehdixanlı ilə əlaqə saxladıqda aktyor ölkə
başçısına ünvanladıqları müraciətdə
teatrdakı bütün problemlərin öz əksini
tapdığını bildirdi. Belə ki, beş
il ərzində kifayət qədər dözdüklərini və
səbr etdiklərini qeyd edən aktyorun sözlərinə
görə, bu illər ərzində İsrafil İsrafilovu təyin
edən səlahiyyətli insanların hörmətini saxlayaraq
öz işləri ilə məşğul olmağa
çalışıblar: «Amma proses tamamilə əks istiqamətdə
getdi və gördük ki, o, teatrda yaradıcılıqla yox,
intrirqalarla məşğuldur. Faktiki olaraq
teatrın içərisindəki mənəvi, psixoloji və əxlaqi,
yaradıcılıq atmosferi alt-üst oldu. Biz o qərara
gəldik ki, 143 il tarixi olan bir sənət
ocağına bu sayaq münasibət olmaz. Teatrdakı
kollektivi bir-birinə qarşı qoymaq olmaz. 30-40 il bir yerdə çalışan insanları bu
şəkildə üz-üzə qoymaq heç bir əxlaqi
normalara sığmır. Biz də cənab
prezidentin teatra və yaradıcı insanlara qarşı
münasibətini bildiyimizdən məcbur qalıb 5 ildən
sonra belə bir müraciət hazırladıq». Xalq
artistinin sözlərinə görə, müraciətdə
heç kim təhqir olunmur, əksinə,
bu, təhqir olunan insanların bir fəryadıdır. Aktyorun
sözlərinə görə, bazar günü Mədəniyyət
və Turizm Nazirliyindən gələn nümayəndə xəlvəti
şəkildə təqdimat keçirərək baş
rejissor da seçiblər: «Onsuz da Akademik Teatr baş rejissorsuz
qala bilməz. Bu, kapitansız gəmiyə
oxşayır. Böyük təcrübəsi
olan və kollektivin də uzun illər
çalışdığı Azərpaşa Nemətov bədii
rəhbər və baş rejissor təyin olundu. Bizim onunla heç vaxt problemimiz olmayıb. Ancaq onu kollektivə təqdim etmək
lazımdır. Azərpaşa Nemətovu
bu şəkildə təyin etmək həm onun özünə
hörmətsizlikdir, həm də nazirliyin bütün
kollektivə qarşı
sayğısızlığıdır. Ömrünü-gününü
bu sənətə həsr edən insanlarla bu şəkildə
rəftar etmək olmaz». İsrafil İsrafilovun yenidən
teatra direktor təyin olunmasına gəlincə, aktyor bildirir ki,
kollektivin böyük əksəriyyəti onunla işləmək
istəmir: «Bunu bilə-bilə bu şəkildə davam etdirmək
sonradan baş verəcək hadisələrin məsuliyyətini
öz üzərinə götürmək deməkdir. Çünki İsrafil İsrafilov bütün mənalarda
bu kollektivi bir-birinə düşmən elədi. Teatrın repertuarını bərbad günə
saldı. Düzdür, onun teatrdan
çıxarılması ilə bağlı qərar vermək
bizim səlahiyyətimizdə deyil. Ancaq son beş ildə müşahidələrimizə
əsasən kollektivin bir çox üzvləri bu fikirdədir
ki, İsrafil İsrafilov bu teatrdan getməlidir. Çünki
teatrımızda artıq xoşa gəlməyən
hadisələr baş verir və sonradan nələrin baş
verəcəyinə heç kim zəmanət verə bilməz».
Yaranan narazılıqlarla bağlı teatrın direktoru
ilə əlaqə yarada bilmədik. Amma o zaman – hələ müqavilələrlə
bağlı narazılıqlar yarananda İsrafil İsrafilov qəzetimizə
müsahibəsində: “Teatrda narazılıqlar həmişə
olub və həmişə də olacaq” - deyə
bildirmişdi. Hətta adlarını
böyük qürur və minnətdarlıq hissi ilə
xatırladığımız rejissorlar Mehdi Məmmədov,
Tofiq Kazımovla bağlı da həmişə söz-söhbətlərin
olduğunu misal çəkmişdi. Fərq
ondadır ki, təkcə o vaxt aktyorların səbr kasası
daşıb ölkə başçısına müraciət
ünvanlanmamışdılar.
Direktor təxminən
may ayında mətbuata müsahibəsində “Teatrı
gözdən salmaq istəyənlər səmərəsiz
işlər görürlər. Bu gün teatrda çox
canlı yaradıcı proses gedir”- deyə bildirib.
Əlbəttə, yaranan vəziyyətdə kimin daha
çox haqlı olduğunu araşdırmaq, tərəfləri
dinləmək, sakitlik yaratmaq və ya tədbirlər görmək
əlaqədar qurumların işidir. Mədəniyyət və
Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə
Əlaqələr Şöbəsinin müdiri Vüqar
Şıxməmmədov bildirdi ki, ölkə
başçısına müraciət nazirin əmrindən
10 dəqiqə sonra yayılıb. Belə ki, müraciətə
imza atanlar əmrdən sonradan xəbər tutublar: “Müraciətdə
əsasən yaradıcılıqla bağlı problemlər
yer alıb. Mənə elə gəlir ki, hadisələri
zamanın ixtiyarına buraxmaq və oradakı yeniliklərin
şahidi olmaq lazımdır”.
Akdemik
Milli Dram Teatrın mətbuat katibi Elçin Cəfərov isə
sorğumuza cavab olaraq İsrafil İsrafilovun sentyabrın 9-da
məzuniyyətdən qayıdacağını və 11-də
mətbuat konfransı keçiriləcəyini bildirdi: “Azərpaşa
Nemətov də kollektivə təqdim olunacaq və yaranan
suallara aydınlıq gətiriləcək”.
“Teatrda baş verənlərin axırı necə
olacaq?” sualı isə hələlik açıq qalır. Hər halda
insanların mənəvi qida alması üçün yol
aldıqları məbədin adı ətrafında bu cür
qalmaqalların yaranması yaxşı hal deyil. İstənilən halda, teatrı gözdən salmaq
lazım deyil. Axı həmişə “teatr tərbiyə
ocağıdır” demişik...
Təranə Məhərrəmova
Kaspi.-2015.-2 sentyabr.-S.13.