Atasının güllələndiyini 18 il
sonra öyrənən döyüşkən qız –
Keçmişdəki mən
Atası
1937-ci ildə günahsız yerə repressiya qurbanı olsa da,
“xalq düşməni”nin qızı
olduğuna görə uşaqlıq, gənclik illərində
haqsızlıqlara məruz qalsa da, öz əqidəsindən
dönməyib, mübarizə aparıb, daim irəli gedərək
ayaqları üstündə dayana bilib. Müsahibimiz ictimai
xadim, Azərbaycanın qızlardan ibarət basketbol
yığma komandasının keçmiş oyunçusu, Azərbaycan
Qadınları Bakı Assosiasiyasının sədri,
Ədliyyə Nazirliyində xüsusi muzey kimi qeydiyyata
alınan Miniatür Kitab Muzeyinin yaradıcısı, kitab mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə
“Şöhrət” ordeni ilə təltif edilən əməkdar
incəsənət xadimi, Prezident təqaüdçüsü,
Prezidentin sərəncamı ilə bir neçə dövlət
komissiyasının üzvü, bir çox ölkələrin
medal və fəxri diplomları ilə təltif edilən Zərifə
Salahovadır. Həmsöhbətimizlə birlikdə
İçərişəhərdə yerləşən
Miniatür Kitab Muzeyində onun keşməkeşli
uşaqlıq və gənclik illərinə boylandıq...
“Son dəfə
atamı beş yaşımda
gördüm”
1932-ci il fevralın 2-də Bakıda anadan olub. İndiki Zərgər Palan küçəsindəki
dördmərtəbəli binanın 4-cü mərtəbəsində
35 kvadrat metrlik ikiotaqlı mənzildə yaşayıblar.
Beş uşağın dördüncüsü
olan müsahibimizdən sonra daha bir qız övladı
dünyaya gəlib. Anası evdar qadın
olub, atası isə Kommunist Partiyasının üzvü kimi
müxtəlif vəzifələrdə
çalışıb. Zərifənin beş
yaşına kimi ailələrində hər şey öz
axarı ilə gedib. Atası Teymur 1937-ci ildə
repressiyaya məruz qalandan sonra onun da, özündən
böyük qardaşlarının, özündən
kiçik bacısının da uşaqlığı bitib.
1937-ci il sentyabrın 29-da Teymur Salahov həbs
ediləndə bacısı iki aylıq olub: “Atam uzanıb qəzet
oxuyur, oxuduğu xəbərləri anamla paylaşırdı.
Bu zaman qapımız döyüldü və iki
qonşumuzla, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki
işçisi içəri keçdilər, atamı
apardılar. Son dəfə atamı həmin
gün gördüm - 5 yaş 8 aylıq idim”.
“Atam Mircəfər
Bağırova onu güllələyəcəyini dedi”
Atası
həbs olunmamışdan qabaq Laçın rayonunun birinci
katibi olub: “Azərbaycan SSR KP MK-nın I katibi Mircəfər
Bağırov 1937-ci ilin əvvəlində atamı işdən
azad edib, Azərbaycan Meyvə-Tərəvəz Komitəsinə
sədr müavini qoydu. Bir neçə aydan
sonra onu Kommunist Partiyasından da çıxardılar. Bundan sonra atam partiyadan qanunsuz
çıxarılması ilə bağlı dövlət məmurlarına,
Bağırova ərizələr yazmağa başladı.
Qeyd edim
ki, Bağırov bizim evə gedib-gələn adam
olub, hətta anamın xörəklərini tərifləyərdi.
Amma atamın ərizələrinə cavab gəlmir.
Atam Filarmoniya ilə üzbəüz binada
yaşayan Bağırovu işə gedəndə saxlayıb
deyir ki, “sən bilmirsən, mən necə firqəçiyəm,
əgər partiya biletimi qaytarmasan, səni özüm güllələyəcəm”.
Bundan sonra atamı tutdular. Amma
biz Mircəfər Bağırovla atamın arasındakı
dialoqu illər sonra bildik. Atamla birlikdə
Laçında təbliğat şöbəsinin müdiri
işləmiş Süleyman Rəhimovu da həbs etmişdilər.
Süleyman Rəhimov atamın üzünə
durub ki, guya atam terrorçu imiş, hakimiyyət
çevrilişi etmək istəyirmiş. Məhkəmə
15 dəqiqə çəkib və atama 10 il
iş veriblər. Süleyman Rəhimovu isə
azad edib Laçına birinci katib qoyublar”.
“Anam peraşki
ilə sup bişirirdi”
Beləliklə, salahovlar ailəsinin əzab-əziyyətli
günləri başlayır. Heç vaxt işləməyən
anası özünə iş axtarmalı olur. “Azərnəşr”də
işə düzəlir. Səhər saat
7-dən 8-ə qədər “Azərnəşr”in zirzəmisində
500 palto qəbul edir, günorta stullar üçün
çexol tikir, axşam saat 17.00-dan 18.00-a kimi paltoları
sahiblərinə geri verirdi. Ondan sonra isə
xalatları yuyurdu. Biz balaca olduğumuza
görə səhər anamla işə, oradan məktəbə
gedirdik, qardaşlarım dərsdən qayıdandan sonra isə
birlikdə evə qayıdırdıq. Anam
isə evə gecə 11-12-də gəlirdi”.
“Azərnəşr”də
işə gedib-gələnləri qeyd edən dolu bədənli
rus qadını heç vaxt unutmadığını,
yaddaşında gözəl xatirə kimi
saxladığını deyir: “Həmin xanım orada zərərli
sexlərdə işləyənlərin hərəsinə bir
ətli peraşki alırdı. İşə gələnləri
10 nəfər artıq qeyd edir və bu peraşkilari anama
verirdi. Anam hərəmizə bir peraşki
verir, qalanı ilə isə sup bişirirdi”.
Müəllimindən
nazirliyə şikayət edir
O vaxt
uşaqlar məktəbə 8 yaşdan
yazıldıqlarından Zərifə də bu yaşa kimi bağçaya
gedir. Yaşı çatanda 189 saylı orta məktəbdə
oxumağa başlayır. Burada da xeyirxah insanlarla
qarşılaşır: “Qardaşım Tahirin ibtidai sinif
müəlliməsi Varvara Dmitrevna ikinci sinifdən mənim
müəllimim oldu. Müharibə
başlamışdı. Müəllimə
bilirdi ki, atamızı 1937-ci ildə xalq düşməni
kimi tutublar. O, yalandan bizim atamızın müharibədə
olduğunu yazırdı ki, bizə də o biri uşaqlar kimi
səhərlər bulka versinlər. Üçüncü
sinifdə bizi 132 nömrəli məktəbə
köçürdülər, köhnə məktəbimizi isə
hospital etdilər. Dördüncü sinifdən
bizi ayrı-ayrı məktəblərdə rus və Azərbaycan
bölməsinə böldüklərinə görə mən
134 saylı məktəbdə rus bölməsində təhsilimə
davam etdim. Sonra məni 150 nömrəli məktəbə
köçürdülər”.
Hələ
balaca vaxtından haqqını tələb edən
qızcığaz müəlliminin ona əl
qaldırmasını qüruruna
sığışdırmır və Təhsil Nazirliyinə
şikayət edir: “Beş, ya altıncı sinifdə oxuyanda
erməni milliyətinin daşıyıcısı olan
riyaziyyat müəllimimiz arxada oturan qızlardan söz
soruşduğuma görə məni vurdu. Məktəbdən
çıxan kimi o vaxtkı Maarif Şöbəsinə
(indiki Təhsil Nazirliyi – L.M.) getdim və müəllimdən
şikayət etdim. Nazirlik işçiləri
məktəbə gəldilər, direktorla
görüşüb tənbeh etdilər. Şikayət
etdiyimə görə bundan sonra məktəbdə məni
gözümçıxdıya salmağa başladılar.
Buna görə 7-ci sinfi qurtaranda təhsilimi
texnikumda davam etdirməyə qərar verdim. Sənədlərimi məktəbdən
götürüb Maşınqayırma Texnikumuna apardım.
İmtahan verdim, qəbul oldum. Dərslər başlayanda məlum oldu ki, qrupda yeganə
qız mənəm. Buna görə sənədlərimi
götürüb yenidən məktəbə qayıtmalı
oldum. Coğrafiya müəlliməmiz çox
yaxşı müəllimə idi, yoldaşı Sabir adına Pedaqoji Məktəbdə işləyirdi.
Təklif etdi ki, sənədlərimi ora verim.
Elə etdim. Qrupda 42 tələbədən
bircə mən azərbaycanlı idim. Əksəriyyət
Krasnodardan gələn ruslar idi”.
Basketbol
üzrə respublika çempionu
Hələ
orta məktəbdə təhsil alarkən dərslərini
yaxşı oxumaqla yanaşı, idmanla da məşğul
olur: “5-ci sinifdə oxuyandan yüngül atletika ilə məşğul
olmağa başladım. Məşqçimiz
SSRİ-nin əməkdar idman ustası Əfqan Səfərov
idi. “Dinamo”nun zalında məşq edirdik.
Orada basketbol, voleybol meydançası da var idi.
Bir dəfə stadionda yarışlarımız
qurtarandan sonra meydançada basketbol oyununun getdiyini
gördüm. Oyuna vuruldum və
yüngül atletikanı atıb basketbola keçdim. Əfqan Səfərov deyirdi ki, “bilsəydim basketbola
keçəcəksən, səni o oyuna baxmağa
qoymazdım””.
Onu da qeyd edək ki, evdə nə qardaşları, nə
də anası müsahibimizin işlərinə
qarışmayıb, nə qatıldığı tədbirlərə,
nə məktəbdən çıxıb təhsilini
texnikumda davam etdirdiyinə görə ona “gözün üstə
qaşın var” deməyib.
1949-cu ildə texnikumda oxuyanda Zərifənin kapitan
olduğu komanda respublika çempionu olur. Texnikumda
özü komanda yaradıb qızları məşq etdirir,
yarışlara qatılırmış.
Bu təhsil ocağında Komsomol Təşkilatının
və Həmkarlar İttifaqının üzvlüyünə
qəbul edilir.
Daha sonra yeganə azərbaycanlı qız kimi
Azərbaycanın qızlardan ibarət yığma
komandasına daxil olur.
“Atamı
neft mədənində tok vurub”
Beləliklə, müsahibimiz 1952-ci ildə texnikumun
dördüncü kursuna gəlib çıxır. Dördüncü kursunda
oxuyanları bölüşdürür, kimisini ali məktəbə, kimisini hansısa müəssisəyə
işləməyə göndərirlər. Qaydalara görə,
texnikumu və institutu qurtaranlar 3 il
rayonlarda işləməli idi: “Seçim zamanı atamı
çox yaxşı tanıyan təhsil nazirinin müavini Sona
Aslanova (atamın vaxtında Mərkəzi Komitədə təbliğat
şöbəsinin sədr müavini idi – Z.S.), onun
arxasında bizim texnikumun direktoru Rəfiqə Axundova,
zavuç və sinif rəhbərimiz Dmitrii Semenoviç, həmçinin
komsomol təşkilatının katibi oturmuşdu. Məni aktiv tələbə, yaxşı oxuyan,
idmanla məşğul olan, rus dilini səlis bilən,
komsomolçu, Azərbaycanın yığma
komandasının üzvü kimi təqdim etdilər, cəmi
iki dördümün olduğunu dedilər. Texnikumu bitirənlərdən iki dördü
olanların 5 faizini institutda oxumağa göndərirdilər.
Sona Aslanova məndən atamın, babamın
adını və harada olduğunu soruşdu. Atamın və
babamın adını dedim və əlavə etdim ki, neft mədənlərində
işləyəndə tok vurub. Anam bizi öyrətmişdi
ki, atamızı soruşan olanda belə deyək. O da
qayıtdı ki, bəlkə atan dustaq olub, orada ölüb.
Dedim ki, mən balaca idim, anam mənə belə deyib. Rəfiqə
xanım arxadan əlini dodaqlarının üstünə
qoyub mənə “sus” işarəsini verdi. Bayıra çıxdım. Deməli,
Sona Aslanova atamın güllələndiyini bilirmiş.
Sadəcə, bizi aldatmışdılar ki, ona on il iş
veriblər və məktub yazmağı qadağan ediblər”.
Qeyd edək
ki, 1947-ci ildə, atasının tutulmasının 10 il olmasına bir ay qalmış Zərifə
xanım bu illər ərzində atasından məktub almaması
ilə bağlı anasının adından DTK-ya ərizə
yazır: “Məni avqust ayında DTK-nın Oktyabr rayon bölməsinə
çağırdılar.
Atamın nə vaxt tutulduğunu soruşdular. 29 sentyabrda həbs edildiyini
dedim. Bildirdilər ki, atam 10 ili tamam olandan,
yəni bir aydan sonra gələcək. Amma bir
aydan sonra atam gəlmədi”.
Yerinə
nazir müavininin qızını göndərirlər
Texnikumu
bitirən Z.Salahova sənədlərini Moskvadakı ali məktəblərdən birinə göndərmək
istəyir. Çünki qardaşı Tahir orada V.Surikov adına İnstitutda oxuyurdu: “Stalin ölənə
qədər qorxurduq ki, Tahirin kimin oğlu olduğunu bilib
institutdan qovarlar. Çünki texnikumda oxuyanda
iki dəfə Mircəfər Bağırov onu qovdurmuşdu,
anam gedib yalvarandan sonra bərpa etmişdilər”.
Beləliklə,
sənədlərini Moskva Pedaqoji İnstitutunun loqaped
ixtisasına verir: “Moskva və Leninqradda oxumaq istəyənlər
imtahanı indiki Dövlət Neft və Sənaye Universitetində
verirdilər. Yarışa getdiyimə görə
iki imtahanı bir gündə vermək üçün mənə
şərait yaratdılar. Mümkün 20 baldan 18 bal yığdım. Bu balla Moskva
Pedaqoji İnstitutuna düşdüyümü və
yığma komanda ilə oyundan qayıdandan sonra Moskvaya getmək
üçün göndəriş verəcəklərini
dedilər. Avqustun 27-də yarışlardan qayıdanda
nazirliyin inspektoru bildirdi ki, vaxtında gəlmədiyimə
görə Moskvada oxumaq istəmədiyimi
düşünüblər və yerimə başqa adam göndəriblər. Sonra
öyrəndim ki, maliyyə nazirinin müavininin
qızını yollayıblar. Təklif
etdilər ki, məni işə düzəltsinlər, bir ildən
sonra yenidən imtahan verim. Razılaşmadım,
sənədlərimi geri istədim. Tələsik
sənədlərimi verdilər, imtahanın nəticələri
ilə bağlı kağızı unudub məndən
almadılar. Sənədlərimi və
imtahan kağızını götürüb Nazirlər
Kabinetinə şikayətə getdim. Nazirlər
Kabinetinin işçisi təhsil naziri akademik Mehdizadəyə
zəng vurdu. Mehdizadə dedi ki, bu qız Moskvanın
hansısa institutunda oxumalıdır. Nazirliyin qəbul
otağına getdim, təhsil naziri məni qəbul etdi,
Moskvaya zəng vurdu, amma oradakı universitetlərdə yer yox
idi. Leninqradda yer var idi, ora da tək getmək
istəmirdim, çünki Tahir Moskvada idi. Avqustun axırından oktyabrın 15-ə qədər
hər gün nazirin qəbul otağında otururdum.
Oktyabrın 15-də nazir məni çağırdı və
dedi ki, Pedaqoji İnstitutda rus dili və ədəbiyyatı
fakültəsinin dərslərində azad dinləyici kimi
oturum, yanvarda kimsə imtahandan kəsilsə, onun yerinə
keçim. Elə də etdim”.
Qızların yığma komandasında oynayanda Pedaqoji
İnstitutun zalında məşq edirlər. Azad dinləyici
kimi dərslərdə oturanda idman kafedrasının müdiri
Mirzoyev ailə vəziyyətlərinin ağır olduğunu
bildiyindən Z.Salahovanı laborant kimi yarımştat işə
götürür. O, səhər saat 8-dən 1-ə kimi
işləyir, sonra isə dərslərində iştirak edir.
Noyabrın
27-də institutda Komsomol Komitəsinin Hesabat Seçki
Konfransında institutun rəsmi tələbəsi olmasa da,
müsahibimizi də Komsomol Komitəsinin institut üzrə
üzvü seçirlər: “Bundan sonra məcbur olub əmrimi
verdilər və rəsmən tələbə oldum. Həm də institut üzrə idman
şurasının sədri idim”.
Milli təhlükəsizlik
naziri ilə görüş
Tələbə olduğu illərdə xeyli fəxri fərmana,
diploma layiq görülür. Kapitanı olduğu qızlardan ibarət
yığma komanda 1949-cu ildə respublika çempionu olur,
SSRİ üzrə keçirilən yarışlara
qatılır: “Üçüncü kursda oxuyanda - 1955-ci ildə
yarışdan qayıdırdım. Eşitdim
ki, beynəlxalq vaqonda Azərbaycanın Dövlət Təhlükəsizlik
Komitəsinin sədri Quskov da gedir. Qatar fasilə verəndə
bələdçiyə Quskovla görüşmək istədiyimi
dedim, görüşdürdü. Quskov məni yanında oturtdu və sual-cavab etdi.
Özüm, ailəm haqqında hər şeyi danışdım,
atamın həbs edildiyini və ondan hələ də xəbər
ala bilmədiyimizi dedim. Məni DTK-ya
çağırdı. Getdim. Quskov yenə məndən anamın atam haqqında nə
dediyini soruşdu, sorğu-sual etdi. Onu da
deyim ki, 1938-ci ildə vətən xaininin ailəsi kimi bizi
Qazaxıstana sürgün etməli idilər. Yükümüzü qoymaq üçün
çemodanımız olmadığından hər şeyi
boğçalara yığıb gözləyirdik ki, gəlib
aparacaqlar. Amma aparmadılar. Çünki dayım Əhməd, Stalin başda
olmaqla bütün rəhbər vəzifələrdə
işləyənlərə teleqram göndərdi.
Anamın bisavad olduğunu yazıb beş
uşaqla onu sürgünə göndərməməyi
xahiş edirdi. Gecə saat 12-də DTK-dan gəlib
anamı apardılar. Harasa qol çəkdirdilər
və evimizdə qaldıq. Qonşular bizdən şikayət
edib, “xalq düşməni”nin ailəsini
buradan köçürtməyi tələb etsələr də,
əlimizdə kağız olduğuna görə bizə
toxunan olmadı. 6 nəfər dördüncü mərtəbədə
36 kv. metrlik iki otaqda
qalmağa davam etdik. Bu hadisəni də Quskova
danışdım. Quskov mənə kağız verdi ki, atamın işini qaldırıb
baxmaları üçün anamın adından Hərbi
Tribunala ərizə yazım. Növbəti
üçüncü gün məni yenə
çağırdılar. Quskov məni
yenidən sorğu-suala tutdu. Ürək-dirək
verdi ki, yaxşı ki, sizi sürgün etməyiblər,
qardaşların işləyir və s”.
“Dedi ki,
atanı güllələyiblər”
Növbəti,
sonuncu dəfə DTK-ya gedəndə zal adamla dolu olur: “Zala
daxil olanda ağsaçlı bir kişi atama
oxşadığımdan məni tanıdı. Anamı,
qardaşlarımı soruşdu. Deməyəsən, bu kişi 17 il həbsdə yatıb, indi
Bağırovun işi ilə bağlı istintaqa cəlb
olunmuşdu. Atamı da tanıyırmış.
Nə üçün bura gəldiyimi
soruşdu. Səbəbini dedim. Son dəfə
atam üçün nə vaxt həbsxanaya bağlama
apardığımızı soruşdu. 1938-ci
ilin 3 iyulunda apardığımızı bildirdim. Dedi
ki, həmin gün atamı güllələyiblər. Mən ağlamağa başladım. Məni Quskovun müavininin yanına
çağırdılar. Quskovla görüşmək
istədiyimi dedim, onun kabinetinə
apardılar. Quskov 1938-ci ildə - həbs
olunduqdan 10 ay sonra atamın güllələndiyini təsdiqlədi.
Ərizəmizi Hərbi Tribunalın fövqəladə
komissiyasına verdiyini və hər ayın sonunda gedib
istintaqın necə aparıldığını öyrənə
biləcəyimizi dedi. Hər ay istintaqın
gedişatı ilə maraqlanırdım. Bir ildən
sonra - 1956-cı il fevralın sonunda
Salahovun işini qurtardıqlarını və onun
günahsız olduğunu bildirdilər. Bunu deyəndə
polkovnik Çesnakov və onun müavinini qucaqlayıb
öpdüm. Çesnakov əlavə etdi
ki, “yaxşı olardı ki, atan Bağırovu öldürəydi,
onsuz da onu güllələdilər, amma minlərlə vətəndaş
sağ qalardı”. Yalnız onda bildik ki,
atam Mircəfər Bağırovun qarşısını kəsib
onu öldürəcəyini deyibmiş.
Bundan sonra işi Moskvaya Ali Məhkəməyə
göndərirlər. 5 yaşında olarkən həbs edilən
atasının bəraət kağızını 24
yaşında, 1956-cı ilin iyulunda alır. Anası ömrünün axırına, 1984-cü
ilə qədər atasına görə fəxri pensiya ilə
təmin edilir.
Qeyd edək
ki, anası “Azərnəşr”də bir neçə il işlədikdən sonra xəstəxanaya
düşdüyündən işdən
çıxarılır. Sağalandan sonra uşaq atelyesində
işə düzəlir: “Atelyenin müdiri yəhudi Qoda
Solomonovna idi. Anamın beş
uşağının olduğunu bildiyindən paltarları evdə
tikməyə icazə verirdi. Orada işləyən
digər yəhudi qadın isə anama şalvar tikməyi
öyrədir. Anam biri 30 rubldan hər ay
üç şalvar tikir və bizi saxlayırdı.
Atelyenin müdiri bir sifarişi qeydiyyata
götürmürdü ki, o pulu anama versin. Anama
şalvar tikməyi öyrədən yəhudi qadın 90
yaşına qədər yaşadı. Qəzetlərdə
Tahir barədə yazı gedəndə anama zəng vurub
deyirdi ki, “heç vaxt yadımdan çıxmaz ki, sən
uşaqları necə çətinliklə
böyütmüsən”.
Oğlanlaın
komandasına hakimlik edir
İnstituta
“xalq düşməni”nin qızı kimi
daxil olsa da, ali məktəbi bitirəndə bu ad üstündən
götürülür. Əvvəlcə il
yarım Xankəndində müəllim işləyir. Oranın havası səhhətində problem
yaratdığına görə Mingəçevirdə
dayısıgildə qalaraq işini Xaldanda rus dili müəlliməsi
kimi davam etdirir. Mingəçevirdəki məktəblərdən
birində də dərs götürür.
Bir dəfə Mingəçevirdə yolla gedəndə
cavan oğlan qarşısını kəsib ondan xahiş edir
ki, onların basketbol üzrə Zaqatala rayonunun yığma
komandası ilə qarşılaşmasında hakimlik etsin. Gənc
qız razılaşır. Zaqatala
komandası uduzsa da, verilən qərarlardan razı
qalırlar. Z.Salahova deyir ki, o vaxt artıq respublika
kateqoriyalı hakim idi: “Onda mən başa
düşmürdüm ki, balaca şəhərdir, qız
uşağının oğlanların oyununa hakimlik etməsi
təəccüb doğura bilər”.
Jurnalist fəaliyyəti
Oyundan iki
gün sonra şəhərin mərkəzində binalardan
birinin qarşısından keçərkən birinci mərtəbədən
rus kişi onu redaksiyalarına dəvət
edir: “Getdim. “Minqeçaurskiy raboçiy” və
“Mingəçevir fəhləsi” qəzetlərinin
redaksiyası idi. Məndən xahiş
etdilər ki, Mingəçevirdə basketbolun vəziyyəti
ilə bağlı məqalə hazırlayım. Razılaşdım və yazdım. Yenidən başqa bir tapşırıq verdilər.
Belə-belə tapşırıqların
ardı kəsilmədi. 3-4 məqalə
yazandan sonra 1960-cı ildə məni işə
götürdülər. Əvvəl qəzetin
əməkdaşı, sonra şöbə müdiri oldum”.
Mingəçevirdə jurnalistlik fəaliyyətinə
başlayan həmsöhbətimiz işini “Sumqayıt
kommunisti” qəzetində davam etdirir, qəzet üçün
tənqidi yazılar, reportajlar, felyetonlar yazır. “Sumqayıt kommunisti” qəzetində
işləyərkən baş redaktorunun təqdimatı ilə
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər
Komitəsinin təlimatçısı vəzifəsinə
keçir: “Bir oğlum var idi. Baş redaktorumuz
görürdü ki, aldığım maaş yetmir, buna
görə məni sözügedən vəzifəyə məsləhət
gördü”.
Sumqayıt Şəhər Komitəsində işləyərkən
vəzifə pillələrində yavaş-yavaş irəliləyir,
Partiya Təşkilat şöbəsində təlimatçı,
təbliğat-təşviqat şöbəsində lektor,
sözügedən şöbənin müdiri olur. Daha sonra
Moskvada Ali Partiya məktəbinə daxil olur, məktəbi
bitirməmiş onu Sumqayıtın ikinci katibi seçirlər.
Buradan da Azərbaycan KP MK-nin təşkilat-partiya
işi şöbəsinin partiya informasiya sektorunun müdiri vəzifəsinə
təyin edilir. Daha sonra Könüllü
Kitabsevərlər Cəmiyyətinin İdarə Heyəti sədrinin
birinci müavini, sədri olur.
“Bilik
yoxdursa, irəli getmək çətindir”
Z.Salahova sonda məhrumiyyətlərə, keçdiyi
keşməkeşli həyat yoluna baxmayaraq, ayaqda dura, uğur
qazana bilməsinin səbəblərindən də
danışdı. İlk növbədə bunu aldığı təhsillə
əlaqələndirdi: “Bilik olmayandan sonra irəli getmək, nəsə
qazanmaq çətindir”.
Z.Salahova ali məktəblərə sənəd verən
abituriyentlərin valideynlərinin, qohum-əqrəbasının
imtahan zamanı binaların qarşısında durub gözləməsini
başa düşmədiyini dedi: “Mənim anam heç vaxt
bilməyib ki, mən və qardaşlarım imtahanı necə
və harada vermişik”.
Gənclərimizin
kompyuterə çox bağlanmasını da bəyənmir:
“Biz kitablardan öyrənmişik. Böyük
qardaşım Sabir kitabxanadan kitab götürəndə
növbə ilə hamımız mütaliə edərdik.
Bütün klassikləri oxumuşduq”.
Müsahibimiz
bugünkü müəllimlərin biliyindən,
dünyagörüşündən də şikayətləndi:
“Müəllimə məktəblilərlə İçərişəhərə
gəlir, Mirmövsüm ağanın evini soruşur. Siniflə Mirmövsüm ağanın evini ziyarət
etmək hansı məntiqə sığar? Yaxud tələbələrin
4 il universitet oxuyan kuratorları gəlib
bizdən Şirvanşahlar Sarayının harada olduğunu
soruşur. Müəllimlərin, kuratorların
səviyyəsinə baxanda təəssüf hissi keçirirəm.
Məktəblərdə yaxşı müəllimələr
çox azdır. Yaşlı müəllimələri
də çıxarıblar. Şirvanşahlar
sarayının harada olduğunu bilməyən müəllim
şagirdlərə necə dərs deyə, onlara necə
örnək ola bilər? Gənclərimiz
ölkəmizi irəli aparmaq üçün gərək
xalqımızın mədəniyyətini, ədəbiyyatını,
tarixini dərindən öyrənsinlər, vətənimizi
sevsinlər”.
Lalə MUSAQIZI
Kaspi.-2015.-11 dekabr.-S.20-21.