Azərbaycan və Türkiyə
arasında mədəniyyət körpüsü
Məlahət
Abbasova: “İstanbul Şəhər Teatrında iş
yoldaşlarım mənə deyirlər ki, sən buranı Azərbaycan
teatrına çevirmisən”
Sona Vəliyeva:
“Hüseyn Cavidin daxili ləyaqəti sənət idealına
son dərəcə uyğunlaşmışdı”
Ötən gün əməkdar incəsənət xadimi, rejissor, Azərbaycanın adını qardaş Türkiyədə tanıdan, yüksəklərə qaldıran istedadlı aktrisamız Məlahət Abbasova qızı Sudə ilə “Kaspi” ailəsinin qonağı oldu. “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva ilə dəyirmi masa ətrafında onun yaradıcılıq dünyasından söhbət açdıq.
Məlahət xanım çalışdığı İstanbul Şəhər Teatrında yaxın zamanlarda Hüseyn Cavidin “İblis” əsərini səhnələşdirəcəyindən ağızdolusu danışdı. Bildirdi ki, bu əsərin səhnəyə qoyulmasında əsas məqsəd türkçülüyün təbliği, türkçülüyün türk dövlətləri arasında birliyə səbəb olması ilə başlanacaq tərəqqi, inkişaf və ürəklərdə qurulan əbədi turan ideyasıdır. Bu barədə Sona xanım Vəliyeva ilə ətraflı müzakirələr aparan M.Abbasovanın fikirlərini ixtisarla sizlərə təqdim edirik.
- İlk olaraq “əməkdar incəsənət xadimi” fəxri adına layiq görüldüyünüz üçün Sizi təbrik edirik. Belə bir mükafata layiq görüləcəyinizi gözləyirdinizmi?
- Əslində, gözləyirdim. Türkiyədə olduğum müddətdə xalqım mənə çox dəstək oldu. Azərbaycan xalqı bilir ki, mən orada vətənim üçün çalışıram. Bizim dövlətimiz qədər sənət adamına sahib çıxan ikinci bir dövlət yoxdur. Bu ada layiq görüldüyümü eşidən türk sənət yoldaşlarım təəccüb içində idilər. Onlar mənə sual edirdilər ki, axı sən Azərbaycanda deyilsən, bu adı sənə necə verdilər? Mən də onlara bildirdim ki, mənim Azərbaycanla bağlı işlərimi dövlətim çox yaxşı bilir. Azərbaycan xalqı heç vaxt öz sənətçisini tək buraxmır. Hər kəs üçün fəxri ad almaq çox qiymətlidir. Ancaq vətəndən kənarda yaşayan bir insan üçün bu, çox qürurverici haldır. Onlar gördülər ki, mən Azərbaycanda olmasam da, dövlətim hər zaman mənim arxamdadır. Mənə hər zaman söyləyirdilər ki, sən bizim qəhrəman qızımızsan. Mən də dövlətimi tanıyıram və bilirdim ki, əvvəl-axır mənim bu nailiyyətlərimi qiymətləndirəcəklər.
Azərbaycanlı qadın kimi Türkiyənin ən çox tanınmış teatrlarından birində çalışıram. Bir növ aktrisalıq fəaliyyətim kölgədə qalıb, daha çox Azərbaycan əsərlərini repertuara daxil etməyə çalışıram. Teatrdakı iş yoldaşlarım mənə deyirlər ki, artıq sən bizim teatrı Azərbaycan teatrına çevirmisən (gülür). Bu yaxınlarda Hüseyn Cavidin “İblis” əsərinə razılıq verildi. Həmin əsərin repertuarımıza daxil olacağını eşidəndə sevincimin həddi-hüdudu yox idi. Yanvarın 22-də isə “Müsyö Jordan dərviş Məstəli Şah” əsərinin icazəsini aldıq və həmin tamaşa da yaxın zamanlarda bizim repertuarımıza daxil olacaq. Mən bunlarla kifayətlənməyəcəm, Cəlil Məmmədquluzadənin “Ölülər” və “Dəli yığıncağı” əsərlərini də repertuara daxil etməyi düşünürük.
Sona Vəliyeva:
- Doğrudan da siz oranı Azərbaycan
teatrına çevirmisiniz. Bu bizim üçün çox
sevindirici haldır. “Müsyö Jordan dərviş Məstəli
şah” tamaşasını oynayan yaradıcı heyət
güclü komandadan ibarətdirmi? Ola bilərmi
ki, bir neçə aktyoru buradan aparıb müştərək
şəkildə həmin tamaşanı nümayiş etdirəsiniz?
Bizim rejissorların quruluşunda və
aktyorların ifasında həmin komediyaya dəfələrlə
müraciət olunub. M.F.Axundov Azərbaycanda
maarifçiliyin əsasını qoyduğu üçün
onun ideyaları həm də bəşəri ideyalardır.
Azərbaycanın belə dramaturqlarını vətəndən
kənarda tanıtmaq çox təqdirəlayiq haldır.
Məlahət
Abbasova:
- Bunun
üçün biz teatr rejissoru, aktyor Cahangir Novruzovu bu layihəyə
dəvət edəcəyik. Əsəri Cahangir
müəllim tərcümə edib. Bu
layihəni o, Adana teatrında həyata keçirib və
çox da uğurlu alınıb. Bizim
milli teatr ruhumuz tamam başqa şəkildə yoğrulub.
Hesab edirəm ki, türklər bunun mahiyyətini
və alt qatlarını tam başa düşməzlər.
İstəyirəm ki, “Müsyö Jordan və dərviş Məstəli
şah” tamaşasında milli geyimlərimiz, adət-ənənələrimiz
özünü büruzə versin.
- Məlahət
xanım, “Mahmud və Məryəm” filmindən sonra iki ölkə
arasında müştərək bir layihə gözlənilirmi?
- Əslində gözlənilir. Bizim belə layihələrimiz
var. Müqavilələr imzalanmadığı
üçün tam dəqiq deyə bilmərəm. Ortaq bir əsər tapıb həm Azərbaycan, həm
də Türkiyə aktyorlarının bu tamaşada
oynamağını istəyirik. İndi əsər
axtarışındayıq.
- İki ölkə arasında kino və teatr sahəsində
körpü rolu oynaya biləcək bir şirkət
qurmağı düşünürsünüzmü?
-
Artıq mən o şirkəti qurmuşam. Açığı,
o hələ fəaliyyətə başlamayıb. Məqsədimiz şirkət qurub, film çəkib
Türkiyədə və eləcə də digər xarici
ölkələrdə filmlərimizi tanıtmaqdan ibarətdir.
Bu layihəyə Mədəniyyət və
Turizm Nazirliyimiz də dəstək olur. Bizdə
film çəkib dünyaya nümayiş etdirmək kimi layihələr
yoxdur. Türkiyədə iş adamları, sponsorlar
seriallara, filmlərə böyük pullar yatırırlar. Bizdə bu sistem formalaşmayıb. Bizim iş
adamlarımız sanki film sektoruna daxil olmağa, onlara pul
yatırmağa qorxurlar. Bilmirəm onlar qorxurlar, yoxsa bu sahədə
maraqlı deyillər, hər şey ola bilər.
Əminəm ki, bir neçə şirkət dəstək
olduqdan sonra digərləri də onun ardınca filmə sərmayə
yatıracaqlar. Bu gün Türkiyədə
film sektoru çox yüksəklərdədir. Adi bir filmə baxmaq üçün kinoteatrlara 6-7
milyon insan yığışır. Bizimkilər
də əvvəl-axır bu yola gələcəklər.
Çünki bu zərurətdir.
- Siz Azərbaycan tamaşaçılarının
yaddaşında “Nargilə” obrazı ilə
qalmısınız. Necə düşünürsünüz,
Nargilə sizin üçün bir tramplin rolunu oynadı?
- Mənim
səhnə həyatımın,
yaradıcılığımın bütün
qapılarını açan məhz Nargilə obrazı oldu. Hər bir uğurumun başında məhz Nargilə
dayanır. Nargilə ilə mənim
üzümə böyük qapılar açıldı.
Tələbə olduğum halda Akademik Milli Dram
Teatrına təyinat aldım. Burada bir
obraz canlandırdım. O tamaşa ilə biz Türkiyəyə
qastrola getdik. Orada bəyənildim.
Türkiyədəki ailə ilə yaxından tanış
olduqdan sonra ailə qurdum. Yəni, Nargilə
obrazı mənim bütün həyatımı dəyişdi.
- Türk
tamaşaçılarını teatral hesab etmək olarmı?
-
Türkiyəlilər teatrı sevən xalqdır. Mənim hazırladığım tamaşalara bir ay əvvəlcədən
biletlər bitir. Elçinin “Şekspir” əsərini
səhnələşdirdim və o, səkkiz mükafata layiq
görüldü. Türkiyə teatrları içərisində
ən çox mükafat alan teatrlar
sırasına daxil oldu. Beş aktyorumuz ilin ən
yaxşı aktyoru seçildi. 127
teatrın içindən həm dekorasiya, həm də ssenari
baxımından bizim teatrımız seçildi. Bu, bizim üçün sevindirici haldır. Ümumiyyətlə, Türkiyədə sənət
insanlarının həyatı Azərbaycandakı aktyorlara
nisbətən çox çətindir. Bizim
yeddi səhnəmiz var və orada hər gün tamaşa
oynanılır. Belə halda, aydındır ki,
yorğunluq, stress çox olur. Azərbaycan
teatrlarında yalnız bir səhnə olduğu üçün
işləmək daha asandır. Biz hər il 30-dan çox tamaşa
hazırlayırıq. Bu da az göstərici
deyil. Bizim teatr tamaşa istehsal edən
maşın kimidir. Heç bir aktyorumuz
işləmədən oturmur.
-
Teatrınızda xalq yazıçısı, əməkdar
incəsənət xadimi Elçinin üç əsərini
səhnələşdirmisiniz. Maraqlıdır,
Elçinin əsərləri ilə türkiyəli
tamaşaçıların nəbzini necə tutursunuz?
- Türkiyəlilər Elçinin əsərlərini
çox sevir.
Ümumiyyətlə, onlar üçün izlədikləri
tamaşanın müəllifi deyil, əsərin verdiyi mesaj
önəmlidir. Mənim vəzifəm Azərbaycan
yazıçılarını türk xalqına sevdirməkdir.
Elçinin “Qatil” əsərini səhnələşdirdikdə
gördüm ki, tamaşaçı bu əsərə
çox meyil göstərdi. Bir də ki,
türk tamaşaçısı sərtdir. Tamaşanı izlədikdə, ilk 10 dəqiqə
onların xoşuna gəlmirsə, zalı
yarımçıq tərk edirlər. Həmin tamaşa
3 il bizim repertuarda qaldı. “Şekspir”
tamaşasını səhnəyə qoyanda inanmırdım
ki, o, bu qədər müvəffəqiyyət qazanar. 24 ildir Türkiyədə yaşayıram, bilirəm
ki, hər əsəri orada səhnələşdirmək
olmaz. Əminəm ki, “İblis” əsəri
də türk tamaşaçıları tərəfindən
böyük maraqla qarşılanacaq. İndiyədək
Hüseyn Cavid Türkiyədə çox az
tanınırdı. Bir azərbaycanlı
qızı kimi mənim ən böyük vəzifəm
Hüseyn Cavidi türk xalqına tanıtdırmaqdan ibarətdir.
Sona Vəliyeva:
- “İblis” əsərində elə mesajlar var ki,
hazırda Türkiyə də onun taleyini yaşayır. Suriya
olayları bir tərəfdən, PKK ilə bağlı durum,
təriqətçilərin meydan açması və belə
bir vaxtda bu əsərin təsir gücü
türkçülüyün qorunması və tətbiq
olunmasında böyük əhəmiyyətə malikdir.
Düşünürəm ki, bu gün həmin
əsərin səhnələşdirilməsi türk
tamaşaçılarının böyük marağına səbəb
olacaq.
Məlahət
Abbasova:
- Mən
elə bir “İblis” səhnələşdirməyi
düşünürəm ki, o, bizim adi insanlardan biri olsun. Mənim üçün əsərin içindən
verilən mesaj çox mühümdür. Bizim iblisimiz normal insanlar kimi geyinəcək və
tamaşaçıların içərisində oturacaq.
Biz hamımız iblis ola bilərik. Mənə görə pislik edən hər kəs
iblisdir. Mən istəyirəm ki, film
versiyasından istifadə edərək Qarabağ hadisələrindən
cüzi də olsa orada göstərək. Çox
gözəl bir tamaşa düşünmüşük.
Ən böyük xəyalım odur ki,
aktyorlarımızla bərabər Azərbaycana gələk,
burada həmin tamaşanı nümayiş etdirək və
Hüseyn Cavidin məzarına gedib ziyarət edək.
Sona Vəliyeva:
- Biz istəyirik
ki, “İblis” tamaşasının premyerası Azərbaycan
tamaşaçılarına da göstərilsin. Bunun üçün indidən
çalışırıq ki, tamaşanın
premyerasını birbaşa yayımlama imkanını əldə
edək. Hazırda dünya iblisin əlində
əsirə çevrilib. Onu
tamaşaçılara müasir şəkildə
çatdıra bilsək, mənə elə gəlir ki,
böyük mesaj ötürmüş olarıq.
Məlahət
Abbasova:
- Hüseyn Cavidi əvvəldən tanısaq da, Sona
xanım onu mənə daha çox sevdirdi. Onun əsərlərini
oxusam da, hansısa bir əsərini səhnələşdirəcəyimi
düşünmürdüm. Hüseyn
Cavidin kitabının Türkiyədə təqdimatından
sonra düşündüm ki, nə üçün bizdə
olmasın. Ancaq biz o əsərə bir qədər
dəyişiklik edəcəyik. Onu
türklərin anlayacaqları bir dildə təqdim etməyi
düşünürük.
Sona Vəliyeva:
- Onun vəsiyyətində
var ki, imlasına toxunulmamalıdır, yəni onun dilinə
toxunmaq olmaz. Onun amalında ortaq türkcə
yaratmaq ideyası vardı.
Məlahət
Abbasova:
- Hüseyn Cavidin əsərlərini bütün
rejissorlar səhnəyə qoymaq istəyər. Azərbaycandan
böyük bir yol qət edərək gəlib İstanbul
Universitetində Hüseyn Cavidi bu cür tanıtmaq
böyük bir ürək istəyir. Həmin
təqdimat məni çox düşündürdü.
O zaman fikirləşdim ki, nə üçün bizim teatrda
Cavidin əsərlərinə yer ayrılmasın? Bu gün bir azərbaycanlı qadın olaraq onu səhnələşdirmək
üçün hər bir imkanım var. Hüseyn Cavidi daha
geniş şəkildə insanlara təqdim edib, onu tanıtmaq
imkanım əlimdə varkən, nə üçün bunu
etməyim? - bu sualı özümə
çox verdim. Bu işdə
teatrımızın rəhbəri Saleh Efleoğlu da mənə
çox dəstək oldu. O, ümumiyyətlə Azərbaycan
xalqını çox sevir. Onlar əsəri
oxuduqda onu çox bəyəndilər. İndiyə
kimi bir neçə əsər səhnələşdirsəm
də, Hüseyn Cavidin yeri başqadır.
Sona Vəliyeva:
- Hüseyn Cavidin hər hansı bir işini əlimizə
aldıqda, sanki onun ruhu bizə kömək olur. O, Azərbaycan ədəbiyyatının
söz və fikir zadəganıdır. Daxili ləyaqəti
sənət idealına son dərəcə
uyğunlaşmışdı. Bəlkə
də bu sənət idealı, onun daxili ləyaqəti, onun əbədiyaşar
olmasına yollar açdı.
- Belə
görünür, çalışdığınız
teatrın repertuarı Azərbaycan dramaturqlarının əsərləri
ilə zəngindir.
Məlahət Abbasova:
- Əlbəttə. Hər il teatrda bir Azərbaycan əsəri səhnələşdiririk. İlk səhnələşdirdiyimiz əsər Bəxtiyar Vahabzadənin “İkinci səs” əsəri idi. O əsəri də mən tərcümə etdim. Türkiyədə türk kitabxanasına gedəndə, müraciət etdim ki, hansısa bir Azərbaycan əsərini mənə versinlər. Təəssüflər olsun ki, türk dilində bir dənə də olsun Azərbaycan əsəri yox idi. Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə bizə çox kömək etdi. Demək olar ki, o indiyə kimi heç bir tamaşada iştirak etməyib. Bəxtiyar Vahabzadənin “İkinci səs” tamaşasını izləmək üçün isə böyük bir tort alıb, teatra gəlmişdi. Teatr müdirinin isə bundan xəbəri yox idi. Mənə söylədilər ki, tamaşanı beş dəqiqə gec başlayaq, səbəb isə baş nazirin teatrımıza gəlməsidir. «İkinci səs» həm də mənim həmin teatrda ilk rejissorluq işim idi. O, Bəxtiyar Vahabzadəni çox sevir. Tamaşa bitdikdən sonra kulisə keçdi və bütün yaradıcı heyəti təbrik etdi. Yaradıcı heyətlə bərabər çay süfrəsinə əyləşdi. Mənə söylədi ki, “sən iki ölkə arasında mədəniyyət körpüsü rolunu oynayırsan. Sənə verdiyim ilk vəzifə isə iki ölkə arasında mədəniyyət elçisi olacaq. Bunun üçün əlimdən gələn bütün köməkliyi göstərəcəm”. Həmin gündən etibarən mənim ikitərəfli fəaliyyətlərim başladı. Ondan sonra Anarın “Təhminə və Zaur”, Elçinin “Qatil”, “Şekspir” əsərləri səhnəyə qoyuldu. Hazırda Həsən Həsənovun “Brüsseldən məktublar”, Elçinin “Arılar arasında”, Hüseyn Cavidin “İblis” kimi əsərləri və Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası bədii şuradan keçərək repertuara daxil edilməsi üçün icazə alınıb. Azərbaycan dramaturqları ilə bağlı planlarım çoxdur. İnşallah yaşayarıq, görərik.
P.S: Məlahət Abbasovanın Türkiyənin bir neçə serial və filmlərində rol alan qızı Sudənin Azərbaycan və Türkiyə mətbuatına verdiyi ilk müsahibəsini isə qəzetimizin növbəti sayında oxuya bilərsiniz.
Xəyalə Rəis
Kaspi.-2015.-5 fevral.-S.9.