“Azərbaycan
daha gözəldir”
Məlahət
Abbasovanın 9 yaşlı qızı Sudə Kalyoncu
mətbuata ilk müsahibəsini “Kaspi” qəzetinə verdi
Qəzetimizin
ötən sayında əməkdar incəsənət xadimi,
rejissor, aktrisa Məlahət Abbasovanın qızı Sudə
ilə “Kaspi” ailəsinin qonağı olduğunu sizə
xəbər vermişdik. Bu gün sizə Məlahət
xanımın özündən az tanınmayan 9 yaşlı
qızı Sudənin mətbuata ilk müsahibəsini eksklüziv
olaraq təqdim edirik.
Qeyd
etdiyimiz kimi, Sudə məşhurluqda anasını keçib.
Yaşının 9 olmasına baxmayaraq, bir sıra uğurlu
serial və filmlərdə rol alıb, bu yaşında
böyük uğurlara imza atıb. Belə ki, balaca Sudə
“Huzur sokağı”, “Babam için”, “Kız annesi”, “İslam
bülbülleri”, “Ak kırlangıç” kimi seriallarda
baş rollarda çəkilib.
Söhbətimizə
Məlahət Abbasova ilə başladıq:
-
Qızım gələcəkdə aktrisa olmaq istəsə,
ona mane olmaram. Aktrisalıq peşəsi çox
keşməkeşlidir. Bunun üçün Sudənin aktrisa
olmasını istəmirəm. Azərbaycanlı olduğum
üçün o mənim tərbiyəmlə
böyüyür. Mənim özünəməxsus
sənət yolum var. Sudə də ancaq o yol ilə gedə
bilər. Onun üçün şöhrət heç zaman
önəmli deyil, əsas sənətdir. Mən bu
sənətdə çox yorulduğum üçün
istəmirəm uşaqlarım da yorulsun. Bu, analıq
duyğusundan irəli gəlir.
Sudə:
- 9
yaşım var. 3-cü sinifdə oxuyuram. Az da olsa,
Azərbaycan dilini bilirəm. Dərslərimi
mükəmməl oxuyuram. Çəkildiyim seriallar və
filmlər mənim dərslərimə heç bir
maneçilik törətmir.
-
Böyüyəndə nə olmaq istəyirsən?
-
Hazırda iki sənət seçmişəm. Onlardan biri
aktrisalıq, digəri diş həkimidir. Aktrisa olmaq
üçün anam mənə kömək edir.
Əslində mən onun kimi aktrisa olmaq istəyirəm. Ancaq
anam diş həkimi olmağımı istəyir
(gülür). Mən ikimizin də arzusunu həyata
keçirəcəyəm.
-
Azərbaycan gözəldir, yoxsa Türkiyə?
- Hər
iki ölkənin qəlbimdə öz yeri var. Ancaq
Azərbaycan daha gözəldir. Anamdan xahiş edirəm ki, biz
Azərbaycana köçüb burada yaşayaq. Valideynlərim
Türkiyədə işlədiyi üçün
Azərbaycana çox az-az gəlirəm. Ancaq buna baxmayaraq,
ikinci vətənimi çox sevirəm.
-
Azərbaycan filmlərində oynamaq istəyirsənmi?
-
Əlbəttə istəyirəm.
- Daha
çox dram janrlı seriallara çəkilirsən. Komediya
filmlərində necə, oynayarsan?
- Çox
istəyirəm. Komediya mənim üçün də
çox maraqlı sahədir. Gələcəkdə yəqin
ki, komediya filmlərində də rol alaram.
- Ananla
səhnəyə çıxıb, aktrisalıq etmək
istəyirsənmi?
- Anamı
çox sevirəm. Bir dəfə onunla eyni səhnəni
bölüşmüşük. O, “Hıdırelles” tamaşasında
qaraçı qadın obrazını canlandırırdı.
Həmin tamaşada anam qaraçı rəqsi
oynayırdı. Mən də uşaq yaşlarımdan
anamın yanında olduğum üçün onun teatrdakı
bütün hərəkətlərini
öyrənmişəm. O, qaraçı rəqsini
məşq edəndə mən də yerimdə
oynayırdım. Rejissor məni kənardan görüb bildirdi
ki, Sudəni də səhnəyə çıxarın. Anam
bir də gördü ki, mən onun yanında qaraçı
rəqsi oynayıram. O, çox təəccüb etdi.
Ümumiyyətlə, rəqs etməyi çox sevirəm.
Tamaşa bitdikdən sonra bütün aktyorlar məni
təbrik etdilər. Söylədilər ki, tamaşa zamanı
gözümüz ancaq səndə idi.
Məlahət
Abbasova:
- Sudə
səhnədə çox rahatdır. Uşaqlıqdan
mənimlə teatra gəldiyi üçün hamının
hərəkətlərinə diqqət edib. Onun daxilində
sanki bir sənət duyğusu var. Ancaq oğlumda Sudə kimi
incəsənətə maraq yoxdur.
- Sinif
yoldaşların çəkildiyin filmləri izləyirmi?
- Əlbəttə
izləyirlər. Dostlarım mənə deyir ki, səni
televizordan izləyirik, hərdən dram
səhnələrində görəndə çox qorxuruq.
Onlar mənim oynadığım filmlər haqqında
gözəl sözlər deyirlər və bu da mənim
xoşuma gəlir.
-
Böyüyəndə necə obrazlar canlandırmaq istəyirsən?
- Komediya
filmlərində baş rollarda oynamaq istəyərəm.
-
Məlahət xanım, Sudəyə Azərbaycan
filmlərində hər hansı obrazla bağlı təklif
gəlibmi?
-
Açığını desəm, elə bir təklif
gəlməyib. Gəlsə, mən buna etiraz etmərəm.
TRT kanalı yeni bir seriala başlayır və onlar
bildirdilər ki, Sudəni seriala çəkmək
istəyirlər. Ancaq mənim bir tələbim var ki, onun
çəkildiyi seriallar təhsilinə mane olmamalıdır.
Həftə içi çəkilən seriallarda Sudənin
oynamağını istəmirəm. Çünki bu onun
dərslərinə mane olur. Yalnız həftə sonu
çəkiliş aparan seriallara razı oluram. Mən
şirkətlərin qarşısına şərt qoyuram ki,
həftə sonları günorta saat 3-dən sonra Sudə
çəkilə bilər. Həftə içi saat 5-ə
kimi olan çəkilişlərə razılıq
vermirəm. İstəmirəm ki, onun təhsili ikinci plana
keçsin. Əgər təhsili güclü olarsa,
gələcəkdə yaxşı aktrisa da ola bilər.
Ümumiyyətlə, mən ona heç bir qadağa qoymuram,
seçimini özü edəcək.
Xəyalə Rəis
Kaspi.-2015.-6 fevral.-S.8.