Gözlənilməyən “zəng”in hekayəsi
Sizə keçmişdən zəng gəlibmi?
Məsələn on beş il öncədən. Ağlasığmaz bir hadisədir deyilmi? Ancaq Akademik Milli Dram Teatrı belə bir zəngi qəbul etdi...
Haşiyə çıxaraq söyləyim
ki, zəng deyilən nəsnənin mahiyyəti hər bir zaman təhlükəli,
qorxulu və ya sevindirici olub. Dünya ədəbiyyatında bir çox dramaturqların incəliklə,
həssaslıqla işlətdiyi
bu mövzu insanları çox asanlıqla gərginlikdə
saxlamağı bacarıb.
“Zəng edən
kimdir?” oyununun ətrafında saatlarla oynamaq olar. Zəng çalıbda, saatlarla susmaq olar... Bir zəng
insan həyatının
sonu ola
bilər. 37-ci illlərdə gözlənilmədən
döyülən qapılar
kimi telefon zəngi də insanı gərginləşdirir,
onu müəyyən zaman çərçivəsində
gözləntidə saxlayır.
Əsərin müəllifi də qeyd edir ki,
bu mövzunu gerçək hadisədən
dolayı yazmışam. Belə ki,
bir nəfərin kiçik sərlövhəsi
“İşlənmiş telefon
alıram, satıram, dəyişirəm” - “Keçmişdən
zəng” adlı pyesin yaranmasına səbəb olub.
Söhbət yanvar ayının 30-da Akademik Milli Dram Teatrının səhnəsində
gerçəkləşən “Keçmişdən zəng”
adlı birhissəli tamaşanın premyerasından
gedir. Ər-Toğrulun
Ukrayna dramaturqu Anatoli Krımın eyniadlı pyesi əsasında quruluş verdiyi və 3 nəfərdən ibarət
olan (Rəşad Bəxtiyarov, Elnar Qarayev, əməkdar artist
- Sevinc Əliyeva) tamaşa ailə-məişət
zəminində qarşılıqlı
münasibətləri əks
etdirir. Tamaşanın
qısa məzmunu belədir: Andrey (Rəşad Bəxtiyarov) xakerdir və oğurlanmış telefonların
alqı-satqısı ilə
məşğul olur.
Günlərin birində təsadüf,
daha doğrusu taleyin oyunu nəticəsində
Andreyin əlinə ən yaxın dostu ilə ona xəyanət edib qaçmış keçmiş arvadı Ritanın telefonu keçir. Ritadan gələn zəng onları on beş
ildən sonra yenidən görüşdürür.
Hadisələr getdikcə məhəbbət
üçbucağı şəklini
alır. Andrey ən
yaxın dostu Viktorun alçaqlığını,
arvadını onun əlindən almasını
bağışlamaq niyyətində
deyil. Əldə etdiyi hər
şeyi Viktorun əlindən alacağına
and içən Andrey
sonda əhdinə vəfa edir. Necə?
Tamaşanı izləyib bilərsiniz.
Anatoli Krım-Ukrayananın
yetərincə məşhur
dramaturqu (müasir teatrın ən çox kassa yığan dramaturqu). Onun əsərləri dünyanın
bir çox teatrlarında repertuarın
əsasını təşkil
edir: “Allaha məktub”, “Veronada payız”, “Keçmişdən
zəng”... Bu yaxınlarda Anatoli Krım Venesiyada ədəbiyyat sahəsində
ən səviyyəli
mükafatlardan birinə
- «Adelina Della Perdola» layiq görülübr.
Obrazların təhlilinə gəlincə:
Andrey (R. Bəxtiyarov)
real dünyanın yalanlarından,
ikiüzlülüyündən qaçaraq virtual dünyaya
sığınan biridir. Sanki, onu incidən, ona xəyanət edən “yaxınlarının”
varlığını unutmaq
üçün tək
çarəni öz varlığını virtual aləmdə
əritməkdə görür.
Biz aktyorun ifasında
bu dünyaya, insanlığa və hətta bu dünyada
yaşamağa məcbur
olduğu üçün
özünə belə
nifrət edən birini görürük.
Rəşad Bəxtiyarovun oyunu
sanki kodlaşdırılıb,
idarə olunur. Lakin kənar bir şəxs tərəfindən
deyil, məhz virtual aləmin özü tərəfindən. R.Bəxtiyarovun qəhrəmanı təkcə
teatr səhnəsində
yaradılan obraz kimi deyil, bu
gün gənclərin
ən çox məruz qaldığı
həyat tərzinin gerçək üzü kimi qəbul edilə bilər.
Gənclər demişkən, bu həftə Azərbaycan cəmiyyəti fevral ayının 2-sini Gənclər
günü kimi qeyd etdi. Bir neçə
gənc mükafata belə layiq görüldü. Məhz mədəniyyətimizə
və teatra aid olan isimlərin bu sırada olması bu məsələni qabartmağa
ehtiyac yaradır.
Vaxtilə dövlət
mükafatı alan gəncləri əvvəlcə bütün
cəmiyyət, bütün
xalq kütləsi tanıyırdı, sonra isə təltif olunurdu. İndi isə əvvəlcə
mükafat alırlar, sonra tanınırlar.
Ancaq obyektiv yanaşmaq gərəkirsə,
onda qeyd olunmalıdır ki, adı bu sıralarda
olmayan-ancaq olması mütləq olan gənclərimiz var! Biz onları tanıyırıq...
Mövzudan çoxda kənarlaşmayıb,
qayıdıram tamaşaya.
İki plus bir kimi təqdim olunan tamaşanın əsas qəhrəmanlarında
biri Viktor (Elnar Qarayev) Andrey obrazına nə əks, nə də prototip kimi işlənməmişdir. Aktyor bizə
daha çox ailəsinə ilgili bir şəxs kimi göstərilir.
Daha nəcib, daha anlayışlı və baş verən proseslərdə alicənab
görükən Kişi
obrazı. Sınaqlardan keçə bilsə də, pula olan məftunluğu onu bu günki cılız
pulgirlər ilə çox yaxınlaşdırır.
E.Qarayevin oyunu “üçüncü artıqdır”
məsəlini bir az daha qabartmış olur, sanki keçmiş və bu günki
zamanlarda ilişgisi olan iki şəxsin
arasında üçüncü
şəxs kimi köməkçi, hadisələri
gərginləşdirən, izah edən, bitməsinə imkan verməyən oyun sərgiləyir.
Qadın
və kişi
münasibətlərinin aktual
sonlandığı bu
tamaşada da bir qadın həm qiyabi, həmçinin əyani olaraq hadisələri və onları (Andrey və Viktor) idarə edir. Rita (Sevinc Əliyeva) tamaşa boyunca iki kişi
arasında balansı öz xeyrinə qoruyub-saxlamağa çalışır.
Ər-Toğrul - mərhum rejissorumuz
Vaqif İbrahimoğlunun
teatr düşüncəsinin-teatr
poetikasının çoxsaylı
davamçılarından, tələbələrindən
biridir. Əsasən Yuğ teatrından
tanıdığımız Ər-Toğrul Kamalov A.P.Çexovun “Mərc” hekayəsi haqqında hazırladığı tamaşanın
rejissoru kimi bizə tanışdır.
Rejissor kimi işində daha çox bu gün ilə
ayaqlaşan, bu gün ilə danışa bilən tamaşalara quruluş verən Ər-Toğrul yaradıcı işində
ştamplara yol vermir.
Yazı
prosesində gözlənilməyən
zəng kimi özümü gərginlikdə
hiss etmiş oldum. Niyə?
Çünki birdən-birə
hiss etdim ki, əvvəlcə Akademik Milli Dram Teatrı yazıram, sonra Yuğ Teatrı, sonra Gənclər günü... Özüm-özümdən qorxdum. Məni qınaq
obyektinə çevirəcəklər,
“yuğlaşan Azdramanın
teatr yazarı” adlandıracaqlar. Ona görə də yazının bu yerində keçirəm tənqidə:
“Keçmişdən zəng” tamaşasında bir neçə mizan milli teatr
səhnəmizdə oynanılmasa
da, dünya praktikasında yetərincə
işlənmişdir. Kişi aktyorlarının
rinqi... məncə, artıq yetərincə işlənmiş mizandır.
Və o,
tamaşaçıya qeyri-adi
bir görüntü vermir, rejissorun tamaşaçıya hesabladığı
enerjidə özünü
doğrultmur.
Ər-Toğrul tamaşanın janrını
birhissəli tragikomik
virtual oyun kimi müəyyənləşdirir. Ki, burada
baş verən hadisələr virtual oyunun
spektrı kimi dəqiq olsa da, tragik və
komik sərhədlər
hadisə kimi yaranmır. Yəqin ki, gənc rejissor üçün vahid olmayan tragikomik
janrda işləmək
daha asandır. Peşəkar qınaq dəqiq hədəf tapa bilməyəcək...
“Keçmişdən zəng”
tamaşasının yaradıcı
heyəti, həmçinin
quruluşçu rəssam
Samirə Həsənova,
musiqi tərtibatçısı
Kamil İsmayılov, işıq üzrə rəssam Rafael Həsənov,
rejissor assistenti Xanım Həsənovadan ibarətdir. Xüsusilə də tamaşa
müddətində xanım
rəssamın “təmiz”
yaratdığı səhnə
işığın müəyyən
mizanlarda (rinq səhnəsi) mükəmməl
kompozisiyası ilə
bitkin forma alırdı.
Qeyd etmək lazımdır ki, tamaşanın afişasında da hər gün gənclərin istifadə
etdiyi gündəlik elektron yazışma öz əksini tapıb. Yeri gəlmişkən, bu cür forma adət etdiyimiz qara, üzərində qan, alov və
s. boğucu, sıxıcı
tamaşa afişaları
görüntüsündən bizi azad etdi.
Bu cür yeniliyə görə təşəkkür...
Sonucda tamaşanın
əsas qəhrəmanı
keçmişindən özünü
azad edir. Özünə və ətrafına “yaşasın, müasirlik”,
“yaşasın, gənclik”
deyə hayqırır.
Əslində tamaşada belə
bir mizan yoxdur. Sadəcə, mən belə gördüm, belə görmək istədim...
Aygün Süleymanova
Teatrşünas
Kaspi.-2015.-6 fevral.-S.10.