Akademik Teatrda
Ctrl+Alt+Delete
Yaxud, virtual aləmdə
bağışlamaq
Sənət, konkret desəm, teatr
insanlardan o zaman uzaqlaşır ki, onlar fərqli dildə
danışmağa, fərqli düşünməyə, fərqli
mövzuları müzakirə eləməyə
başlayırlar.
Obrazlı bir müqayisə. Fərz edək ki,
teatr kişidir, tamaşaçı qadın. Kişi (teatr) qadınsız (tamaşaçısız)
mənasızdır, məzmunsuzdur. Qadın
(tamaşaçı) kişisiz (teatrsız) rəngsiz, ruhsuz,
cansız buz parçasından başqa bir şey deyil. Odur ki, bu iki canlı orqanizm – kişi-qadın
(teatr-tamaşaçı) arasında saziş
qaçılmazdır.
Əgər
teatr (kişi)
tamaşaçısını (qadınını) anlamasa, dərdinə
şərik çıxmasa, zamanla məhvə məhkumdur.
Kişi-qadın (teatr-tamaşaçı) arasında
birinci şərt güvən duyğusudur. Çünki
qadın kişiyə (tamaşaçı teatra) güvənməsə
münasibətlər bəribaşdan alınmayacaq. Uzun sözün qısası, tamaşaçı səhnədə
öz problemini, öz qayğısını, öz dərdini,
öz sevincini, bir sözlə, özünü görməsə,
teatra inanmayacaq. Səhnədə baş
verənlər həyatı əks etdirmədikcə,
gerçək həyatda baş verənlərdən
maraqsız olduqca, gerçəkliyə refleksiya etmədikcə
teatr tamaşaçısını itirməyə məhkum
olacaq.
Akademik
Milli Dram Teatrının səhnəsində oynanılan
“Keçmişdən zəng” tamaşasını teatrın
tamaşaçısına doğru attdığı bir
addım kimi dəyərləndirirəm və zənnimcə,
tamaşa bütün zamanların ən aktual, ən sivri, həm
də ən dadlı, ən ləzzətli problemini gündəmə
gətirir. Özü də bunu adət etdiyimiz “teatr dili” ilə
(gerçəklikdən uzaq, utopik dil) deyil, bir addım belə
atmadan dünyanın o biri ucunda baş verənlərdən xəbərdar
olub, olaya yerindəcə münasibət bildirən
adamların “dil”ində təqdim edir.
Mövzu
klassikdir: məhəbbət üçbucağı. Bir
qadın və iki kişi... Vəziyyət
olduqca gərgindir. Çünki qadın həmişəki
kimi, yenə arada qalıb (odla suyun arası kimi) – bir tərəfdə
zavallı, səfil, quruca sevgi, digər tərəfdə pul,
para, qlamur zəngin həyat. Hələlik
ikincinin tərəfində olan qadın hansını seçəcək.
Baxaq görək.
75 dəqiqə
davam edən oyunun süjeti olduqca sadədir.Yəni Eynəkli
xaker 15 il əvvəl onu aldadan arvadı və
dostundan aldığı mənəvi zərbədən
sarsılır. Arvadı və dostu birlikdə
qaçarkən, xakerin layihələrini də
oğurlayıb aparır, firma quraraq böyük pulların da
sahibi olurlar. Xaker isə
oğurlanmış telefonların satışı ilə məşğuldur.
Və..., keçmiş arvadının telefonu
dolayısı ilə onun əlinə düşür və
telefona zəng gəlir. Hər şeyi
alt-üst edən keçmişdən gələn bu zəng,
eyni zamanda bir çox həqiqətlərin üstünü
açır və Eynəkli (xaker) mənəvi əzabdan
qurtulur. O, bu sarsıntını aradan qaldırmaq
üçün “keçmişdən zəng” adlı virtual
oyun qurur və dostu ilə arvadını da bu oyuna
iştirakçı qismində daxil edir. Etsin
görək.
Ukraynalı dramaturq Anatoli Krımdır ədəbi
materialın müəllifi. Deyilənə görə,
Ukrayna və Rusiyada yetərincə tanınır bu qələm
sahibi. Amma açığı, şəxsən
mən, bu müəllif haqqında heç nə eşitməmişdim
tamaşanın adı afişalarda görünənə qədər.
Onun adını afişalarda görəndən sonra “ən
yaxşı dostum” google-dan öyrəndim ki, sən demə,
tanımadığım bu tanınmış adam Ukrayna
Yazıçılar Birliyinin katibi, Baltimor şəhərinin
(ABŞ) fəxri sakini, Ukraynanın əməkdar incəsənət
xadimi, ABŞ Beynəlxalq Elm və İncəsənət
Akademiyasının akademiki imiş, özü də dramaturq
kimi yetərincə məşhur imiş. İnanmazsınız,
amma A.Krımın şəxsi veb-saytı da var imiş.
Əlqərəz.
Bu Kişinin “Allaha məktublar”, “Yəhudi xoşbəxtliyinin
sirri”, “Qadın məntiqi”, “Ekstrim ehtirası”, “Veronada
payız”, “Pullar hardan gəlir?”, “Keçmişdən zəng”
kimi pyesləri də varmış. Səni bilmirəm,
amma mən yaxın zamanda bu pyesləri də oxumaq niyyətindəyəm.
O ki qaldı, “Keçmişdən zəng”ə, bu pyesini
müəllif 2008-ci ildə tamamlayıb. Pyes 2009-cu ildə
M.Qorki adına Krım Akademik Rus Teatrında
tamaşaya qoyulub. Azərbaycan teatrında isə
sözügedən tamaşa A.Krımın dramaturgiyasına
ilk müraciətdir. Siftəmiz mübarək.
Pyesin səhnə təcəssümünün müəllifi
isə gənc rejissor ƏR-Toğruldur. Pyesi Azərbaycan
dilinə Dilsuz tərcümə edib. Janrı
bir hissəli tragikomik virtual oyun kimi müəyyənləşdirilmiş
tamaşa üzərində çalışan yaradıcı
heyətin əksəriyyətini gənclər təşkil
edir. Tamaşanın quruluşçu rəssamı
Samirə Həsənova, musiqi tərtibatçısı Kamil
İsmayıov, işıq üzrə rəssamı Rafael Həsənov,
rejissor assistenti Xanım Həsənovadır. Səhnə əsərində rolları Əməkdar
artist Sevinc Əliyeva (Qadın), aktyorlar Rəşad Bəxtiyarov
(Eynəkli) və Elnar Qarayev (Kişi) ifa edirlər.
Janrı virtual oyun kimi təyin olunmuş tamaşa
büsbütün “oyun içində oyun” prinsipi ilə
qurulub. Odur ki, tamaşa başlayar başlamaz səhnədə
asılan windows ekranında kursor hansısa oyunun üstündə
dayanır, klik eləyir və tamaşaçıları oyuna
dəvət edir. “Keçmişdən zəng”
adlı bu oyunda şərtləri və qaydaları Eynəkli
haker təyin edir. Qaydalar isə olduqca asandır: “Virtual
aləmdə bağışlamağı ifadə edən
simvol yoxdur”.
Güclü forma yaradıcılığı
düşüncəsinə malik olan gənc rejissor
Ər-Toğrul oyun məntiqini, virtual oyunu səhnə tərtibatında,
mizanların qurulma prinsipində və aktyor oyununda
tamaşanın sonuna qədər qoruyur. Hadisələr
levellərlə dəyişir.
NEW GAME,
LEVEL 2, LEVEL 3 və... MİSSİON COMPLETED. GAME OVER - tamı tamına bir oyunun sonu. Amma
bu hələ THE END deyil. Eynəkli hakerin
oyununun sonudur. ...Və oyunun sonunda o, köhnə həyatından
qalan bütün izləri silir (ŞHİFT+DELETE),
kompüterini və beynini (həmçinin xatirələrini)
format edir, yeni həyata başlayır.
Səhnə tərtibatının
funksionallığı həyatın iki üzünü də
tamaşaçıya göstərməyə imkan yaradır. Belə ki,
fırlanan dairənin bir üzü səfil, bir üzü zəngin
evini göstərir. Dairə
fırlandıqca illər də bir-birini ötüb
keçir. Maraqlı, qeyri-adi formada təqdim
olunan oyunda personajlar da sanki virtualdır. Sanki ötən
15 il ərzində heç nə dəyişməyib.
Eynəkli hələ də yoxsul otağında
“zəngin” kompüterinin başındadır. Dəyişən bir şey var. O da telefon xəttində
danışan erotik səsli Zoyadır. Zoyanın
missiyası tamaşaçını (elə Eynəklini də)
darıxmağa qoymamaqdır. Eynəkli
“alış-veriş” zamanı başı müştərilərinə
qarışan vaxtda, keçmiş arvadından və
keçmiş dostundan intiqam almaq üçün planlar
qurduğu zamanda və s. erotik xətt hər zaman
açıqdır, Zoya xəttədir (fondadır),
tamaşaçını mürgüləməyə qoymur.
Elə
ki, rejissor duyur ki, hadisələr uzanır və
tamaşaçı daxırmaq üzrədir – lappadan gur
işıqlar tamaşaçı zalını
işıqlandırır, “XANIMLAR və CƏNABLAR” özlərini
boks meydanının ortasında
görür. Daha bir “oyun içində oyun”.
Eynəkli (R.Bəxtiyarov) və Kişi
(E.Qarayev) rinqdədir. Qadın
(S.Əliyeva) həyatda olduğu kimi, oyunda da qalibi elan edir,
döyüşü döyüşsüz qazanan yenə
Kişi olur. Əsl oyunu kimin
qazandığı isə hələ heç kəsə bəlli
deyil. Bəlli olan tək şey odur ki, nə baş
verirsə, hər şey yaxşılığa doğrudur...
Və
yaxud daha bir rejissor gedişi (buna rejissor hiyləsi də deyə
bilərdik) - Tamaşanın qızğın məqamı. Kişi əlində silah Eynəklini hədələyərkən
tapançadan güllə açılır. Eynəkli
“Matrisa” filmini andıran plastik hərəkətlə
“ölür”. Hətta həmin anda zalda
tamaşanın bitdiyini düşünən adamların
pıçıltısı eşidilir. Amma
rejissor yenə də bizi “aldadır”. Virtual
oyunun şərtlərinə uyğun olaraq, RESTART düyməsinə
basılır və sonuncu səhnə yenidən (bu dəfə
başqa sonluqla) ifa olunur. Realist oyun məntiqinə
zidd olan bu üsul kompüter oyunu kontekstində heç kəs
(ömründə bir dəfə də olsun, kompüter oyunu
oynayan) üçün anlaşılmaz qalmır.
Ümumiyyətlə, tamaşanın janr təyini
rejissor yozumu, musiqi seçimi, səhnə tərtibatı kimi
aktyor ifasını da şərtləndirir. Aktyorların
hər biri – Elnar Qarayev də, Rəşad Bəxtiyarov da
(xüsusilə), Sevinc Əliyeva da öz ampluasında deyil,
görməyə adət etdiyimiz qəliblərdən kənardadır.
Aktyorların hər üçündə start həyacanı
var, onlar hər an ENTERə hazırmış kimi daim
startdadırlar, oyunun həyəcanı ilə levellərin dəyişməsinə
aktiv reaksiya göstərirlər. Tamaşanın
aktyor oyunundan danışarkən Rəşad Bəxtiyarovun
ifasını xüsusi qeyd etmək lazımdır. Aktyor sanki sırf oyunun şərt və tələblərinə,
prinsiplərinə proqramlaşdırılıb,
kodlaşdırılıb. Səhnədə
qeyri-ciddi görünməkdən çəkinməyən
aktyor personajını virtual aləmin şifrələnmiş
kodları ilə təqdim edir.
ƏR-Toğrulun bizə təqdim etdiyi oyunun
missiyası hələ bitməyib. Ona görə də THE ENDə
tələsməyin. ƏR-Toğrulun oyununun missiyası bizi –
tamaşaçını “nə baş verirsə, hər
şey yaxşılığa doğrudur” məntiqinə
kökləyir. Və gətirib elə bir məqama
çatdırır ki, tamaşaçı dərk edir: ruhda
zaman və məkan yoxdur. Ruhda hər şey
virtualdır – sevgi də, oyun da, lap elə biz
özümüz də.
P.S.
Tamaşa haqqında çox şey yazmaq olar. Səhnə
işində kifayət qədər nöqsanlar da, teatr
icmasının diliylə desək, “nakladka”lar
da tapmaq olar. Amma mən bu niyyətdə deyiləm.
Çünki “Keçmişdən zəng”
tamaşasını Akademik Milli Dram Teatrının
repertuarı üçün çox maraqlı və
uğurlu bir iş hesab edirəm. Nəzərə alsaq ki,
tamaşanın quruluşçu rejissorunun vur-tut 24
yaşı var, adam daha da fərəhlənir.
Könül Əliyeva
Teatrşünas
Kaspi.-2015.-6 fevral.-S.11.