Mövludun məktəb illəri
Orxan Pamukun yeni
romanı “Kafamda bir tuhaflık”dan bir hissəni oxuculara təqdim
edirik.
Tuttəpə
Atatürk Oğlan Liseyi Tuttəpəni və
arxasındakı digər təpələri İstanbulla birləşdirən
yolun qurtaracağındakı alçaq düzənlikdə elə
yerləşmişdi ki, Poxludərə boyu
düzülmüş sonrakı məhələlərdə,
sürətlə gecəqondularla örtülən digər təpələrdə, həyətlərində
camaşır sərən analar, oxlovla xamır yayan xalalar,
çayxanalarda okey və kart oynayan işsiz kişilər məktəbin
narıncı rəngli binasını, Atatürkün
büstü olan böyük bağda gimnastika və din müəllimi
Kor Kərimin nəzarəti altında daim gimnastikayla məşğul
olan (ayaqlarında rezin ayaqqabılar, əyinlərində
şalvar və qollu köynəklə) şagirdləri
çox uzaqdan və mütəhərrik xırda nöqtələr
kimi görmək olurdu. Qırx beş dəqiqədən
bir uzaq təpələrdə eşidilməyən zəng
çalınır və yüzlərlə şagird bir anda həyətə
dağılışır, sonra eşidilməyən daha bir zəng
çalınır, hamısı bir anda yoxa
çıxırdı. Amma hər bazar ertəsinin səhəri
Atatürkün büstünün ətrafında
yığışan min səkkiz yüz şagirdin
birağızdan oxuduqları “İstiqlal marşı” təpələrin
arasında zəif əks-səda verir, o ətrafdakı on minlərlə
evdə eşidilrdi.
“İstiqlal marşı” oxunmazdan əvvəl binanın girişindəki pilləkənləri qalxan lisey müdiri Fazil bəy Atatürkdən, Vətən sevgisindən, millətdən, unudulmaz keçmiş hərbi qələbələrdən (Mohac kimi qanlı və fəthli olanları sevirdi) bəhs eləyən nitq söyləyər, şagirdlərdən Atatürk kimi olmalarını tələb eləyərdi. Liseyin yaşlı və araqarışdıran tələbələri Mövludun ilk illərdə dərk eləyə bilmədiyi lağlağı sözlər söylə dikləri, bəzi tərbiyəsizlər qəribə, hətta iyrənc səslər çıxardıqlarına görə, müdirin yanında dayanan müavini Skelet bir-bir bütün şagirdlərə polis kimi diqqətlə göz qoyardı.
Müdirin Türkiyənin gələcəyi məsələsində qəlbini ən çox qıran şey min səkkiz yüz şagirdin “İstiqlal marşı”nı hamısı birgə və birağızdan oxumamalarıydı. Hər kəsin öz küncündə təkcə “İstiqlal marşını” öz bildiyi kimi oxuması, hətta bəzi “yarımçıqların” heç oxumamaları müdiri hövsələdən çıxarırdı. Bəzən məktəb həyətinin bir guşəsindəki şagirdlər marşı qurtaranda o biri guşədəkilər heç yarısına çatmamış olur, marşın hamı birgə, “vahid yumruq” kimi oxunmasını tələb eləyən müdir yağışa, qara fikir verməz, marşı min səkkiz yüz şagirdə təzədən oxudar, bəzi şagirdlər də araqarşıdıran olduqlarından və inad üzündən ahəngi pozar, bu da gülüşlərə və vətənsevər şagirdlərlə lağlağı və ümidsiz şagirdlər arasında davaya səbəb olardı.
Mövlud ilk illərdə siyasətə qarsımaq istəmədiyindən həmin davalara uzaqdan göz qoyar, arsızların zarafatlarına güləndə Skeletin nəzərinə çarpmamaq üçün ordlarını işəridən dişləyərdi. Amma az sonra ay-ulduzlu bayraq ağır-ağır göyə ucalanda günahkarlıq hissilə gözləri yaşarır və marşı səmimiyyətlə oxuyurdu. Həyatının axırına qədər harada – hətta filmlərdə belə - ucalan türk bayrağı görəndə Mövludun gözləri yaşarmağa davam elədi.
Mövlud bazar ertələri məktəbdəki bayraq mərasimindəki müdirin istədiyi kimi, “hər şei Vətən üçün üləyən Atatürk” kimi olmağı çox istəyərdi. Bundan ötrü üçillik orta məktəbi və üçillik liseyi bitirməliydi. Bunu nə ailələrindən, nə də bu yayın axırında gəldiyi kənddən indiyədək heç kəs bacara bilmədiyinə görə bu hədəf hələ məktəbin ilk günlərindən Mövludun beynində Bayraq kimi, vətən kimi, Atatürk kimi həyalı gözəl, çatılması çətin olan bir şey kimi qaldı. Tuttəpə, Quştəpə kimi gecəqondu məhəllələrindən məktəbə gələn şagirdlərin çoxu ya küçə satıcılığı eləyən atalarının və ya bir əsnafın yanında işləyir, bir az da böyüyəndə məktəbi atacağını bilir, ya bir çörəkbişirənin, kapotçunın, qaynaqçının yanına şagird düələ bilmək üçün növbə gözləyirdilər. Ataları tikintidə, birtəhər tikilmiş emalatxanalarda, yaxınlardakı fabriklərdə fəhləlik eləyənlərin çoxu da məktəbi bitirməyi yox, dərhal harasa şagird düzəlməyi arzulayırdı.
Bəzi üsyan və çaxnaşma günlərində şagirdləri məktəbə polis çağırmaqla hədələyən müdir Fazil bəyin ən böyük dərdi qabaq sırada əyləşən yaxşı ailələrin uşaqlarıyla yoxsul şagird əksəriyyəti arasında ahəng və nizam təmin eləyib məktəbdə nizam-intizamı düzəltmək idi. Bunun üçün bazar ertələri mərasimində veciz formada ifadə elədiyi fəlsəfəyə girişmişdi: “Yaxşı təhsil varlılarla yoxsulların fərqini aradan qaldıracaq!” Fazil bəy bu sözüylə kasıb uşaqlarına “Yaxşı oxuyub məktəbi bitirsəniz, siz də varlı olarsınız”mı, yoxsa “Yaxşı oxusanız nə qədər yoxsul olduğunuz bilinməz”mi deməkmi istəyirdi, Mövlud bunu başa düşə bilməmişdi.
Müdir Atatürk Oğlan Liseyində təhsilin yaxşı olduğunu bütün Türkiyəyə sübut eləmək üçün lisy komandasının İstanbul Radiosu Liseylərarası Bilik Yarışında yer tutmasını istəyir, bu məqsədinə nail olmaqdan ötrü vaxtının çoxunu yuxarı məhəllənin yaxşı uşaqlarından təşkil elədiyi komandaya (qısqanclar və tənbəllər arasında məktəb komandası “hafizlər” kimi tanınırdı) Osmanlı padşahlarının doğum və ölüm tarixlərini əzbərlətdirməklə keçirirdi. Müdir hamının yığışdığı bayraq mərasimlərində təmirçi, qaynaqçı şagirdi olmaq üçün məktəbi atan keçmiş şagirdlərin arxasınca savadlandırmağa və biliyə xəyanət eləmiş zəaif adamlara lənət eləyən kimi danışır, həm məktəbə gedib, həm də Mövlud kimi gönortadan sonra qatıq satanları danlayar, pul qazanmaq xəstəliyinə düşmüş şagirdləri düz yola çəkmək üçün qışqırırdı: “Türkiyəni plovbişirənlər, satıcılar, dönərkababçılar yox, bilik xilas eləyəcək!” Eynşteyn də kasıb olmuşdu, hətta orta məktəbdə fizika dərsindən sinifdə qalmışdı, amma üç-beş qəpik üçün məktəbi atmamış, qazanan da özü və milləti olmuşdu.
Tuttəpə Atatürk Oğlan Liseyi, əslində, Məcidiyyəköy və onun ətrafındakı yuxarı məhəllələrdə modern və avropasayağı kooperativ evlərdə yaşayan məmur, vəkil və həkim uşaqlarının yaxşı milli təhsil almaları üçün yaradılmışdı. Amma təəssüf ki, son on ildə, xüsusilə 1970-ci ildən sonra arxa tərəflərdəki boş təpələyə yayılan gecəqondu məhəllələrindən gələn anadolulu kasıb uşaq dəstələrinin işğalına məruz qalanda həmin gözəl liseyi idarə eləmək az qala qeyri-mümkün olmuşdu. Satıcılıq eləyib məktəbə gəlməyən, bir işə düzəlib məktəbdən çıxan, oğurluq, adam döymək, bıçaq çəkmək, müəllimi hədələmək və təcavüz kimi cinayətlər işlədib məktəbdən qovulan şagirdlərin çoxluğuna baxmayaraq, siniflər ağzınacan doluydu. Otuz şagird üçün nəzərdə tutulmuş modern siniflərdə əlli beş nıəfər dərs keçər, iki nəfərlik sıralarda üç nəfər şagird dirsəkləşə-dirsəkləşə oturar, tənəffüslərdə qaçanlar, gəzənlər, oynayanlar daim bir-birlərilə toqquşan maşınlar kimi çarpışırdılar. Zəng çalınan, dava başlayan, qarmaqarışıqlıq düşən kimi dəhliz və pilləkənlərdəki tünlük nəticəsində əzilib özündən gedən zəif şagirdlərə müəllimlər otağında odekolon iylədilirdi.
Birinci illə ikinci ilin yarısındakı bir il yarımlıq məktəb dövründə sinifdə harada oturacağıyla bağlı bərk qətiyyətsizlik keçirdi. Bu problemi həll eləmək üçün çalışdığı vaxtlarda “həyatda neyləməli” sualına cavab axtaran qədim filosoflar kimi “Atatürkün qürur duyacağı elm adamı” olacaqsa, dəftərləri, qalstukları, ev tapşırıqları düzgün və tam olan yuxarı məhələnin yaxşı ailə uşaqlarıyla dostluq eləməli olduğnu başa düşmüşdü. Həm özü kimi gecəqondularda yaşayan (şagirdlərin üçdə ikisi), həm də dərslərini yaxşı oxuyan bir şagirdlə Mövlud hələ rastlaşmamışdı. Özü kimi haqqında, “Amandı, bu ağıllı uşaqdı, oxusun” dediklərinə görə gecəqondu məhəlləsibndə yaşamasına baxmayaraq, məktəbi ciddi hesab eləyən bir neçə naşı şagirdlə həyətdə rastlaşmışdı, amma başqa siniflərdə oxuyan və “inək” adlandırılıb təhqir olunan həmin tənha ruhlarla lisyin məhşərsayağı tünlüyündə əlaqə yarada bilməmişdi. Bunun bir səbəbi “inək”lərin məhz onlar kimi gecəqonduda yaşadığı üçün Mövluda şübhəylə baxmalarıydı.
Mövlud “inək”lərin həddən artıq nikbin həyati görüşlərinin çürük olduğunu da sezirdi. Orta məktəbin ilk “Coğrafiya” kitabını əzbərləsə, gələcəkdə varlı olacaqlarını güman eləyən həmin “ağıllı” uşaqların, əslində, səfeh olduqlarını hiss eləyir və heç onlara oxşamaq istəmirdi.
Qabaq sıralarda oturan və tapşırıqlarını daim yerinə yetirən yaxşı ailə uşaqlarıyla dostluq eləmək, onların yanında oturmaq Mövludun özümü daha yaxşı hiss eləməsinə imkan verirdi. Qabaq sıraya keçmək üçün daim müəllimlərin gözlərinin içinə baxması, anların başladıqları, amma maarifləndirici məntiqlə axırını demədikləri cümlələri ağızlarından qapıb ucadan bitirməliydi. Mövlud dərslərdə qollarını sinəsində çarpazlayıb qımıldanıb-eləmədən heykəl kimi oturur, daim əlini qaldırır, bəzən özünü saxlaya bilməyib “Müəllimim, müəllimim, mən!” deyirdi. Bu xoşniyyətli hərəkətləri sayəsində müdirin yaxşı təhsilin varlıyla kasıb arasındakı fərqi aradan qaldıracağıyla bağlı təsəlli verən nitqlərinin sübutu kimi, qabaq sıralarda özünə müvəqqəti də olsa, yer tapa bilirdi. Amma aralarına girməyə çalışdığı yuxarı məhəllə binalarında yaşayan uşaqlar da qəribəydilər, hər an insanın qəlbini sındıra bilərdilər. Orta məktəbin birinci ilində Mövludun qabaq sırada yanında oturmaq şərəfinə nail olduğu Damad qarlı bir gündə tünlük tənəffüsdə futbol oynayan (köhnə qəzetlərdən iplə bağlanmış topla, çünki məktəbə futbol topu gətirmək qadağan idi), dəl kimi qışqıran, dalaşan, toz içində güləşən, itələşib bir-birlərini qapazlayan, təpikləyən və qumar oynayan (futbol şəkilləri və üç yerə bölünmüş siqaret parçalarıyla) tünlüyün arasında bir anlığa əzilmək təhlükəsindən qurtulmuşdu. Ani qəzəblənmiş Damad Mövluda sarı çevrilmiş “Kəndçilər bu məktəbi doldurdular, - demişdi, - atam məni başqa məktəbə qoyacaq”.
Mövlud Damadın gecəqondulardan
gələn şagirdlərdən şikayət eləməsinə
baxmayaraq, daim yanında əyləşən
yoldaşının gecəqonduda yaşadığını
heç bilmədiyini, heç bu barədə
düşünmədiyini, hətta xəyalına belə gətirmədiyini
həmin gen dərk eləmişdi. “Damad” ləqəbini
ona qalstukunun və pencəyinin şıqlığına daim
fikir verdiyi və qadın həkimi olan atasının
üzünü qırxandan sonra vurduğu odekolondan bəzi səhərlər
çoxlu sürtüb sinfə gəldiyinə görə
vermişdilər. Odekolon
vurmadığı günlər ondan soruşurdular: “Damad, bu
gün toy yoxdumu?” Damad bəzilərinin hesab elədiyi
kimi, zəif deyildi. Bir dəfə
Damadı qadın yerinə qoyub odekolonun qoxusunu daha
yaxşı çəkmək bəhanəsilə onun boynuna
kinayəylə yaxınlaşdıran bir nəfərin çənəsinə
ilişdirdiyi sərt yumruqla yıxmış, arxa sıralarda
oturan lotuların hörmətini qazanmışdı.
Bəzən müəllimlərdən biri sinifdəki bərk
gurultu müqabilində tədbir kimi bütün sinfin yerini dəyişdirirdi. Xoşagələn
sifəti olan belə vaxtlarda müəllimin gözlərinin
içinə həddən artıq istək və itaətlə
baxa-baxa lap qabaqda əyləşə bilir, amma yenə kor tale
onun geri atılmasına səbəb olurdu. Damad bir dəfə
iri döşlü biologiya müəllimi Məlahətin onu
arxaya göndərmək qərarına cəsarətlə
etiraz eləmişdi:
“Müəllimə, qoy qabaqda otursun, sizin dərsinizi
çox sevir.”
“Görmürsənmi sırık kimi boyu var, - zalım
Məlahət demişdi, - arxasındakılar önün
üzündən yazı taxtasını görmürlər.”
İbtidai
məktəbi bitirəndən sonra atası Mövludu bir il də kənddə əbəs yerə
saxladığına görə o, sinifdə yaşca ən
böyük idi. Həm də bədəncə
də başqalarından böyük idi. Mövlud
qabaq sıradan arxaya qayıdanda utanır, yeni-yeni
özünürahatlatma xasiyyətilə iri gövdəsi
arasındakı başı qəribə əlaqədə
olardı. Mövludun aralarına
qayıtmalarını arxa sıradakılar alqışlar və
“Mövlud yuvaya!” şüarıyla
qarşılayırdılar.
Arxa sıralar heyvərə lotuların, quldurların, tənbəllərin,
kütbeyinlərin, acından başı fırlanan
ümidsizlərin, yaşlıların və yaxın vaxtlarda
məktəbdən qovulacaq adamların yeriydi. Bir iş tapıb məktəbi
atanlar da yavaş-yavaş arxa sıralara sürünənlər
arasından çox çıxar, amma bəzi şagirdlər
də - Mövluddan başqa - iş tapmadan arxa sıralarda
yaşlaşırdılar. Bəziləri onsuz
da günahkar, əməlli-başlı səfeh, yaşlı,
ya da həddən artıq heyvərə olduqlarına görə,
məktəbə gəldiyi ilk gündən özü gedib
arxa sırada otururdu. Mövlud kimi bəzi
başqalarısa, arxa sıraların özləri
üçün pis tale heç cür qəbul eləməyən,
müəllimin kürsüdən
danışdığını eşidə bilməyən,
heç vaxt varlı ola bilməyəcəklərini
ancaq ömrünün sonunda dərk eləyən bəzi
kasıblar kimi, uzun səylərdən və
peşmanlıqlardan sonra acı həqiqəti başa
düşərdilər.
Axırıncı
iki sırada oturanların orta yaşı Mövludun bir dəfə
apardığı hesaba görə (orta məktəbin birinci
sinfinə on iki yaşında getməyin müqabilində) on
dörd il yarım idi. Başda
tarix müəllimi Ramzes olmaqla bir çox müəllim arxa
sıralara müraciət eləməyin, oralarda əyləşən
şagirdlərə hər şey öyrətməyə
çalışmağın əbəsliyini təcrübədən
bilirdilər. Başqaları isə (Məsələn,
Mövludun yavaş-yavaş və özü də bilmədən
vurulduğu gənc və ürkək ingilis dili müəlliməsi
Eda xanım) arxa sıralarla qarşıdurmaya getməkdən,
hər hansı bir şagirdlə mübahisə eləməkdən
qorxduqlarından az qala o səmtə
heç baxmazdılar da.
Heç bir müəllim, bəzən min səkkiz
yüz şagirdi qorxutmağı bacaran müdir belə arxa
sıralarla əsl qarşıdurmaya getmək istəməzdi. Çünki
bu gərginliklər sürətlə qan davasına
çevrilə, təkcə arxa sıralar yox, bütün
sinif həmin müəllimə qarşı hücuma keçə
bilərdi. Bütün sinfi qəzəbləndirən
həssas məsələ gecəqondu məhəllərindən
gələn şagirdlərin şivələrinin, tiplərinin,
biliksizliklərinin və sifətlərində hər gün
hortenziya çiçəkləri kimi açan
qıpqırmızı sızanaqların müəllimlər
tərəfindən lağlağı mövzusu edilməsiydi.
Bəzi şagirdlər dərslərdə
müəllimlərin danışdıqlarından daha
maraqlı əhvalatlar söylədikləri, daim
zarafatlaşdıqlarına görə müəllimlər
onları xətkeşlə döyüb, təhqir eləyib
hörmətdən salmaq, susdurmaq istəyərdilər. Bir vaxt hamının nifrət elədiyi gənc kimya
müəllimi Fiyaka Fövzi oksidlərin formulunu yazmaq
üçün hər dəfə yazı lövhəsinə
tərəf çevriləndə tükənməz qələmlərin
içi boşaldılmaqla düzəldilən üfürmə
borularından güllə kimi yağan düyü dənələrinin
hədəfi olmuşdu. Çünki
sındırmaq istədiyi Şərqli bir şagirdin şivəsi
və geyimini ələ salmışdı.
Arxa
sıraların lotuları bəzən məhz söz-söhbət
olsun deyə, bəzən zəif saydıqları ürkək
müəllimi qorxutmaqdan ləzzət almaq, bəzən də
yalnız kefləri istədiklərinə görə müəllimin
sözünü də kəsərdilər: “Bəsdir, müəllimə,
bu dərs çox gəvəzəlik elədin, daha bezdik, bizə
bir az da Avropa səyahətinizdən danışsanız!” “Müəllimə, sən həqiqətən
düz İspaniyaya qədər təkcə qatarlamı
getdin?”
Arxadakılar
yay ayları açıq hava kinoteatrlarında göstərilən
film haqqında fasiləsiz danışanlar kimi, dərsdə
baş verənlər barədə elə hey ucadan
danışır, əhvalatlar danışır və
hamısı birgə elə gurultuyla qəhqəhə çəkirdilər
ki, yazı lövhəsinin qabağında sual verən müəlliməylə
ona birinci sıradan cavab verən şagird bəzən bir-birlərini
eşitməzdilər. Mövlud hər dəfə
arxa sıralara sürgün olunanda kürsüdə müəllimin
nə danışdığını çətinliklə
eşidirdi. Amma səhv başa
düşülməsin, Mövlud üçün ən
gözəl məktəb xoşbəxtliyi həm
arxadakıların elədikləri zarafatlara gülmək, həm
də Eda müəlliməni dinləməkdən
keçirdi.
Tərcümə
etdi: Nəriman Əbdülrəhmanlı
Kaspi.-2015.-7-9 fevral.-S.17-24.