Plastik cərrahiyyəyə yenilik gətirən gənc
Uzman doktor Vüqar Ələkbərov
deyir ki, əsas şərt insanın özünü
qüsursuz görə bilməsidir
Gənc
yaşında bir çox
uğurlara imza
atmasına baxmayaraq, özünü
uğurlu gənc hesab
etmir. Düşünür
ki, bu adı qazana bilmək üçün
hələ çox yol
getməlidir. Onun fikrincə, sağlam düşüncəli və düzgün yolda olduqdan sonra, uğur özü səni
tapır. Müsahibimiz uzman
həkim, Azərbaycanda və Türkiyədə estetik əməliyyatları ilə tanınan Vüqar Ələkbərovdur.
Uzman doktor Vüqar Ələkbərov 1984-cü ildə Bakıda anadan olub. 1999-cu ildə Nəsimi rayonu 47 saylı orta məktəbi qırmızı attestatla bitirib. Eyni ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə yüksək balla qəbul olub. 2005-ci ildə universiteti qırmızı diplomla bitirib. 2005-2006-cı illər Türkiyənin İzmir şəhərində Ege Universitetinə gedərək təhsilini davam etdirib. 2007-2012-ci illərdə yüksək balla Bursa şəhəri Uludağ Universitetinin Plastik Estetik və Rekonstruktiv cərrahiyyə bölümünə daxil olub və uzmanlıq təhsili alıb. Uzmanlıq təhsili müddətində Türkiyənin məşhur plastik cərrahları ilə birlikdə işləyib və böyük təcrübə qazanıb. 2500-dən çox beynəlxalq və ölkələrarası konqreslərdə yeni əməliyyat texnikalarını həmkarlarına anladıb. 2012-ci ildə uzmanlıq təhsilini bitirdikdən sonra özəl xəstəxanalarda estetik cərrahiyyə və lazer cərrahiyyəsi üzrə işləyib. 2014-cü ilin əvvəllərindən Respublika Yanıq Mərkəzində baş həkim vəzifəsində çalışıb. Hazırda əməliyyatlarını Türkiyədə və Azərbaycanda davam etdirir. Türkiyədə şəxsi klinikası var. Azərbaycanda da öz markası olan VAPS (Vugar Alakbarov Plastic Surgery) özəl cərrahiyə mərkəzində çalışmalarına davam etməkdədir.
- Vüqar bəy, necə oldu ki, həkim olmaq qərarına gəldiniz?
- Həkimlik sənətinə uşaqlıqdan bağlılığım olub. Bu sənət bizə ailədən gəlir. Atam beyin cərrahıdır. Ailəmizdə hər kəs həkim olduğu üçün məndə bu sahəyə maraq uşaqlıqdan yarandı. Bu sənət çox ülvidir. İnsanların inkişafında, sağlamlığında həkimlərin rolu danılmazdır. Həkimsiz həyatı təsəvvür etmək mümkün deyil.
- Tibb təhsilinizi
Türkiyədə davam etdirmisiniz.
Türkiyədə təhsil
sizə nə verdi?
- Türkiyədə təhsil
almaq ilk olaraq mənim dünyagörüşümü
artırdı. Çünki yalnız təhsil almırdım. Təhsil almaqla
yanaşı, bir çox dünya konqreslərində iştirak
etdim, dünyanın məşhur həkimləri
ilə işləmək
şansı qazandım.
Bu gün də
Türkiyəyə gedəndə
beynəlxalq konqreslərə
qatılıram. Məsələn, bu ay Amerikanın məşhur həkimlərindən
biri ilə əməliyyata girdim.
Hər zaman müəllimlərimlə
ünsiyyətdə oluram.
İnkişaf üçün xarici ölkələrdə
təhsil almaq çox önəmlidir.
- Azərbaycanda estetik-plastik
cərrahiyyənin vəziyyəti
necədir?
- Hazırda estetik-plastik cərrahiyyənin vəziyyəti
çox pisdir. Bu gün plastik
cərrahiyə ilə
əlaqələsi olmayan
insanlar bu işlə məşğul
olurlar. Bu səbəbdən fəsadlı
xəstələr çoxalır.
Mədə-bağırsaq həkimləri, diş
həkimləri estetik
əməliyyatlar edir.
Hətta
göz həkimləri
var ki, burun
əməliyyatı həyata
keçirirlər. Gözəllik salonlarında kosmetoloqlar iynə ilə qanlı işləmlər
həyata keçirirlər.
Botoks, lazer edirlər, halbuki araşdırsaq, heç bir tibbi diploma sahib deyillər.
Bu zaman ciddi
fəsadlar yaranır.
Ümid edirəm, belə halların qarşısı
alınar və vəziyyət dəyişər.
- Həm Türkiyədə,
həm Azərbaycanda çalışırsınız? Çətin deyil ki?
- Plastik, Rekonstruktiv cərrahiyə təhsilimi
7 il müddətində
Türkiyədə almışam.
Bu ölkə ikinci vətənim sayılır. Türkiyədə klinikamda da işçilərim
olduğu üçün
ayın bəlli qismini orada, bir qismini də
Azərbaycanda oluram.
Vətəndə işləməyi özümə vəfa borcu bilirəm. Burada doğulmuşam, buranın
suyunu içmişəm.
Amma orada da işləmək
mənə çox şey qazandırır.
Dünyada tibb sahəsində
baş verən yenilikləri yaxından təqib etmək üçün Türkiyə
daha əlverişlidir.
Orada öyrəndiklərim yenilikləri
ölkəmdə tətbiq
etməyə çalışıram.
- Türk pasiyentlərlə
bizimkilər arasında
hansı fərqlər
var?
- Elə böyük fərq olmur. Sadəcə
Türkiyə Avropaya daha yaxın olduğuna görə oradakı insanların estetik cərrahiyə haqqında bilgiləri çoxdur və bu məsələyə yumşaq yanaşırlar.
Əməliyyat elətdirən insanların
sayı da çoxdur. Bizim ölkədə isə sadəcə burun əməliyyatına
və məcbur qalınan bəlli əməliyyatlara görə
cərraha müraciət
edirlər. Türkiyədə isə daha çox
kombinə əməliyyatlar,
üzdartma əməliyyatı
edilir. Yaşlanan hər qadın,
demək olar, üz dartma əməliyyatı, süd
vəzisinin estetikası,
qarın estetikası üçün müraciət
edir. Orada qadınların əksəriyyəti
doğuşdan sonra qalan qarındakı sallamalar üçün müraciət edirlər.
Bizimlə müqayisədə onlarda ailələrdəki
qısqanclıq daha azdır. Kişilər qadınların estetik
cərrahiyə üçün
həkimə müraciət
etmələrinə daha
çox imkan verirlər. Bizdə estetik cərrahiyyənin qarşısını alan ən böyük problemlərdən
biri kişilərdir. Əməliyyat elətdirənlərin 60-70 faizi, demək olar ki, yoldaşından
gizli elətdirirlər.
- Gənc olmağınıza
baxmayaraq, həm rəhbər vəzifədə
çalışmısız, həm də klinikanız var. Sizcə, bir gəncin rəhbər olması üçün nə lazımdır?
- Gənc doğru yolda olsa, qarşısına
qoyduğu məqsədə
doğru irəliləsə,
beynindəki düşüncələr
sağlam olsa, təbii ki, hər bir qurum
istəyər ki, idarələri belə gənclər, beyinli insanlar tərəfindən
idarə olunsun. Bunun üçün təkcə
oxumaq kifayət deyil. Xarici ölkələrlə müəyyən əlaqələr
qurulmalıdır. Gənclərin enerjisindən istifadə edə bilmək hər ölkə üçün lazımdır.
Sağlam düşüncəli gənclər çox asanlıqla qabağa çəkilirlər. Mən xaricdən
gəldiyim zaman plastik cərrahiyyədə
mütəxəssis olduğumdan
rəhbər vəzifəyə
təyin olundum. Mən bura vəzifə üçün deyil, xidmət üçün
gəlmişdim. Heç vaxt
rəhbər olmaq üçün işə
başlamamışam. Elə bir planım da olmayıb. Əsas məqsədim işimi doğru-düzgün həyata
keçirmək və
faydalı olmaqdır.
- Plastik cərrahiyyədə
hansı yeniliklərə
imza atmısınız?
- Hər bir pasiyentin
istəyi reallaşacaq
əməliyyatın ağrısız
keçməsi və
əməliyyatdan sonrakı
dövrün də eynən ağrısız
ötüşməsidir. Mənim reallaşdırdığım
burun əməliyyatlarından
sonra burun və göz ətrafında nə şiş, nə də göyərmələr
olmur. Bu, bir yenilikdir. Eləcə də, süd vəzisində keçirdiyim
əməliyyatlar zamanı
süd axarlarının
tamamən qorunmasına
nail olmaq peşə xüsusiyyətimin göstəricilərindən
biridir. Süd vəzisi əməliyyatında
süd axarlarını
zədələnmədən əməliyyatın reallaşması
qadınların gələcək
həyatlarının əsas
təminatlarından sayılır.
Belə ki, bu nəticə
gələcəkdə qadınların
üzləşə biləcəyi
bir çox xəstəliklərin qarşısını
almış olur.
Ən əsası kombinə əməliyyatları edirəm.
Yəni bir neçə saata 40 yaşlı qadını 25 yaşlı
qadına çevirə
bilirəm.
- Deyirlər, plastik cərrahlar hər insanda qüsur axtarır. Sizdə də belədirmi?
- Xeyr. Mən bu fikirlə
razı deyiləm.
Xəstə əgər özündə
qüsur görmürsə,
demək, o xəstənin
qüsuru yoxdur. Bir çox film ulduzları var ki, onların üzündəki sallanmalar,
xətlər digərlərinə
pis gələ bilər. Amma o, özünü belə qəbul edir, belə sevir. Ona pul da versələr, əməliyyat
elətdirmək istəməz.
Amma bəzi insanlar var ki, hər
gün güzgünün
qabağında dayanıb
burnundakı bir milli metr əyriliyi,
süd vəzisindəki
assimetriyanı özünə
dərd edir. O da böyrək sancısı kimi bir şeydir. Düzəlmədiyi müddətdə o xəstə həmişə
narahat olacaq, ağlayacaq, yatmayacaq.
Bir sözlə, əsas şərt insanın özünü qüsursuz
görə bilməsidir.
Bu zaman həkimlər
də qüsur axtarmayacaq.
- Uğurunuzun sirri nədir?
- Mənim elə bir uğurum yoxdur. Sadəcə doğru yolda
olduğumun fərqindəyəm
və düşünürəm
ki, önümdə çox uzun yol var. Gecə-gündüz
işimi düşünürəm.
Hər gün yeni şeylər
kəşf etməyə,
yeniliklər etməyə
çalışıram. Azərbaycana
yeni əməliyyatlar
gətirməyi qarşıma
məqsəd qoymuşam.
Ən böyük planım burada da Türkiyədəki
kimi hər bir şeyi öz
daxilində olan klinika açmaqdır.
Aygün ƏZİZ
Kaspi.-2015.-6 fevral.-S.15.