“Musiqi mənim dünyamdır”

 

19 yaşlı Prezident mükafatçısı Ceyla Seyidova: “Azərbaycan hər yerdə birinci olmalıdır”

 

Ötən il olduğu kimi, bu il də elm, mədəniyyət, ədəbiyyat, təhsil və ictimai sahələrdə xüsusi fərqlənən altı gənc Prezident İlham Əliyevin 31 yanvar 2015-cü il tarixli sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. İstedadı və bacarığı ilə seçilən, mükafata layiq görülən gənclərdən biri də Ceyla Seyidovadır. Əvvəlcə Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin skripka ixtisası üzrə III kurs tələbəsi olan Ceylanın uğurlarına nəzər salaq.

 

19 yaşlı müsahibimiz musiqiçi ailəsində anadan olub. 6 yaşından musiqi ilə məşğul olur və skripka sahəsində ixtisaslaşıb.2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr edilmiş Gənc ifaçıların I festivalınm qalibi olub. 2005-ci ilin iyununda Tbilisi şəhərində keçirilən “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş Beynəlxalq Festivalın laureatı adına, 2007-ci ildə isə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl” kitabına yazılıb.

2010-cü ildə Spivakov adına VII Beynəlxalq Musiqi Festivalının laureatı olub.

2011-ci ilin mart ayında Belçikanın Nəmur şəhərində keçirilən “Bravo” IV Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.2014-cü il iyul ayında Yunanıstanın Rodos şəhərində VII Beynəlxalq Musiqi müsabiqəsində 1-ci yeri tutub.

Onun uğurları saymaqla bitmədiyindən, elə burada dayanıb suallarımızı Ceylaya ünvanlayırıq...

 

- Ceyla, musiqi sizin üçün nə ifadə edir?

 

- Musiqi mənim dünyamdır. Bəlkə də musiqiçi ailəsində dünyaya göz açdığım üçün musiqiyə bu qədər bağlıyam. Anadan olduğum gündən qulağımda musiqi səsləri olub. Atam Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konsertmeysteri, Azərbaycan Dövlət Simli Kvartetinin bədii rəhbəri, respublikanın xalq artisti, anam Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, qardaşım skripka üzrə beynəlxalq müsabiqələr və festivalların laureatıdır. O da 2009-cu ildən Prezident təqaüdçüsüdür. Qardaşım və atam skripkada ifa edirdi, anam isə pianoçudur. Piano ilə müqayisədə skripka məni özünə daha çox çəkirdi. Uşaq olsam da, skripkanın səsindən zövq alırdım. Qardaşım skripkada 6 yaşından ifa edirdi. Mənim isə o vaxt 4 yaşım var idi. 4 yaşımda skripkanı necə tutmaq lazım olduğunu bilmirdim. Amma ifa etməyə çalışırdım. Qardaşım skripkaçı, anam pianoçu olmağımı istəyirdi. 6 yaşımda anamla birlikdə Bülbül adına orta ixtisas məktəbinə gəldik. Burada da anamın sözünə qulaq asmayıb, skirpka üzrə təhsil almaq istədiyimi bildirim. 6 yaşım olmasına baxmayaraq, qəti əmin idim ki, skripkaçı olmalıyam. Gələcək karyerama o vaxtdan qərar vermişəm və bir an olsun belə, seçimimdən peşman deyiləm.

 

- Ölkəmizdə və xaricdə bir çox konsertlərdə iştirak etmisiniz. Azərbaycan dinləyicilərinin musiqi zövqünü necə qiymətləndirirsiniz?

 

- Bizim publika maraqlı əsərləri sevir. Əgər proqram həqiqətən yaxşıdırsa, onu dəyərləndirməyi bacarır. Mən həmişə çalışmışam ki, seçdiyim proqramlar maraqlı və rəngarəng olsun. Proqramlarımda şən, qəmli - hər növ musiqiyə yer ayırıram. Səhnədə məni çox güclü alqışlayırlar. Məni həm yaxşı qarşılayır, həm də yaxşı yola salırlar. Avropada da bizim əsərlərə heyranlıqla qulaq asırlar. Mən xaricdə Azərbaycan əsərlərini ifa edirəm. Onların çox xoşuna gəlir.

 

- İlk konsertinizi necə xatırlayırsınız?

 

- İlk konsertim 8 yaşımda oldu. Həmin gün səhnə mənə o qədər xoş gəldi. O zaman bildim ki, mənim üçün ən doğma yer məhz səhnədir. Səhnədən o qədər gözəl enerji, adrenalin alırdım ki… O səhnədə özümü necə hiss etdiyimi sözlə ifadə edə bilmərəm. Başa düşdüm ki, bu mənim çox xoşuma gəlir. İlk səhnə çıxışımdan sonra xəstələndiyim üçün anam digər konsertlərə getməyə icazə vermirdi. Amma mən səhnəyə çıxmaq üçün ağlayırdım.

 

- 19 yaşınız var, bu qədər uğura imza atmısınız. Bunun üçün nə edirsiniz?

 

- Mən uğur qazanmağı 6 yaşımdan qarşıma məqsəd qoymuşam. Məqsədlərlə yaşayan insanam. Düşünürəm ki, həyatda hər kəsin bir məqsədi olmalıdır. Yadımdadır, musiqi məktəbinə gedəndə divarda Prezident təqaüdçülərinin şəklini görmüşdüm. Həmişə o plakatın qarşısında dayanır və deyirdim ki, mən də o insanların arasında olmaq istəyirəm. O zaman 7 yaşım var idi və mən 12 yaşımda Prezident təqaüdünə layiq görüldüm. Arzuladığım kimi, həmin plakatda yerimi aldım. Sonra beynəlxalq müsabiqələrdə iştirak etmək istədim. Bu məqsədimə də çatdım. Uğurumun əsas sirri qarşıma qoyduğum məqsədlərdir. Liderliyə çox meyilliyəm. Bəlkə də bu, şir bürcündən olduğum üçündür.

 

- Gənclər üçün Prezident Mükafatına layiq görülməyiniz haqda xəbəri necə qarşıladınız?

 

- Bu mükafat ölkəmizdə layiqli gənc kimi yetişməyimizdə böyük rol oynayır. Bizə stimul verir. Mən ilk dəfə mükafat alacağımı eşidəndə inana bilmədim. Zəng vurdular ki, sənədlərini götür, nazirliyə gəl. Mən nə baş verdiyini bilmirdim. Prezident mükafatına layiq görüldüyümü bildikdə, çox qəribə oldum. Sanki yuxu görürdüm. Hələ mükafatın üstündən bir neçə gün keçməsinə baxmayaraq, indi də inana bilmirəm. İnternetdə adlarımız çıxanda anam məni qucaqlayıb öpdü. Həmin gün möhtəşəm idi. 600 nəfərin içində mənim adım səsləndiriləndə çox həyəcanlandım, əllərim əsdi. Mənim üçün səhnədə ifa etmək çox asandır, amma çıxış etmək, mükafat almaq bir o qədər çətindir. Çox qəribə gün idi. Hisslərimi sözlə ifadə etmək mümkün deyil.

 

- Bəzən deyirlər, çox uğur insanın başını gicəlləndirir...

 

- Mən Prezident mükafatını alanda hamı deyirdi ki, “Ceyla, artıq sən istədiyinə çatdın, indi çəkil, istirahət elə”. Amma əksinə, uğur qazanmaq mənə stimul verir. İndi bu mükafata layiq olmaq üçün daha çox çalışmalıyam. Mənə yaxşı söz dedikcə, daha da yaxşı olmağa çalışıram. Yaxşı söz, qiymətləndirmə başımı gicəlləndirmir, əskinə, məni ruhlandırır.

 

- Yaxşı musiqiçi olmaq üçün nə etmək lazımdır?

 

- Musiqşiçi olmaq üçün insanın istedadı olmalıdır. İstedad olmasa, o insan nə qədər məşq etsə də, ondan musiqiçi çıxmaz. Yaxşı musiqiçi öz üzərində daim işələməli, özünü inkişaf etdirməli, ölkəmizi xaricdə tanıtmaq üçün əlindən gələni etməlidir.

 

- Xaricdəki festivallarda Azərbaycan musiqisini necə dəyərləndirirlər?

 

- Festivallarda bütün dünyadan iştirakçılar olur. Baxıram ki, kimdən nə öyrənə bilərəm. Amma sonda görürəm ki, elə ən yaxşı bizik. Həqiqətən bizim xalq çox istedadlı xalqdır. Lakin gənclərimiz tənbəlliyə meyillidir. Festivallarda iştirak edənlər 10 saat məşq edirlər. Biz isə 1-2 saatlıq məşqlə səhnədə xarüqələr yaradıb birinci ola bilirik. İlk olaraq Azərbaycanın adını eşidəndə, düşünürlər ki, “Azərbaycandır da, nə edə bilər ki?”. Amma biz qalib gələndə şoka düşürlər. Birinci yerə çıxanda hamı məni qucaqlayır və ilk sualları bu olur ki, “Bakıda sənin müəllimin kimdir?” Heab edirəm ki, bizim gənclərimiz Azərbaycanı həmişə yüksək səviyyədə təmsil etməlidir. Azərbaycan hər yerdə birinci olmalıdır.

 

- Gələcək planlarınız nədir?

 

- Skripka üzrə bakalavr təhsilimi başa vurub, magistr təhsilimi xaricdə almağı planlaşdırıram. Vətənimə, millətimə xeyirli ola bilmək üçün əlimdən gələni edəcəm.

 

Aygün ƏZİZ

Kaspi.-2015.-13 fevral.-S.19.