Qəmər
Almaszadə-100
Səhnəmizin
şahzadəsi
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Ondan söhbət düşəndə sənət dostları səmimiyyətlə deyərdilər ki, qədəmi sayalıdır. Çünki xalq artistinin sənət bioqrafiyasında zəif partiya, zəif rəqs yoxdur. Qəmər Almaszadənin məharətli ifaçılığı sayəsində həmişə səhnədə əsil sənət inciləri doğulardı. Milli rəqslərimizin mahir ifaçısı, baletmeystr, pedaqoq və ilk azərbaycanlı ballerina Qəmər Almaszadənin anadan olmasının 100 illiyinin dövlət səviyyəsində keçirilməsilə bağlı Prezident İlham Əliyev bu yaxınlarda sərəncam imzalayıb. Xalq da, dövlət də həmişə Qəmər Almaszadəyə hörmət və məhəbbətlə yanaşıb. Yadımdadı on il öncə Qəmər xanımın 90 illik yubileyində cənab İlham Əliyev sənətkara ünvanladığı təbrik məktubunda öz rəğbət və ehtiramını belə bildirirdi: “ Avropa və rus klassiklərinin şah əsərlərində yaratdığınız rəngarəng, dolğun səhnə obrazları, öz təkrarolunmaz ifa tərzi və yüksək, peşəkarlıq səviyyəsinə görə əsil sənət inciləridir. Sizin milli balet əsərlərində ifa etdiyiniz partiyalar Azərbaycan xoreoqrafiya sənətinin misilsiz nailiyyətləri sırasındadır”.
Qəmər Almaszadə 1915-ci ildə Bakıda anadan olub. Səhnə fəaliyyətinə 15 yaşından başlayan Qəmər xanım
1936-cı ildə Leninqrad
Xoreoqrafiya Məktəbini
bitirən ilk azərbaycanlı
qadındır. Bu görkəmli sənətkarın
bioqrafiyasını vərəqlədikcə
heyrətə gəlirsən.
O. ötən əsrin
əvvəllərində, hələ
də qadının səhnədə görünməsinə
yasaq qoyulduğu bir vaxtda bu
qadağalardan sıyrılıb
məhz opera və balet səhnəsinə gəlmək, baletmeystr olmaq, eləcə də 30-cu illərin ağır repressiyalarından
qurtulub sənət fədaisinə, ulduzuna çevrilmək o qədər
də asan deyildi. Kim bilir,
o məşəqqətli, ağır
illərdə Qəmər
Almaszadə hansı möhnəti, əzabı,
sitəmi çəkib?
Özü bu barədə
danışmağı sevməzdi,
amma sözlərinin, cümlələrinin ahəngində
keçirdiyi ağır
həyat yolunun hansı dolaylardan ötdüyünü anlamaq
olurdu.
İncəsənətin müxtəlif sahələrində
ilkin olmaq səadəti taleyinə yazılanlardan biri də məhz Qəmər Almaszadə idi. O, 1936-cı ildə Mirzə
Fətəli Axundov adına Azərbaycan
Dövlət Opera və
Balet Teatrının solisti olmuş, bir sıra tamaşalarda
yadda qalan obrazlar yaratmışdır.
Peşəkar milli baletin yaradılması və inkişafında əhəmiyyətli
rol oynayan, fədakarlıq göstərən
ilk azərbaycanlı qadın-
Qəmər Almaszadə
həm də müsəlman Şərqində
ilk ballerina olub. Sənətşünaslar onun haqqında danışanda həmişə
bir fikri təsdiqləyiblər ki,
Qəmər Almaszadə
yüksək ifaçılıq
məharəti sayəsində
klassik xoreoqrafiya ənənələri ilə
Azərbaycan xalq rəqslərini ahəngdar
şəkildə birləşdirərək
səhnədə böyük
nailiyyətlər yaradardı.
Məhz onun təkrarolunmaz ifa tərzi, məharəti hesabına Azərbaycan mədəniyyətində
əsil sənət nümunələri meydana
çıxdı.
Qəmər xanımın böyük
həvəslə yaratdığı
rollar ifa tərzi, incəliyi ilə seçilərdi. Bu fikir dəfələrlə
vurğulanıb ki, məhz Qəmər Almaszadə ilk dəfə
olaraq Azərbaycan
opera və balet səhnəsinə təbiilik,
gözəllik, cazibədarlıq
və məlahət gətirdi.
O, uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri olmuş, Soltan Hacıbəyovun “Gülşən”,
R. Qlierin “Qırmızı
lalə”, P.İ. Çaykovskinin
“Yatmış gözəl”,
və s. baletlərini
səhnəyə qoymuşdu.
Qəmər Almaszadənin repertuarında
Medora, Odetta, Odiliya, Maşa və başqa partiyalar son dərəcə gözəl
və təsirli alınmışdı. Qəmər Almaszadə
həm də Azərbaycan Dövlət Filarmoniyasının rəqs
ansamblının yaradıcılarından
sayılırdı. O, 1937-1938-ci illərdə bu ansamblın bədii rəhbəri vəzifəsində
çalışıb. Bir faktı
da deyək ki, Qəmər xanım Əfrasiyab Bədəlbəylinin həyat
yoldaşı olub.
O, Əfrasiyab Bədəlbəylinin
1940-cı ildə yaratdığı
ilk Azərbaycan baleti olan “Qız qalası”nın tərtibatını verib.
Qəmər xanım bu baletdə Gülyanaq partiyasının ilk ifaçısı
kimi də adını tarixə yazıb.
Qəmər Almaszadə Opera və
Balet səhnəsində
Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Çingiz Babayev kimi balet ustaları
ilə birlikdə çalışmış, bu
səhnədə böyük
uğurlar qazanmışdır.
Unudulmaz sənət fədaisi yalnız əsərlərə
quruluş verib, balet tamaşalarında çıxış etməklə
kifayətlənməmişdi. O, həm də görkəmli pedaqoq idi. 1936-cı ildən
ömrünün sonuna
kimi Bakı Xoreoqrafiya Məktəbində
dərs deyərək
milli xoreoqrafiya kadrlarının hazırlanmasında
böyük əməyi
olmuşdur. İfaçılıq
fəaliyyətini pedaqoji
sahəyə yönəldərək
Azərbaycan səhnəsi
üçün rəqqaslar
yetişdirməklə məşğul
olan Qəmər Almaszadənin dərs dediyi tələbələr
arasında indi məşhur baletmeysterlər
var. Təkrarolunmaz sənətini
və yüksək peşəkarlıq səviyyəsini
yetirmələrinə ürəklə
öyrədən Qəmər
Almaszadənin sevimli tələbələrindən biri
də Leyla Vəkilova olub.
Şəxsi həyatında xiffətlər
çəksə də
Qəmər Almaszadə
bir sənətkar kimi xoşbəxt idi. Çünki onun yaşadığı
sənət yolu parlaq və şərəfli olmuşdur.
Çəkdiyi zəhmət, göstərdiyi
xidmət həmişə
yüksək qiymətləndirilmişdir.
Qəmər Almaszadəni yalnız
öz vətənində
deyil, dünyanın bir çox ölkələrində yaxşı
tanıyır və rəğbətlə qarşılayardılar.
Bir fakt da maraqlıdır
ki, o, 1970-1971-ci illərdə
İraqda ilk peşəkar
xalq rəqs ansamblını yaratmışdır.
Onun “Koroğlu” operasında canlandırdığı Rəqqasə
haqqında həmişə
xoş sözlər yazıblar. Ümumiyyətlə, Qəmər Almaszadə
hansı tamaşada olsaydı, o əsər mütləq uğur qazanardı.
Onu Azərbaycan səhnəsinin
“şahzadəsi” adlandıranlar həqiqətən haqlı
idilər. Bu sənətin
ardıcılları çox oldu, özünün də
bəyəndiyi, dəyərləndirdiyi az
deyildi. Amma neyliyəsən
ki, ulduzlar
saysızdır, günəşlə ay təkdi.
91 yaşında dünyasını dəyişmış Qəmər
Almaszadə bizim xəyalımızda bax elə bu şəkildəki
kimi də qalmaqdadır...
Kaspi.-2015.-17 fevral.-S.13.