Yaşlı aktyorlarsız teatr
Və ya
yalnız gənclər üzərində qurulan
məbəd bizə lazımdırmı?
“Onlara
teatrda ehtiyac
varmı?” sualına cavab axtarılan
Rusiyanın “Teatral” jurnalında
yaşlı aktyorlarla bağlı
aparılan müzakirələrdə sənətsevərlər:
“Dramaturgiya gənclərə çox güvənir, amma
hər bir teatrda
yaşlı aktyorlar lazımdır” - deyə
cavab veriblər. Ən çox
eşidilən isə: “Yaşlı aktyorlarsız teatr öz ənənəsini
itirəcək”- fikri olub.
Məsələn, aktyor Yuri
Solominin fikrləri birmənalı səslənib:
“Yaşlı aktyorlar evdəki Ata və Ana, Baba və Nənə kimi
lazımdır. Onlar ona
görə lazımdır ki, gələcək
nəsli tərbiyə edirlər. Eyni
sözləri yaşlı və gənc aktyorlar
haqqında da demək olar”.
Elə ötən il
dünyasını dəyişən Taqanka
Teatrının yaradıcısı və bədii rəhbəri
Yuri Lyubimovun
timsalında da bunu təsdiqləmək
olar. Ömrünün
80 ilini teatra həsr
edən rus teatrının patriarxı 97
yaşında dünyasını dəyişdi. Heç kəs də onun
haqqında demədi ki, düşüncələri
modern teatra uyğun gəlmir və ya
daha istirahətə ehtiyacı var. Rusiyada incəsənət
aləmində yaxşı başa
düşürdülər ki, Lyubimov kimi sənət
adamları son mənzilə də
çalışdıqları ünvandan
getməlidirlər.
Teatr və kino aləmində
yaşlılara böyük yer verildiyi, hətta sənətin
meyarlarının onlar tərəfindən
müəyyən edildiyi qonşu
ölkədə narahatlıq doğuran
sualların həllini, deyəsən, bizim
teatrlar öz öhdəsinə
götürüb. Həm də deyəsən, ahıl aktyorların
xeyrinə yox...
Gerçək mənzərə
belədir ki, 65 yaşını adlayan aktyorlar təqaüdə
göndərilir və gərəkirsə bəziləri ilə
müqavilə bağlanılır. Fəxri adları olanlara isə “hörmət” əlaməti olaraq səhnəni 70 yaşında tərk etməyə
qədər güzəşt edilir.
Əlbəttə, təqaüd
yaşı hər kəsə şamil
edilməlidir. Xüsusən, əgər bunu
qanun da tələb
edirsə. Amma, əgər bunda
istisnalar varsa, onda necə? Məsələn, tutaq ki, AMEA-nın bütün institutlarının əksəriyyətini
65 yaşı çoxdan adlayan
alimlər təşkil edirsə, elm mərkəzinin
prezidenti də “elmimizdə bir az qocalma
gedir, ancaq onlar püxtələşmiş alimlərdir”-
deyə bunu etiraf edirsə,
ali məktəblərimiz bu
yaşını adlayan pedaqoqlarsız
keçinə bilmirsə... onda bu güzəştdən aktyorlara
niyə pay düşməsin?
Lap
elə uzağa getməyək...Əgər
bu teatrın səhnəsində
Ağasadıq Gəraybəyli 90 yaşında, özü də gözü
şikəst halda “Xurşudbanu
Natəvan” tamaşasında səhnəyə
çıxıbsa, yaxud bu
qocaman teatrın bir çox aktyorları elə bu
səhnədə qocalıbsa və bu prosesin sənət
ocağında nə gənclərin gəlişinə, nə
tamaşa hazırlamasına, nə rollar almasına, nə də onların
yetişməsinə heç bir maneçiliyi
olmayıbsa, onda bu gün nələr baş
verir?
Dərnək səviyyəsindən
də aşağı?
Köhnə palan içi tökmək
fikrindən uzaq olub bir az yaxın
keçmişə nəzər salmaqla Akademik Milli Dram Teatrında baş verənləri
xatırlayaq. Xüsusən son illər səhnəsində
“fərdlərin” əsərlərinə daha
çox yer verildiyi və demək olar
ki, əvvəlki illərdəki kimi hadisəyə çevrilməyən
tamaşaların oynandığı teatrın adı daha çox bu tip qalmaqallarda
hallanır. Aktyor və rejissorlarla müqavilə
məsələsi ətrafındakı söz-söhbətlərin
səngiməsindən çox keçməmiş
“yaş” məsələsi meydana çıxdı. Hərçənd bəzi
aktyorların gündəmə səs salan
açıqlamalarından sonra teatr rəhbərliyi onlara
yenidən “şans” verib
yenidən müqavilələr bağladı. Etiraf edək ki, “şans” qazanan aktyorlar arasında teatra
yararlı, tamaşaçıların sevimlisi
olan istedadlı aktyorlar
da vardı. Ancaq
sonrakı illərdə yarpaq tökümü bir qədər
səssiz davam etdi.
Qeyd edim ki,
“Azdrama”nın səhnəsini tamaşaçı
alqışı ilə titrədən aktyorların çoxu həyatdan köçüb.
Hələ Azərbaycan teatrının adını tarixə yazan köhnə pleyadadan əsər-əlamət
də yoxdur. Günümüzün
bəzi, hələ teatra töhfələrini
verməyə qadir olan
aktyorları, sadəcə, içərisində olduqları mənzərə
ilə barışmayaraq öz ərizələri
ilə teatra vida deyiblər.
Məsələn, ölkənin tanınmış kino və teatr aktrisası
Zərnigar Ağakişiyeva, Məcnun
Hacıbəyov. Kubra Əliyeva... kimi hələ səhnəyə yararlı aktyorlar teatrdan uzaqlaş(dırıl)ıblar. Hərçənd
Zərnigar xanım gedişini özünün şəkər xəstəliyi
ilə əlaqələndirsə də, 40 il
səhnədə külüng döyən
aktrisanın hələ bundan sonra da sanballı rollar oynaya biləcəyinə
ümidlər çox idi.
Eləcə də dünənə qədər
evsizlik üzündən teatrda
yaşayan Məcnun Hacıbəyov kimi istedadlı, tamaşaçıların üz-gözünün öyrəşdiyi aktyor probleminin həll
olunmaması üzündən köçünü
çəkərək doğma rayonuna – Qubaya
qayıdıb. Yaxşıları qiymətləndirməyə
alışmadığımızdan teatrın rəhbərliyi
onu saxlamağa heç cəhd də göstərməyib...
Nəticədə isə tamaşaçılar gözəl bir aktyor oyunundan
məhrum olub, səhnə istedadlı bir aktyoru itirib.
Yeni ildən bir neçə
gün öncə isə Akademik
Milli Dram Teatrında ilin yekunlarına həsr olunan
iclasda aktyorlarla direktor İsrafil İsrafilov arasında qalmaqal
yaşanması barədə xəbərlər gündəmə
gəldi. Belə ki, aktyorların bəziləri
yaradıcı heyətlə iş prinsipinin direktor tərəfindən
düzgün qurulmadığını, onlara qarşı hörmətsizlik edildiyini bildiriblər.
2015-ci ildə teatrda ciddi dəyişikliklər,
aktyorlara diqqət arzusu
ilə yaşayan kollektivin
əksər üzvü ümumiyyətlə,
nizam-intizamdan narazılıq edir. Məsələn, Xalq
artisti İlham Əsgərov
bildirib ki, ən böyük bəla dərnək səviyyəsində
olan aktyorların teatrda
tamaşa hazırlamasıdır. “Elə adamlar gətirib ki, nə rejissorluqdan xəbəri var,
nə də başqa şeydən. Öz aktyorlarımızı qoyub
başqa yerdən aktyor
gətirir. Tamaşalarımızı da görürsünüz, hansı səviyyədədir?
Akademik Milli Dram Teatrının tamaşalarının əksəriyyəti
çox zəifdir. Dərdimiz böyükdür. Hər ildə 4-6 tamaşa hazırlayardıq. Bu
gün teatrda tamaşa hazırlayan rejissorları heç kim tanımır.
Dərnək səviyyəsindən də aşağı rejissor tamaşa qurur. Belə olmaz
axı?”- deyə o, teatr
rəhbərinin ünvanına səslənib.
Hərçənd
teatrda islahatlar adı
ilə işlər görülsə də, bu,
sənət ocağında son illərdə
hansısa möhtəşəm tamaşanın səhnəyə
çıxdığına və ya
teatrın öz ətrafında yalnız
istedadlıları cəmləşdirdiyinə heç
bir əsas vermir. Çünki nə belə əsərlər var, nə də ona can verəcək heyət.
Növbə Valehə
çatdı
Bir ara Gənc
Tamaşaçılar Teatrında da oxşar problemlər yaşandı. Belə ki, teatrın bir qrup yaşlı və gənc aktyoru
redaksiyamıza üz tutaraq
sənət ocağındakı hərc-mərclikdən
şikayətləndi. Sonradan
narazılıqlar hansı qaydadasa aradan qaldırıldı. Yəni ürəklərdən
silinməsə də, üzdə müəyyən münasibətlərə
sığal çəkdi. Vulkan
püskürməməsi üçün
teatrın hansısa yaşlı bir aktyorunu danışdırmamaq məsləhətdir.
İndi də növbə Sumqayıt Teatrına
çatdı. Bir müddət öncə
hamının “Bəxt üzüyü”
filmindən yaxşı tanıdığı Xalq
artisti Valeh Kərimovla
yaşananlar diqqət mərkəzinə
gəldi. Mövcud aktyor
potensialımız içərisində az-çox
üzə çıxarmalı olan aktyorlardan olan Valeh Kərimovun teatrdan
çıxarılması yaşla
bağlı olsa da, aktyorun narazılığında yer alan həqiqətlərə
arxa çevirmək olmaz.
Teatrın rəhbərliyi aktyora
müqavilə təklif olunduğunu
bildirsə də, aktyor bunu
təkzib edib. Valeh Kərimov
teatr rəhbərliyinin qərarından
narazılığını ifadə edib
və ona müqavilə ilə işləmək
təklif olunmadığını söyləyib:
“Yaşıma görə çıxarılacağımı
düşünürdüm. Ancaq müqavilə əsasında işləyəcəyimi
zənn edirdim. Onu da etmədilər. Mən teatrdan
210 manat maaş
alırdım. Bu pul mənim
yolpulum etmirdi. O məbləği
mən Bakı teatrlarında 1-2 rol oynamaqla qazanıram. Sumqayıt teatrı mənə
doğma idi.
İnanmırdım ki, mənimlə belə
qurtara, sağollaşa
bilərlər. Bu, mənə çox ağır gəldi. Mən o gündən özümə gələ bilmirəm”.
Əslində bu, təqaüd yaşına çatan
aktyorların əksəriyyətinin taleyidir.
Valeh Kərimov bu mənada
ümumiləşdirilmiş obrazdır. Özünü
teatra həsr edən, nəfəsi sənətlə
yoğrulan, teatrı ikinci
evi sayan, amma sonunda güzəşt
olunmadan qapısı göstərilən teatr aktyorlarının ümumiləşdirilmiş
obrazı.
Aktyorlar başqa peşə
sahiblərindən bir qədər fərqlənirlər
- bunu təkcə mən demirəm. Əgər
canlarında su varsa, səhnədə
oynamaq iqtidarındadırlarsa, onların
istedadlarından yararlanmaq lazımdır.
Bizə kinoda yaşlı aktyor
obrazları hava və su
kimi lazım olduğu
qədər, teatrda da
qocaman aktyorlara çox ehtiyac var. Daha dəqiq desəm, teatr onlarsız qərar tuta
bilməz. Teatrı səhər məşqlərə
gəlib, axşam tamaşasındakı rolunu dublyorla əvəzləyib
tamadalıq üçün toylara və ya tədbirlərə
qaçan bəzi gənc aktyorların
teatrına da çevirmək olmaz. Ən azı yaşlı aktyorların
işə yanaşmalarının arxasında həmişə
məsuliyyət və intizamları durur.
Balıq susuz yaşamadığı kimi onlar da
səhnəsiz yaşaya bilmirlər. Bunu isə həmişə deyirlər.
Qəribədir
ki, bu gün
“teatr fədakarlıq tələb edir” - deyib Xalq
artisti Ağasadıq Gəraybəylinin 90
yaşında, həm də gözü
şikəst halda səhnəyə
çıxdığını müsahibələrində misal gətirən, gənc aktyorlara
örnək kimi göstərən
insanların özləri yaşlılara sayğısızlıq
göstərirlər. Əgər böyük
aktyorun “Xurşudbanu
Natəvan”da səhnəyə çıxmasını sənət
yanğısı adlandırırlarsa, onda
bu yanğını içində gəzdirən
onlarla digər aktyorlara
niyə həmin meydan verilməsin? Məgər
teatrlarda yaxşı tamaşanın yoxluğunun günahı yaşlı
aktyorlardır? Bəyəm kassaların qabağında olmayan növbələrin səbəbkarı
aktyorların yaş senzi
ilə bağlıdır? Məgər zalın korporativ bilet
satışı ilə doldurulmasına görə qocaman aktyorlar cavabdehlik daşıyır? Axı
insanların dilində az-çox “teatr” kəlməsi qalıbsa, buna
görə məhz onlara minnətdar olmaq lazımdır – yaşlı aktyorlara.
Aktyorlar xüsusi diqqət istəyir.
Bu diqqətə həssaslıq hissini də qatsaq, əlbəttə,
daha gözəl olar.
Əgər bu gün
“teatr məbəddir” deyiriksə, məbədə
yolumuzu məhz onlara
görə salırıq. O aktyorlardan zövq almaqdan ötrü.
Bir də nəsillərlə davam
edən “atalar-oğullar” problemini
təcrübəli, ömrünü sənətə
həsr edən insanların üzərindən xətt çəkməklə
həll etmək olmaz. Təbii prosesi elə zamanın öz
axarına buraxmaq daha
yaxşı olmazmı?
Təranə Məhərrəmova
Kaspi.-2015.-18
fevral.-S.9.