Az qala şair olmuşdum”
Akademik İsa Həbibbəyli:
“İndi də bir gün yazmasam, xəstələnər,
oxumasam, ölərəm”
Arpa
çayının qəlbində və həyatında
böyük yer tutduğunu deyir. Bu çayı həyatının
rəmzi, torpaq, kənd duyğusunun, vətən hissinin
nümunəsi sayır. Düşünür ki, ədəbiyyata
marağının əsas qanadında Arpaçay
romantikası durur. Şəxsi taleyində, həyata, insanlara
baxışlarının formalaşmasında, xüsusən də
ədəbiyyat düşüncəsində bu çayın
böyük rolu var.
Müsahibimiz Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri
doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi
üzvü, akademik, millət vəkili, 16 il Naxçıvan
Dövlət Universitetinin rektoru olmuş İsa Həbibbəylidir.
Həmsöhbətimiz uşaqlığından və gəncliyindən
o qədər maraqla danışdı ki, biz də İsa
müəllimlə birlikdə o illərə gedib
çıxdıq...
“Arpa çayı ruhumda böyük
yer tutur”
İ.Həbibbəyli
1949-cu il oktyabrın 16-da Naxçıvan
Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində
anadan olub. Uşaqlığı nağıllı, əfsanəli
Arpaçayın ətrafında yerləşən bu kənddə
keçib: “Uşaqlığım Arpaçayda üzməklə
keçib. Dağ çayı ilə dənizdə
çimmək fərqlidir. Dağ
çayı yuxarıdan aşağı axır və orada
müvazinəti saxlamaq çətindir. Dostlarımla
birlikdə nəinki çayın axını istiqamətində
üzür, hətta axına qarşı üzməyi sevərdik.
Həmişə evimizdə Arpaçayın nəriltisi
gəlirdi. Biz Arpa çayının səsi
ilə yatar, onun səsi ilə də oyanardıq. Buna görə də Arpa çayı mənim
ruhumda böyük bir yer tutur”.
“Sevirəm,
a məktəb, məni yüksəlt”
Həmsöhbətimiz
atası ilə bağlı maraqlı xatirələrini də
bizimlə bölüşdü: “Böyük Vətən
Müharibəsinin iştirakçısı olan atam ibtidai
sinif müəllimi idi. Eyni zamanda yuxarı siniflərdə
nəğmə və əmək təlimi dərsini də
keçirdi. Atamda çox dərin elm,
maarif yanğısı var idi. 7 qardaş,
1 bacı idik. Atam bu böyük ailəni
təkbaşına saxlayardı. Bir
neçə ay bizə də nəğmə dərsi
demişdi. Bəy nəslindən olan
atamın Cahandar ağa tipində çox sərt xasiyyəti
var idi. Onun zümzümə etməsini heç kim eşitməmişdi. Bir-iki dəfə,
xüsusən, bağçada təkbaşına işləyəndə
kənardan eşitdiyim zümzüməsinə görə
atamın özünəməxsus səsə malik olduğunu
hiss etmişdim. Nəğmədən dərs
deməsinə baxmayaraq, hər vaxt dərsdə oxumağa həvəsləndirməklə
kifayətlənərdi. Gözəl səsləri olan
sinif yoldaşlarım Zeynəb və Nazilə o vaxt məşhur
olan “Sevirəm, a məktəb”
mahnısını çox məharətlə ifa edirdilər.
Bir dəfə atam onların gözəl
ifasından təsirlənərək sinifdə özü də
oxudu. O mahnı indiki kimi qulağımdadır və o,
sonrakı həyatımın fəlsəfəsinə
çevrildi. Sözləri belə idi:
Bir
çiçəyəm sosializmin bağında,
Hər cür çiçək vardır sağ və
solumda.
Ölürəm,
a məktəb, məni yüksəlt, məni,
Sevirəm,
a məktəb, məni yüksəlt, məni.
Yəni sosializmin bağında 100 çiçək
olsa da, içərisindən elm-maarif çiçəyini
sevərək məni yüksəlt. Atam onu elə təşnəli
şəkildə ifa etdi ki, o çağırış bu
günə qədər mənim qulağımdadır. Atamın tövsiyəsinə əsasən, bizim ailədə
hər kəsin ilk və ən böyük vəzifəsi
oxumaq, öyrənmək idi. Buna görə
də həm biz - övladları, həm də atamın nəvələri
oxumağı, təhsil almağı hər şeydən
üstün tutdular”.
“Əli
qabarlı, düyünlü atam”
İsa Həbibbəyli
səkkiz uşağı saxlamaq üçün
atasının yalnız müəllimliklə kifayətlənmədiyini
deyir: “Atam həm də öz bağçamızın mükəmməl
bağbanı idi. Dərsdən sonra
böyük həyətyanı sahəmizdə bağban kimi
çalışırdı. Bağımızda
yazdan qışa qədər yetişən hər cür meyvə
ağacı var. Atam bizi də zəhmətə
alışdırmışdı. Qardaşlarımla
hər birimizin kərəntisi, dırmığı,
bel-kürəyi var idi. Təsərrüfat
işində atama kömək edir, bağçamızın
barından istifadə edib minnətsiz yaşayırdıq.
Müəllim olmasına baxmayaraq, atamın əlində
düyün (qabarın üstündə yaranan qabar – İ.H.)
var idi. Biz böyüyüb iş-güc
sahibi olanda, ha elədik ki, atam həyət-bacada işləməkdən
əl çəksin, amma o, dünyasını dəyişənə
qədər əlidüyünlü yaşadı. Maarifçilik, zəhmətkeşlik və şəxsiyyətin
bütövlüyü atamdan bizə, atama da bəy
babalarından qalan mirasdır”.
“Döyülürdük,
amma yenə Arpaçaydan əl çəkmirdik”
Uşaqlıq
xatirələrindən danışan akademikin sözlərinə
görə, uşaqlıqda bir az dəcəl
olub: “Müəllim ailəsində böyüyən
uşaqlar çox dəcəl ola bilməzlər. Mənim dəcəlliyimi romantika adlandırmaq daha
doğru olardı. Yayda yaylağa gedərdik.
Kəndimizlə yaylaq arasındakı məsafə
30 km-dən çox idi. O yolun yarısından
çoxunu, xüsusən dağdan arana qayıdanda valideynlərimdən
xəbərsiz bir uşaqlıq dostumla piyada gedərdik. Bəzən evdəkilər məndən xəbərsiz
intizarda qalırdılar. Uşaq vaxtı
bunun fərqinə varmırdım, hətta gecələr uzun
yolları piyada getdiyim vaxtlar da olurdu. İndi
fikirləşirəm ki, valideynlərim, bibim mənə
görə çox həyəcan keçirirmişlər”.
Bir az romantik, öz fantaziyasına uyğun işlərlə
məşğul olan həmsöhbətimizin valideynləri tərəfindən
döyüldüyü vaxtlar da olub: “Aprelin sonu, mayın əvvəli
Arpaçayın ən gur axan vaxtı idi. Çay
qarama kimi gəlirdi. Həmin vaxt dəfələrlə
çayda boğulub dünyasını dəyişənlər
olmuşdu. Buna görə valideynlər
uşaqlarına həmin vaxtlarda çayda çimməyi
tövsiyə etmirdilər. Amma bir neçə
uşaqlıq dostumla birgə məhz Arpaçayın
daşaraq ağacları yıxıb gətirdiyi vaxt
çayın bu tayından o tayına üzüb qarşı
sahilə çıxardıq. Suyun rəngi
o qədər qara olurdu ki, evdə çayda çimdiyimizi
gizlətmək mümkün deyildi. Hər il danlansaq da, döyülsək də, mütləq
Arpaçayın coşub-daşdığı vaxt
çimirdik. Bu, Arpaçaya ürəkdən
bağlı olmağımızın əlamətləri idi”.
“Atam
bunları bizə bağışlamazdı”
Uşaqlıq,
yeniyetməlik dövründə müsahibimizin dərinliyi cəmi
iki metr olan sevdiyi çaya kəllə vurmağı da var
imiş: “Kəndin iki tərəfinin gediş-gəlişini təmin
etmək üçün Arpaçayın üzərində
dəmir körpü salmışdılar. Körpüdən
çaya 10 metr məsafə var idi. Çox az uşaq körpüdən özünü
çaya ata bilirdi. Çayın dərinliyi
uzağı iki metr olduğundan maili düşməli idin ki,
düşən kimi üzəsən. Əks
təqdirdə, başın bədənindən ayrıla bilərdi.
Kəndimizdə cəmi 5-6 nəfər bunu
bacarırdı. Onlardan biri də mən
idim. Bu hərəkətimin üstündə
həmişə danlanardım. Qeyd edim ki, bizim
evdə möhkəm qayda-qanun hökm sürürdü.
Sərt xasiyyəti olan atam belə şeylərin
heç birini bizə bağışlamırdı. Amma Arpaçaya çox bağlı olduğum və
yoldaşlarımı tək qoymamaq üçün çox
vaxt bunu edirdim. Atamın həmin vaxtlarda
verdiyi öyüd-nəsihət və cəza formalaşmağımda
böyük rol oynayıb. Atam mənə
yalnız dərslərimi yaxşı oxuduğuma görə
güzəşt edirdi”.
Yüksəklikdən
suya tullanmağı son dəfə 2003-cü ildə Maltada
olarkən səyahət gəmisinin dor ağacından dənizə
tullanmaqla gerçəkləşdirib: “Yəqin bu,
axırıncıdır. Lakin, gəzdiyim-gördüyüm
ölkələrin ətrafında çay, yaxud dəniz
olubsa, heç şübhə yoxdur ki, mən orada
üzmüşəm. Cəmi bir dəfə
Cənubi Koreyada olan vaxt mənə Sakit okeanda üzmək
qismət olub. Etiraf edim ki, mənimçün
heç bir çay və dəniz, hətta okean da Arpaçayın
yerini verə bilməyib”.
4-cü
sinifdə ədəbiyyatçı olmaq arzusu
Ədəbiyyatçı
olmağına dördüncü sinifdə oxuyanda qərar verən
İsa Həbibbəyli bunda iki böyük amilin rol
oynadığını deyir: “Bunlardan biri müəllimim
Arpaçay və onu əhatə edən dağlar idi, digəri
isə dayımın kitabxanası. Dayım kəndimizdə
ədəbiyyat dərsi deyirdi. Onun
kitabxanasından götürüb oxuduğum ilk əsər
Mirzə İbrahimovun “Gələcək gün” romanı idi.
Baxmayaraq ki, dördüncü sinfin yaş
xüsusiyyətlərinə uyğun deyildi, ədəbiyyata gəlməyimdə
böyük rol oynadı. Sonra kənd
klubunun tərkibindəki kitabxanadan Puşkinin “Ruslan və
Lyudmila” əsərini götürüb oxudum. Yayda yaylağa gedəndə isə “Koroğlu”
dastanını da özümlə apardım. Onu da deyim ki, “Koroğlu” dastanını sonradan dəfələrlə,
hətta indinin özündə də oxumuşam. Amma dördüncü sinifdə yaylaqda oxuyaraq
aldığım təəssüratdan daha çox təsirlənmişəm.
İndi şəxsi kitabxanamda 21 mindən
çox kitab var”.
Şairlikdən
saxlayan hadisə
Beləcə, dördüncü sinifdə ədəbiyyatçı
olmağa qərar verən həmsöhbətimiz 13
yaşından bütün ədəbiyyatçı olmaq istəyənlər
kimi cızmaqara şeirlər yazmağa başlayır. Şeirlərini
hələ də saxladığını deyir. Hətta şeirləri respublika və rayon qəzetlərində
çıxmağa başlayır. Arpaçay
haqqında yazdığı mənsur şeirini “Kommunist” qəzetində
çap edirlər: “Az qala şair olmuşdum. Çox
təsadüfi bir hadisə məni şair olmaqdan saxladı.
Üçüncü kursda oxuyurdum. Elm günlərinin keçirilməsi münasibətilə
Bakıdan universitetimizə tələbələrlə
görüşmək üçün alimlər gəlmişdi.
Gələn heyətin içərisində
akademik Məmmədcəfər Cəfərov da var idi. Nitqi zəif olan Məmmədcəfər müəllim
məruzəsini üzündən oxuyurdu. Buna
baxmayaraq, sənətkar və zaman mövzusunu əhatə edən
məruzə məni çox cəlb etdi. Bir neçə
sovet yazıçısı haqqında heç bir ədəbiyyatda
olmayan məlumatlar verdi. Başa
düşdüm ki, zamanı qabağa aparmaq üçün
sənətkarın böyük rolu, missiyası, ümummilli
vəzifəsi var və əsl sənətkarlar bu yolda ciddi fəlakətlərə
hazır olublar. Anladım ki, tədqiqatçıların
çoxu belə şeyləri yazıb oxuculara
çatdırmayıb. Zaman və sənətkar
məsələlərini dərindən izah etmək yeni tipli
bir ədəbiyyatçı tələb edir. Mən Məmmədcəfər müəllimin həmin
məruzəsindən sonra qəti qərara gəldim ki,
şeir yazmaqla yox, elmi fəaliyyətlə məşğul
olacağam. Siqaret çəkməyi tərgitmək
nə qədər çətindirsə, şeir
yazmağı tərgitmək də bir o qədər çətin
olur. Amma mən bunu bacardım. Akademik Məmmədcəfər Cəfərov mənim
elmdə idealıma çevrildi. O, sonradan mənə dərs
dedi. Bu gün də özümü onun tələbəsi
hesab edirəm. Məmmədcəfər
müəllimdən başqa iki böyük alimi də müəllim
səviyyəsində qəbul etmişəm. Onlardan biri Aristotel, digəri Belinskidir. Mən
Aristotelin “Poetika”sını və Belinskinin “Ədəbiyyatın
növlərə və şəkillərə bölünməsi”
əsərini az qala şeir kimi əzbər
öyrənmişdim.
Əlbəttə, uzun illərdir, ciddi elmlə məşğulam. Amma arabir “sandıq
ədəbiyyatını” zənginləşdirməli oluram.
Ədəbiyyatçı olub şeir yazmaqdan
tam xilas olmaq çətindir, bəlkə də lazım deyil.
Ancaq hansı sahəyə - elmə, yoxsa
şeir yazmağa nə qədər üstünlük vermək
ən vacib məsələdir. Məndə
ədəbiyyatşünaslıq qalib gəldi”.
“Yataqxana
universitet içində universitetdir”
Qeyd edək ki, İsa Həbibbəyli Azərbaycan
Dövlət Pedaqoji İnstitutu Naxçıvan
filialının dil-ədəbiyyat fakültəsində təhsil
alıb və buranı fərqlənmə diplomu ilə
bitirib. Tələbəliyinin
böyük bir hissəsini yataqxanada qaldığını
deyən müsahibimiz yataqxana həyatının çox
maraqlı keçdiyindən danışdı: “Uzun illər
Naxçıvan Dövlət Universitetində rektor işləmişəm.
O zaman bir daha bu qərara gəldim ki, yataqxana universitet
içində universitetdir. Tələbə
olanda da bu fikirdə idim, rektor olandan sonra bu fikrimi qətiləşdirdim.
Kirayədə 2-3 nəfərlə qalıb ali
məktəbi əla qiymətlərlə qurtaranla, yataqxanada
yaşayanın dünyagörüşü arasında
çox fərq var. Dərsdən sonrakı həyatın
özü mükəmməl bir mühitdir. Bu
mühit universitet biliyini daha da dərinləşdirir və zənginləşdirir.
Çünki yataqxanada müxtəlif fakültələrdə
təhsil alan tələbələrlə
bir yerdə qalır, həm humanitar, həm də texniki sahəylə
bağlı biliklər əldə edirsən. Eyni
zamanda, yataqxananın insanı gələcəyə
hazırlayan daxili dünyası var. Bu səbəbdən
yataqxananı universitet içində universitet kimi dəyərləndirirəm”.
“Sən
oxu, biz xörək bişirərik”
Tələbəlikdə qaldığı kiçik
yataqxanada mükəmməl bir həyatın olduğunu
düşünür. Amma digər tələbələrdən fərqli
olaraq yaxşı xörək bişirməyi bacarmayıb: “Həddindən
çox çalışır və yaxşı oxuyurdum. Mənimlə birlikdə qalan tələbə
yoldaşlarım deyirdilər “sən oxu, biz xörək
bişirərik”. Bu səbəbdən mən
nəinki yaxşı xörək bişirməyi, heç
kartof qızartmağı da bacarmırdım. Bişirdiklərimi tələbə
yoldaşlarım yeyə bilmirdi. Əlimdən
yalnız yumurtanı yağa salmaq gəlirdi”.
Yemək
bişirməyi bacarmasa da, kartof haqqında şeir yazaraq otaq
yoldaşlarının könlünü alıb: “Şövkət
Ələkbərovanın oxuduğu “Dərələr”
mahnısının sözlərini dəyişərək
kartoflar haqqında bir şeir yazdım.
Düzülər
qatar-qatar,
Girib
qazanda yatar,
Kim yesə
dada çatar,
Kartoflar, kartoflar, kartoflar.
Süfrə arxasında bunu tələbə
yoldaşlarımızdan biri solo oxuyar, qalanları “kartoflar”
hissəsini xorla deyərdilər. Həmin mahnı bəlkə
də mənim eşitdiyim ən yaxşı xor idi. Tələbəlik dostlarıma çox minnətdaram”.
“Ay köhnə
pencəyim”
Tələbə vaxtı yazdığı və
yadında qalan şeirlərdən birini öz pencəyinə
həsr edib.
“Ay köhnə pencəyim” adlı şeirinin maraqlı
tarixçəsi var: “Dərslərimdən həmişə
“5” qiymət alırdım. İnstitutun tələbə
mühitində nüfuzum var idi, seçilən tələbələrdən
idim. Bir dəfə atamı tanıyan,
evimizə gəlib-gedən müəllimlərdən birinin ərkyana
münasibətinin universitetin həyətində 3-4 tələbə
yoldaşlarımın yanında məni çətin vəziyyətə
saldığını xatırlayıram. Pencəyimin
sağ qolu dirsəkdən sökülmüşdü. Həmin
müəllim tələbə yoldaşlarımın
yanında pencəyimin sökülən yerini göstərdi və
dedi ki, atana deyəcəyəm ki, sənə təzə pencək
alsın. Mən bu anı çox çətin
yaşadım, gözlərim yaşardı. Müəllimə heç bir cavab verə bilmədim.
Qaldığım yataqxana universitetdən 50-60
metr aralıda idi. Qaça-qaça
yataqxanaya gəlib yastığı qucaqlayıb isladana kimi
ağladım. Sonra pencək haqqında bir
şeir yazdım. 21 yaşım var idi.
Şeir indiki kimi yadımdadır:
Təzəliyin
sevincim, fərəhim, səbrim olub,
Ciblərin
ümid kisəm, yamağın dərdim olub,
Qorusan da
sən məni şaxtanın kəsərindən,
Səni geyib düşmüşəm qızların nəzərindən.
Məclislərdə
dostlarım “qabaqda dur” deyəndə,
Qəlbimi
qəm yeyibdir,
Kimsə
səni görüb “kənara otur” deyibdir,
Tənəli baxışlardan boşalmışam, dolmuşam.
Qəlbim
zəngin olsa da, “kasıb oğlan” olmuşam”...
Senzuradan necə yayınır?
Bu
şeiri Naxçıvan televiziyasında oxumaq istəsə də,
senzura icazə vermir: “Televiziyanın Ədəbi dram
verilişləri şöbəsində tanış
bir adam dedi ki, şeirin əvvəlində ümumi bir şey
yazım, senzura 2 bəndi oxuyacaq, qalanına baxmayacaq. Mən də əvvəlində “nənəm sənə
qurban, Azərbaycanım, pambıqlı çöllərim,
neftli göllərim”lə başlayan bir şeir yazdım.
Beləcə, senzura şeirimə qol çəkdi
və Naxçıvan televiziyasında oxudum. Sonra həmin tələbə yoldaşlarımın
yaşadığı zonadakı tanışlarımdan birinə
zəng edib televiziyadakı çıxışımı
dinləyib-dinləmədiyini soruşdum. Bildirdi
ki, onlar tərəfdə işıq söndüyündən
televizora baxa bilməyiblər. Çətinliklə
şeirimi televiziyada oxumağıma baxmayaraq hisslərimi,
mesajımı tələbə dostlarıma çatdıra
bilmədim. Əynimdəki pencəyi isə
anam, köhnə də olsa, hər iki qolunu eyni cür
yamadı və mən geyinməyə davam etdim. Heç pencəyimin köhnə olması eynimə
də olmadı. Həmişə uşaq
vaxtı atamdan təhsillə, məktəblə bağlı
eşitdiyim misraları içimdə yaşatdım. Oxumağı dəlicəsinə, fanatikcəsinə
sevdim. Oxumaqdan bu gün də
doymamışam. İndi də bir gün
yazmasam xəstələnər, oxumasam ölərəm.
Mütaliə baxımından bu dəqiqə də
sanki tələbə həyatı yaşayıram”.
“Məktəb, məktəb deməklə Fatıya tuman
olmaz”.
Akademik
sonda gənclərə məsləhətini də verdi: “Müasir gəncliyə dərin və əsaslı
biliklər almağı, oxuyub-öyrənməkdən
doymamağı, əməkpərvər olmağı
arzulayıram. Böyük Cəlil Məmmədquluzadə
demiş, “məktəb, məktəb deməklə, Fatıya
tuman olmaz”. Əməl də
lazımdır. Əməldən
böyük əməl yoxdur. İndiki gənclik
aldığı bilikləri müstəqil Azərbaycanın
inkişafına, azərbaycançılıq istiqamətindəki
inkişafımıza həsr etməyi həyatlarının mənasına
çevirməlidir”.
Lalə MUSAQIZI
Kaspi.-2015.-20 fevral.-S.22.