Muncuqları duyan adam
Günay Hidayətova: “Sevgiylə
edilən hər şey gözəl alınır”
Rəngarəng muncuqlardan hazırlanan incə və qeyri-adi əşyalar, sapla
çəkilən rəsmlər, parçalardan
hazırlanan gəlinciklər, düymələrin bəzək
verdiyi saatlar və qeyri-adi dizaynlı məişət əşyaları...
Bütün bu işlər
24 yaşlı gənc xanımın əlinin məhsuludur. Gənc sənətkarın üzərində
günlərlə çalışdığı hər əl
işi onun üçün xəzinə qədər dəyərlidir.
Çünki o,
hazırladığı hər bir işə
öz doğma
övladı kimi yanaşır,
yaratdığı sənət əsərlərinə
qayğı göstərir və qoruyur.
“Həyatımı
onlarsız təsəvvür etmirəm”
Həmsöhbətimiz, gənc olmasına baxmayaraq, yaşadığı regionda düzəltdiyi əl işləri ilə məşhur olan Günay Hidayətovadır. Günay 1991-ci il Şəki şəhərində anadan olub. Artıq 10 ilə yaxındır ki, əl işi sənəti ilə peşəkar şəkildə məşğul olub və bir çox mükafata, təşəkkürnaməyə layiq görülüb. Müsahibimiz deyir ki, Şəki musiqi kollecini bitirsə də, muncuqlarla işləməkdən və sənət əsərləri yaratmaqdan əl çəkməyib: “Əslində hər bir xanımın, istər uşaq vaxtı, istərsə də böyüdükdən sonra muncuqlara, bər-bəzəyə marağı olur. Amma mənim bu xırda və cəzbedici bəzək əşyalarına münasibətim tam fərqli olub. Onların rəngarəngliyi, incəliyi məni özünə cəzb edir. Uşaqlıqdan bankalara yığdığım muncuqları dəfərlərlə yerlə bir edir və yenidən toplayırdım. Muncuqla oynayarkən özümü başqa aləmdə hiss edirdm. Lakin ağlıma belə gəlməzdi ki, bu sənətlə ciddi şəkildə məşğul olum və ondan gəlir əldə edim. Kolleci bitirdikdən sonra həmin kollecin xor-dirijorluq şöbəsində bir müddət əvəzçi müəllimə olaraq fəaliyyət göstərdim. Amma bununla yanaşı,vurğunu olduğum sənətimi də davam etdirdim. Həyatımı muncuqlarsız təsəvvür edə bilmirəm. Artıq 10 ilə yaxındır ki, əl işləri ilə məşğul oluram. 2008-ci ildən başlayaraq düz 5 il ardıcıl olaraq müxtəlif sərgilərdə iştirak edib, diplom və hədiyyələrlə təltif olunmuşam. 2014-cü ildə isə Bakıda ilk dəfə keçirilən “Birinci əl işləri festivalı” və noyabrda keçirilən “İkinci əl işləri festival”ında iştirak edib, fəxri fərman almışam”.
Məlumat üçün bildirək ki, müsahibimiz həm də fotoqraflıqla məşğul olur. Hətta Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qadınların gözü ilə” layihəsi çərçivəsində həyata keçirilən fotomüsabiqədə 1-ci yerin, “Sərhədsiz fotoqraflar” layihəsi çərçivəsində həyata keçirilən fotomüsabiqədə isə 3-cü yerin qalibi olub.
İynə fırçam, saplar isə...
Özünün də qeyd etdiyi kimi, Günayın əlindən 10 ildir ki, iynə yerə düşmür. Deyir ki, muncuqla işləyərkən sanki ruhu təzələnir: “İynə mənim fırçam, saplar isə boyamdır. Mən muncuqla yanaşı, təkəlduz tikmə ilə də məşğul oluram. Tikməni əvvəllər yalnız balış, mütəkkə üzü, pərdələr, süfrələr şəklində işləyirdilər. Amma mən çərçivələrə alıb miniatür şəklində işləyirəm. Sapla işləməyi sevirəm. Amma muncuqla işləmək mənə daha doğmadır. Muncuq gözə xoş gəlir, təsviri almaq asandır, parlaqlığına görə də cəlbedicidir. Muncuqla yanaşı, sapla da şəkillər çəkirəm. Əsasən ipək saplardan istifadə etməyə çalışıram, pambıq saplar da, pambıq qarışıq ipək saplar da olur. Atlas parça üzərində xovlu, yun parça üzərində isə təkəlduz tikmə işləyirəm”.
“Yemək yeməyi belə unuduram”
Sənətinin sirlərindən danışan müsahibimiz deyir ki, peşəsinin tək sirri
işinə olan sevgisidir:
“Bu iş ustasından
xüsusi zövq və
incəlik tələb edir. Bəzən mənə
deyirlər ki, “çətindir, xırda işdir, bunu necə
görürsən?”. Bu sənətin bir
sirri var ki, o da işini
sevməkdir. Əgər işinin gözəl
alınmağını istəyirsənsə,
mütləq ona öz sevgini verməlisən. Bəzən mənə
elə gəlir ki, muncuqlar da
qayğını hiss edirlər.
Bu işi istəmədən
görsən, əlində
heç vaxt yaxşı alınmaz, muncuqlara kobud davrandıqda sanki küsürlər. Amma sevirsənsə,
muncuqlar da öz gözəlliyini sənə göstərir.
Əmin olun ki, sevgiylə
edilən hər şey gözəl alınır. Mən işimə
o qədər bağlıyam
ki, bəzən yemək yeməyi belə unuduram. Muncuqlarla işləyərkən
özümü başqa
aləmdə hiss edirəm”.
Sənəti kimdən öyrəndiyinə
gəldikdə, Günay
deyir ki, ailələrində heç
kim bu
işlə məşğul
olmur: “Əslində ailəmdə bu sənətlə məşğul
olan yoxdur. Amma mənə həmişə
deyirlər ki, sənətkarlıq bizim qanımızda var və mənə də irsən keçib. Çünki
ailəmdə olmasa da, nəslimizdə bu sənətlə məşğul olanlar az deyil.
Nənəmin, anamın çox
gözəl əl qabiliyyəti olub. Hətta atam belə gənciliyində şəkil
çəkib. Amma xüsusi
olaraq sənəti mənə öyrətməyiblər.
Sadəcə, içimdən gələn
hiss və fantaziya ilə əl işlərimi düzəldirəm”.
İmkan
versələr, qazanaram...
Zövqümüzü oxşayan əl işlərini hazırlamaq o qədər
də asan proses deyil. Sənətinin
çətinliklərindən danışan G.Hidayətovanın
sözlərinə görə,
müəyyən çətinliklər
olsa da, sənətə olan sevgi işdəki çətinlikləri belə
görünməz edir:
“Amma çox vaxt mənə lazım olan materialları Şəkidən
tapa bilmirəm. Həmin avadanlıqlara görə
ya Bakıya gəlməli olur, ya da sifarişlə
aldırıram. Bəzən deyirlər
ki, muncuqla işləmək üçün
insana səbr lazımdır. Amma mən
belə düşünmürəm.
Gözümün nurunu itirmək
problemi ilə qarşılaşacağımı bilsəm də, muncuqlarımdan əl çəkməyəcəm”.
Sənətin gəlirlərinə gəldikdə isə, müsahibimiz deyir ki, yaşı az olduğu
üçün bu işlə məşğul
olan yaşlı sənətkarlar onun işinə mane olurlar: “İmkan versələr, qazanaram. Əvvəllər yaxşı qazanırdım,
əl işlərimi başqa sənətkarlara
verib satdırırdım,
amma sonradan onlar da götürmədilər
ki, sənin işlərin satılır,
bizimkilər qalır.
Özümün də qoyub satmağa mağazam yoxdur. Artıq sadəcə sərgilərə
çıxanda sata bilirəm”.
Həmsöhbətimizin sözlərinə
görə, bu işdən əvvəl pul qazansa da,
indi, sadəcə, zövq aldığı üçün məşğul
olur: “Əl işlərimi satmağa yerim olmasa da,
mən işimi sevirəm. Pula görə
sənətimi atmağı
düşünmürəm. Regionda qabağa getmək, sənətini inkişaf etdirmək çox çətindir”.
Aygün ƏZİZ
Ədalət.-2015.-20 fevral.-S.20.