İkinci gəncliyini yaşayan çempion

 

Həsən Əliyev enişdən yüksəlişə doğru hərəkət edir

 

Güləş milli idman növümüzdür. Ölkədəki hər üç oğlan uşağından azı ikisi həyatında bir həftə də olsa, zala gedərək tatami üzərinə çıxıb. Dədə-babalarımızın qurşaq tutmaq ənənəsinin bugünlərə qədər gəlib çatması xoş adətdir. Nəzərə alsaq ki, güləşimizə dünya səviyyəsində hörmət edilir, sevinməyə haqqımız çatır. Azərbaycanda istər sərbəst, istərsə də Yunan-Roma güləşində o qədər istedadlı, eyni zamanda böyük uğurları olan idmançılar var ki, içərisindən kimisə seçib fərqləndirmək çətindir. Ancaq biz seçdik. Bu dəfə sizə Həsən Əliyevdən danışacağıq. Karyerasının startında möhtəşəm güləşən, dünyaAvropa çempionu olan, ancaq sonra eniş yaşayan birisindən. İndi o, ikinci gəncliyini yaşayır və Olimpiada medalına, hətta çempionluğuna iddialıdır.

 

Sağlamlıq üçün güləş

 

14 noyabr 1989-cu ildə Qazax rayonunun Kosalar kəndində anadan olan Həsən, idmanla birinci sinifdə oxuyarkən məşğul olmağa başlayıb. Ailəsi onu güləşə iki səbəbdən verib: güləşin ölkənin ən populyar idman növlərindən biri olması və uşaqlıqda çox dəcəl olması. Ancaq əsas səbəb bu da deyilmiş. Özünün sözlərinə görə, ailəsinin tanış həkimlərindən biri onun uşaqlıqda fiziki cəhətdən zəif olmasından narahat olub. Valideynlərinə “onu güləşə yazdırın, bədəni bir az bərkisin” deyib. Sağlamlığındakı problemlər üzündən idmana gələn balaca Həsənin bu işlə peşəkar məşğul olmaq fikri yox imiş. Məşqlər zamanı özünü yaxşı tərəfdən göstərməsi, çalışdırıcıların onun böyük potensialını sezməsi durumu dəyişib. 5-ci sinifdə Bakıya köçüb təhsilini (nə qədər dəcəl olsa da, oxumağın başını buraxmayıb, normal savad qazana bilib) İdman Liseyində davam etdirən Əliyev, ilk yarışına 12 yaşında çıxıb. 17 yaşında isə beynəlxalq arenadakı ilk turniri üçün tatami üzərində görünüb.

 

Hakim qərəzi

 

Ümumiyyətlə, uşaqlıq illərində baş verənlər onun sonrakı karyerasına öz təsirini göstərib. Turnirlərdən birində başı yerə dəyərək huşunu itirən Həsən, özünə gələn kimi döşəkdə mübarizəni davam etdirib. Bu mübarizliyi gələcəkdə uğurlar gətirib.

Sonralar isə haqsızlıqlarla çox qarşılaşıb. Xüsusilə də, hakimlərin ona qərəzi... Ötən il Finlandiyanın Vantaa şəhərindəki Avropa çempionatının final görüşündə baş verənlər güləş tarixinə böyük bir ləkə kimi yazıldı. Rusiyalı rəqibi Adam Kurakı yensə də, yerinə yetirdiyi fəndi hakimin saymaması, üstəlik, son saniyələrdə rəqibə xal verməsi haqlı qələbənin əldən alınması idi. Görüşü izləyən hər kəs qəbul etdi ki, Həsən Əliyev Avropa çempionu olmağa layiq güləş nümayiş etdirmişdi.

Bundan bir il əvvəl bir hadisə baş vermişdi. Gürcüstanda keçirilən Avropa çempionatının bürünc medalı uğrunda görüşdə yerli güləşçi Manuçar Sxadayanı yensə , hakimlər Həsəni sıxmış, rəqibə tərəfkeşlik etmişdilər. Ancaq idmançımız özündə güc taparaq matçı öz xeyrinə çevirməyi bacarmışdı.

 

Yüksəliş

 

Həsən 17 yaşından beynəlxalq yarışlarda iştiraka başlayıb. Yeniyetmələr arasında ilk dəfə Avropa çempionatında çıxış edən Əliyev, gümüş medala sahib çıxıb. Bir il sonra gənclər arasında turnirlərə qatılmağa başlayan Yunan-Roma güləşçisi startda uğursuzluq yaşasa da, 2008-ci ildə Avropa çempionu adını qazanır. Bir il sonra bu titulunu qoruyan Həsən, həmin il dünya çempionatında da qızıl medal əldə edərək çəkisində gənclər arasında planetin ən yaxşısı olduğunu sübut edir. ArdıncaVehbi Emreturniri, Qızıl Qran-Prilərdə, Avropa dünya çempionatlarında böyüklər arasında çempion olan Əliyevin möhtəşəm uğurlar seriyası davam edib.

 

... eniş dövrünün sonu

 

Dünya Kubokunda Avropa çempionatında bürünc, “Qızıl Qran-Pri”də qızıl medaldan sonra isə uğursuzluq zolağı başlayır. DÇ- 7-ci, Almaniya Qran-Prisində 11-ci yer London Olimpiadasında 5-cilik onu üzür. Buna baxmayaraq, Həsən özündə güc taparaq məşqlərini davam etdirir arxada qalan iki ildə Qran-Prilərdə qələbələr, Avropa çempionatlarında gümüş bürünc medallar, Dünya Kubokunda bürünc medal əldə edərək formada olduğunu göstərə bilir. Paralel olaraq dəfələrlə Azərbaycan çempionu kubokunun sahibi olan Əliyevin yenidən zirvə yarışına qoşulması sevindiricidir. Ötən ilin dekabrında Fransada Azərbaycan yerli yığmanın yoldaşlıq görüşündə rəqibiniklass”da, yəni səviyyə fərqi ilə üstələyən Yunan-Romaçı köhnə günlərini geri qaytarmaq üzrədir.

 

“Qızıl orta” güləşçisi

 

Güləşçilərin əksərinin “koronnıy”, yəni ən çox və ən yaxşı yerinə yetirdiyi fəndi olur. Bu fənd və ya fəndlər hesabına uğur qazanan, hətta Olimpiya çempionu olanları sayı yetərincədir. Ancaq Həsən onların içərisində deyil. Bəli, onun da yaxşı yerinə yetirdiyi fəndlər var, ancaq bu bir adət halını almayıb. Onun görüşlərini izləyəndən sonra məlum olur ki, Əliyev bir qayda olaraq sabit güləş nümayiş etdirir, duruma görə hərəkət edir. Onun ifasında baxımlı fəndlər də görmüşük, cəmi bir xalla qalib gəldiyi matçlara da rast gəlmişik. Yəni, “qızıl orta”nı taparaq mübarizə aparmağı xoşlayır. Rəqibin səhvlərindən maksimum yararlanmaq, şansdan layiqincə istifadə etmək onun tərzidir. Parterdə xüsusilə güclüdür. “Aşağıda” istər hücum edərkən, istərsə də müdafiə olunarkən onu üstələmək çox çətindir. Həsən Əliyevin fiziki hazırlığı yüksəkdir, dözümlü güləşçidir. Psixoloji hazırlığı qaydasında olanda dünyada uda bilməyəcəyi rəqib yoxdur. 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında rəqiblərinin başına açdığı “oyun” hələ də yaddaşlardadır. Finalda ukraynalı güləşçini cəmi 1 dəqiqədə tam üstünlüklə yenməsini doğma divarların dəstəyi və bundan yaranan böyük psixoloji stimulla əlaqələndirmək olar.

 

Portret

 

Həsən Əliyev zirvədə olmaqordan uzaq düşmək kimi hissinolduğunu bilir. Təcrübəlidir, güləşçinin qarşılaşacağı bütün çətinlikləri yaşayıb. Ancaq ruhdan düşmür. Başına gələnlərdən nəticə çıxarıb, yenidən zirvəyə doğru yol almaqdadır. Bu durumu 12 yaşında yarışlardan birində aldığı zədə üzündən huşunu itirməsi, amma təslim olmaması, tatamiyə çıxaraq mübarizəni davam etdirməsinə bənzətmək olar. Əsl idmançı, əsl kişi ruhuna malikdir. Həsən yenidən ayağa duran cəngavərdir. Onun da zəfər vaxtı var. Özü də “mən hələ Olimpiya çempionu olmamışam!” deyərək iddiasını ortaya qoyur. Həsən buna qadirdir. Bu il Avropa Oyunlarında, gələn il isə Rio-De-Janeyroda əlində Azərbaycan bayrağı tatamini dövrə vursa, təəccüblənməyin.

 

Kənan Məstəliyev

Kaspi.-2015.-20 fevral.-S.21.