“Bizim də biznesimiz oxumaqdır
Yaqub Zurufçu: “Bundan sonra
özümü Üzeyir Hacıbəylinin klassikalarına fəda
edəcəyəm”
O,
7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə
başlayıb, elə o illərdə Təbrizdə
uşaqlar proqramında iştirak
edib və “Cücələrim”
mahnısı ilə həm Azərbaycan, həm də İranda dillər əzbəri olmağı
bacarıb. 11 yaşında xalq və bəstəkar mahnıları ilə
tanış olmağa başlayıb və
15 yaşında Təbrizin Milli
Televiziyasında ilk dəfə
çıxış edərək “Evləri Var
Xana-Xana”, “De gülüm gəlsin, ay nənə”,
“Dilbər” kimi mahnıların
ifaçısı olub.
Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirir. Bəli, müsahibimiz məhz odur - Azərbaycan Respublikasının əməkdar artisti Yaqub Zurufçu.
Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsil alsa da, Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib. İranda 1979-cu il inqilabından 1 il sonra - 1980-ci ildə ölkəni tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayıb. Vokal sənəti üzrə diplom alan Y.Zurufçu daha sonra Amerikanın Florida ştatında Mayami Universitetində vokal sənəti üzrə master diplomu alıb. Bu illərdə ürəyində Azərbaycan musiqi sevdası yaşayan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayır və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalırdı.
Çox keçmir ki, Y.Zurufçu bu arzusuna da qovuşur. O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını alır. Bu gün isə Azərbaycanda yaradıcılığını davam etdirmək niyyətindədir.
Onunla bu günlərdə Üzeyir Hacıbəylinin ev muzeyində görüşdük. Belə ki, ifaçı orada Üzeyir bəy klassiklərinə həsr olunmuş “İthaf” adlı albomunun təqdimatını keçirirdi. Təqdimatdan sonra “Kaspi” qəzetinə yaradıcılığından, öz problemlərindən danışdı.
- Dördüncü
albomunuz “İthaf” da işıq üzü gördü. Bu münasibətlə
sizi təbrik edirik.
Maraqlıdır, nə üçün bu albomda Üzeyir
Hacıbəylinin klassiklərinə müraciət etdiniz?
- Xalqımızın musiqi zövqünün formalaşmasında Üzeyir Hacıbəylinin əsərlərinin əvəzsiz rolu var. Hesab edirəm ki, Azərbaycan durduqca Üzeyir bəyin əsərləri səslənəcək. Onun əsərləri bizi gələcəyə işıqlı yollarla aparacaq. Təkcə “Koroğlu” operası yetər ki, Üzeyir zirvəsini dərk edəsən. Zaman gəlib çatacaq ki, Üzeyir Hacıbəyli dühası dünyada bundan da artıq vüsət alacaq. Kompyuter əsri Üzeyir Hacıbəyli əsərlərinin yayılmasını daha da sürətləndirəcək.
- Sizi
yenidən efirlərdə görə biləcəyikmi?
- Çalışıram ki,
yeni bir konsert verim. Bildiyiniz kimi, mənim bir ayağım Amerikadadır. Günüm yollarda
keçir. Özümdə imkan tapıb, konsertə hazırlaşa
bilmirəm. Konsertə hazırlaşmaq
da vaxt tələb
edir. Bu sizə
asan görünməsin.
Kənardan baxan deyir ki, konsert vermək
nədir ki? Bir neçə mahnı oxudun, vəssalam, iş bitdi. Ancaq məsələ heç də belə deyil. Mənim ifa etdiyim mahnılar
səbir və səs tələb edir. Bundan əlavə, biletlərin
satışı, dəvətnamələrin
göndərilməsi - bunların
hamısı problemdir.
Ona görə də konsert vermək üçün ən azı 3-4 ay vaxt lazımdır. Diskim yayıldıqdan
sonra belə bir proqramla çıxış
etməyi düşünürəm.
- Bu ilin aprel ayında 60 yaşınız tamam olur. 60 yaşda
səhnəyə çıxmaq
necə bir hissdir?
- Hesab edirəm ki, 60 yaş ən oxumalı zamandır. Misal üçün, 30 yaşımda hansı notları götürə
bilmirdimsə, indi onları asanlıqla qəbul edə bilirəm. Çünki yaş üstə
yaş gəldikcə
insan kamilləşir və inkişaf edir. Səs bədəndə yeganə üzvdür ki, 40 yaşından sonra inkişaf etməyə başlayır.
Əgər səsinizi qorusanız,
ölənəcən oxuyarsınız.
Necə ki, Cabbar Qaryağdıoğlu
oxuyurdu. O, hətta
102 yaşında “Qarabağ”
şikəstəsi oxuyurdu.
Səs heç zaman xarab olmur. Səsi içkidən, siqaretdən
qorumaq lazımdır.
Yaşlı insanların səsi
isə daha mükəmməl olur.
Yubileyimə gəlincə
isə, aprelə kimi ölməsəm- yaşasam, ola
bilsin, yubiley keçirdim. Fikirləşirəm ki, yubileyi konsertimdə də qeyd edə bilərəm.
İstəyirəm ki, məndən
əlavə xaricdə
yaşayan bir neçə müğənni
də gəlib mənə kömək etsinlər.
- Yaqub müəllim, 30 il
qürbətdə, vətəndən
kənarda necə yaşamısınız?
- Çox çətin. Uzun müddət vətəndən ayrı yaşamışam. İrandan çıxanda cavan uşaq idim. Mən hər şeyi xaricdə öyrəndim. Saçım səhnələrdə ağardı. O zaman xəbər tutdum ki, rəhmətlik Heydər Əliyev xəstələnib, onu Amerikaya gətiriblər. Xəbəri eşidən kimi Amerikaya gəldim. Əvvəlcə məni onunla görüşə buraxmadılar. Dedim ki, onunla görüşə gəlmişəm. Bunu eşidəndən sonra xəbər göndərdi ki, “Yaqub heç yerə getməsin, onunla görüşəcəyəm”. Gözəl xatırlayıram, ömrümün ən maraqlı görüşlərindən biri idi. Görüşdə pianinoda “Ayrılıq” mahnısını ifa etdim. Baxdım ki, ulu öndərimiz kövrəlib, dəhşətə gəldim. Prezidentimiz İlham Əliyev də orada idi. Birdən Heydər Əliyev söylədi ki, “Yaqub bəy, neçə ildir qürbətdəsiniz?” Dedim ki, 28. Baxdı və cavabında bildirdi ki, “mən 4 gündür ki, Amerikadayam, ürəyimlə bacarmıram. Sən bu 28 ili qürbətdə necə qalmısan? Sənin kimi ürəkli insan, Azərbaycanı sevən sənətkar vətənsiz necə dayana bilib?” Söylədim ki, cənab prezident! Belə qalmışam da, yanmışam, yanmışam, ürəyimdə bir ovuc kül qalıb. Elə bil daş üstə bina tikmisən. Oturursan daşdır. Daş üstə də oturmaq olmur axı. Bunun üçün şərait olmalıdır. Şərait də odur ki, o ölkənin vətəndaşı olmalısan, sənin dilini bilirlər, mədəniyyətini tanıyırlar. Bu olmasa, mümkün deyil. Mən elə bil ki, 30 il daş üstə oturmuşam. Ev-eşiyim, imkanım var, amma baxıram ki, nəyisə itirmişəm, əskikliyim var. O da mənə baxıb dedi ki: “Yaqub, sənə bura lazım deyil. Oxuyursan, amma vətən üçün. Sən çıx Azərbaycana gəl”. Bu söz mənə elə bil ürək verdi, dayana bilmədim. Birbaşa Azərbaycana gəldim. Heydər Əliyev milli məsələlərə həssas adam idi. Belə məsələlərə ürəkdən yanaşırdı. Həm də mənim Amerikaya onun yanına getməyim ona çox xoş təsir etmişdi.
Bakıya gələn kimi də məni qəbul elədi. Görüşdük, söhbət elədik. Mənim Azadlıq hərəkatındakı çıxışlarıma baxdı. Dedi ki, xalqımıza sən öz fikirlərinlə, musiqilərinlə dəyər verdin. Sənin Azərbaycan müstəqilliyində haqqın var. Bunu mən cəsarətlə deyə bilərəm. Azərbaycan xalqının, dövlətinin müstəqilliyində bir faiz də olsa, əməyim var. Camaat baxdı ki, xarici ölkədən biri gəlib, çıxıb səhnəyə azadlıqdan danışır. “Ayrılıq” mahnısı, ardı ilə də “Koroğlu”nun ariyası, bu, balaca məsələ deyildi. Təbrizdə məşhur bir şeir var - “And olsun”. Axırda deyir ki, nə qədər azərbaycanlılar azad olmayıb, azərbaycanlılar yatmayacaqlar, bu fikri başlarından atmayacaqlar. Heydər Əliyev mənə Azərbaycana qayıtmaqda bir stimul verdi. Sonra da cənab prezident İlham Əliyev mənə bütün ömrüm boyu xəyal etdiyim bir titulu verdi - Azərbaycan vətəndaşı. Bunun da ardınca Azərbaycanın əməkdar artist fəxri adını.
- Azərbaycanı xaricdə ən çox təmsil edən ifaçılar sırasındasınız.
- Bəli. 30 ildən artıqdır ki, xaricdə yaşayıram. Orada az-çox tanınmışam. Ən azı həftədə bir gün orada çıxışlarım olurdu. Bizim də biznesimiz oxumaqdır. Azərbaycana gələndə heç yerdə oxuya bilmirəm. Bəzən yığıncaqlara gedirəm. Azərbaycanı xarici ölkədə təmsil etmək bir növ mənim borcumdur. Hesab edirəm ki, bundan sonra özümü Üzeyir Hacıbəylinin klassikalarına fəda edəcəm. Fəxr edirəm ki, ömrümün son günlərində mən bu yolda addımlayıram. Bu, doğrudan da ən gözəl yoldur, Üzeyir yoludur. Ondan sonra başqa səmtə istiqamətlənsək, Azərbaycan mədəniyyəti məhv olacaq. Mədəniyyətimiz məhv olsa, bizdə millətçilik deyə bir anlam da qalmayacaq. Bunu rəhmətlik ulu öndərimiz də deyirdi: “Hər şey mədəniyyətdən başlayır”.
- O zaman belə çıxır ki,
dünya Üzeyir
Hacıbəylini tanımır?
- Bizim istədiyimiz səviyyədə tanımır. Həm də ermənilərin Üzeyir bəyin musiqi tonlarından istifadə edərək mahnılarını erməni xalq musiqisi kimi dünyaya təqdim etdiklərini görəndə ürəyim partlayır. Azərbaycan vətəndaşı olaraq bizim üzərimizə böyük işlər düşür. İstər dövlət səviyyəsində, istərsə də sənətçilər səviyyəsində. Axı Üzeyir Hacıbəylinin, tutaq ki, Lüdviq Van Bethovendən nəyi əskikdir?
Xəyalə Rəis
Kaspi.-2015.-21-23
fevral.-S.8.