“Zeytunun duzu kimi dodağımda qal bir az

 

Türkiyəli şairə İltər Yeşilay: “Gözəl ölkənizə xəyallarımla gəlib, səmimi və güclü dostluqlarla ayrıldım”

 

Bakının ədəbiyyat mühiti iki həftə əvvəl özünün Türkiyədən gələn qonaqlarını - Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) sədri şair Mehmet Nuri Parmaksız və yardımçısı şairə İltər xanım Yeşilayı qarşıladı. Türkiyə səfirliyinin kültür müşaviri Seyit Ahmet Arslan bəyin dəvəti ilə ölkəmizdə səfərdə olan qonaqlar sözün əsl mənasında ədəbi mühitin mövzusuna çevrildilər, müxtəlif səpgidə görüşlər təşkil olundu, təqdimat mərasimləri keçirildi, diplomlar təqdim olundu. “Kaspi” qəzetindəki görüş də səmimiyyəti ilə diqqət çəkdi.

Qonaqlarımız Türkiyəyə getdikdən sonra suallarımızı cavablandırdılar və təəssüratlarını bizimlə bölüşdülər.

Xanım olduğu üçün ilk olaraq İltər xanımın müsahibəsini versək də, növbəti buraxılışlarımızda Mehmet Nuri bəylə də söhbətimizi təqdim edəcəyik.

Buyurun, türkiyəli şairlərin can Azərbaycan haqqında fikirlərini siz də oxuyun:

 

-İlter Xanım, xoş gəlmisiniz. Sizə Azərbaycanda ən çox təsir edən nə oldu?

 

-Xoş gördük, Nigar xanım. Əslində biz öz evimizdən çıxıb başqa yerdəki evimizə gəlmiş kimi olduq. Ortaq xüsusiyyətlərimiz olan səmimiyyət, qonaqpərvərlik, mehribanlıq və diqqət eynilə bizim ölkəmizdə olduğu kimi burada da çox gözəl ifadə edilir. Bu mənim Azərbaycana ilk gəlişimdir.

Hava limanına enəndə gecəydi və şəhərin işıqları məni heyran elədi. Sanki nağıl aləmindəydik. Hər yer tərtəmiz və sakit görünürdü. İlk andan etibarən hər şeyin yolunda gedəcəyini pıçıldayan yüngül külək vardı və mən özümü xoşbəxt hiss elədim.

 

-Şeir sizin üçün nədir? Ya da belə deyək, nəyi ifadə edir?

 

-Əslində şeirin mənim eşq yüküm olduğunu düşünürəm. Niyə desəniz, yaradanın doğuşdan bəxş etdiyi bu ilham eşqlə bəslənərək böyüyər və əşrəfi məxluqatın ən ucası olan insanların könül məqamında yerini tapar. Bu çox böyük bir məsuliyyətdir. Bu səbəbdən də həm ağır, həm də çox gözəl və yaşanılası bir yükdür. Doğrusu, heç şikayətim yoxdur bundan. Ayrıca şeirin şairin könlünün meyvəsi olduğunu düşünürəm. Qələmdən kağıza damlayan misralar kifayət qədər yetkinləşib şeir olandan sonra insanlara təqdim edilməlidir. Məzmunuyla, texnikasıyla, fikri və duyğusuyla insanların dadacağı hala gəlmədən ortaya çıxmasının doğru olduğunu düşünmürəm. Hər yazılan şeir olmur. Bunun fərqində olmaq lazımdır. Şairin hər dövrə xitab edəcək şeir yazmaq üçün təcrübəsi olmalıdır. İstedad və duyğu Allah tərəfindən bəxş edilir, texnika və bilik sonradan qazanılır. Buna görə şair doğulmalı və qabiliyyəti məlumat, müşahidə və təcrübələrlə bəsləməlidir. İşin bu məqamında ruhaniyyət də çox önəmlidir. Şair şeirinə ruh yetkinliyini aşılamalıdır. Bu da zaman istər, ruhumuz yüksəlib şeiri çıxaracaq tezliyə çıxmışsa və oradan bir əsərlə dönmüşsə, bax o, əsl həqiqətdir və insanların könlünə girməyə haqq qazanmışdır.

 

- Sizin “Zeytun” şeiri məni çaşdırdı. Çünki bu şeiri bir kişi şair yazsa deyərəm ki, bir qadının gözlərinə baxıb, ondan ilham alıb. Siz necə oldu zeytuna şeir yazdınız?

 

-Təsirlənmək, duyğulanmaq, sevmək bütün insanların ortaq obrazıdır. Yemək yeməyin, su içməyin, yatmağın iki cins arasında necə ayrı-seçkiliyi yoxdursa, duyğuların da ayrı-seçkiliyi əsla olmaz. Kişi hiss edər qadın hiss etməz deyə bir şey söyləmək mümkündürmü? Üstəlik qadınların analıq duyğuları, sevgi və şəfqətlə dolu olduğunu da bilirik. Onların duyğuları buna görə çox incə və çox gerçəkdir. Mən "Zeytun" şeirimin ilhamını Şimali Kiprdəki, Meserya düzənliyində zeytun ağaclarını seyr edərkən aldım. Hava çox istiydi, adanın üzərindən yağış buludları keçirdi və əsrlik zeytun ağacları öz yarpaqlarını dua edər kimi dikləşdirərək yağmuru gözləyirdilər. O anda mənə elə gəldi ki, zeytun ağacı yağışla torpağın sevdasına vasitəçilik eləmək istəyir. Bu ağacın zeytunlarla dolu budaqları mənə eşqi xatırlatdı. Eşqdə də elə deyilmi? İnsan qəlbi yana-yana kamilləşir, qovrulan ağrının duzunda bişərək eşqin vüsalına çatır. O andan etibarən o duz eşqin dadına çevrilir. “Zeytun” şeirim bəşəri eşqdən ilahi eşqə gedən yoldakı duyğuları izah edir. "Zeytunun duzu kimi dodağımda qal bir az" deyərkən məhz oradakı "dodaq" sözü təsəvvüfdə vəhdəti təmsil edər. Yəni eşq acısının ən şirin olduğu anı...

Zeytundan sonra Qurani Kərimdə bəhs edilən digər meyvələrdən üzüm, əncir və xurma haqqında da şeirlər yazdım. Təbii ki, hamısı da eyni duyğularla...

 

-Deyəsən, Azərbaycanda da sizi zeytun mürəbbəsinə qonaq ediblər...

 

-Bu, məni çox sevindirdi. Həm də çox təəccübləndim. Çünki zeytundan mürəbbə hazırlandığını ilk dəfə görürdüm. Mən şeirlə zeytunun duzuna çatmağa çalışarkən azərbaycanlı bacılarım çoxdan həm dadını, həm duzunu tapıblar. Sürpriz oldu, həqiqətən. Hətta özümlə Türkiyəyə də gətirdim, burada da hər kəs təəccübləndi. Çox bəyəndilər. İnanırsınız, tez qurtarmasın deyə çox adama sadəcə qaşığın ucu ilə daddırıram.

 

-Azərbaycan üçün düşüncələriniz nələrdir? Səfərdən əvvəl və səfərdən sonra...

 

-Azərbaycanı xəyallarımda uzaqlardan gülümsəyən, dost insanların yaşadığı nağıl kimi, sirli və rəngli bir ölkə deyə təsəvvür edirdim. Hər tərəfini gəzmək imkanım olmasa da, Bakıda olduğum vaxt ərzində heç də yanılmadığımı anladım. Gözəl ölkənizə xəyallarımla gəlib, səmimi və güclü dostluqlarla ayrıldım. Biz bir bütünün ayrılmaz parçalarıyıq. Köklərimizdən gələn bağlarımız əsla qopmaz, qopmamalıdır. Biz incəsənət adamları, mədəniyyət nümayəndələri bu bağı gücləndirmək üçün əlimizdən gələni etməliyik. Ən qısa zamanda bu möhtəşəm ölkəyə yenidən gəlmək və tanımaq istəyirəm.

 

-Kültür fərqi necə? Varmı?

 

-Mədəniyyətimizdə çox böyük fərqliliklər yoxdur. Dediyim kimi, eyni istiqanlılıq, eyni qonaqpərvərlik, eyni gözəl könüllər və s. Daha nə olsun? Olsa-olsa kiçik fərqlər vardır. Məsələn, siz çayın yanında o şahanə mürəbbələrinizə qonaq edirsiniz, bu, bizdə yoxdur amma Şimali Kiprdə var. Yəni bunun kimi kiçik, amma gözəl fərqliliklər...

 

-Bakıda gördüyünüz, rastlaşdığınız adamlar və görüşlər haqqında düşüncələriniz...

 

-Bakıda olduğumuz müddətdə getdiyimiz hər yerdə böyük bir maraq və sevgiylə qarşılandım. Qardaşlarımız hər mövzuda etmək istədiyimiz layihələrin, reallaşdırmaq istədiyimiz işlərin qapısını bizlərə sevərək açdılar. Burada sənətə, ədəbiyyata olan maraq və sevginin böyüklüyü ilə qürur duydum. Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) olaraq sədrimiz Mehmet Nuri Parmaksızla birlikdə Azərbaycan Yazıçılar Birliyi, AMEA Folklor İnstitutu, Milli Kitabxana, Atatürk Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyi, Dədə Şəmşir Ocağı, Bəstəkarlar İttifaqı, Müəllif hüquqları Birliyi və sizin qəzetiniz “Kaspi”də görüşlərimiz oldu. Hər görüşdə ayrı sevindik, ayrı cür ağırlandıq. Xüsusilə bütün zərafətilə bizi qonaq edən Sona xanıma təşəkkür etmək istəyirəm. Sona xanım son dərəcə mədəni, məlumatlı bir xanımdır. Bizdə belə insanlara "dərya kimi" deyərlər. Eyni zamanda, duyğularının əsalətinə də heyran oldum. Şeirlərini və son dərəcə axıcı danışmasını dinlərkən “görəsən keçmiş zamanlardan çıxıb gələn bir Validə Sultanlamı danışıram” deyə öz-özümdən soruşdum. Sona xanım çox xarakterik bir gözəlliyə sahib xanımdır, eyni zamanda, gözəl şairədir. Ümid edirəm ki, vaxtımızın çox olacağı bir ziyarətimizdə onu daha yaxşı tanıma və o şirin söhbətindən faydalanma imkanımız olacaq.

 

-Azərbaycanlı dinləyicilərə şeirlərinizdən oxudunuzmu?

 

-Əslində Azərbaycana müxtəlif görüşlər və sazişlər üçün gəlmişdik, əsasən səfərimiz bu istiqamətdə planlaşdırılmışdı. Lakin Dədə Şəmşir Ocağında, Azərbaycan Yazıçılar Birliyindəki görüşlərimizdə, mədəniyyət müşavirimiz Seyit Ahmet Arslanın bizim şərəfimizə verdiyi axşam yeməyində və yenə Dədə Şəmşir Ocağının ziyafətində istəyə görə öz şeirlərimdən bir neçəsini oxudum.

 

-İltər xanım, mənə görə şeir onu yazan adamın ağlaya bilmədiyi göz yaşıdır. Sizə görə şair bir qadın olmanın çətinlikləri nələrdir? Yaxşı tərəfi nədir?

 

-Şairlərin dünyası çox fərqlidir, bizlər kimsənin görmədiyini görüb, duymadığını duyur və hiss edirik. Həyata baxışımız, hisslərimiz fərqlidir. Hadisələri, yaşananları dərindən hiss edəndə, durğunlaşanda, kədərlənəndə içimizdəki misralar tərpənməyə başlayır. Dediyiniz kimi, şairlər göz yaşlarını ürəklərindəki sözlərə tökər, şeirdəki hər söz şairin könlünün göz yaşlarıdır. Mən heç xoşbəxt şair görmədim desəm, yeridir. Məncə şairlər eşqin və həyatın yükünü ruhlarına büküb yaşayırlar. Bizlər varlıq və yoxluq aləminin çiləli yolcularıyıq. Çiləgahımızda bütün insanlığın ağrılarını böyüdürük. Ona görə də rahat yatan şair də görmədim. Bizlərə bəxş edilən bu imtiyazın tək səbəbi insandır. Mənə elə gəlir ki, Tanrı şairləri insanlığa insanı və həyatı anlatsın deyə yaratdı. Vəzifəmiz böyükdür, ilhamın qarşılığını eşq olaraq könül mövqesinə təqdim etməyə və insanların ürəyinin qələmi olmağa məcburuq. Şairləri qadın və kişi deyə ayırmağı doğru hesab eləmirəm. Lakin bu ayrı-seçkilik ictimai təzyiqlər, ənənə və s. səbəblərlə öz-özünə meydana gəlir. Şeir könlün açıq məktubudur. Buna görə qadın şairlər yazdıqları şeirlərdə çox azad davrana bilmirlər. Mühakimə olunmaqdan, istəmədiyi suallara həmsöhbət olmaqdan çəkinirlər. Təəssüf ki, bu, çox yaşanan haldır. Halbuki qadın olsun, kişi olsun, şairlər yalnız öz könüllərini yazmaz. Ətrafında olub bitənlər, başqalarının yaşadığı ağrılar, eşqlər da onların qələmində həyat tapar. Lakin qadın şeir yazdıqda sanki yalnız özü yaşamış kimi qəbul edilir ki, elə də olsa bu qınanmamalıdır. Bu nöqtədə şair qadınlar inciyir və içlərinə çəkilirlər. Çoxu da ruhlarını və misralarını azad buraxa bilmədikləri üçün özlərini şeirdə tam olaraq ifadə edə bilmirlər, örtülü ifadələrə sığınırlar.

Türk şeirində qadın profilinin yüksəlməsi ədəbiyyatımızın da yüksəlməsi deməkdir. Bu mövzuda qadın şairlərə fürsət bərabərliyi yaradılmasının, hətta müsbət ayrı-seçkilik edilməsinin doğru olacağını düşünürəm. Türk qadın şairləri ədəbiyyatı da ədəbiylə edə bilən və üstün xüsusiyyətlərini misralarına əsilliklə əks etdirən gücə malikdir.

Mənim İLESAMda qurduğum Qadınlar şöbəsi, bu mövzuda Dil, Tarix-Coğrafiya Fakültəsi, Yeni Türk Ədəbiyyatı əsas elm sahəsi ilə birlikdə böyük bir simpozium təşkil elədik. Bizi heyrətə salan nəticələr ortaya çıxdı. Təşkilat olaraq bu istiqamətdə apardığımız işlərlə ən azından öz üzvlərimiz arasında bir yenilik edə biləcəyimizə şübhəm yoxdur.

 

-Zaman və məkan anlayışının olmadığı yerin hara olduğunu soruşsam, cavabınız nə olardı?

 

- Zaman və məkanın olmadığı yer heçlik məqamıdır. Əslində heçlik varlığın içindəki yoxluq, yoxluğun içindəki varlıqdır. Həm heç bir şeyin olmadığı, həm də hər şeyin olduğu yerdir. Bütün kainat heçdən var olmuşdur. Zaman və məkan heçliyin içindədir.

 

-Sevda dedikləri nədir əslində? Və İstanbul ...

 

-İstanbul qızıl tozuna bələnmiş ehtişamlı və sirli, tarixi, heybətli və şərəfli bir kraliça kimidir. Ağrının və zövqün, hüznün və sevincin birlikdə yaşadığı bu möhtəşəm şəhər, məncə, dünyanın kainata baxan gözüdür. İnsanı ovsunlayar, özünə çəkər və əhatə edər. Sonra onu buraxıb, hər getdiyinizdə peşman bir aşiq kimi qaçaraq və ağlayaraq ona dönərsəniz, o xatirədir, eşqdir, sirrdir və hər zaman gözəldir.

Eynilə dərin və bitməyən bir sevda kimi...

Yaşandıqca çoxalar.

 

Nigar İsfəndiyarqızı

Kaspi.-2015.-25 fevral.-S.9.