O qalibiyyəti səsimlə
qazanmışam
Aytən Məhərrəmova:
“Bir var, müvəqqəti
tapşırılmaq, bir də var, kənardan sənətini görsünlər
və səni axtarsınlar”
“Gənclik qəzeti”-nin bu həftəki qonağı 2011-ci ildə II Respublika Muğam Müsabiqəsinin qalibi olmuş Aytən Məhərrəmovadır. Aytən müsabiqədə qalib gəldikdən sonra öz üzərində çalışaraq ona göstərilən etimadı doğrultdu və bu gün Azərbaycanı beynəlxalq musiqi tədbirlərində layiqincə təmsil edir. Özü də muğam müsabiqələrinin keçirilməsini müsbət qiymətləndirir.
Müsahibimizlə hazırda yeni başlayan muğam müsabiqəsindən və muğam ifaçılarının bu günkü fəaliyyətlərindən danışdıq.
- Hazırda Beşinci Muğam Televiziya Müsabiqəsi başlayıb. Siz də muğam müsabiqəsinin qalibi olmusunuz. İndi həmin müsabiqənin iştirakçılarını necə dəyərləndirirsiniz?
- Mən 10 il bundan qabaq müsabiqədə
iştirak etmişəm. O zaman biz də uşaq idik. İndiki iştirakçılar da azyaşlıdırlar.
Yeni-yeni ifa etməyə başlayarkən ifamızda
bəzi qüsurlar ortaya çıxırdı.
Zamanında bizim də ifamızda o tip qüsurlar olub. Onlar da vaxt keçdikcə
öz üzərilərində
işləyəcəklər və daha da
peşəkarlaşacaqlar. Muğam ifaçılarının sayının
get-gedə çoxalması
təqdirəlayiqdir. Bu
müsabiqəni yüksək
qiymətləndirirəm və
davamlı olmasını
arzulayıram.
- Deyirlər ki, müsabiqənin münsiflər
heyətinin bir qismi yerlipərəstlik edir və öz
tələbələrini daha
çox tərifləyirlər.
Siz bu fikirlərlə razılaşırsınızmı?
- Əsla, mən
deyilən fikirlərlə
razılaşmıram. Heç
kim bunu
ağlının ucundan
belə keçirməsin.
Mən İkinci Respublika Muğam Müsabiqəsinin
qalibi olmuşam.
O qalibiyyəti mən
yalnız və yalnız səsimlə qazanmışam. Orada mənim heç
bir yerlim yox idi. Belə bir şey qətiyyən
yoxdur.
- Deyirlər ki, yaxşı səslər gec-gec yetişir.
- Mən bu fikirlə
heç də razı deyiləm. Yaxşı səslər gec-gec yetişmir. Sadəcə
olaraq zamanında yaxşı səsə malik olan ifaçılara
dəstək az olub. Şükürlər olsun ki, bu gün bizim
dövlətimiz, birinci
xanımımız Mehriban
Əliyeva, Heydər Əliyev Fondu, cənab prezidentimiz muğam sənətinə
böyük qayğı
göstərirlər. Bu
qayğının nəticəsidir
ki, bu gün
Azərbaycanın muğam
sənətində biri-birindən
gözəl səslər
görünməkdədir. Danılmaz faktdır ki, günümüzdə ən
keyfiyyətli səslər
önə çəkilir,
diqqət mərkəzinə
gətirilir.
- Siz özünüz də bir müddət
Beynəlxalq Muğam Müsabiqəsində iştirak
etməyi düşünürdünüz.
Bu istəyinizin üzərindən xətt
çəkdiniz?
- Xeyr. Beynəlxalq Muğam Müsabiqəsi bu il də keçiriləcək.
Artıq
məşqlərə başlamışam.
Bu il həmin
müsabiqədə iştirak
etmək niyyətindəyəm.
O demək deyil ki, mən qatılıramsa
mütləq şəkildə
qalib olmalıyam. Bu o deməkdir ki,
40 ölkədə sən
öz mədəniyyətini,
muğamımızın çalarlarını
göstərirsən. Ola
da bilər ki, sən orada
yer tutmayasan. Keçən il
Tacikistanda festivalda iştirak etdim. Məni orada necə qarşıladılarsa, buna
özüm də təəccübləndim. Beynəlxalq müsabiqədə iştirak
edəndə xanəndə
daha geniş miqyasda tanınır.
- Təsadüfi deyil ki, xaricdə Azərbaycanı şou nümayəndələri nadir hallarda
təmsil edir. Daha çox xanəndələrimiz
beynəlxalq tədbirlərdə
və müsabiqələrdə
iştirak edirlər.
- Muğam sənəti çox çətin bir sənətdir. Biz orada özümüzü
tək müşayiət
edirik. Beynəlxalq müsabiqələrdə çox çətin şərtlər var. Sənətin
gücü olmalıdır
ki, o şərtlərə
davam gətirsin.
Hər şey kənardan göründüyü kimi
asan deyil.
- Muğam sənəti həm janr, həm də ifa baxımından çox çətindir. Bu sahədə ilk növbədə səs böyük rol oynayır. Sizcə, xanəndə kimi
tanınmaq üçün
səsdən başqa
da cəhətlər rol oynayırmı?
- Əsas səsdir. Bildiyiniz kimi,
mən Mənsum İbrahimovun tələbəsiyəm.
Onun gözəl bir sözü var, deyir ki, “əsl
sənətdə nə
əmioğlu, nə də qardaş keçmir. Əgər səsin varsa,
özün özünə
bir cığır tapıb yol açacaqsan”. Bu sənətdə, bu pillədə olmağımda
göydə Allahıma,
yerdə isə ustadım Mənsum İbrahimova borcluyam.
O, nəinki mənə,
eləcə də bütün tələbələrinə
lazım olan pilləyə qalxmaq üçün əlindən
gələni əsirgəməyib.
Özü necə, hansı
cığırla irəli
gedirsə, çalışır
ki bizi də
o yolla aparsın.
Onu tanımayan adamlar bəzən deyir ki, Mənsum müəllim nurlu insandır. Yaxşı-pis günümüzdə də o bizim başımızın üstündədi,
ağsaqqalımızdı. O ki qaldı tapşırılmaya,
həmin tapşırıqlar
müvəqqəti ola bilər. Ancaq daimi olaraq davam
edə bilməz.
Bir var, müvəqqəti tapşırmaq, bir də var ki,
onlar sənin sənətini görürlər
və səni axtarırlar.
- Gənc xanəndələrin
efirə yol tapması bu gün müşkül məsələyə çevrilib.
Nədənsə şou əhlini
televiziya verilişlərində
daha çox görürük. Xanəndələr özləri efirlərə
biganə yanaşırlar,
yoxsa onları dəvət edən olmur?
- Hər verilişə çıxmaq olmur. Muğam ifaçısı özü
verilişlərə baxıb
onu dəyərləndirir
ki, hansı verilişə çıxmaq
olar. Hər xanəndə öz
ampluasına bələd
olub ona uyğun hərəkət
edir. Ola bilsin ki, o baxımdan
muğam ifaçıları
efirlərdə çox
nadir hallarda görünür.
Xanəndələr öz çəkilərini
qorumaq üçün
belə də etməlidirlər. Deyirsiniz ki,
efirlərə az-az çıxırıq. Axı biz televiziyalara
müraciət etmirik ki, bizi çağırsınlar.
Bizi axtarırlar, müraciət
edirlər və biz efirlərə çıxırıq.
Mən bu gün televiziyalarımızdan
heç də narazı deyiləm. Əslində ekranda az da olsa, mərifətli verilişlərdə tamaşaçılar
bizi görür.
- Əslində şou
əhlinin ekspert kimi daha çox
verilişlərə çıxarılması
da qınaq obyektinə çevrilir. Xanəndələrimiz isə ekspert kimi çıxış etməkdən imtina edirlər.
- Onu düz deyirsiniz. Nəinki estrada ifaçısı, heç muğam ifaçılarının da ekspert kimi danışmağa ixtiyarı yoxdur. Onun üçün mütəxəssislər var ki, onlar bu sahə üzrə daha yaxşı danışa bilərlər. Əslində burada şou əhlini də qınamaq düzgün deyil. Çünki onları verilişə danışmaq üçün dəvət edirlər. Burada onlarlıq da bir şey yoxdur.
Xəyalə Rəis
Kaspi.-2015.-27 fevral.-S.17.