Sona baxış, ülkər gülüş, incə yeriş...

 

Roza Cəlilova: “Anam ağ çörəyi verirdi ki, mağazada daha çox qara çörəklə dəyişdirim”

 

Müsahibimiz xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster, “Şərəf” ordenli prezident təqaüdçüsü Roza Cəlilovadır. 86 yaşlı müsahibimiz hələ də gənclik təravətini, incə yerişini, nazlı baxışını, ülkər gülüşünü itirməyib. Azərbaycan milli xoreoqrafiya sənətinin görkəmli nümayəndəsi ilə uşaqlıq və gənclik illərinə birlikdə nəzər saldıq...

 

Rəqsə olan həvəs

 

1929-cu ildə Qubada dünyaya göz açıb. Ailədə 4 uşağın böyüyü olub: “Atam orta məktəbi Tbilisidə bitirib. Təhsilini davam etdirmək üçün Bakıya gəlib. 36 yaşında professor dərəcəsi alıb. Atam əslən Gorusdan, anam Zəngəzurdandır. Mən atam Qubada birinci katib olduğu vaxt orada doğulmuşam. Amma doğum haqqında şəhadətnaməm itdiyinə görə sənədimi Dəvəçidə çıxartdırıb, doğum yerim kimi sözügedən rayonu qeyd ediblər. Sonra bir müddət atamın işi ilə əlaqədar Dilicanda yaşadıq. Bir neçə il sonra Bakıya köçdük”.

Atası İsmayıl müəllim ziyalı olduğundan 9 yaşlı Rozanın musiqiyə, rəqsə həvəs göstərdiyini hiss edib onu musiqi məktəbinə aparır. Küçədə məşhur balerina Sara Mirəliyevaya rast gəlirlər. Bu görüş R.Cəlilovanın gələcək həyatını həll edir: “Sara xanımın həyat yoldaşı atamın dostu idi. O, hara getdiyimizi soruşdu. Atam məni musiqi məktəbində rəqsə, ya da pianoya yazdırmaq istədiyini bildirdi. Sara xanım məni başdan-ayağa süzüb balet üçün yarandığımı dedi və məsləhət gördü ki, Xoreoqrafiya Məktəbinə yazdırsın. Beləliklə, 9 yaşımdan orta məktəbdə təhsilimi davam etdirmək şərtilə Xoreoqrafiya Məktəbində balet sinfində dərsə başladım. Xoreoqrafiya Məktəbində məni çox yaxşı qəbul etdilər. Çünki o vaxt opera səhnəsində cəmi 4-5 azərbaycanlı balerina var idi. Səhərlər 132 saylı məktəbdə dərsə, günortadan sonra rəqsə gedirdim. Atam məni baletə yazdıranda bacımı piano, qardaşımı isə skripka sinfinə qoydu”.

 

“Pulumuz qurtaranda anam üzüyünü lombarda qoyurdu”

 

 

İkinci dünya müharibəsi başlayandan bir il sonra İsmayıl müəllim müharibəyə gedir. Həmin vaxtdan ailənin məşəqqətli günləri başlayır. Bir müddət sonra o, müharibədə həlak olur: “Nə əmim, nə dayım var idi. Hökumət bizə birdəfəlik kompensasiya kimi qanpulu köçürdü. Anam bu pulla bizi böyütdü, qardaşlarım və bacım ali təhsil aldılar, mən də göz qabağındayam”.

Çətin vaxtlar olmasına baxmayaraq, digər yaşıdlarından fərqli olaraq, Roza rəqs məktəbindən çıxmır: “Anam hər səhər mənə 6 qəpik yolpulu qoyurdu. Yadımdadır ki, Xoreoqrafiya Məktəbində mənə bir stəkan südlə bublik verirdilər, onu yeyib sonra dərsə başlayırdım. Baletə o qədər həvəsim var idi ki, dərslərimi də çatdırırdım. Ailənin yükü böyük övlad kimi anamla yanaşı, həm də mənim üzərimdə idi. Çox korluq çəkirdik. Atam müharibəyə gedəndə anam hamilə idi. O qədər fikir etdi ki, dünyaya gəlmələrinə bir ay qalmış əkiz uşaqlar tələf oldu. Allah Süleyman Rəhimova rəhmət eləsin. Anamı-atamı tanıyırdı. Vəziyyətimizin ağır olduğunu bilib anamı Mərkəzi Komitənin yeməkxanasında işə düzəltdi. Anam oradan bizə yemək gətirərdi. Hökumət də 18 yaşımıza qədər bizə pul verdi. Bundan başqa, Xoreoqrafiya Məktəbində oxuyanda aldığım 62 manat təqaüdü də anama verirdim. Amma bunlar bizim böyük külfətimizi saxlamağa yetmirdi. Nənəmlə birlikdə ailədə 6 nəfər idik. Pulumuz qurtaranda anam nişan üzüyünü lombarda qoyub pul götürürdü. Mən Moskvanın xətti ilə konsertlərə getdiyimdən qonorar alır və hər dəfə qonorarımı lombarda verib anamın üzüyünü geri götürürdüm”.

 

Ağ çörəyi qara çörəyə dəyişirdim

 

Anası çalışdığından bir sıra işlərin məsuliyyəti də 12-13 yaşlı Rozanın üzərində idi: “Kiçik qardaşım 1,5 yaşında olduğuna görə hər gün hökumət talonla ona bir dənə ağ çörək, bir dənə bulka verirdi. Anam bulkanı qardaşım üçün saxlayır, çörəyi mənə verirdi ki, mağazada daha çox qara çörəklə dəyişirdim. Çörəyi götürüb hər gün mağazaya gedir, 400 qram çörəyi 1 kq 600 qram qara çörəklə dəyişdirib sevinə-sevinə evə gəlirdim. Bir gün çörəyi dəyişəndə ortayaşlı qadın küçədə mənə yaxınlaşıb təklif etdi ki, hər gün çörəyi ona aparıb əvəzində qara çörək alım. Mən də o gündən elə etdim”.

Rəqqasə bretkada gəzməyinin tarixçəsindən də danışdı: “Anam həmişə dəblə geyinməyi xoşlayırdı. Qəşəng bretkası var idi. Pulumuz qurtaranda bretkasını mənə verdi ki, çörəyə dəyişim. İndi başıma hər bretka taxanda yadıma anam düşür”.

 

Baletdən milli rəqsə dönüş

 

Ölkədə müharibə getməsinə baxmayaraq, olimpiadaların keçirildiyini deyən müsahibimizin sözlərinə görə, yalnız gecələri hər yerdə işıqları söndürürdülər ki, düşmən təyyarələri burada yaşayış olduğunu bilməsin: “İnsanların güzəranı pisləşsə də, dərslər qaydasında gedirdi. Bir gün görkəmli rəqqas, baletmeyster Əlibaba Abdullayev məktəbimizə gəldi. Uşaq Gənclər Olimpiadasında rəqs etmək üçün qızlardan ibarət rəqs qurulmalı idi. Sinifdə 30 qız idik. Hamımızı yoxladılar. Əlibaba müəllim məndən oynayan olub-olmadığımı soruşdu. Xoreoqrafiya Məktəbində oxuduğumu bildirdim. O vaxt 13 yaşım var idi. Əlibaba müəllim məndən yaxşı rəqqasə çıxacağını bildirdi. “Bala ceyran” mahnısına rəqs qurduq. Mən ortada oynadım. Bu rəqsi oynayandan sonra məndə milli rəqslərimizə maraq yarandı. Artıq baleti davam etdirmək istəmədim. Amma Xoreoqrafiya Məktəbini bitirib diplomumu əlimə almamış bu barədə heç kimə heç nə demədim. Həm də buranı bitirməyimi atam istəmişdi. Amma atamın arzusu da olsa, baleti davam etdirə bilmədim. Hər ölkədə balet var. Düşünürəm ki, öz folklorunu ifa edib yaşatmaq hissi öndə gəlməlidir”.

 

“Səni opera üçün bəslədik”

 

Beləliklə, 1947-ci ildə Xoreoqrafiya Məktəbini qırmızı attestatla bitirir və yenə də milli rəqsə olan sevgisi barədə heç kimə heç nə demir: “Məni işləmək üçün Opera və Balet teatrına göndərdilər. İki il burada işlədikdən sonra ölkənin Mədəniyyət İşləri İdarəsinin (indi Mədəniyyət və Turizm Nazirliyi sayılır- L.M.) rəhbəri Hökümə Sultanovanın yanına getdim ki, dərdimi ona deyim. Opera və Balet Teatrından çıxmaq istədiyimi bildirəndə Hökümə xanım narazılıq etdi. Dedi ki, “səni opera üçün bəslədik, yetişdirdik, indi də baleti tərk edirsən. Milli rəqsə bədii özfəaliyyət dərnəklərindən də rəqqasələr gəlir, amma sən məktəb qurtarmısan. Sənin operanı tərk etməyinə icazə verə bilmərik”. Mən fikrimdən dönmədim və bildirdim ki, incəsənətdə qalmağımı istəyirlərsə, rəqqasə olmağıma etiraz etməsinlər. Əks təqdirdə, işdən çıxıb evdə oturacağam. Gördü ki, dediyimdən dönməyəcəyəm, Dövlət Filarmoniyasına zəng edib tapşırıq verdi ki, orada məni işə götürsünlər, yer yoxdursa, bir nəfəri çıxarıb, onun yerinə qəbul etsinlər. Beləliklə, 1949-cu ildə Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçdim. Orada işləməyimdən bir il keçməmiş əsasən Moskva vasitəsilə dünyanın müxtəlif ölkələrində festivallarda tez-tez çıxış etməyə başladım”.

 

“Mircəfər Bağırovun bağında rəqs edirdim”

 

“Harada aş olurdu, orada baş olduğunu” deyən Xalq artisti o vaxt Mircəfər Bağırovun bağında düzənlənən banketlərdə rəqs etdiyini bildirdi: “Banketdə Vəli Axundov, İmam Daşdəmirov da iştirak edirdi. O qədər iddialı idim ki, müdirimiz Soltan Hacıyevə etirazımı bildirirdim ki, “belə olmaz, mən oynayıram, onlar çörək yeyirlər”. O da deyirdi ki, “Bu banketdə oynamağı arzu edənlər var, amma səni çağırırlar”.

Mircəfər Bağırovla təmasda olub-olmamasına gəlincə, R.Cəlilova deyir ki, onu yalnız yolda görürmüş: «M.Bağırov hazırkı İncəsənət Universitetinin binasında, biz isə Dövlət Filarmoniyası ilə üzbəüz “professorların binası”nda yaşayırdıq. Arada yolda onunla rastlaşır və çəkinə-çəkinə salam verirdim. O da eynəyinin altından baxıb salamımı alırdı. Piyada gəzirdi, ondan bir az aralıda da iki cangüdəni gedirdi”.

 

“Tanışlarımın 90 faizi rəhmətə gedib”

 

Həmyaşıdlarının rəhmətə getdiyini eşidəndə ürəyinin ağrıdığını deyən 86 yaşlı həmsöhbətimiz buna görə hərdən fikir etdiyini bildirir: “Telefon kitabçasını açıb kiminləsə danışmaq istəyirəm. Baxıram ki, tanışlarımın 90 faizi rəhmətə gedib. Çox çətindir. İnsan yaşa dolanda qohum-əqrəba, qardaş-bacı istəyir. Bir saatdan bir qızıma, oğluma zəng edib uşaqları soruşuram. Bir qızım, bir oğlum, dörd nəvəm var. Qızım, oğlum gündüzlər hərdən yanıma gəlirlər, amma gecələri tək qalıram. İstəsəm, gecələri də mənimlə qalarlar, amma təkliyə öyrənmişəm, belə daha rahatam. Allah televizoru çıxardanlara rəhmət eləsin, bu yaşımda televizorla dostlaşmışıq”.

 

“Camaat təbiiliyə həsrət çəkir”

 

Bir xanım kimi hələ də çox gözəl, incə və nazlı olduğunu xatırladaraq Roza xanımdan bunun sirrini də öyrəndik: “Əvvəla, məktəb məni yoğurub. Bir də təmiz qəlbim var. Təmiz, mehriban ürək həmişə adamı cavan saxlayır. Paxıllığın nə olduğunu bilməmişəm. Təbiilik özü gözəllikdir. Bu saat camaat təbiiliyin həsrətini çəkir. Gənc qızlarımıza məsləhət görərdim ki, kosmetikaya, estetik cərrahiyyəyə uymasınlar. Gənc qızların gözəlliyi onların gəncliyindədir. Cavanın gözləri parıldayır, yanaqları yanır, dodaqlarının öz rəngi var. Nə mənası var bəzənməyin? Səhnə gözəlliyi sevsə də, orda da həddən artıq qrimlənmək yaxşı görünmür. Təbii gözəllikdən başqa, xanımlarımız çalışmalıdırlar ki, artıq çəki almasınlar. Bunun üçün yeməklərinə fikir versələr, yaxşı olar. Bir də gənc xanımlarımızda, elə oğlanlarımızda da daxili mədəniyyət olmalıdır. Düşünürəm ki, dünyanı insanların daxili mədəniyyəti xilas edə bilər. Əgər daxili mədəniyyət varsa, nə oğurluq olar, nə də kimsə kiməsə sataşar. Əksinə, insanlar bir-birinə kömək edər, əl tutar”.

 

“Məni yaşadan xalqımdır”

 

İndiki gənc rəqqasələrə də sözünün olduğunu deyən müsahibimiz təəssüflə bildirdi ki, onlarda mimika yoxdur: “Sadəcə, dişlərini ağardırlar. Rəqqasəyə məxsus sona baxış, ülkər gülüş, incə yeriş indikilərdə yoxdur”.

Sonda Xalq artisti üzünü gənclərə tutaraq istədikləri sənətin arxasınca getmələrini tövsiyə etdi: “Uğur qazanmaq üçün seçdikləri sənəti sevmək, zəhmət çəkmək də vacibdir. Bir də bütün diqqətlərini bir nöqtəyə cəmləşdirsinlər. Bir əldə iki qarpız tutmasınlar”.

Sənətinə vurğun olan R.Cəlilova bu sənəti seçdiyinə görə özünü xoşbəxt sayır: “Mənimçün ən böyük mükafat xalqımın yadından çıxmamaq və sevilməkdir. Məni yaşadan xalqımdır”.

 

Lalə MUSAQIZI

Kaspi.-2015.-27 fevral.-S.21.