969-cu il iyulun 14-ü

 

Ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbəri

seçilməsinin 46-cı ilində sevgi ilə xatırlanır

 

O zamanlar Gürcüstan KP MK-nın, respublika Ali Soveti Rəyasət Heyətinin və Nazirlər Sovetinin orqanı “Sovet Gürcüstanı” qəzetində əsas şöbənin-partiya həyatı şöbəsinin müdiri vəzifəsində işləyirdim. Qəzetimiz həftədə üç dəfə kiçik formatda-A3 formatında çıxırdı.

1969-cu il iyulun 14-ü bazar ertəsi günü növbəti nömrəmizi çapa verməyə hazırlaşırdıq ki, Moskvadan - SİTA-dan, “Hamıya, hamıya” qrifi ilə təcili xəbər aldıq: “Vacib məlumat gözlənilir”.

Xəbərdarlığı saat 20.00 radələrində almışdıq. Saat 21.50 dəqiqədə gözlədiyimiz informasiya gəldi və biz onu tərcümə etdik:

“Azərbaycan KP MK-nın plenumu haqqında məlumat

 

Bakı, 14 iyul (SİTA.) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu olmuşdur.

Plenum təşkilat məsələsinə baxmışdır.

Plenum başqa işə keçməsi ilə əlaqədar olaraq V.Y.Axundovu Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən və büro üzvlüyündən azad etmişdir.

Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləmiş H.Ə.Əliyev Azərbaycan KP MK-nın birinci katibibüro üzvü seçilmişdir.

Sov.İKP MK katibi İ.V.Kapitonov plenumun işində iştirak etmişdir”.

SİTA-nın göstərişinə uyğun olaraq, xəbəri qəzetimizin birinci səhifəsində yerləşdirdik.

Dərhal bir ay bundan əvvəl Bakı Ali Partiya Məktəbində rəhbər partiya, sovet və kütləvi informasiya vasitələri işçilərinin təkmilləşdirilməsi ilə məşğul olan respublikalararası kurslarda iştirak etdiyim günlər yadıma düşdü. Gürcüstandan 2-si azərbaycanlı - Mərkəzi Komitədə inspektor vəzifəsində çalışan Həsən Hacıyev və mən olmaqla 42 nəfər idik. Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan respublikalarının hər birindən gəlmiş nümayəndələr də yəqin ki, elə o qədərdi. Kurslarda tanınmış alimlər, dövlət xadimləri, KİV rəhbərləri mühazirələr oxuyurdular.   Dərs cədvəlində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri H.Ə.Əliyevin mühazirə oxuyacağı göstərilmişdi. Sərhəd və onun qorunması, ümumən dövlət təhlükəsizliyi məsələləri bütün dinləyiciləri maraqlandırdığına görə həmin günü səbirsizliklə gözləyirdik. Nəhayət, o gün gəlib çatdı.

Kursların rəhbəri mülki geyimli, uca boylu bir kişi ilə dərs keçdiyimiz iri auditoriyaya daxil olub dedi:

- Yoldaşlar, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, general Heydər Əlirza oğlu Əliyev sizə sərhədlərimizin qorunması və dövlət təhlükəsizliyi məsələlərindən danışacaq...

Komitə sədri indiyədək bizə mühazirə oxuyanların bir çoxundan fərqli olaraq şparqalkasız, qovluqsuz, necə deyərlər, “əliboş” gəlmişdi. İlk baxışdan sadə və səmimi görünən Heydər Əliyev söhbətinin elə əvvəlindəncə səsinin ahəngi, gətirdiyi faktların şərhində kifayət qədər səriştəlilik, hərəkətlərində yüksək mədəniyyət nümayiş etdirməsi ilə auditoriyanı ələ aldı. Dinləyicilər-azərbaycanlılar, gürcülər, dağıstanlılar, ermənilər diqqət kəsilmişdilər. O danışırdı: Biz bu yaxınlaradək hansısa obyektin şəklini çəkən və ya çəkməyə cəhd göstərən adamın casus olduğu fikrindəydik. İndi həmin adamonu göndərənlər bilirlər ki, bu üsul bir çoxlarının asan ifşa olunması ilə nəticələnir. Casusu artıq qapalı obyektin şəklini çəkən görmək, necə deyərlər, dəbdən düşmüşdür. Hazırda casus hər hansı şəhərin, elə Bakının müəyyən yerindən bir ovuc torpaq götürür, cib dəsmalına bükürheç kəsin diqqətini cəlb etmədən, heç kəsdə şübhə yaratmadan çıxıb gedir. İşinin səmərəsini isə sonradan görür. Bir ovuc torpaq təmsil etdiyi ölkənin xüsusi laboratoriyasında analiz olunur, torpağın götürüldüyü ərazinin neçə kilometrliyində hansı qapalı obyektin, hansı hərbi hissənin yerləşdiyi tam dəqiqliyi ilə müəyyənləşdirilir...”

Dünyanın az qala bütün ölkələrinin sərhədlərini aşaraq fəaliyyət göstərmiş, həmişə də sudan quru çıxmış bir çinli casusun Azərbaycanda ifşa olunub həbs edilməsi faktından və buna bənzər digər faktlardan o qədər maraqla danışırdı ki...

Söhbət ürəyə yatanda vaxt necə də sürətlə keçirmiş! Dərsin birinci hissəsi, yəni 45 dəqiqə elə bil 2-3 dəqiqə imiş. 10 dəqiqəlik tənəffüs zamanı dinləyicilər Heydər Əliyevi dövrəyə aldılar. Ona sərhədlərimizin pozulması ilə bağlı suallar verildi. Əsaslandırılmış, tutarlı cavablar hamımızı heyran edirdi.

Dərsin ikinci hissəsi daha canlı keçdi. Mühazirəçi mövzuyla bağlı saysız-hesabsız misallar gətirdi, hər şeyi yerli-yerində əsaslandırdı.

Heydər Əliyev axırda onu maraqla dinlədiyimizə, buya digər məsələnin müzakirəsində yüksək fəallıq və obyektivlik göstərdiyimizə görə bizlərə təşəkkürünü bildirdi. Azərbaycanlılar belə bir çekistimizin olmasından qürur duyduqlarını, bədnam qonşularımız isə sözün həqiqi mənasında həsəd apardıqlarını açıq-aşkar hiss etdirirdilər...

Heydər Əliyevin ölkəyə rəhbərliyinin elə ilk gündən etibarən Azərbaycanda böyük canlanma hiss edilməyə başladı. Radio, televiziya və qəzetlərdə ölkənin həyatında rüşvətxorluğa əli əyriliyə, möhtəkirliyə və bürokratizmə qarşı ciddi mübarizə aparılması barəsində materiallar mühüm yer tuturdu. Qanunçuluğun möhkəmləndirilməsi üçün tədbirlər görülürdü.

Gürcüstan rəhbərliyində də dəyişiklik oldu. Hakimiyyətdə olanda görkəmli marksist-leninçi, dünya kommunist və fəhlə hərəkatının dəmir iradəli lideri, vəzifəsindən uzaqlaşdırıldıqdan sonra isə “enerjili axmaq” adlandırılan Nikita Xruşşovun bacanağı Vasili Pavloviç Mjavanadze Gürcüstan KP MK-nın birinci katibi vəzifəsindən getdi. Yerinə bir müddət respublika komsomolunun rəhbəri, daxili işlər naziri, bu ərəfədə isə Tbilisi Şəhər Partiya Komitəsinin birinci katibi işləmiş Eduard Amvrosyeviç Şevardnadze gətirildi. Azərbaycanda olduğu kimi, bu respublikada da yeni abı-hava yarandı, qanunçuluğun pozulmasına qarşı mübarizə gücləndirildi, rüşvətxorluğu özlərinə peşə edənlərin rahatlığı pozuldu.

Sovet Gürcüstanı” “dişli” mətbuat orqanı sırasına keçmişdi. Bununla belə, onun kiçik formatda çıxması respublikada reallaşdırılan islahatlar, ictimai-siyasi həyatın heç vaxt olmadığı qədər canlanması ideoloji sahəsində qarşıda duran vəzifələri yeni tələblər səviyyəsində işıqlandırmağa imkan vermirdi. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulmasının ilk günlərindən çıxan qəzetin nəşri 1944-cü ilin noyabrında - Ahiska türklərinin, yəni Aspindza, Adıgün və Axalsixe rayonlarının əsas əhalisinin Qazaxıstana və Orta Asiyaya köçürülməsindən sonra – 1945-ci ilin yanvarında müvəqqəti dayandırıldı və bu müvəqqətilik 1960-ci il avqustun 2-dək davam etdi.

Oxucu konfranslarında, azərbaycanlıların yığcam yaşadıqları rayonlarda keçirilən müxtəlif tədbirlərdə “Sovet Gürcüstanı” qəzetinin formatının böyüdülməsinin zəruriliyindən danışılırdı, MK-ya, Ali Sovetin Rəyasət Heyətinə, Nazirlər Sovetinə, habelə Moskvaya - Kremlə bu barədə coxlu müraciətlər olurdu.

Redaksiyanın kollektivi də qəzetin həcminin böyüdulməsi xahişi ilə vaxtaşırı E.A.Şevardnadzeyə müraciət edirdi. Təəssüf ki, birinci katibin cavabı həmişə belə olurdu: “Ölkənin sellüloz-kağız sənayesi planı yerinə yetirmədiyinə görə kağız çatışmır. Buna görə də formatın böyüdülməsi mümkün deyildir”.

Bu bir yandan doğru olsa da, digər tərəfdən bəhanə idi. Çünki lazım gələndə kağız tapılırdı. Bir az əvvəl həftəfə bir dəfə 4 səhifədə çıxan “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetinin həcmini artıraraq, 16 səhifə etmişdilər. Erməni qəzetinin də böyük formatda çıxması göz qabağında idi. Əhalinin sayına gəlincə, biz onlardan çox idik. Qəzetin nəşri 1960-cı ilin avqustunda bərpa olunanda tirajımız 12.000 nüsxə idi. 1977-ci ildə isə 75.000 abunəçimiz vardı. Erməni qəzetinin tirajı isə heç 37.000 nüsxə də deyildi.

Heydər Əliyevin imzası ilə göndərilən məktubun təsir gücü

Redaksiyamızdan həftədə bir dəfə eyni vaxtda rus dilini yaxşı bilən bir nəfəri MK-nın ümumi şöbəsinə çağırırdılar. Azərbaycan dilində gəlmiş ərizələr, şikayət və təkliflər buya digər ünvanlara göndərilirdi. Vaxtaşırı MK-ya mən də gedirdim. Günlərin bir günündə Azərbaycan dilində gəlmiş məktublardan biri diqqətimi xüsusilə cəlb etdi.

Bu, Gürcüstanın Telavi rayonunun Qaracalar kəndindən Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə göndərilmiş və həmin ünvandan Heydər Əliyevin şəxsən imzaladığı müşayiət məktubu ilə Gürcüstan KP MK-ya ünvanlanmışdı. Onlarca qaracalarlının imzaladığı məktub makinada səliqə ilə yazılmışdı və 5 səhifə həcmində idi. Məzmunu Gürcüstanda bir çoxlarının bildiyi məsələni əks etdirirdi. Müəlliflər kənddə hələ 1923-cü ildə Azərbaycan dilində məktəb açıldığını göstərir, sonralar, 50-ci illərin ortalarında kolxoz sədrinin bəd əməllərinin üstünün açılmasında müəllimlərin əli olduğunu təxmin edən sədr onlardan intiqam almaq məqsədilə valideynləri dilə tutur ki, övladlarını gürcü dilində oxutdurmaq istədikləri barəsində Maarif Nazirliyinə müraciət etsinlər. Beləliklə, yeni dərs ilində birinci sinifdə dərslər gürcücə keçilməyə başlayır. Gürcü dilində dərs demək səviyyəsində olmayan azərbaycanlı müəllimlər ya işsiz qalır, ya da Azərbaycan məktəbləri olan digər rayonlara üz tuturlar.

Ədalətin bərpa olunmasında, əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olan iri yaşayış məkanında ana dilində məktəb açılmasında onlara yardım göstərməyi xahiş edirdilər.

Məktubla tanış olduqdan sonra şöbə müdirinə:

- Şota İrakliyeviç, məktubu tərcümə edib məzmununu Qoqiçaişvili yoldaşa çatdırmaq lazımdır

- Nədən danışılır ki?

- Yazılanların qısa məzmununu danışdım.

Şanidze:

- Ciddi məsələdir, - dedi. –Bəs kim tərcümə etsin?

- Mən.

- Buna nə qədər vaxt lazımdır?

- Sabah saat 12:00-da makinada yazılmış halda masanızın üstündə olar...

Ertəsi gün vədələşdiyimiz vaxtda tərcüməni ümumi şöbənin müdirinə təhvil verdim.

Müdir oxuyub:

- Jurnalist operativliyinə eşq olsun! - dedi və əlavə etdi: - Elə bu gün Qoqiçaişvili yoldaşa məruzə edərik.

Nəticəni çox gözləmək lazım gəlmədi. Tezliklə məlum oldu ki, Maarif Nazirliyi Qaracalar məktəbində yeni dərs ilindən tədris Azərbaycan dilində aparılan birinci sinif açılması barəsində göstəriş vermişdir.

 

Heydər Əliyev Kremlə getdi, qəzetimiz böyüdü

 

Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi Azərbaycan xalqını, dünya azərbaycanlılarını, bütün türk dünyasını sevindirdi. Amma bizə elə gəlirdi ki, hamıdan çox Gürcüstan azərbaycanlıları sevinirlər. Çünki onların problemlərinin həlli ucun əlverişli şərait yaranmışdı.

Milli şüurumuz oyanırdı. Ən əvvəl Marneuli rayonunun gəncləri ayağa qalxdılar. İstəkləri və dedikləri də bu oldu: “Rayonun rəhbərləri yerli kadrlardan olmalıdır. Gürcü olsa belə, adət-ənənələrimizi bilməlidir.

Vəziyyətin ciddi olduğunu hiss edən Gürcüstan hakimiyyəti güzəştə getmək məcburiyyətində qaldı. Təcili surətdə Marneuli rayonunun mərkəzi qonşu kəndləri buraya daxil etməklə respublika tabeliyində şəhərə çevrildi. Marneuli Şəhər Partiya Komitəsi və Marneuli Rayon Partiya Komitəsi yaradıldı. Şəhər Partiya Komitəsinə birinci katib vəzifəsinə gürcü, Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə isə azərbaycanlı, kənd təsərrüfatı mütəxəssisi Kamal Məmmədov seçildi. Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə Sadaxlı kəndindən Bəkir Dəmirçəlov gətirildi. Müxtəlif səviyyələrdə müəyyən qədər azərbaycanlı kadrlar yerləşdirildi. 5 nəfər azərbaycanlı gənc hüquqşünas ixtisasına yiyələnmək və ali təhsili başa vurduqdan sonra Gürcüstana qayıdıb inzibati orqanlarda işləmək üçün Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə göndərildi...

1983 – il dekabrın 3-də şənbə günü Marneuli şəhər partiya təşkilatının 2-ci konfransı keçirilirdi. MK-nın göstərişi ilə “Sovet Gürcüstanı” qəzetinin həmin günkü nömrəsi bütünlüklə Marneuli şəhərinin həyatına həsr edilmiş və rəngli çıxmışdı. Tirajın 500 nüsxəsi konfrans nümayəndələrinə və qonaqlara paylanmışdı.

Konfransa təhkim olunmuş Mərkəzi Komitə katibi Soliko Xabeişvili tədbirin açılışında ilk söz alaraq dedi:

-           Hörmətli nümayəndələr və qonaqlar! Marneuli şəhərinin, Marneuli rayonunun əhalisini və onların şəxsində respublikanın bütün azərbaycanlılarını təbrik edirəm. Mən buraya yola düşərkən Eduard Amvrosyeviç Şevardnadze Sov.İKP MK-ya məktub imzaladı. “Sovet Gürcüstanı” qəzeti yeni il yanvarın 1-dən böyük formatda çıxacaq.

Salonda gurultulu alqışlar qopdu. Bəli, azərbaycanlıların, o cümlədən salondakıların çoxdankı arzusu reallaşırdı.

Qəzetin böyük formatda ilk nömrəsi bir sıra səbəblər üzündən yanvarın 1-də çıxmadı. Lakin çox gözləmək də lazım gəlmədi. Mayın 1-də oxucularımız böyük formatda rəngli qəzeti gördülər...

 

Həmid VƏLİYEV

 

BDU Beynəlxalq jurnalistika

kafedrasının müdiri, professor,

Gürcüstan SSR-in Əməkdar jurnalisti,

 

Kaspi.- 2015.- 14 iyul.- S.6.