“Nağaradan əl
çəkmədim”
Natiq Şirinov: “Hər
il əllərimi müalicə etdirirəm”
Nağaraya verdiyi yeni nəfəslə nəinki Azərbaycan, bir çox ölkələrdə
də tamaşaçıların sevimlisinə çevrilib. Məhz buna
görə Azərbaycanda keçirilən dünya
miqyaslı tədbirlərdə açılışı öz nağarası ilə o
edir. Müsahibimiz dövrünün ən görkəmli nağara ifaçısı kimi
tanınan, öz aləti ilə nəinki
Azərbaycan, hətta dünya musiqi dünyasına yenilik
gətirən Natiq Şirinovdur.
Natiq Şirinov 18
yaşından professional səhnəyə
qədəm qoyub və 24 yaşında dünya səhnələrində Alim Qasımovu müşayiət etməklə
bərabər, konsertlərdə solo
nömrələrlə çıxış edib.
Qeyd edək ki, bu il avqustun
22-26-da Natiq Şirinovun
təşəbbüsü ilə Şəkidə ilk dəfə “Nağara-2015” beynəlxalq Ritm Festivalı keçiriləcək. Müsahibimiz deyir ki, bu festivalın
keçirilməsi onun 20 illik
arzusu olub.
- Natiq bəy, nağaraya heç vaxt eşitmədiyimiz yeni nəfəs vermiş, gənc yaşlarınızdan sənətinizin ustadı kimi tanınmısınız. 24 yaşınızda artıq Alim Qasımov kimi sənətkarla işləyirdiniz. Gənclərimiz üçün maraqlı olar. Buna necə nail oldunuz?
- Ən başlıca səbəb zəhmətdir. Zəhmət də sevgidən yaranır. Bir iş görəndə onu sevəcəksən. Allahımızı, vətənimizi, xalqımızı, anamızı, atamızı sevdiyimiz kimi sənətimizi də sevməliyik. Əgər sənətini doğru-dürüst sevəcək, sevgi ilə zəhməti birləşdirəcəksənsə, Allahın səni gözəl məqamlara gətirib çıxardığını görəcəksən.
- Sənətkar olmağınızda geninizin
rolu varmı?
- Əlbəttə, sənətkar
olmağımda genimin
rolu çox böyükdür. Ata tərəfdən
də, ana tərəfdən də aşıq nəslindənəm.
Əslimiz Göyçə mahalındandır.
Azərbaycan incəsənət tarixində məşhur
olan Aşıq Şirin, Aşıq İdris və
Aşıq Şəmşirin nəslindənəm. Ata babam Aşıq İdris Aşıqlar Birliyinin sədri
olub. Sadəcə, mən aşıq deyil,
nağara ifaçısı oldum.
- Oğlunuz da sizin yolunuzu davam etdirir.
Öz istəyilə, ya sizin istəyinizlə nağara
ifaçısı oldu?
- Mən arzulamışam ki, Allah mənə oğul övladı versin,
sənətimi ona öyrədim. Oğlum 1997-ci
ilə anadan olub. O zaman mən tanınmırdım, amma
sənətimin vurğunu idim. Düşünürdüm
ki, övladım gələcəkdə mənim ümidimi
doğrultacaq. Elə buna görə
adını Ümid qoydum. Şükürlər olsun ki,
yaşının az olmasına baxmayaraq,
Ümid bütün ümidlərimi doğrultmağa
başlayıb.
- Oğlunuzdan razılıq edirsiniz. Amma
deyəsən, atanız sizdən razı qalmayıb…
- Elədir, nağaraya görə razı deyildi. Çünki
mənim atam elm adamı idi. Riyaziyyatdan
şifahi vurma qaydaları haqqında bir kitab da
yazmışdı. Ailədə 7 uşaq
idik. Məndən başqa bütün uşaqlar ali təhsil aldı, nə qədər elədi,
məni oxuda bilmədi, nağaradan əl çəkmədim.
- Babalarınız aşıq olduğu halda niyə atanız musiqi sahəsinə
gəlməyinizi istəmirdi?
- Çünki babalarımın
vaxtında sənətkarlar ən hörmətli
insanlar idi. Atamın vaxtında artıq sənətə
qiymət azalmışdı. Adları sənətkar
olanların çoxu içkiyə qurşanan, qumarbaz, narkoman
idi. Atam da bunu görürdü və
övladı kimi mənim gələcəyimlə
bağlı narahatçılıq keçirirdi. Buna görə məni nağaradan ayırmaq
üçün çox çalışdı, amma istəyi
baş tutmadı. Həyat elə gətirdi ki, sənətimi
davam etdirdim. 2001-ci ildə, 26 yaşımda Azərbaycan
Dövlət Televiziyası haqqımda film çəkirdi.
Düşünürdüm ki, atam mənim haqqımda
heç nə danışmayacaq, özü də naxoş
idi. Amma o, özü şəxsən AzTv-yə gəldi və
məndən çox razılıq etdi. Çox sevindim,
kövrəldim. Mənim gələcəyimin belə
olacağına inanmadığını dedi, müəllimim
Azər Əliyevə təşəkkür etdi. Qeyd edim ki, Azər
müəllim nağaranın kitabını yazan insan olub.
- Sənətinizin
davamçıları, şagirdləriniz
çoxdur?
- Şagirdlər çoxdur,
amma davamçımın olduğunu həyat
göstərəcək, mən bir şey deyə bilmərəm. Azər müəllimin
1980-ci illərdə 1500-dən çox tələbəsi var
idi. Buna baxmayaraq, bu gün onun tələbələri içərisində
Allahın verdiyi şansla yalnız mən nağaranı əlimdən
yerə qoymuram.
- Dünyanın onlarla ölkəsində tamaşaçılar
qarşısında çıxış etmisiniz. Digər ölkələrin
tamaşaçıları ilə Azərbaycan
tamaşaçıları arasında hansı fərqlər
var. Biz çoxmu passivik?
- Elədir. Azərbaycan
tamaşaçısına nəyisə sevdirmək çətindir.
Mən bunu ürək ağrısı ilə
yaşamışam. Düşünmüşəm ki,
nağarada ifa etmək söz deyil ki, insanları cəlb edəsən.
Mən ritm çalıram. Bunu insanlara necə sevdirəcəyimi
çox götür-qoy etmişəm. Bizim
tamaşaçıların əl çalmaları,
alqışlamaları çox çətindir. Amma
şükürlər olsun ki, mən bu alqışı zəhmətim
sayəsində insanlardan ala bilirəm. Müqayisəyə gəlincə,
xaricdə sənətini sevdirmək daha asandır,
tamaşaçılar hər bir kiçik detala reaksiya verir, sənətə
münasibətlərini alqışlarıyla sərgiləyirlər.
Bu gün musiqimiz
Qara Qarayev, Fikrət Əmirov, Xan
Şuşinski, Seyid Şuşinski səviyyəsindən
çox aşağı düşüb. Sənətkarlar,
düşüncəli musiqilər azalıb, bunların yerini
bayağı musiqilər tutub, “nənəm, nənəm” tipli
mahnılara meydan açılıb. Etiraf edək ki, indi Azərbaycan
musiqisi toy üzərində qurulub. Bu gün
toylarımızda əsasən bayağı musiqilər ifa
edilir. Hamı oynayır, bizdə dinləmək yoxdur.
- Yeri gəlmikən, toylara
gedirsiniz?
- Bəli, “çörəyimi“ toydan qazanıram. Evimi,
maşınını, balalarıma çörəkpulunu
oradan qazanıram. Konsert verməklə ailəmi saxlaya bilmərəm.
Düzdür, xaricdə konsertlərim olur. Amma bir il ərzində
10-15 dəfə konsertə getməklə mən və
yanımdakı 15-20 nəfər dolana bilməz axı… Toylara
getmək məcburiyyətindəyəm. Amma onu da deyim ki,
toylara insanları sənətimizə qulaq asdırmaq niyyətilə
gedirəm. İstəyirəm, nağaranı dinləyib
sevsinlər, hər dəqiqə mənim nağarama
oynamasınlar. Düzdür, istək olanda nağarayla
“Yallı” getmək başqa şeydir. Qəlbi qırmamaq
üçün biz bunu edə bilərik. Amma bu, o demək
deyil ki, biz oynayanlar üçün çalırıq. Toya
15-30 dəqiqəlik gedirəm və əvvəlcədən
toy sahibiylə şərt kəsirəm ki, məni dinləyəcəklərsə,
gəlim, dinləməyəcəklərsə, o auditoriya mənlik
deyil.
- Gün ərzində
neçə saat məşq edirsiniz?
- Əvvəllər 10-15 saat məşq edərdim. 24 saatın 3-4
saatını yatardım. Sonra həyat elə gətirdi ki,
tanınmış insan oldum, dünyanın müxtəlif yerlərindən
konsertlərə dəvət aldım, Azərbaycanda mənə
tələbat artdı. Məndən asılı olmayaraq, tələbatı
ödəmək, tədbirlərə, toylara, konsertlərə
getmək lazımdır. Bir də görürsünüz ayla
Bakıda olmuram. Buna görə gündəlik məşq
saatlarım 10-12 saatdan 3-4 saata düşüb. Hətta bəzi
günlər 1 saat çala bilirəm. Çünki işim həddindən
artıq çoxdur. Gözləyirəm, Ümid bir az da
böyüsün, bütün işləri onun öhdəsinə
buraxıb, özüm yenidən 10-12 saatlıq məşqlərə
başlayım.
- Natiq bəy, nağarada ifa edəndə
sərt zərbələr vurursunuz. Barmaqlarınız
o zərbələrə necə dözür?
- Nağaraya sevgi ilə vurduğum zərbələrdən zədə
aldığım vaxtlar çox olub. Əlimi dəfələrlə
əməliyyat etdirmişəm. 2004-cü ildə Tailandda 23
gün festivalda olduq. Zərbədən barmağımın
birində yara açıldı və qanamağa
başladı. Barmağımın qanını saxlaya-saxlaya
festivalda çıxışımı davam etdirdim. Orada ermənilər
də var idi və festival yarımçıq buraxa bilməzdim.
Əlimdə qaralma getdi, müalicə almaq məcburiyyətində
qaldım. Hər il əllərimlə bağlı müalicə
götürürəm.
- Nağara sizin üçün nədir?
- Nağara mənim həyatımın bir parçasıdır
desəm, azdır. Nağara mənim yaşamımdır. Ailəmdən,
balalarımdan, əzizlərimdən sonra deməzdim, onlarla
eyni səviyyədədir. Bəlkə də artıqdır, nəinki
əskik. Çünki bu həyatda 5 yaşımdan əlimdə
nağara olub. Bu gün də qucağımda övladımdan
çox nağara gəzir. Nağaranın bir gözəlliyi
də ondadır ki, digər alətlərdən fərqli
olaraq, onu qucaqlayıb ifa edirsən. Nağara mənim
yaşamım, çörəyim, suyumdur, mənim ailə həyatı
əldə etməyimdir, əzizlərimin yanında hörmət
qazanmağımdır...
Lalə MUSAQIZI
Kaspi.- 2015.- 17-21 iyul.- S.21.