İncəsənət məkanına
çevrilən
metrostansiya
“Gənclik” metrostansiyası
fotoqrafların ixtiyarına verilib
Noyabr ayına qədər
“Gənclik” metrostansiyasının keçidlərində sərnişinləri
sürpriz gözləyir. Belə ki, iyulun 15-dən
başlayaraq sözügedən stansiyanın yenicə təmirdən
çıxmış keçidində fotosərgi
nümayiş olunur. Biz də fotosərgi ilə tanış
olmaq üçün “Gəncliy”ə yollandıq.
Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün bura ən yaxşı sərgi məkanıdır. Keçidin divarlarını bəzəyən fotoşəkillər insanların əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün xüsusilə pozitiv istiqamətdə seçilib. “Döyüşçü”, “Fikirdən azad olarkən”, “Zəriflik”, “Xoşbəxtlik” kimi adların verildiyi şəkillər Bakının müxtəlif yerlərində çəkilib. Ağ-qara və rəngli formatda təqdim olunmuş fotolar sərbəst mövzudadır.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Kapital Bank” ASC ilə birgə həyata keçirdiyi sosial layihə şəhər əhalisinin marağına səbəb olub. Rus, alman, azərbaycanlı fotoqrafların şəkillərinin nümayiş etdirildiyi sərginin ilk günü “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, İspaniyanın ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili Xose Luis Dies, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnayib Həsənoğlu, fotoqraflar Ruslan Məmmədov, Nicat Rzayev, İlkin Kəngərli iştirak ediblər.
Keçidlərdə
mədəni tədbir
Layihə haqqında məlumat verən “Bakı Metropoliteni” ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, ideya metropolitenə məxsusdur: “Təşkilati işləri “Bakı Metropoliteni” QSC-nin reklam və marketinq şöbəsinin rəisi Lalə Babayeva həyata keçirib. Sərgiyə 126 müraciət əsasında 1857 iş təqdim olunub. Münsiflər heyəti əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərliyi ilə seçim edib. 39 nəfərin 92 sənət əsəri sərgidə nümayiş olunmağa layiq görülüb. Metropoliten hər zaman sosial layihələrə üstünlük verir. Qeyd edim ki, bir müddət əvvəl Nərimanov metrostanisyasında talassemiyalı uşaqların əl işindən ibarət sərgi açılmışdı. Sosial layihələr bundan sonra da davam edəcək. Əsərlər sərnişinlərin zövqünü oxşayır. Metro keçidlərimizdə bu cür mədəni tədbirlər keçirməyə imkanımız var və bu imkandan xalqımız, sərnişinlərimiz, sənətsevərlərimiz, fotoqrafarımız üçün istifadə edirik. Sənətsevərləri sərgiyə dəvət edirik”.
“Gözəllik
görməyə ehtiyacımız var”
Bu sərgini digərlərindən fərqləndirən əsas cəhət sərginin məhdud auditoriya üçün yox, 4 ay ərzində yüz minlərlə vətəndaşımız üçün nəzərdə tutulmasıdır. Şəkillər keçiddən istifadə edən hər kəsi ayaq saxlamağa məcbur edir. Hər kəs - qoca, cavan, uşaq onlara nəzər saldıqdan sonra yoluna davam edir.
Şəkillərə maraqla baxan Səriyyə xala deyir ki, yayın isti günlərində belə mənzərə ilə qarşılaşmaq insanın əhval-ruhiyyəsini yaxşılaşdırır: “Ölkəmizdə belə sərgilərin keçirilməsi təqdirəlayiqdir. Bundan bir neçə il öncə metro keçidləri bazarı xatırladırdı. Addım atmağa yer olmurdu. Onsuz da basabasda pozulan əsəblərimiz bazar təəssüratı yaradan keçidlərdə pik həddə çatırdı. Amma metrodan çıxıb bu mənzərə ilə qarşılaşacağımı gözləmirdim. İnanıram ki, burdan keçən hər kəs bu sərgidən zövq alır”.
Aygün isə belə lahiyələrin tez-tez keçirilməsinin tərəfdarıdır: “Mən bu sərgini görəndə həqiqətən gözlərimə inanmadım. Çox gözəl abu-hava var. Bəzən hansısa bir işin dalınca qaçıb, yorğun halımızla getdiyimiz yolda hansısa bir gözəllik görməyə ehtiyacımız olur. Bu gözəllik fotoqrafların gözü ilə tamam başqadır. Burada müxtəlif fotoqrafların fərqli baxış nöqtələrindən rəsmlər var. Çox bəyəndim. Bu cür layihələri tez-tez etsələr, yaxşı olar”.
Sərgi
insanların ayağına gəlib
Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu çoxdan belə bir istəklərinin olduğunu bildirdi: “İnsanların çoxluq təşkil etdiyi yerlərdə belə sənət əsərlərinin sərgilənməsi çox yaxşıdır. Başqa yerlərdə sərgi keçirdikdə, əsasən sərginin ilk günü gələnlər olur, sonra maraqsızlaşır. Bu sərgiyə isə minlərlə insan tamaşa edə biləcək. Çünki sərgi özü insanlar olan yerdə reallaşdırılıb”.
Pünhan
baba deyir ki, metrodan az istifadə edir. Çıxışda
şəkillər gördükdə təəccüblənib:
“Qızım, mən metrodan çox az istifadə edirəm.
Amma bu gün burada gördüyüm sərgi xoşuma gəldi.
İnsanların çox gəlib-getdiyi bir məkanda belə
bir ideyanın reallaşdırılmasını
alqışlayıram. Mənim kimi yaşlıların da
metrodan istifadəsi üçün stimul verirlər
(gülür-A.Ə)”.
Azərbaycanın ürəyi
Metropolitenin
təşkilati işləri həyata keçirən reklam və
marketinq şöbəsinin rəisi Lalə Babayeva deyir ki, sərgidə
nümayiş olunan şəkillər Azərbaycanın ürəyini
əks etdirir: “Sərgiyə göndərilən şəkillər
çox gözəldir. Bu keçidlə sıra ilə
getdikcə insanın könlü açılır, məhəbbət
hissi yaranır. Şəkillərdə Azərbaycan təsvir
olunduğu üçün turistlərin də marağına
səbəb olur. Ölkəmizi tanıtmaq və ictimai nəqliyyatdan
istifadə edən insanlarda xoş-əhval ruhiyyə yaratmaq
üçün əlimizdən gələni edirik”.
Aygün ƏZİZ
Kaspi.- 2015.- 17-21 iyul.- S.18.