Gündəm üçün çalışsam,

gecələr gözümə yuxu getməz

 

Ramal Rəsul: “Çoxluğun dinləmək istədiyi mahnılara üstünlük versəydim, daha bahalı evdə yaşayar, daha bahalı maşın sürərdim”

 

Gənc ifaçılar arasında özünəməxsus yeri olan Ramal Rəsul. Onların bir çoxunun var gücləri ilə gündəmdə qalmağa can atdığı bir vaxtda Ramalda bu cür cəhdləri görmürük. Heç bu sənətçi oxuduğu mahnılarına klip də çəkdirməyib. Sadəcə olaraq mahnılar ifa etməklə kifayətlənir. Gənc olmasına baxmayaraq, Ramal Rəsul Flora Kərimova, Alim Qasımov kimi xalq artistləri ilə duet ortağı olub. Bu cür sənətkarlarla iş birliyi olan sənətçi çətin də olsa, öz seçdiyi yolda irəliləməyi üstün tutur. Çünki düşünür ki, xalqın yaddaşına həkk olunan sənətkar adını qazanmaq elə də asan deyil. Müsahibimizlə yaradıcılığı, planları, musiqi sahəsindəki fəaliyyəti və s. mövzularda da danışdıq.

 

- Musiqi ilə nə qədər vaxtdır məşğul olursunuz?

- Musiqiyə olan marağım çox kiçik yaşlarıma dayanır. Hələ 6 yaşım tamam deyildi, doğulub, boya-başa çatdığım Əhmədli kəndində yerləşən Vəli Məmmədov adına mədəniyyət evinin ansamblında oxumağa başladım. Bir neçə il həmin mədəniyyət evində çalışandan sonra Yunis müəllim adlı bir musiqiçinin təklifi ilə həyat məni Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndəlik (Solo oxu) sinfinə gətirdi. Xalq artisti, ustad xanəndəmiz Ağaxan Abdullayevin sinfində ifaçılıq təhsilimi davam etdirdim. Daha sonra musiqi sahəsində fəaliyyət göstərməyə başladım.

- İstiqamət olaraq özünüzə musiqidə hansı yolu seçmisiniz?

- Xanəndəlik sinfini bitirməyimə baxmayaraq, sonralar estrada janrına daha çox meyil etdim. Buna səbəb isə estrada janrında gördüyüm xüsusi boşluqlar oldu. Artıq bu gün gənc olmağıma baxmayaraq, Azərbaycan estradasında öz dəst-xəttimin olduğunu düşünürəm.

- Estrada janrında olan ifaçılardan fərqlənirsiz. O mənada ki hər kəs gündəmdə olmağa çalışır. Sizdə isə bunu hiss etmirik...

- Bu gün daha çox qazanc əldə etmək üçün əllərindən gələni edən ifaçılar var. Onlar bu gün üçün yaşamağı seçirlər. Hər kəsin seçiminə böyük hörmətlə yanaşıram. Mən bu gün çoxluğun dinləmək istədiyi mahnılara üstünlük verib, maddi olaraq daha çox qazanc əldə edə, daha bahalı evdə yaşaya, daha bahalı maşın sürə bilərəm. Amma bir balaca arxaya baxsaq, görərik ki, yaddaşlara həkk olunan sənətçilər hər zaman həyat problemləri ilə vuruşublar. Layiq olmadıqları həyatı yaşayıblar. Buna səbəb onların aciz yaxud zəif ifaçı olmaları deyil, məhz bu həyatı seçmələridir. Eynən mənim kimi. İnanın ki, bahalı həyat sürərək həyatın çətinliyindən oxuyan ifaçını dinləyən kimi onun qədər qeyri-səmimi olduğu hiss edilir. Məsələ bu gün necə yaşamağından yox, yaddaşlara necə həkk olunacağından gedir. Qazanc dalınca qaçan ifaçılardan deyiləm.

- Bu yolda sizə irəliləmək çətin deyil?

- Tam səmimi olaraq etiraf edəcəm. Çox çətindir. Amma dediyim kimi, bu gün rahat həyat sürüm deyə, dinləyicilərimə qarşı hörmətsizlik edəcəm, ki gələcəkdə yaddaşlarda pis qalacağım hərəkətlər edəcəm. Az qazanmaqla da sənətçi mənalı həyat yaşaya bilər. Həm mən olduğum pilləyə görə hərəkət etməliyəm. Azərbaycan estradasının zirvəsi Flora Kərimova, muğam sənətinin ustad sənətkarı Alim Qasımovun duet ortağıyam. Flora xanım hər zaman mənim yaradıcılığıma böyük qiymət verdiyini deyir. Mən necə lazımsız hərəkətlər edə yaxud bu gün rahat yaşayım deyə gündəmə gəlmək üçün hər şeyi edə bilərəm ki?! Etsəm , gecələr rahat yata bilərəmmi?! Bilirsiz, onsuz da yaradıcı insanlar çox çətin istirahət edirlər. Gündəm üçün çalışsam, gecələr gözümə yuxu getməz.

- Flora Kərimova, Alim Qasımovla birliyiniz davamlı ola bilərmi?

- Flora xanımla 3 hətta 4-cü duetlərimizin proyektləri var. Mahnıların üzərində gedir. Təbii ki, mənim üçün Flora xanımla səhnə bölüşmək çox qürurvericidir. Alim müəllimlə münasibətimiz çox yaxşıdır. Gələcəkdə əgər həqiqətən yaxşı layihələr düşünsək, niyə olmasın? Bu sənətkarlarla duet oxumağım mənim üçün şərəfdir.

- Qardaşınız Tural Bakuvi musiqiçidir. Birgə işləriniz olur. Bir yerdə işləmək çətin deyil ki?

- Sözün açığı, bayaqdan bu sualı gözləyirdim. Bayaq Azərbaycan estradasındakı dəst-xəttimdən danışdım. Etiraf etməliyəm ki, bunu Tural Bakuvi ilə bir yerdə əldə etmişik. Tural çox istedadlı bəstəkar şairdir. Keçən gün studiyada idik. Flora xanim bizim Tural ilə qədər vəhdət təşkil etdiyimizdən danışdı. Çox kövrəlsəm , büruzə vermədim. Çünki Flora xanımın dediklərini tam şəkildə başa düşürdüm. Doğmalıq bir tərəfə, bizim ruhlarımızın bir-biriylə vəhdəti var. Məncə, biz doğma qardaş olmasaydıq da, bizi həyat hardasa birləşdirəcəkdi. Sırf yaradıcılıqda Tural ilə sanki ruh əkiziyik.

- Klipiniz isə yoxdur. Çəkdirmək istəmirsiz?

- Hələ ki heç bir şəxsi mahnıma klip çəkdirməmişəm. Əslində, klip çəkdirməyə heç ehtiyac da görməmişəm. Amma yaxında sevilən mahnılarımdan birinə klip çəkdirmək haqda fikirləşirəm.

- Gələcəkdə sırf xanəndə kimi fəaliyyətiniz ola bilər?

- Sırf xanəndə kimi ifa etmək istədiyim bir neçə xalq mahnısı var. Onları lentə yazdırmaq haqda düşünürəm. Mütləq həmin istədiyim mahnıları yazdıracam.

- “Qarabağ üçün oxulayihəsi həyata keçirilir. Orada sizin işiniz nədən ibarətdir?

- MənQarabağ üçün oxulayihəsinin bədii rəhbəri aranjimançısıyam. Daha dəqiq desəm, layihənin yaradıcılıqla bağlı bütün işini mən yerinə yetirirəm. Aranjiman, səslərin düzülüşü, janrların sintezi, bir sözlə, yaradıcılıqla bağlı hər işinə məsul şəxs mənəm. Layihənin rəhbəri mənim doğma lap böyük qardaşım, azvision.az saytının baş redaktoru Vüsal Məmmədovdur. Düşünürəm ki, Vüsal savadlı jurnalist kimi çoxları tərəfindən tanınır. Onun eyni zamanda çox zövqlü dinləyici olması mənim bədii rəhbər kimi işimi çox asanlaşdırır. Qarabağ üçün oxulayihəsi artıq mənim üçün doğmalaşıb. Mən bu layihənin komandasını mütləq açıqlamaq istəyirəm ki, bu insanlar mənim ətrafımda olmasaydı, bəlkə bu layihə ərsəyə gəlməzdi. Yaxın dostum, istedadlı tar ifaçısı Yaqub İlyasov layihənin həm iştirakçısı, həm koordinatorudur. Bu layihə bizə o qədər dogma əzizdir ki, işləri vəzifəmiz olduğu üçün deyil, sevgimiz üçün edirik. İlk sayımızın rejissoru Rüstəmzadə Elvin çox istedadlı gəncdir. Tural Bakuvi isə layihəmizin musiqi məsləhətçisi vəzifəsini yerinə yetirir. İstedadlı bəstəkar kimi Turalın fikirləri mənim işimi hər zaman irəli aparıb. Azər Həsənov isə bizim çox istedadlı montaj rejissorumuzdur. İş prosesində arada baş verən gərginlikləri nəzərə almasaq, həqiqətən gözəl komandayıq. Bu komanda ilə mən hər işi öz üzərimə götürməyə hazıram. ArtıqQarabağ üçün oxu – 2”-nin işləri tam sürətlə davam edir. Yaxın bir neçə ay ərzində izləyicilərimizin ixtiyarına verəcəyik.

 

Xəyalə Rəis

 

Kaspi.- 2015.- 17-21 iyul.- S.17.