Uşaq dünyasından boylanan rəsmlər
Kaspi Liseyi şagirdlərinin əl
işləri və rəsm əsərlərindən ibarət
sərgi uşaqların yaradıcı potensialının
aşkarlanmasına hesablanıb
Onlar öz uşaq dünyalarından boylanaraq
hisslərini, duyğularını, gördüklərini əlvan
çalarlara boyayıb, sonra
tablolara köçürüblər. Onlar rənglərin palitrasından güc alaraq insan obrazları yaradıblar – qoca,
cavan, uşaq… Rənglərin
köməyi ilə təbiətin ecazkar
rəsmlərini çəkiblər. Maraqlı natürmortlar canlandırıblar.
Xalqımızın qədim adət-ənənəsini
özündə dolğunluqla əks etdirən
tətbiqi sənət nümunələri ərsəyə gətiriblər...
Kaspi Liseyi şagirdlərinin əl işləri və rəsm əsərlərindən ibarət bu işləri - rəssamlıq janrının natürmort, süjetli tablo, portret, mənzərə, heykəltəraşlıq və qədim tətbiqi sənət nümunələrini Vəcihə Səmədova adına sərgi salonunda seyr etmək mümkündür.
“Milli irsimiz Kaspi şagirdlərinin gözü ilə” adlı sərgidə 6-cı sinif şagirdləri Nəzrin Məmmədova, Nərmin Nadirova, Suad Mehbalıyev, 5-ci sinif şagirdləri Elnarə Həmidova, Azər Məmmədov, 4-cü sinif şagirdləri Rza Əliyev, İsrafil Qafarzadə və b. şagirdlərin işləri böyük maraq doğurur. Bir illik fəaliyyətini uğurla başa vuran Kaspi Liseyinin təşkil etdiyi sərgi istirahət günü ziyalıları, valideynləri, media işçilərini şagirdlərin yaradıcı dünyasına qonaq etdi.
1 iyun Beynəlxalq Uşaq Gününə təsadüf edən sərginin ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına həsr olunduğu bildirildi.
Uşaqların daxilində olanların kəşfi
«Əsas prinsiplərimizdən biri uşaqların potensialının üzə çıxarılmasıdır» - deyən liseyin direktoru Tural Əliyev keçirilən sərgini rəhbərlik etdiyi məktəbin həm də sosial fəaliyyəti kimi dəyərləndirdi: «Əminəm ki, siz əsərlərdə uşaqların potensialını görə biləcəksiniz. Bu sərgi onlar üçün, həmçinin digər şagirdlər üçün stimul olacaq».
Kaspi Liseyinin təsisçisi Sona Vəliyeva 2014-2015-ci ili lisey üçün önəmli tədris ili kimi dəyərləndirdi. Belə ki, Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyətə başlayan təhsil ocağı bir il ərzində özünü təsdiqləyə bilib: «Bilirsiniz ki, Azərbaycanda çoxlu özəl məktəblər var. Həmin təhsil ocaqları özlərinin mükəmməl təhsil sistemi və proqramları ilə fəaliyyət göstərir və ölkənin təhsil siyasətinə dəstək verirlər. Biz də özəl təhsil müəssisəsi olaraq fəaliyyətə başladıq. Ancaq həmin özəl liseylərdən fərqli olaraq təhsil ocağının daxili inkişaf konsepsiyasını işləyib hazırladıq. Bu inkişaf konsepsiyasında yer alan bütün müddəalar hər bir valideynin arzularının təcəssümü idi”. Təsisçi qeyd etdi ki, məktəbin fəaliyyətə başlamasında məqsəd fiziki və mənəvi cəhətdən sağlam olan Azərbaycan gəncliyinin yetişdirilməsidir: “Amalımız Azərbaycan dövlətini və dövlətçiliyini dəstəkləyən və ona töhfələr vermək qüdrətində olan nəsli tərbiyələndirməkdir. Digər tərəfdən, məqsədimiz ölkənin mili dəyərlərini bilən, öyrənən, irsə sahib çıxaraq onu özündən sonrakı nəslə ötürə bilən gəncliyin tərbiyə olunmasıdır. Bütövlükdə məqsədimiz hər bir valideynin ürəyində yer alan ideal gəncliyin yetişdirilməsidir”. S.Vəliyeva qeyd etdi ki, hər bir şagirdin içində olan yaradıcı potensialı üzə çıxarıb ona istiqamət vermək təhsil ocağının müəyyənləşdirdiyi istiqamətlərdən biridir: “Biz bütün sadalananların fonunda şagirdlərin daxilində olanları kəşf etdik və onlara faydalı istiqamət verə bildik».
Təsisçi şagirdlərin əl işləri və rəsm əsərlərini, ümumilikdə onların rəssamlıq qabiliyyətinin inkişafını liseyin fəaliyyətinin bir qolu kimi dəyərləndirdi: «Əgər biz liseyin fəaliyyətini qollu-budaqlı bir ağaca bənzətsək, bu, həmin ağacın şaxələnən budaqlarından və yarpaqlarından biridir. Bu uşaqların yaradıcılığını obrazlı şəkildə ağaca bənzətmək olar. Kim bilir, bəlkə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri bu uşaqların arasından çıxacaq. Bəlkə gələcəyin tahir salahovları, ömər eldarovları, cəlal qaryağdıları onların arasından çıxacaq. Biz bu gün həmin uşaqları kəşf edib onları istiqamətləndiririk. Digər tərəfdən, hər bir uşaq içindəki potensialı dərk edə bilir. Hər bir gəncin içindəki potensiala istiqamət vermək çox xeyirxah işdir. Əminəm ki, bu uşaqların arasından gələcəyin böyük rəssamları yetişəcək». S.Vəliyeva keçirilən sərgini ölkəmizdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarına həsr edildiyini də vurğuladı: «İnanıram ki, İlk Avropa Oyunları zamanı idmançılarımız ən yüksək kürsülərə sahib olacaqlar”.
İnsan
o zaman xoşbəxt olur ki...
Sənətşünas Ziyadxan Əliyev liseyin şagirdlərinin yaradıcılığını
yüksək dəyərləndirdi:
«Azərbaycan xalqı
çox istedadlıdır.
Onların arasından daha
istedadlılarını, həmçinin
yetişməkdə olan
nəsil arasından yaradıcı, sənətə
marağı olanları
axtarıb üzə çıxarmaq biz böyüklərin
üzərinə düşür.
Bəzən valideynlər müxtəlif
səbəblərdən bunu
edə bilmirlər.
Bu baxımdan uşağın istedadı
daha çox müəllimlər tərəfindən
aşkarlanır. Bu gün liseyin şagirdlərinin 100-dən artıq
əsərinin sərgilənməsi
onu göstərir ki, bu uşaqların
arasında istedadlılar,
potensialı olanlar çoxdur”. Z.Əliyev
liseyin şagirdlərinin
bu istiqamətdə fəaliyyətlərini davam
etdirəcəklərinə və bundan sonra da yeni-yeni
istedadlar üzə çıxacağına əminliyini
gizlətmədi: “Şagirdlərin
istedadına və potensialına inanaraq deyirəm ki, yaxın illərdə biz liseyin şagirdlərinin yeni-yeni əsərlərini
izləyə biləcəyik”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova sərginin Uşaqların Müdafiəsi Gününə təsadüf etməsinin əhəmiyyətini vurğuladı: «Ölkədə uşaqların müdafiəsi üçün dövlət siyasəti həyata keçirilir. Dövlət Komitəsinin yaradılması dövlətin bu sahəyə münasibətinin təzahürüdür. Bu baxımdan uşaqların adına görülən hər iş çox əhəmiyyətlidir». S.Qəhrəmanova liseyin öz şagird kollektivinin potensialının üzə çıxarılmasına şərait yaratmasını yüksək qiymətləndirdi.
Sədr müavini vurğuladı ki, hər bir uşağın istedadını görmək və onun inkişafı üçün şərait yaratmaq böyük işdir: “Ola bilsin ki, bu uşaqlar heç gələcəkdə rəssam və ya heykəltəraş yox, müəllim, həkim, mühəndis olacaqlar. Ancaq onların içərisindəki qabiliyyətin üzə çıxarılması böyük xoşbəxtlikdir. O uşaq gələcəkdə müəllim olsa da, öz hisslərini tablolarda əks etdirə bilər. İnsan o zaman xoşbəxt olur ki, öz daxili potensialını üzə çıxarmış olur. Bu gün Kaspi Liseyi uşaqlarımız üçün bu imkanları yaradır. Bu gün müəllimlərin öz şagirdlərinə göstərdikləri məhəbbət sabah həmin uşaqların öz vətənlərinə, xalqlarına göstərdiyi sevgiyə çevriləcək. Biz bu gün əsl vətəndaş yetişdirməliyik ki, onlar öz milli-mənəvi dəyərlərini qiymətləndirməyi bacarsınlar. Əgər bugünkü uşaq Azərbaycanın hansısa bölgəsini və ya insanını öz əsərində yarada bilirsə, bu, böyük xoşbəxtlikdir”.
Sərgi iştirakçıları şagirdlərin əl işləri və rəsm əsərləri ilə yaxından tanış oldular. Qeyd edildi ki, satış məqsədi daşıyan sərgidən əldə olunacaq vəsait uşaq evlərinə veriləcək.
Sərgini izlədi
Təranə Məhərrəmova
Kaspi.-2015.-2 iyun.-S.7.