Yeni məqam, yeni məram və bir də “Silindr

 

Ramiz Novruz təxəyyülü təhlil müstəvisində...

Əgər teatr seyrçi ilə münasibətlərini şaquli xətlər boyunca formalaşdırırsa, onda, əlbəttə ki, həmin teatrın qonaqları, göstərilən tamaşaların seyrçiləri ondan küsəcək, inciyəcək. Ona görə də teatrın repertuarını təşkil edən tamaşaların ali məqsədi, ideyası və seyrçinin istəyi, mənəvi tələbatı üfiqi xətt boyunca gəlişməlidir. Necə deyərlər, biri-birilərini bir arifanə işarədən anlamalı, ortaq məxrəcə gəlibən dərdləşməli və bu qısa müddət ərzində elə dostlaşmalıdırlar ki, nə parter boş qalsın, nə ürəklər dolu. Teatr və incəsənət isə insana insandan danışmaqla görəvlidir! Bu yaxınlarda Akademik Milli Dram Teatrında seyrinə müyəssər olduğum, Xalq artisti Ramiz Novruzun quruluşunda təcəssümə qovuşmuş "Silindr" iki hissəli komediyası da öz seyrçisi ilə məhz üfiqi xəttlər boyunca qurulmuş münasibətlərdə bulundu. Tamaşanın təhlilinə keçməzdən əvvəl komediyanın (janrın) tərifini verməyə və verdiyimiz təriflə yazının predmetinə çevirdiyimiz tamaşanın oxşar və fərqli xüsusiyyətlərini tutuşdurmağa çalışaq. Janra verdiyimiz tərif belədir: " Cəmiyyət üçün zərərli, bəyənilməyən və eyni zamanda öz-özlüyündə gülüş doğuran cəhətlərin meydana gətirdiyi konfliktin dramatik ifadəsi komediya adlanır". Bəs tamaşa bu stereotipə nə dərəcədə itaətdə bulunur və ideyası cəmiyyətimiz üçün nə dərəcədə aktualdı? İlk növbədə, onu vurğulayaq ki, tamaşa öz ideyasını Eduardo de Filipponun "Düşdüyü vəziyyətdən asılı olmayaraq, insan öz ləyaqətini qorumalıdır" fikrindən götürürsüjet xətti boyunca rejissorun uğurlu səhnə manevrləri ilə bu fikirə dönür, ətrafında gəzişir. Bir az daha ətraflı...

 

1. "Papaq nədir? O, bizim atamız, qardaşımız. Diriykən papağımız, öləndə baş daşımız!"

Mirzə Səfərin sözü olmasın, silindr nədir? Silindr bir vaxtlar Avropa əhlinin, xüsusən, “çəkmələrini cığıldada-çığıldada” veyillənən zadəganların başlarına qoyduqları papaqdır. Məhz elə bu məqamda biz rejissorun necə böyük məharətlə meşşan Avropa ənənələrini Azərpaycan mentalitetinə transformasiya etdiyinin şahidi oluruq. Bu əlüstü identifikasiyadan, əllbəttə ki, bizöz payımızı ürək ağrısı ilə götürürük. Halal edin! İkinci versionda silindrdən sirkdə heyvan təlimçiləri istifadə edirlər (yenə də papaq kimi...). İndi iddia etsək ki, silindrin sahibi Aqostino obrazı da (Əməkdar artist Kazım Abdullayev) öz insani keyfiyyətlərini itirib heyvanlaşmaq təhlükəsi ilə üz-üzə durmuş Rita (Şəhla Əliqızı), Rudolfo (Rövşən Kərimduxt), Bettino (Ləman İmanova) kimi obrazların bir növ təlimçisidir, əcəba, səhvmi etmiş olarıq?! Bir qamçısı çatışmır, qlobusa min bərəkət! (...və haşiyə) O da düzdür ki, istənilən tamaşanın dekorasiyasından, dramaturji elementlərindən, ali məqsəd və yaratdığı ümumi ab-havasından hər seyrçi özü üçün daxili aləmi, əxlaqı, mənəviyyatı və nəhayət, bədii-estetik zövqünə uyğun qənaətlər əxz edir. Mənim təxəyyülümdə isə Aqostinonun qlobusu tamaşanın toxunduğu problemin bəşəriliyini eyhamlaşdırır.

 

2. "Cavan oğlandır: hardasa altmış yaşı olar!"

Söhbət Ramiz Novruzun yaratdığı Attillio obrazından gedir. Varlı birisidir, Məşədi İbad kimi... Hadisələr cərəyan edən məkana isə heç xeyirxahlıq etməyə deyil, adaxlıbazlığa gəlib, Məşədi İbad kimi... Dadaşbalanın sözü olmasın, "canı hələ suludur". Çox böyük şövqlə Ritaya qovuşmaq istəyir. Hətta "dirəşib". Di gəl ki, onun bu inadının alt qatında tamam başqa mətləblər gizlənir. Hadisələrin son dərəcə dinamik cərəyanında o, artıq öz əvvəlki niyyətindən (adaxlıbazlıq) vaz keçir bir növ Ritanı sınağa çəkir. Nəticədə isə ona bir insan, bir qadın kimi aşiq olur. Kərgədanlaşmış, pula satılmış insanların əhatəsində istismara məruz qalan Ritaya bütün həyatını dəyşəcək məbləğdə pul təklif olunur, o isə şərəfini, ləyaqətini ərinə sədaqətini hər şeydən üstün tutaraq onu rədd edir. Z.Freyd deyir ki, yuxuda insan reallıqda həyata keçirə bilmədiyi ideyaları reallaşdırır, arzuları, xəyalları gerçəkləşdirir. O bunu sublimasiya, yəni dəyişmə adlandırır ("Təhtəlşüur" konsepsiyası). İndi bizim qəhrəmanımız Attillio da yuxuya gedir. Məhz elə Freydin dediyi kimi, bu qısa müddətdə arzuları gerçəkləşir (yuxuda). Arzusu isə yaşadığı, üzvü olduğu cəmiyyətin qadınlarını Rita kimi görmək məhz bu cür qadınla izdivacda, səmimi, saf münasibətdə bulunmaqdır. O ki, qaldı İsgəndərə, deyirlər onun da buynuzu var imiş. Tıpqı bizim Aqostino, Antonio (Ülvi Həsənov), Arturo (Ramin Şıxəliyev), Roberto (Əməkdar artist Məzahir Cəlilov) kimi. Əşşi, bu olmadı ki, ara yerdə kişinin "beş min manat"ı getdi, Məşədi İbad kimi!!!

 

3. "Anton, yox, yox, Antoni sən mənim üregimi yaralamısan!!!"

Tamaşada diqqətimizi cəlb edən sevindirici məqamlardan biri rejissorun gənclərlə işləməsi oldu. Elə bu qəbildən aktyor Ülvi Həsənov komik obraz olan Antonionu canlandırıb. İfadaki bəzi çatışmazlıqları isə əlahəzrət seyrçi yəqin ki, aktyorun gəncliyinə bağışlayar.

 

4. Təmameyi süxən.

Sözümüzün tamamı bu ki, çox hörmətli sənətkarımız Ramiz Novruz Milli Dram Teatrımızın səhnəsində "Silindr" komediyasına quruluş verdi bu quruluş bir çox sayılıb seçilən rejissorlarımızın işindən heç geri qalmadı, əksinə. Novruz yeni məqam, "Silindr" yeni addım yeni məramdır dəyərli sənətkarımız üçün. Mən isə bu yazımla öz boxçamdan ona bir pay əta etməyə çalışdım. İndi bunu dərəcədə alındıra bildim, bundan Allah yazıya qonaq olan bəndələr vaqifdirlər.

 

5. Hörmətli...

Hörmətli sənətkarımız Ramiz müəllim - incəsənətimizin Həzi Aslanov boyda sərkərdəsi, sizi ömrünüzün altmışıncı anı münasibətiylə öz adımdan təhsil aldığım Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti adından təbrik edirəm. Arzu edirəm ki, bir otuz belə an da yaşayıb altmışı doxsan edəsiz, yüzü isə, bax beləcə teatrımızın səhnəsində haqlayasız!!! Sənətkara hörmət, məhəbbət və sayqılarla.

 

Dağlar Yusif

Teatrşünas-tələbə

Kaspi.-2015.-5 iyun.-S.12.