Musiqinin vətəni yoxdur
Oya Ergün: “Xoşbəxtəm
ki, uzun müddətdən sonra Avropada Rəşid Behbudovun
mahnılarından ibarət konsert proqramı ilə
çıxış edəcəyəm”
Türkiyədə
və eləcə də Azərbaycanda tanınmış opera ifaçısı Oya
Ergün martın 5-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan
qadınları üçün təmənnasız
olaraq konsert
proqramı verəcək. Təsadüfi deyil
ki, o, öz
konsertini məhz Mahnı Teatrında həyata
keçirmək istəyir. Çünki Oya Ergün bir Rəşid Behbudov
heyranıdır.
Yaradıcılığında daha çox Azərbaycan mahnılarına yer ayıran Oya Ergünün dəvəti ilə Bakıda yaşadığı mənzildə qonaq olduq. Bəlli oldu ki, Oya xanım səhnədə olduğu kimi, evində də sadə, gülərüz və mehribandır. Bir sözlə, opera ifaçısının qonaqpərvərliyindən çox razı qaldıq. Onunla olan maraqlı söhbətimizi təqdim edirik:
- Oya
xanım, martın 5-də qadınlar üçün
konsert verəcəyinizi eşitdik.
Necə oldu ki, belə
bir qərara gəldiniz?
- 3 ildir ki, Azərbaycanda yaşayıram. Hər il də 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində mütləq qadınlarımız üçün konsert proqrammı ilə çıxış edirəm. Budəfəki konsertimiz isə Rəşid Behbudovun 100 illik yubileyinə təsadüf etdi və bunun üçün özümü çox xoşbəxt hiss edirəm. Onun 100 illik yubileyi ilə bağlı bu il həm Avropada, həm də Türkiyədə konsert proqramları təşkil edəcəm. Bunun ilki isə martın 5-də Azərbaycanda - Mahnı Teatrında həyata keçəcək.
- Konsert
hazırlıqları necə gedir?
- Hazırda repertuara daxil etdiyimiz mahnılar üzərində çalışırıq. Konsertdə məni Azərbaycan orkestri müşayiət edəcək. Peşəkar musiqiçilərin yer aldığı həmin konsertdə onların hər birinin solo ifasını da dinləyə biləcəyik. Konsertdə daha çox Azərbaycan musiqilərinə üstünlük veriləcək. Əlbəttə ki, orada türk və Avropa mahnıları da yer alacaq. Çox maraqlı bir konsert proqramı düşünmüşük. Əlimizdən gələni etməyə çalışacağıq. Orada Azərbaycan və Türkiyə sənətçiləri də iştirak edəcək. Qeyd edim ki, saatyarım səhnədə tamaşaçılarla birlikdə olacağam.
- Azərbaycanın
istedadlı və tanınmış bəstəkarları çoxdur. Nə üçün
məhz Rəşid Behbudovun
yaradıcılığına bu qədər
maraq göstərdiniz?
- Rəşid Behbudov yaradıcılığında mənə ən çox təsir edən onun səsinin gücüdür. O, çox möhtəşəm səsə malik olub, dünyada az tapılan tenor səsin ən mükəmməlini Rəşid Behbudovda gördüm. Onun səsində Şərq melodiyaları çox mədəni bir şəkildə əks olunur. Rəşid Behbudov yaradıcılığına nəzər saldıqda, görürük ki, təlim görmüş bir səslə gözəl musiqi vəhdət təşkil edir. O, xalq mahnısını opera kimi yüksəklərə qaldırıb və onu qorumağı bacaran sənətkardır. Mən onun pərəstişkarıyam.
- Azərbaycan
musiqisinə, opera sənətinə sevgi sizdə necə yarandı?
- Bu, mənim uşaqlığımdan qaynaqlanır. Rəşid Behbudovun səsini eşidəndə 10 yaşım vardı. İlk dəfə radioda onun səsi ilə bir neçə Azərbaycan mahnısını dinləmişəm. O vaxtdan mən R.Behbudovun səsinə, onun musiqilərinə heyran olmuşdum. Radioda eşitdiyim mahnıların adlarını dəftərçəmə qeyd edirdim. Uşaqlıqdan bəri radio dinləyirəm. Ta o vaxtdan radioda eşitdiyim ən gözəl mahnıları qeyd edərdim. Musiqi sənəti ilə məşğul olmağa başladıqdan sonra məndə onun yaradıcılığına maraq daha da artdı. Türkiyədə də Rəşid Behbudovun adını çox eşitmişdim. Ancaq Avropada onun adını eşitməz oldum. Və bu, mənə çox qəribə gəlirdi. Orada deyirdim ki, necə ola bilər ki, siz Rəşid Behbudovu tanımırsınız? Özümü xoşbəxt hiss edirəm ki, uzun müddətdən sonra Avropada Rəşid Behbudovun mahnılarından ibarət konsert proqramı ilə çıxış edəcəyəm.
Əminəm ki, bu konsert onları təəccübləndirəcək. Biz Azərbaycanla qardaş ölkəyik. Müxtəlif dillərdə mahnılar ifa etmişəm. Hesab edirəm ki, musiqi bölünməzdir. Musiqinin vətəni yoxdur. Musiqiçi öz torpağından çox bəhrələnir. Mən Rəşid Behbudovun səsində özgəlik hiss etmirəm. Hesab edirəm ki, bu, mənim öz doğma musiqimdir. Onun mahnıları mənə çox yaxındır.
- Türkiyədə
Özgəcanla bağlı bir sosial dayanışma var. Siz Türkiyədə qadın
zorakılığına qarşı bir
sıra layihələrin müəllifisiniz. Belə bir vəziyyətdə Türkiyəyə gedib qadınlara dəstək olmağı düşünürsünüzmü?
- Türkiyədə yaşadığım illərdə mütəmadi olaraq qadınlarla bağlı layihələrdə iştirak edirdim. Söhbət böyük layihələrdən gedir. Niderlandda yaşayarkən qadınlara qarşı zorakılıqla bağlı bir sıra layihələr həyata keçirdim. Azərbaycanda isə qadınlarla bağlı konsert verməkdən başqa heç nə edə bilmədim. Ancaq hazırda beynimdə qadınlarla bağlı bir sıra layihələr var ki, onları da Azərbaycanda həyata keçirəcəm. Nə qədər ki Azərbaycandayam, bu layihələrlə məşğul olacam. Televiziya vasitəsilə Türkiyədə baş verən hadisələri izləyirəm. Hesab edirəm ki, qadınlara qarşı olan zorakılıqlar cəmiyyətin problemidir. Cəmiyyətin ən kiçik zərrəsi isə ailədir. Hər şey ailədən başlayır. Cəmiyyəti dəyişmək üçün hər şey anadan və atadan asılıdır. Çünki övladı ana ilə ata tərbiyələndirir. Əgər savadlı bir cəmiyyət yetişdirmək istəyrsinizsə, o zaman qadınları savadlandırın. Hər şeyin açarı qadınlardadır. Oğlan övladlarını da biz yetişdiririk. Qadının da sözünün keçdiyi bir cəmiyyət formalaşdırmağa çalışmalıyıq. Avropada buna çox üstünlük verirlər.
- Oya
Ergün də bir
anadır. O necə bir anadır?
- Mən səbirli və övladı ilə çox maraqlanan bir anayam. İşlərim var deyə, övladımı nəzarətsiz buraxmıram. Bu mövzuda özümü çox şanslı hesab edirəm. Çünki saat 9-dan 6-ya kimi işləmək məcburiyyətində ola bilərdim, ancaq elə deyiləm. Bütün günümü övladıma görə tənzimləyirəm. Gündəlik işlərimi övladımın məktəb vaxtına görə təyin edirəm. Övladıma “sənin üçün darıxıram, hardasan” dedirtməyəcək bir uşaqlıq yaşatmağa çalışıram. Onun hər şeyi ilə yaxından maraqlanıram. O, Azərbaycanı çox sevir. İndi 5 yaşındadır. 3 ildir ki, Azərbaycandadır və özünü azərbaycanlı hesab edir. Azərbaycanlı kimi danışır və burada yaşamaq istədiyini bildirir. Gələcəkdə isə musiqi ifa edən həkim olmaq istəyir (gülürük).
- Bəs siz özünüz necə
övlad olmusunuz?
- Mən musiqi düşkünü idim. Xəyal dünyam çox geniş idi. Şeir yazan, mahnılar ifa edən, tez-tez xəyallara dalan uşaq idim. Musiqi ilə bərabər həm də rəqslə məşğul idim.
- Burada hər hansı bir tələbə yetişdirməyi düşünmüsünüzmü?
- Türkiyənin İstanbul şəhərində konservatoriyada müəllim kimi çalışırdım. Bir sıra məktəblərdə də uşaqlara dərs keçirdim. Gənclərlə gün keçirmək və onlara bildiklərimi öyrətmək mənim üçün xoşdur. Mahnı oxumaqla bərabər, öyrətməyi də sevirəm. Əgər burada da mənə belə təklif gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm.
- Opera
sənəti ilə pul qazanmaq
mümkündürmü?
- Şərq ölkələrində bu, bir az çətindir. Amma Avropada görməmişəm ki, hər hansı opera sənətçisi ac qalsın. Əgər gözəl ifaçıdırsa, pul qazana bilməməsi mümkün deyil. Çünki orada həm dövlət qurumları, həm də özəl opera konsert salonları çoxdur. İnsanlar musiqi ilə yaşayırlar. Təəssüf ki, Şərq ölkələrində belə deyil. İnşallah, ümid edirəm ki, bu ölkələrdə də opera sənəti o cür inkişaf edər. Mən heç zaman konsertlərimin maddi tərəfini düşünmürəm. Əgər mən də pul üçün oxusaydım, toylara gedib oradan qazanc əldə edərdim. Avropadakı konsertlərimdən pul alsam da, Azərbaycandakı konsertlərimdən pul götürmürəm.
- Səbəb?
- Çünki burada pul alaraq konsert
vermək çox çətindir. İnşallah, gələcəkdə böyük qurumlar formalaşar, özəl
opera səhnələri meydana
gələr və
opera sənətçiləri müxtəlif yerlərdə
konsert vermək şəraiti əldə edərər.
- Azərbaycanda
opera sənətini necə
dəyərləndirirsiniz?
- Azərbaycan opera sənətini
çox bəyənirəm.
Operanızda bir-birindən gözəl,
möhtəşəm səslər
var. Opera sənətində çox inkişaf etmisiniz. Azərbaycan operası Türkiyə
opera sənətindən də
əvvəl qurulub.
Opera sənətinin bundan da gözəl
yerlərə çatacağına
və səsinizin yüksəklərdən gələcəyinə
inanıram.
- Bildiyimiz qədər, Türkiyədə opera sənəti
Avropadakı qədər
inkişaf etməyib.
- Türk operalarımızın
çoxu Avropadakı
festivallara qatılır.
Vəziyyət tamamilə dəyişib.
Son illər türk
operası həddindən
artıq inkişaf edib. Bizim o qədər çox
operamız var ki, böyük şəhərlərdəki opera ustalarımız xaricdəki
festivallarda mükafatlar
da əldə ediblər. Opera sənətinin daha çox inkişaf etməsi üçün
ciddi bir təhsil sistemi formalaşmalıdır. Bunlar da
yavaş-yavaş həyata
keçəcək.
- Hazırda yeni mahnılar üzərində çalışırsınızmı?
- Mən özüm də yazıram və yeni mahnılarım
var. Bəstəkar dostlarımdan
yeni bəstələr
almışam. Azərbaycan şairələrindən
Sona Vəliyevanın yeni bir şeirinə
bəstəm olacaq.
Siz üçüncü albomumda
onu dinləyə biləcəksiniz.
Xəyalə Rəis
Kaspi.-2015.-28 fevral-2 mart.-S.8.