Uşaq nağılları və cizgi filmlərinin
bilmədiyimiz tərəfləri
“Qarbəyaz və yeddi cücə”nin qeyri-etik mahiyyəti haqqında
“Biri var idi, biri yox idi. Hamam hamam içində,
xəlbir saman içində...” sözləri ilə
başlayan nağıllarla isinib, sehrli dünyalara səyahət
edən uşaqlıq illəri olub hamının,
hamının nağıllara inandığı o
çağlar. Yəqin ki, bütün
dünyadakı uşaqları ən gözəl göstərən
şey təbəssümdürsə, məsumiyyətinə
inandıran ilk cəhət də hamısının bu sehrli
nağıllara inanmasıdır. Ömrü boyu
nağıl dinləməmiş, nağılları sevməyən,
uşaqlığının harasındasa nağıllarla
bağlı xatirəsi olmayan adam yoxdur yəqin
ki. Bu yazıdan sonra nağıllarla
bağlı nə düşünüb, nə hiss edəcəyinizi
isə təxmin etmək bizim üçün o qədər də
asan deyil. Nağıllar təxəyyül məhsulu
hesab edilsə də, gerçəklə bağı, bir əlaqəsinin
olmadığı düşünülsə də, bu dəfə
sizə ilk dəfə 1937-ci ildə uşaqlar
üçün ekranlaşdırılmış “Qarbəyaz
və yeddi cücə” (“Snow white and 7 dwarfs”)
nağılının tarixi ilə bağlı yazı təqdim
edirik.
“Nağıllar uşaqlara yuxuya getmələri,
böyüklərə isə oyanmaları üçün
danışılır”. Bu məşhur və düşünməyə
vadar edən ifadənin müəllifi argentinalı
psixoanalitik-yazar Corc Bukay, sizcə, nəyi nəzərdə
tutub? Nağıllar bütün bəşəriyyətin
yalnız bir üzünü gördüyü medal ola bilərmi? Heç bir
gerçək hekayəyə söykənmədən meydana gəlmiş
təxəyyül məhsulları əsrlərdir
uşaqların inkişafında niyə bu qədər tərbiyəvi
əhəmiyyət kəsb edir? Nağılların
əsl qəhrəmanları varmı və kimlərin həyatı
gələcək nəsillərin sehrli dünyasını bəzəyir?
Pərdənin arxasında hansı həyatlar
yaşanıb?
Bukayın
bu cümləsi üzərində uzun-uzadı
düşündüyüm vaxtda “OT” jurnalının avqust
sayında tanış olduğum bir
yazı ilə əməlli-başlı sarsıldım. Beynimdə şimşəklər çaxdı,
“nağılların səhnəarxasında kimlər var, orada
nələr yaşanır, bu hekayələr hardan gəlir”
sualları məni araşdırmaya vadar etdi. Əvvəlcə
müxtəlif xalqların folklorunda əvəzolunmaz yer tutan
bu ecazkar nümunələrin mütəxəssislərinin
yazıları ilə tanış oldum. İndi isə beynimdə şimşək effekti
yaratmış həmin araşdırma və qeydləri sizinlə
paylaşmaq istəyirəm. “Qarbəyaz və yeddi
cücə”ni siz də yadınıza
salın, qəhrəmanları, hadisələrin necə
inkişaf etdiyini xatırlamağa çalışın və
müxtəlif mənbələrdən oxuyub,
topladığım iddiaları sadaladıqca
uzlaşdırmağa çalışın. İşin
içinə film də girəcək, bunu də əvvəldən
qeyd edim.
“Qarbəyaz və yeddi cücə” ilk dəfə 1812-ci
ildə almaniyalı Qrimm qardaşları tərəfindən
çap edilib.
Əslində həmin tarixə kimi də bu
nağıl müxtəlif versiyalarda mövcud olub, amma onu ilk
dəfə toplayıb, mükəmməlləşdirib, vahid
süjetdə dərc etdirənlər məhz Qrimm
qardaşları olublar. Nağılda
paxıl, qısqanc və bədniyyətli ögey anası tərəfindən
çox gözəl olduğu üçün haqqında
ölüm əmri verilmiş Qarbəyazın həyatından
bəhs edilir. Qıza ürəyi yanan
ovçubaşı onu öldürmür və meşədə
azdırır. Sonra isə Qarbəyaz onu
meşədə tapan balaca adamlarla yaşamağa
başlayır. Bəs bütün
detalları ilə təxəyyül məhsulu kimi
görünən, əvvəldən-axıra sehr və cadu ilə
dolu bu nağıl necə meydana gəlib?
Günlərin bir günü Ceykob və Vilhelm Qrimm
qardaşları Frankfurta kimi uzanan bir səyahətə
çıxmalı olurlar. Bu səyahətin əsas
səbəbi Rudi Völler adlı zəngin zadəganın
sifariş verdiyi kitabı çatdırmaq olur. Völler onlara həmin ərəfələrdə
Frankfurtda olacağını bildirir və qardaşlar əmanəti
çatdırmaq üçün həmin şəhərə
yollanırlar. Bəs Völlerin sifariş
etdiyi nə idi?
Völler Qrimm qardaşlarından onun üçün
bir hekayə yazmalarını istəyir. Völler əslində
olduqca geniş qiraət imkanları olan əsilzadə olsa da,
gecələr isti soba qarşısında oxuduğu pornoqrafik
hekayələr bir müddət sonra onu həyəcanlandırmır.
Dövrün tanınmışlarından Qrimm
qardaşlarına onu həyəcanlandıracaq belə bir hekayə
üçün istənilən məbləği ödəyəcəyini
deyən Völler məxsusi bir sifariş verir. Völler sifariş verərkən bildirir ki, bu elə
bir hekayə olmalıdır ki, hadisələr irəlilədikcə
qəhrəman onun beynini həyəcanlandıran keyfiyyətlərdən
məhrum qalmasın. Üstəlik,
Völler bu hekayəni bəyənəcəyi halda yeni hekayələr
sifariş verəcəyini də bildirir.
Völlerin sönməyən intim istəklərini və
həyəcanlarını canlı tutmaq, eyni zamanda, onu dönə-dönə
oxumağa vadar edəcək hekayə üçün işə
başlayan Qrimm qardaşları “Qarbəyaz”, yəni əsl
adı “Maria Sofia Marqaret Kristina Von Ertal və yeddi
ölümcül günah” adlı pornoqrafik hekayənin müəllifi
olurlar. Völlerin xüsusilə axtardığı və
xahiş etdiyi intim arzu və doymazlıq kimi çoxəsrlik
mövzunun üzərində qurulmuş bu hekayənin
onurğasını müəlliflər Freyjanın cücələrlə
olan münasibətində əks etdirməyə qərar
verirlər. Bəli, bəli – məhz
Freyja. Skandinaviya xalqlarının folkloru və
mifologiyası ilə tanış
olanların yaxşı tanıdığı Freyja – eşqin
və intim arzuların ilahəsidir. Folklorda
Freyjanın dilindən söyləndiyi iddia edilən
açıq-saçıq nəğmələrə Qrimm
qardaşlarının yazdığı hekayənin sonrakı
tirajlarında senzura tətbiq edilir. Skandinaviya
mifologiyasındakı əfsanəyə görə Alfriq,
Berlinq, Qrer və Dvolin adlı dörd cücə Freyja
üçün dünyanın ən qiymətli
daşlarından möhtəşəm bir boyunbağı
hazırlayırlar. Bu boyunbağıya sahib olmaq
üçün Freyjaya bircə şərt qoyulur: dörd
cücə ilə bir gecə keçirmək. Qrimm
qardaşları bu ağlasığmaz əfsanəni Dantenin
“İlahi komediya”sı və qədim dövrün antik
yunan-roma əsatirlərindən aldıqları biliklərlə
yoğuraraq, ortaya Völlerin könlüncə bir hekayə -
pornoqrafik hekayə qoyurlar. Bəli, bəli... Yəni bizim oxuduğumuz və çoxumuzun
uşaqlıq illərini bəzəyən bu nağıl
pornoqrafik bir hekayədən gəlir.
Völler bu hekayədən o qədər həzz alır
ki, aylarca dönə-dönə gecələri bu hekayəni
oxuyur. Hətta bu hekayədən aldığı həzzi
qələmə alaraq, bir məktubla Qrimm qardaşlarına
göndərir. Lakin bu həzz mərhələsi
sonsuza qədər davam etmir. Gecələr
üzdüyü “həzz dənizi”ni okeana
çevirmək istəyən Völler yenidən Qrimm
qardaşlarına müraciət edir. Lakin bu dəfə
onun istədiyi tamamilə başqa bir şey olur – Völler
Qrimm qardaşlarından bu hekayəni valideynlərin
uşaqlarına oxuya biləcəkləri bir nağıl
formasına salmalarını istəyir. Təbii
ki, bir şərtlə - Völlerin həzz aldığı
intim səhnələr və onların təsirliliyi
uşaqlar üçün işlənmiş versiyada da öz
yerini almalıydı. İndi oxucuya ilk
baxışdan olduqca çətin və mümkünsüz
görünən işi Qrimm qardaşları cəmi dörd
aya görür. Həmin görüşdən
cəmi dörd ay sonra valideynlər Völler üçün
yazılmış pornoqrafik hekayəni uşaqları
üçün oxumağa başlayırlar.
Yeddi
cücə, yəni Anger – Nifrət, Avarice –
Acgözlülük, Envy – Qısqanclıq, Gluttony –
Köklük, Lust – Şəhvət, Pride – Qürur və
Sloth – Tənbəllik, hamımıza yaxşı məlum olan
dahi Dantenin “İlahi komediya”sında cənnətə gedən
yolda insanın təmizlənməli olduğu yeddi
ölümcül xüsusiyyətin adıdır. Nağılın ilk versiyasında Qrimm
qardaşları cücələrə məhz bu adları
verib. Çünki sifarişçi
Völlerin günahlardan təmizlənmək kimi ilahi arzusu yox
idi, o, əksinə, intim həzz üçün bu
günahlara dönə-dönə batmağa hazır idi.
Eyni ilə Qarbəyaz kimi... Ya da məşhur “Yeddi” (“Seven”)
filmindəki qatil Con Doe kimi... Yeri gəlmişkən, sizi bu
film haqqında bir az məlumatlandıraq. 1995-ci ilin ekran əsəri olan bu filmin baş
rollarını Bred Pit, Morqan Friman və Qvinet Paltrou
paylaşır. Filmin ssenari müəllifi
Andreu Kevin Uolkerə də işıq tutan məhz Qrimm
qardaşlarının hekayəsi olur. Xristian
dininə görə, yuxarıda sadaladığımız
yeddi ölümcül günahı işləyən
insanları özünəməxsus vəhşiliklə
öldürən silsilə cinayətlər müəllifi
qatil və onu həbs etməyi qarşılarına məqsəd
qoymuş iki polisin mübarizəsindən bəhs edilən
filmin süjeti olduqca mükəmməl formada işlənib.
Bu film kino tarixinin klassikləri arasında yer
alır. Bəs o filmi izləyəndə
ağlınıza Qarbəyazın nağılı və ya
Dantenin “İlahi komediya”sı gəlmişdimi?! Yeddi
ölümcül günah hardan gəlir? Filmdə
qatilin narkoman, məhbus, əsəb xəstəsi yox, məhz
nekrofil (Nekrofil – ölmüş və ya huşsuz olanlarla
cinsi əlaqəyə girməyə meyilli insanlara deyilir –
E.S.). olması təsadüfi deyil. Nağıldakı şahzadəni xatırlayın –
o, yatmış Qarbəyazı öpüşü ilə
oyadır. Eyni ilə Freyjanın əfsanəsində də
bu səhnə məhz belədir, cücələr
Freyjanın yuxuya getməsindən istifadə edib, onunla bir gecə
keçirirlər Bu xəstəlikdən əziyyət çəkən
insanlar kimisə öldürmək məqsədi ilə yox, məhz
cinsi ehtiyaclarını ödəmək məqsədilə qətl
törədirlər.
Nağılda
Qarbəyaz cücələrin evinə girəndə masada yeddi boşqab görür.
Boşqablardakı bütün yeməklərdən bir
qaşıq alan qəhrəman sonra
şirin və dərin yuxuya gedir. Bu səhnədə
əslində insanın dünyadakı yeddi günahın
hamısına batmağa meyilli olması və bu
günahların insana həzz verməsi, onu rahatlatması təsvir
edilir. Qrimm qardaşları hekayəti
nağıla çevirəndə Tənbəl, Gombul və
Nifrət xaricində yerdə qalan dörd cücənin
adı dəyişdirilsə də, pornoqrafik meyillər
nağılda da olduğu kimi saxlanılır.
Nağılın
ilk ekran işlərindən birinin müəllifi Roy Disney illər
sonra bu barədə danışarkən, bu cizgi filmini sevərək
izləyənlərə cavabını vermədiyi bir sual
ünvanlayır: “Sizcə, bu cücələrin hamısı
niyə məhz kişidir və niyə bakirə və olduqca
gözəl bir şahzadə bu yeddi kişiyə
sığınır?”. Məncə,
valideynlər bu nağılı bir də dönə-dönə
oxuyub, bu sual ətrafında düşünməlidirlər.
Sonrakı
səhnədə Qarbəyaza zəhərli alma
göndərilir. Niyə məhz alma? Bu suala veriləcək cavabınız varmı?
Bəli, o alma Adəm və Həvvadan gələn
almadır. Bəşər övladı dönə-dönə
yasaq həzzlərin qurbanına çevrilir, cənnətdən
qovulur, özünü bundan qoruya bilmir. Burada da alma günahın simvoludur, insanı əzaba
aparan hər şey Qarbəyazın, Adəm və Həvvanın
“yox” deyə bilmədiyi alma kimi parlaq və şirindir.
Bəs nağıl niyə belə bitdi? Qarbəyaz
düşmənlər tərəfindən
qaçırıla, ya da şahzadə onu kraliçanın
saldığı zindandan xilas edə bilməzdimi? Niyə onun səadəti nekrofilyak şahzadənin
dodaqlarından olur? Çünki bu əslində
nekrofilyak Völler üçün yazılmış
nağıldır, uşaqlarımız üçün yox!
Burada diqqət çəkən başqa bir səhnə
də var. Tomas Hisçak “Bioqrafik lüğət” sərlövhəli
məqaləsində cücələrin hər gün
dağın ətəyindəki gümüş mədəninə
gedib, axşama kimi “işləməsi” səhnəsinə
işıq tutur. Onlar hər gün torbaları boş
dönür, yemək yeyib, mışıl-mışıl
yatırlar. Cücələrin məhz
gümüş mədəninə getməsi sıradan olan hal
deyil. Gümüşün skandinav dillərində
ilk adı antik skandinav mifologiyasında qadın orqanına
verilən addır. Yəni burada da səhnəyə
Völlerin intim həyəcanlarına xidmət edən detallar
girir.
Əminəm ki, bu nağılı oxuyanda çoxunuz
özünüzü Qarbəyaz və ya şahzadə kimi təsəvvür
etmisiniz. İnanmıram ki, aranızda kimsə
özünü yeddi cücədən biri kimi
düşünüb, ya da qısqanc kraliça kimi. Özümüzü həmişə yaxşı və
gözəl olanlara bənzətdik. Həqiqətən
bu qədər təmiz və məsum olduğunuza
inanırsınızmı? Sizcə, siz
bütün pis vərdişlərdən arınmış
insansınızmı? Heç pis və zərərli
olana meyil etməmisinizmi? Heç kim
məsum deyil. Nağılda belə baş qəhrəman
bu günahlara batarkən, biz insanlar necə təmiz qala bilərik
ki? Cücələrdən biri
olmadığımızı nə bilirik? Bəlkə də onun yeddisi də elə biz
özümüzük? Nə deyirsiniz?
Təəccübləndiniz, elə deyilmi?
Yoxsa, Corc Bukayın dediyi o oyanış baş verdi?
Tərcümə
etdi:
Elcan SALMANQIZI
Kaspi.-2015.-28 fevral-2 mart.-S.12.