Mart soyqırımında başlıca hədəf Bakı neftinə sahiblənmək idi

 

Cəbi Bəhrəmov: “Bunun üçün Lenin tərəfindən Şaumyana Azərbaycanda yaşayan yerli əhalini məhv etmək planı verilmişdi”

 

Bakı Soveti və daşnak erməni silahlı dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı kütləvi qırğın törədiblər. Həmin vaxt erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər. Mart soyqırımı kimi tariximizə düşən hadisələrin törədilməsinin əsl səbəbləri, Lenin-Stalin-Şaumyan ittifaqının qanlı planı, Azərbaycan Demokratik Cümhuriyyətinin bu hadisələri araşdırması, müstəqil Azərbaycan Respublikasının mart soyqırımına verdiyi hüquqi-siyasi qiymət və sair barədə sualları AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhrəmov cavablandırır.

 

- Cəbi müəllim, 1918-ci ilin mart-aprel aylarında Azərbaycanda kütləvi qırğınların törədilməsinə səbəb nə idi? Bakı Soveti və daşnak erməni silahlı dəstələrini bu cür kütləvi qırğınlar törətməyə nə məcbur edirdi?

- XX əsrin əvvəlində dünya dövlətlərinin, xüsusən də Avropa ölkələrinin sənaye nöqteyi-nəzərdən inkişafı çox böyük enerji resursları tələb edirdi. Avropada Fransa, İngiltərə dövlətləri və Rusiya imperiyası mövcud idi. Rusiya o dövrdə həm Avropanı, həm də Asiyanı əhatə edən ölkə idi. XIX əsrin sonu-XX əsrin əvvəlində ilk genişmiqyaslı enerji mənbəyi kimi Azərbaycan da dünyada məşhur idi. İkinci sırada ABŞ-ın Texas ştatında çıxarılan neft, oradakı neft yataqları diqqəti cəlb edirdi. XX əsrin əvvəllərində ingilis geoloqlarının apardığı kəşfiyyatlar indiki İran, eləcə də Yaxın Şərq ölkələrinin ərazilərində zəngin enerji resurslarının olduğunu da üzə çıxardı. Düzdür, bu ölkələrin əraziləri o zaman dünyanın nəhəng dövlətləri arasında bölüşdürülüb başa çatmışdı. Amma bununla bərabər, böyük dövlətlər Osmanlı imperiyasının ərazilərini, həmçinin Azərbaycan ərazilərini ələ keçirməyi də əsas hədəf kimi qarşıya qoymuşdular. Bunun üçün aparıcı dövlətlər xüsusi planlar hazırlayaraq, ermənilərdən istifadə etməyə maraq göstərirdilər. Enerji resursları ilə zəngin bu əraziləri ələ keçirmək üçün hər cür cinayətlərə əl atılırdı. Belə cinayətlərdən biri də Azərbaycanda törədildi. Əgər 1918-ci ilə qədər baş verən proseslərə nəzər salsaq, görərik ki, bu ərazilər uğrunda bir-biri ilə mübarizə aparan dövlətlər ilk növbədə enerji resurslarına sahiblənmək istəyiblər. Araşdırmalar göstərib ki, Bakıda o zamankı neft hasilatı dünya neft hasilatının təxminən 57 faizini, Rusiyada çıxarılan neftin 95 faizini təşkil edirdi. Belə olan halda bolşeviklər Azərbaycandan, Bakıdan əl çəkə bilməzdilər. Ümumi götürəndə, çar, sovet və indiki Rusiyanın Qafqaz, xüsusən də Azərbaycan məsələsində siyasəti heç zaman dəyişməyib.

 

- O dövrdə Azərbaycan ərazisində qətliamların törədilməsi barədə çoxsaylı faktlar var. Bəs bu qırğınların törədilməsi üçün Rusiya mənbələrində, arxivlərində hər hansı yazışmalar, materiallar varmı?

- Əlbəttə ki, var. Tarixi faktlardan da aydın olur ki, bolşeviklər 1917-ci ilin sonunda hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirdikdən sonra dekabrın 16-da Stepan Şaumyanı Azərbaycana komissar təyin edib. Onlar öz hakimiyyətini Azərbaycanda tam reallaşdırmaq üçün Şaumyana 500 min qızıl pul da ayırıblar. Burada əsas məqsəd Azərbaycanı, Bakını, xüsusən də Bakı neftini əldə saxlamaq idi. Bunun üçün Vladimir İliç Lenin tərəfindən Şaumyana hətta Azərbaycanda yaşayan yerli əhalini məhv etmək planı da verilmişdi. Ona görə də 1918-ci il fevral ayının 13-də Lenin tərəfindən yeni sərəncam imzalanır və bu sərəncama görə 31,8 milyon rubl qızıl pul, 13 aeroplan, 5 min tüfəng, 2 milyondan çox patron, 2 zirehli maşın ayrılır. Bu sərəncamın icrasına nəzarət İosif Stalinə tapşırılır. O da Moskva hərbi dairəsi vasitəsilə bütün silah-sursatı Bakıya çatdırır. Burada maraqlı bir sual ortaya çıxır ki, Bakıda kimin ordusu var idi? Bu qədər silah-sursat nə üçün idi, hansı silahlı birləşmə ilə mübarizə aparmaq üçün idi? Cavab sadədir, bolşeviklər öz cinayətkar niyyətlərini həyata keçirmək üçün Şaumyana hərtərəfli dəstək verirdilər. Qalırdı bir bəhanə ilə bu qanlı cinayəti həyata keçirmək. Bəhanə isə o dövrdə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsi oldu. Həmin gəmidə 48 hərbçinin olduğunu bilən ermənilər şayiə yaydılar ki, guya bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan da gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Bu qərara qarşı çıxan yerli əhali küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Fürsətdən istifadə edən erməni-bolşevik silahlıları əvvəlcədən hazırlanmış ssenari üzrə dinc əhaliyə qarşı soyqırımına başladılar. Onlar nəyin bahasına olursa-olsun Bakını əldən vermək istəmirdilər. Bunun davamı olaraq, 1918-ci il iyunun 5-də Şaumyan Moskvaya - Neft Komitəsinin sədri Ter Qabrielyana teleqram vurub. Biz bu arxiv sənədini əldə etmişik. Həmin teleqramda göstərilir ki, bolşevik-erməni cinayətinin tam həyata keçirilməsi üçün əlavə 50 milyon qızıl pul ayrılıb. Həmin teleqramda hətta pulların seriya və nömrələri də göstərilib. Ümumilikdə bu proseslərin həyata keçirilməsi üçün 82,3 milyon, təxminən 60 tona yaxın qızıl pul ayrılıb. Həmin pullar Azərbaycan ərazisini azərbaycanlılardan təmizləmək, enerji resursları ilə zəngin olan bu ərazini əldə saxlamaq üçün xərclənib. Biz Birinci və İkinci Dünya müharibələrinin başlanma, həmçinin Dağlıq Qarabağ probleminin yaranma səbəblərinə fikir versək, görərik ki, burada Bakı neftinə sahiblənmək məqsədinin izi açıq-aydın görünür. Bakı neftinə sahiblənmək üçün Azərbaycan xalqına qarşı insanlığa sığmayan ən ağır cinayətlər törədilib. Mart soyqırımında da başlıca hədəf bundan ibarət idi. İstəyirdilər ki, Azərbaycan ərazisi, buradakı zəngin təbii sərvətlər azərbaycanlılara məxsus olmasın, bu enerji resurslarından Azərbaycan müstəqil şəkildə istifadə etməsin. Dilənçi gününə düşən ermənilərin boynuna zəncir salıb indi də it kimi Azərbaycanın üstünə qısqırdanların əsas məqsədi yenə də ölkəmizə, təbii sərvətlərimizə sahiblənməkdir. Qondarma erməni soyqırımı məsələsi isə ermənilərin Azərbaycanda törətdikləri soyqırımlarını ört-basdır etməyə hesablanmış plandır.

 

- 1918-ci ilin mart-aprel soyqırımından təxminən bir ay sonra, daha dəqiq desək, mayın 28-də Azərbaycanda Demokratik Cümhuriyyət yaradıldı. Yeni yaradılan hökumət soyqırımı hadisələrinin araşdırılması, günahkarların cəzalandırılması üçün hər hansı iş gördümü?

- Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Komissiyanın hesabatında hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirildi. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha sübut etdi. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum da yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Ümumiyyətlə, həmin komissiyanın fəaliyyəti, görülən işlər barədə 36 cilddən ibarət sənədlər toplusu saxlanılır. Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa edəndən bir müddət sonra ümummilli lider Heydər Əliyev həmin sənədlərə istinad edərək, 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bununla da azərbaycanlılara qarşı törədilən cinayətlərin hüquqi baxımdan qiymətləndirilməsi, beynəlxalq aləmə düzgün çatdırılmasına başlanılıb. Əgər 1918-ci ildə istintaq komissiyasının rəsmi sənədləri olmasaydı, belə bir fərmanın imzalanması da çətin olardı.

 

- XX əsrin əvvəllərində Azərbaycan xalqına qarşı düşünülmüş soyqırımı siyasətinin sovet hakimiyyəti illərində davam etdirilməsinə səbəb nə idi?

- Soyqırımı cinayəti bir dövlətin, siyasi təşkilatın, hərbi qruplaşmanın dini, irqi, milli, etnik mənsubiyyətinə görə hər hansı xalqın, millətin məqsədli şəkildə məhvini nəzərdə tutan hərəkətlərdir. Bu, BMT-nin 1948-ci il 9 dekabr tarixli Konvensiyasında açıq şəkildə öz əksini tapıb. Bütün bu əlamətləri özündə əks etdirən kütləvi qətliamlar 1905-1907, 1918-1920-ci illərdə Cənubi və Şimali Azərbaycanda baş verib. Həmin dövrlərdə ümumilikdə 700 mindən artıq azərbaycanlı soyqırımına məruz qalıb, hərbi cinayətlərin qurbanı olub. Qeyd edilən fikirləri, sadalanan rəqəmləri arxiv sənədləri də tam təsdiq edir. Çox təəssüf ki, bu siyasət sovetlər birliyi dövründə də davam etdirilib. Sovet hakimiyyəti dövründə azərbaycanlılar siyasi, milli, etnik, dini mənsubiyyətinə görə soyqırımına məruz qalıblar. 1920-ci ilin may ayından 1921-ci ilin noyabr ayına kimi 48 min, 1934-1937-ci illərdə 80 min nəfər məhv edilib. Bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. Ümumilikdə 128 min nəfər olan bu azərbaycanlılar əsasən xalqın ziyalı təbəqəsi, düşünən beyinləri olublar. Sovetlər öz hakimiyyətlərini Azərbaycanda möhkəmlətmək üçün müxtəlif cinayətlərə əl atmaqda davam ediblər. Azərbaycanlılara qarşı eyni münasibət İkinci Dünya müharibəsi dövründə də olub. Bu müharibədə Azərbaycandan 700 min nəfər iştirak edib. Onların yarısı geri qayıtmayıb. Müharibəyə gedənlərin 70-80 faizi rus dilini bilmirdi. O zaman orduda olan ermənilər, rus şovinistləri əmri yerinə yetirməmək bəhanəsi adı altında azərbaycanlıları güllələyiblər. O zaman Azərbaycanın rəhbəri Mircəfər Bağırov vəziyyətə müdaxilə edib və milli diviziyalar təşkil olunub. Azərbaycanlılar sübut edib ki, digər xalqlardan da döyüşkəndirlər və müharibədə qəhrəmanlıqlarla bunu sübut ediblər. Sonradan 1948-1953 və 1988-ci illərdə azərbaycanlılar tarixi torpaqlarından deportasiya ediliblər. Yüz minlərlə insan öz el-obasından didərgin düşüb, köçürülmə prosesində çoxsaylı azərbaycanlı məhv edilib.

 

- Qeyd etdiyiniz faktların beynəlxalq aləmə çatdırılması üçün Tarix İnstitutu səviyyəsində hansı işlər görülür?

- Tarix İnstitutu dediyiniz istiqamətdə çox böyük işlər görür və bu proses indi də davam etdirilməkdədir. Sadalanan hadisələrlə bağlı çox sayda arxiv sənədləri üzə çıxarılıb, bu barədə 20-dən artıq kitab nəşr olunub. Milli Atlasımızın 57-60-cı səhifələrində ingilis, rus, Azərbaycan dillərində soyqırımı xəritələri yerləşdirilib. Yəni Tarix İnstitutu bu sahədə öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. Bizim əsərlərimiz bir neçə dildə nəşr edilir ki, bu da Azərbaycanla yanaşı, beynəlxalq aləmdə təbliğat və tanıtma üçün xüsusi əhəmiyyət daşıyır. Aprelin 8-12-də Qubadakı Soyqırımı Memorial Kompleksində “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” adlı ikinci beynəlxalq konfrans keçiriləcək. Bir tarixçi kimi üzərimizə düşən missiyamız dövlət başçımızın çağırışlarına cavab olaraq da yerinə yetirilir. Biz xalqımızın düşmənlərini və dostlarını ona tanıtmaq üçün əlimizdən gələni edirik.

 

Rufik İSMAYILOV

Kaspi.-2015.-31 mart.-S.7.