Bədii həllini gözləyən mövzu

 

ya Mart soyqırımı niyə ekran əsərlərində yoxdur?

 

Azərbaycanın kino tarixini vərəqləyəndə 1918-ci ilin mart qırğını ilə bağlı hər hansı bədii filmin adına belə rast gəlmək olmur. Hər il Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən 7-8 bədii filmin arasında da ölkəmizdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilən tarixlə bağlı ekran əsərlərinə rast gəlinmir. Bəs əksəriyyəti təqdimatı keçiriləndən sonra rəflərdə yığılıb qalan və televiziyaların ekranlarına belə çıxmayan, ictimaiyyətin xəbərsiz olduğu bir çox filmlərdənsə Azərbaycan xalqının başına gətirilən faciənin ekranlaşdırılması daha məqbul sayılmazmı?

Milli kino tariximizin tədqiqatçısı Aydın Kazımzadə bizimlə söhbətində mart soyqırımı ilə bağlı sənədli filmlərin olduğunu qeyd etsə də, indiyə qədər faciəni əks etdirən hər hansı bədii filmin çəkilmədiyini də bildirdi: “Çox arzulayıram ki, belə bir film çəkilsin. Çünki bu, azərbaycanlıların soyqırımı ilə bağlı təbliğat baxımından bütün dünyada böyük rol oynaya bilər”.

İndiyə qədər kino sahəsində bu istiqamətdə heç olmasa hər hansı bir təşəbbüs və ya cəhdin olmaması da təəccüb doğurur. Səbəb nədir: maliyyə vəsaitinin və ya potensialın olmamasımı?

İş ondadır ki, ölkənin kino sahəsinə məsul şəxslər mart hadisələri ilə bağlı filmlərin çəkilməməsinin izahını verə bilməsələr də, bu sahədə boşluğun olduğunu etiraf edirlər.

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov mart qırğını ilə bağlı ölkəmizdə sənədli filmlərin çəkildiyini bildirsə də, bədii filmlərin olmadığını da qeyd etdi. Sektor müdiri yaxın vaxtlarda belə bir mövzu üzərində işin həyata keçiriləcəyini söylədi: “Ssenari üzərində gedir, hətta bir neçə müəllif işləyir”.

 

Tarixdən dərs almamışıq

 

Millət vəkili, yazıçı Aqil Abbas qeyd etdi ki, mart qırğınını törədənlər sonradan hakimiyyətə gələrək sovet hökumətini qurublar: “Hakimiyyətdə olan və soyqırımı törədənlər belə filmlərin çəkilməsinə və ya bu cür əsərlərin yazılmasına təbii ki, icazə verməzdilər. Ona görə də bu mövzunu yazmaq mümkün olmadı. Sovet hökuməti öz cinayət əməllərindənmi film çəkəcəkdi? Ona görə də həmin dövrlə bağlı nə elə əsərlər yazılıb, nə də filmlər çəkilib”. Yazıçının fikrincə, müstəqillik dövründə də Qarabağ hadisəsi baş verdiyindən insanların başı bu olaylara qarışıb: “İnsanlar bu hadisələri qoyub keçmişə meyil etmirlər. Ona görə də keçən əsrin əvvəlindəki hadisələri yazmağa o qədər həvəs göstərmirlər. İnsanlar daha çox kökləniblər ki, Qarabağı azad etsinlər, nəinki 1918-ci ildəki mart hadisələrini yenidən gündəmə gətirsinlər. Biro hadisələrə görə cəzalandırmağa adam da yoxdur. Amma Qarabağ hadisəsi istidir, şahidlər də var, cinayətkarlar da”. A.Abbas hesab edir ki, bu istiqamətdə araşdırmalar aparmaq da asan deyil: “Gərək arxivlərdə işləyəsən. Sözün düzü, ömrünü-gününü arxivlərdə keçirən adamlar da indi yoxdur. Biz adətən bir az tələsik yazırıq”. Bununla belə, yazıçının fikrincə, tariximizlə bağlı bədii əsərlərin yazılması üçün ölkədə kifayət qədər potensial var. Hətta həmin ssenariləri ekranlaşdıracaq rejissorlar da yox deyil: “Belə filmlər çəkməyə gücümüz çatar, dövlətin də pulu var. Belə bir tarixi filmin çəkilməsi lazımdır. Qaldı ki bu soyqırımı hadisəsini dünyaya tanıtmağa, dünya ölkələri bundan xəbərdardır. Dünya bilir ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Bir milyon insan çöllərdədir. Ancaq bu, dünyaya maraqlı deyil. İndi dünya bir qədər başqadır. Sadəcə, özümüzü kökləməliyik ki, bir də başımıza bu müsibətlər gəlməsin. Tarixdən dərs almamışıq. Bu, bizim özümüz üçün lazımdır”.

Peşəkar Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev hesab edir ki, ölkənin kino siyasətini həyata keçirən məmurlar bu hadisənin ekrana gətirilməsi üçün narahatlıq keçirib ölkə başçısına müraciət etməlidirlər. Belə ki, belə bir tarixi filmlə bağlı dövlət tərəfindən maliyyə ayrılmalıdır. Gildiya rəhbəri hesab edir ki, soyqırımı ilə bağlı filmin çəkilməsi üçün yaradıcı potensial da var: “Ölkədə kinematoqrafiya sahəsində mövcud olan potensial çox böyükdür. Əfsuslar olsun ki, kinoya ayrılan vəsait həmin potensiala uyğun deyil və həmin potensialdan yetərincə istifadə olunmayıb”. Qaldı ki hər hansı bir ssenaristinya rejissorun sərbəst şəkildə bu mövzuya müraciət etməsinə, H.Mehdiyevin fikrincə, sənətçilər adətən tarixi mövzulara az müraciət edirlər.

 

Ya yaxşı çəkəsən, ya da çəkməyəsən”

 

Soyqırımı ilə bağlı filmlərin çəkilməsinə çoxdan ehtiyac olduğunu bildirən ssenarist İlqar Fəhmi hesab edir ki, tarixlə bağlı və vətənpərvərlik mövzusunda filmlər sanballı çəkilməlidir: “Ya gərək yaxşı çəkəsən, ya da çəkməyəsən”. Ssenaristin sözlərinə görə, yaxın vaxtlarda bu mövzuda filmin çəkilməsi gözlənilir: “Bu mövzuda daha çox xronoloji materiallar var. Müəyyən bədii əsərlər olsa da, soyqırımı hadisəsi bizim ədəbiyyatımızda geniş mənada işlənən mövzu deyil. Bizdə Qarabağ mövzusuna daha çox əsər həsr olunur, nəinki mart soyqırımına”. İ.Fəhmi hesab edir ki, tarix təkcə baş verdiyi dövrün hadisələrini yazmaq deyil, həmçinin o dövrün koloritini, ab-havasını, geyim-keçiminis. təsvir etmək baxımından əhəmiyyətlidir. Bu nüansları ekrana gətirmək də əziyyət tələb edir: “Ola bilsin ki, bizim ssenaristrejissorlar buna görə bu mövzuya müraciət etmirlər”. Ssenaristin fikrincə, film kütləvi sənət növü olduğundan burada çəkiliş tamam fərqlidir. Bizdə həmin texniki avadanlıqların böyük hissəsi yoxdur. Mövcud avadanlıqların da peşəkarları yoxdur. Kino elə sahədir ki, burada texnika ildən-ilə dəyişir. Məsələn, 1995-ci ildə o filmi necə çəkmək mümkün idisə, biz o cür çəkə bilərik. Ancaq 2015-ci ildə necə çəkmək lazımdırsa, o cür çəkmək bir qədər çətindir. Həmin avadanlığı gətirmək də mümkündür, ancaq onların peşəkarları lazımdır. Kollektivdə hamı peşəkar olmalıdır ki, yaxşı alınsın”.

 

Mükəmməl film çəkmək üçün imkanlar yoxdur

 

Rejissor Tahir Əliyev belə bir filmin qısa zamanda ərsəyə gələcəyinə inanmır: “Bu, böyük miqyaslı, mükəmməl film olmalıdır”. Rejissorun sözlərinə görə, bədii filmlərin sifarişçisi Mədəniyyət və Turizm Nazirliyi olduğundan bu mövzunun ölkənin kino siyasəti ilə məşğul olan məmurları tərəfindən plana salınıb-salınmayacağından xəbərsizdir: “Bilmirəm, bu, onların siyasətinə uyğundur, ya yox? Yaxud bu mövzunu dərk edirlərmi? Bu barədə məlumatım yoxdur”. Rejissor qeyd etdi ki, 3 il bundan əvvəl Mehriban Ələkbərzadənin çəkdiyi 3 seriyalı “Qara bayram” adlı bədii-sənədli filmi soyqırımını əks etdirən ən layiqli ekran əsəridir: “Təəssüflər olsun ki, o filmi ekranlarda az göstərirlər”. T.Əliyev hesab edir ki, soyqırımı hadisəsi tarixə maraq göstərən rejissorlar üçün maraqlı mövzudur: “Azərbaycanda kino sənayesi elə vəziyyətdədir ki, dövlət vəsait ayırmasa, bunu həyata keçirmək mümkün deyil. Tarixi filmlərin çəkilişi üçün vəsait lazımdır. Biz ekran əsərlərində Fətəli xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəylini görməmişik. Bu baxımdan, keçən əsrin 19-20-ci illəri bizim üçün maraqlıdır. Ancaq biz tariximiz olan bu dövrü ekranlara gətirə bilmədik. Sadəcə, müəyyən çərçivədə sənədli film formasında həyata keçirə bilmişik. Bizdə o dövrlə bağlı mükəmməl film çəkmək üçün imkanlar yoxdur. Mən bunu tam əminliklə deyirəm. Türkiyədə 1453-cü ildə İstanbulun fəth edilməsinə aid 5 bədii film çəkilib. Eləc də “Çanaqqala döyüşü”nə baxanda bilirsən ki, burada dövlətin dəstəyi var”.

Kinonun ən böyük təbliğat növü olduğuna inanırıqsa, təbii ki, tarixlə, zaman-zaman xalqın başına gətirilən faciələrlə bağlı filmlərin çəkilişinə nəinki yer ayrılmalı, hətta üstünlük verilməlidir. Yetər ki, bu işdə cəhd və təşəbbüs olsun. Onda vəsait də tapılacaq, avadanlıq da. Ancaq təəssüf ki, hələ görünən işartılar soyqırımı faciəsini təsvir edəcək gücdə deyil...

 

Təranə Məhərrəmova

Kaspi.-2015.-31 mart.-S.9.