“Rafiq Əzimov: “Həyatımın
ən çətin illəri idi”
“Çox
qurbanlar verdik”
9 may-Qələbə
Günü - II Dünya
Müharibəsində faşizm üzərində
qələbənin 70 ili tamam
olur. Bu möhtəşəm
qələbənin qazanılmasında Azərbaycanın da böyük payı var. Hər yanda olduğu kimi, ölkəmizdə
də bu münasibətilə yubiley tədbirlərinə start
verilib. Bu gün çox az sayda yaşlı nəslin
nümayəndəsinə rast gəlirik ki, o günləri, hadisələri
bizə nəql etsin. Filmlərdən, kitablardan oxuduqlarımız qədəri ilə
Azərbaycan xeyli sayda
itki verib.
Biz də bu dəfəki sayımızda 1941-45-ci illərdə o hadisələri görmüş, xalq artisti, prezident təqaüdçüsü Rafiq Əzimova müraciət etdik. Həmin illərdə aktyorun yaşı az olsa da hər şeyi çox aydın xatırlayır. Sənətkar həmin illərə bir daha qayıtmaq istəmədiyini, müharibənin insanlara ancaq dərd, kədər gətirdiyini deyir.
- Rafiq
müəllim, mayın 9-u Qələbə günüdür.
1941-1945-ci illərdə yaşınız az
olsa da bu
hadisələrin şahidi olmusunuz.
O illəri necə xatırlayırsınız?
- O illər mənim həyatımın ən çətin illəridir desəm, yəqin ki, yanılmaram. Müharibə başlayanda - 1941-ci ildə mən uşaq idim, cəmi 3 yaşım vardı. Mənim atam da müharibəyə yollanmışdı. Müharibə 1945-ci ildə qurtarsa da atam müharibədən qayıtmamışdı. Gözümüz yollarda qalmışdı. Atam müharibədən 1947-ci ildə qayıtdı. O, evə qayıtdığı gün sevincimizin həddi-hüdudu yox idi. Atamın gəlişi bizim üçün bir bayrama çevrildi. Evlərinə qayıdan insanları görəndə çox sevinirdik. O vaxtlar çevrəmizdə olan qonşularımıza, qohum-əqrəbalarımıza mütəmadi olaraq qara kağızlar gəlirdi. Gəlinlərin, anaların, uşaqların gözləri yaşlı idi. Hamı həsrətlə müharibəyə gedən qohum-əqrəbasının yolunu, heç olmasa məktubunu gözləyirdi. Atamın evə gəlişini biz toy-bayram kimi qeyd etdik. O dövrlər çox ağır illər idi. Doğurdan da 9 may unudulmaz gündür. Həmin gün biz qələbə qazanmışıq. Faşizm üzərində qələbə hər bir azərbaycanlı ailəsinə sevinc gətirdi. Müharibədə qalib gəldikdən sonra əzablı günlərimiz geridə qaldı. Çünki valideynlərimiz yanımızda idi. Onlar bizə dəstək oldular, oxutdular. İndi valideynlərim haqq dünyasına qovuşublar. Biz də çalışırıq ki, onların bizə öyrətdiklərini öz övladlarımıza öyrədək. Baxmayaraq ki, biz indi də müharibə şəraitində yaşayırıq. Arzu edirəm ki, müharibə olmasın, sülh, əmin-amanlıq olsun, valideynlərin gözləri yolda qalmasın. Allah bir də o günləri göstərməsin. Təəssüflər olsun ki, hələ bu gün də gözü yolda olan analarımız var. O zaman itkin düşənlərin də sayı çox oldu. Heç olmasa bəzilərinə qara kağız gəlirdi. Bilirdik ki, o adam dünyasını dəyişib. Çoxları da əsir düşmüşdü, heç izi-tozu da yox idi. Hər dəfə atamdan məktub alanda sevincimizin həddi-hüdudu olmurdu. Ən çox da anamın gözü yolda idi. Biz hər an atamın ölüm xəbərini gözləyirdik. Mən 9 Mayı əziz bayram hesab edirəm. O zaman uşaq da olsam, hər şeyə diqqət edirdim. Məktəbdə bizə qələbə günü ilə bağlı şeirlər öyrədir, məlumatlar verirdilər. Səməd Vurğunun bu şeirini əzbərdən deyirdik:
Yazılsın tarixə bir qızıl xətlə,
Qırx
beşinci ilin 9 may günü.
Doğrudan da 9 may tarixə
yazıldı. 70 illiklə bağlı başda prezidentimiz İlham Əliyev olmaqla əsgərlərimiz
Moskvada Qızıl Paradda iştirak edəcəklər. Əgər neftimiz
olmasaydı bu müharibəni heç vaxt qalib gəlməzdik.
Çox
təəssüflər olsun
ki, Bakıya qəhrəman şəhər
adı verilmədi.
Ancaq Bakı hər zaman bizim qəlbimizdə
qəhrəman şəhərdir.
- Atanız müharibədən qayıtdıqdan
sonra orada gördüyü hadisələri
sizinlə bölüşürdümü?
- O zamanlar mən uşaq idim. Atam deyirdi ki, bizə yaxşı döyüşmək üçün spirt içirdirdilər. Ancaq atam spirtli içkilərdən ömrü boyu uzaq olduğu üçün ona verilən içkini dostlarına verib, onun əvəzində tütün alırmış. Atam orada çox çətin günlər keçirib. O, deyirdi ki, bu müharibə bizə böyük itki hesabına başa gəldi. Çox qurbanlar verdik. O zamanlar şəhərdə böyük radio vardı. Hər kəs toplaşıb radionu dinləyirdi. Deyiləndə ki, faşistlərdən hansısa şəhəri almışıq, şəhərdə toy-bayram olurdu. Müharibədən sonra gördüklərimiz də dəhşət idi. Bəzən müharibədən qayıdanlar bir ayağı, bir qolu yox gəlirdi. Allah heç kimə elə ağır günləri göstərməsin. Hər bir ailədə bir nəfər olsa belə yaxınları, əzizləri, qohumları itkin düşmüşdü. Övladları itkin düşən anaların gözləri yollarda qalmışdı. Ağır dərddir. Bu gün qaçqınlarımıza baxanda başa düşürəm ki, onlar nə çəkirlər. Müharibə ağır itki deməkdir. İndinin özündə də düşünürəm ki, hər şey sülh yolu ilə həll edilsə daha yaxşı olar. Heç bir ana övladını itirmək istəməz. İndi Şəhidlər Xiyabanına gedəndə, orada cavan uşaqlarımızın məzarını görəndə ürəyimizin başı dağlanır. 1992-1993-cü illərdə bizim nə qədər övladlarımız güllələrin-mərmilərin altında qaldılar. Heç bir millətin anası istəməz ki, övladları top-tüfəng altında qalsın. Allah müharibə törədənlərin bəlasını versin. İnsan həyata bir dəfə gəlir. Ömrünü nə üçün müharibələrdə keçirməlidir? Oğlumu əsgər yola salanda neçə dəfə onun arxasınca Moskvaya getmişəm. Oğlum əsgər gedəndə dostları mənə teleqraf göndərmişdi ki, tez oğlumun əsgərlik çəkdiyi bölgəyə gedim. Mən də çox həyəcanlı şəkildə tələsik ora getdim. Sən demə, oğlum hərbi xidmətdə darıxdığı üçün dostları belə hərəkət ediblər. O zaman heç müharibə dövrü də deyildi. Əgər normal şəraitdə mən bu hissləri keçirdimsə görün müharibə dövründə atalar nələr çəkiblər?
- Demək olar ki,
xalqımızın başına gətirilən bütün hadisələrin şahidi
olmusunuz. Bəzən sizin
yaşda olan aktyorlara “Veteran” aktyorlar deyilər. Bu sizin xətrinizə dəymir ki?
- Veteran aktyor adlanmağım üçün fəxr edirəm. Uzun müddətdir Akademik
Milli Dram Teatrında çalışıram. 53-cü
ildir ki, teatrda sərasər şəkildə işləyirəm.
Bu illər ərzində
çox tanınmış
rejissorları, aktyorları
görmüşəm, onlarla
ünsiyyətdə olmuşam.
Bir çox filmlərdə çəkilmişəm. Çəkildiyim filmlər bu
gün də sevilərək izlənilir.
Bundan böyük xoşbəxtlik nə ola bilər
ki?
- Bəs “Veteran aktyor” olmağın məsuliyyətini necə,
hiss edirsinizmi?
- O zamanlar yaşlı nəslin nümayəndələri
teatrda işləyəndə
biz cavan nəsil onlara çox hörmət edirdik, çalışırdıq ki,
onlardan nəsə öyrənək. Peşəkar aktyorlardan çox şey öyrənirdik.
Çünki onların hər
biri bir məktəb idi. Mən də onlardan öyrəndiklərimi çalışıram
ki, gənc nəslə ötürüm.
O zaman ulu öndərimiz bizim bir çox tamaşalarımızı izləyib.
Tamaşadan sonra kulis arxasına keçib aktyorlarla ünsiyyətdə
olurdu. O, bizim obrazlarımızı çox
yüksək qiymətləndirirdi.
Ulu öndərimiz Heydər Əliyev bizim sənətimiz haqqında
çox məlumatlı
insan idi. Onun çıxışları teatrşünasların
resenziyasına bərabər
idi. Bizim sənət elə
bir sənətdir ki, gərək yaxşıların yaxşısı
olasan, ortabab olsan geridə qalarsan. Hər şeyi müşahidə
etmək qabiliyyətin
olmalıdır. Sənət aləmində
yaşlı, orta, cavan anlayışı yoxdur. Sadəcə istedadlı və
istedadsız aktyor var.
Çalışmaq lazımdır
ki, istedadlı olasan, sənə tapşırılan rolların
öhdəsindən peşəkarlıqla
gəlməlisən.
- Bu gün teatrlarda yaşlı aktyorlara münasibət necədir?
- Hazırda teatrlarda yaşlı aktyorların nümayəndələri barmaqla
sayılası qədərdir.
Onlar da repertuarda olan bir neçə
tamaşalarda oynayırlar.
Mən özüm də repertuarda olan bir sıra tamaşalarda
varam. Misal üçün İlyas Əfəndiyevin “Qarabağnamə”,
Hüseyn Cavidin “Əmir Teymur”, Mirələmovun “Gəncə
qapıları” tamaşalarında
rollarım var ki, orada tarixi
obrazları canlandırıram.
Hələ ki, gücümüz
yetdiyincə teatrda çalışacağıq. Canımız nə qədər
çatacaqsa, nə zamana qədər ki, hafizəmiz yerindədir obrazlar canlandırmağa davam edəcəyik. Çalışırıq ki, teatrımızın
adını yüksək
tutaq. Sevindirici haldır ki,
bu gün teatra istedadlı gənclər gəlir və inkişaf edirlər. Düzdür, bizim dövrümüzdə
gənclərə belə
bir şərait yaradılmamışdı. Bu gün gənc
rejissorlara, aktyorlara geniş imkanlar yaradılıb. O zaman
bizə deyirdilər ki, filankəslər haqq dünyasına qovuşublarsa, teatrın qapısını bağlamaq
lazımdır. Sən demə,
elə deyilmiş.
Əgər o aktyorları Azərbaycan
torpağı yetişdiribsə,
yenə də yetişdirər. Su gələn arxa, bir də gələr.
Gec gələr, güc gələr. İstedadlı insanlarımız hər zaman olub və
yenə də olacaq.
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2015.-8 may.-S.12.