Bir bəstəkar vardı...

 

...Ayrı düsdük. Gözəl, həzin, ruhu oxşayan mahnıların müəllifindən nə yazıq ki, illərdi ayrı düşınüşük. Kimiydi o? Adı Hacıbaba, soyadı Həsənovuydu. Nəğmələrini Rəsid Behhudov, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Əbülfət Əliyev, İslam Rzayev kimi neçə-neçə görkəmli ifaçılar dillər əzbərinə çevirmişdi.

 

Bəs bu gün necə, "Unuda bilmirəm", "Yağma yağış", "Eşqimin növrağı", “Tarçalan oğlan”, "Xatirələr", "Ellər gözəli", "Gülbəniz" və s. mahnılar səslənirmi? Bəli, həmişəki hüsnlə, şövq-məhəbbətlə olmasa da, həmin nəğmələrin ifasını indigörüb-eşidirik. Hərcənd əksər halda müəllifin adı çəkilmir.

 

Bilmirəm nədən müğənnilərimiz bəstəkarın adını dillərinə gətirmək istəmirlər. Məgər ən azından Allaha xoş getməzmi, "musiqisi Hacıbaba Həsənov" desələr? Sovet dövründə bəstəkar uzun illər halal haqqına sahib çıxa bilməmişdi. Sağlığında, qırx ildən artıq müddətdə mahnıları radio-televiziyada, konsert salonlannda müxtəlif tədbirlərdə səslənsə də, çox vaxt müəllifin adı anonim qalmışdı. Necə deyərlər, sovetin kəshakəs vaxtında baza ixtisasının həkim, uzun illərsə məşğuliyyətinə görə indiki Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji Universitetində psixologiya müəllimi olması yaradıcılığına müəyyən mənada maneə törətmişdi. Baxmayaraq ki yazdığı əsərlərin səslənməsinə qadağa qoyulmurdu. Sadəcə müəllifin kimliyi açıqlanmırdı. Yəqin bu problemi aradan qaldırmaq niyyətinə düşdüyündən mərhum bəstəkar yaşı qırxı keçəndən sonra o zamankı Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Xalq Konservatoriyasında təhsil almışdı. Ancaq burada bəstəkar ixtisası üzrə təhsil alıb əldə etdiyi diplom da onun dadına çatmamışdı. Nəğmələr yenə də "sahibsiz" oxunurdu...

 

Maraq xatirinə yaxından tanıdığım və eyni zamanda ilk dəfə üz-üzə gəldiyim bir neçə nəfərdən Hacıbaba Həsənovun kimliyi barədə soruşdum. Təəssüf ki, yalnız yaşlı birisi onu tanıdı. Qalanlarsa bəstəkarın adını yox, onun dillər əzbəri olan, birinci misrası "Könlüm düşdü diyar-diyar"la başlayan mahnısını bildiklərini söylədilər. Açığı, vəziyyət mənə təsir elədi. Ən pisi isə o idi ki, radio-televiziyanın çoxillik staja malik işçilərindən tutmuş, qocaman xanəndələrədək əksər adamlar Hacıbaba Həsənovun mövcudluğu barədə heç nə bilmədiklərini dedilər. Bu səbəbdən bəstəkarla bağlı hər hansı dəqiq məlumat almaq müşkülə çevrildi.

 

Uzunmüddətli axtarışlardan sonra mərhum bəstəkarın "izinə" düşə bildim. Ailəsi, iki övladının olması barədə məlumat təsdiqini tapdı. Və günlərin birində Hacıbaba müəllimin qızı Gülbəniz xanımın qəfil zəngdən şaşırması - "bizi necə tapdınız, nömrəmizi necə əldə etdiniz, axı heç kimin yadına düşmürük" deməsi axtarışın düzgün istiqamətdə getməsinə görə yox, lazımlılığına görə məni sevindirdi.

 

Sən demə, yetmiş beş il bu həyatda şərəflə yaşamış sənətkarın 1997-ci ilədək, yəni dünyadan köçdüyü tarixədək qəzet-jurnalları hesaba almasaq, haqqında radio-televiziyada bircə cümlə də səslənməyib. Xasiyyətcə ötkəm, mərdanə Hacıbaba Həsənovsa bir yol belə, mənsəb sahiblərinin qapısını döyməyib, fəxri ad tələb etməyib. Onun haqqında televiziyada ilk və hələlik yeganə nümayiş olunan verilişsə bir neçə il qabaq, özündən sonra dünyasını dəyişmiş ömür-gün yoldaşının il mərasimilə üst-üstə düşüb.

Hacıbaba Həsənovun qızı, kürəkəni, nəvə-nəticələrilə birinci dəfə görüşsəm də, onların mehribanlığı, qonaqpərvərliyi ailənin ağsaqqalının zəngin yaradıcılıq irsindən savayı, nəcib insani sifətləri miras qoyduğundan xəbər verirdi. Söhbət əsnasında masa üzərinə düzülmüş fotolar, kitablar, qəzet-jurnal yazıları, nota salınmış mahnılar və s. şəxsən üzünü görmədiyim bəstəkann həyatına guzgü tutmaq ücün əsl yardımçı oldu. Axı, bu yazılar, fotolar sadəcə cansız kağız parçaları deyil, illərin xatirələrini, insanların nəfəsini, qəlbinin odunu, hərarətini yaşadan "dilli-ağızlı", "gözlü-qulaqlı" "köməkçiləri" idi. Bu fotolarda kimlər, nələr yoxuydu? O insanlar ki, indi onların çoxu xatirələrdə, lentlərdə yaşayır.

Gülbəniz xanım atasının mahnılarının bu gün də oxunmasına sevinir. Urəyini ağrıdan yeganə məqamsa çox vaxt adının çəkilməməsidi. Bir qələm əhli, sənətlə bağlı şəxs kimi bəstəkarın haqqının tapdanmaması naminə bir-iki vacib addımlann atılması üçün ailənin görməli işlərin nədən ibarət olduğunu onlarla bölüşməklə sanki özlüyümdə azacıq yüngülləşdim. Axı daim savab görməyə can atmış sənətkar üçün nəsə eləmək doğrudan da savabdı.

 

Azərbaycan muğamlarının arasında "Humayun" qəmginliyilə seçilir. Ancaq qəribədir ki, Hacıbaba Həsənov rəhmətlik Qasım Qasımzadənin sözlərinə "Humayun" məqamı üzərində mahnı yazsa da, qəmginlikdən, nisgildən əsər-əlamət yoxdu. Söylənilənlərə görə, rəhmətlik xanəndə Əbülfət Əliyev Qasım müəllimin yazdığı "Eşqimin növrağı" şeirini bəstəkara təqdim edərkən şən, ritmik, yaddaşlarda yaşayacaq mahnı bəstələməsini xahiş edib. Və belə çıxır ki, o, bəstəkar seçimində yanılmayıbmış. Nədən ki, istədiyi hasil olub:

 

Könlüm düşdü diyar-diyar,

Bir kəkliyin sorağına.

Çox yalvardım o qonmadı

Məhəbbətin budağına, budağına...

 

Bəli, Hacıbaba Həsənovun məhəbbətdən yoğrulmuş yaradıcılığının budağına, qol-qanadına kimlər qonmadı? Kimlər bu budaqlarda əyləşib də cəh-cəh vurmadı? Rübabə Muradovanın yanıqlı "neyçün səni bəs unuda bilmirəm" şərqisi isə gözəl insan və sənətkar Hacıbaba müəllimlə bağlı daha neçə-neçə mahnıları, xatirələri dilə gətirir: "Ayrı düşdük, aylar ötdü il oldu..."

Elə bil bu gün yazıb, bu günçün deyib. Elə deyilmi?!.

 

Seymur Elsevər

seymur_elsever@yahoo.com

Kaspi,-2015.-12 noyabr.-S.12.