“Təhsil,
milli mühit, milli ruh: istiqamətlər,
nəticələr”
Azərbaycan Dövlət Pedaqoji
Kollecində bu mövzuda elmi-praktik konfrans keçirilib
“Milli dəyərləri şüurlu
surətdə sevən,
Vətəninə xidməti
həyat qayəsi hesab edən vətəndaşlar yetişdirmək
məktəbin, müəllimin
ən müqəddəs
vəzifəsidir. Bu o deməkdir ki, müəllim öyrətmək
istədiyi hər bir mövzu və məsələni dərindən bilməlidir.
Təhsildə də hər
hansı islahat və təzəlik müəllim hazırlığına
yeni tələblərə
gəlib çıxır
və bunların həyata keçirilməsi
ilə bitir. Biz müəllim hazırlığına
milli dəyərlərimizin,
milli həyat gücümüzün yenidən
yaradılması məsələsi
kimi baxmalıyıq.
Çünki biz təhsildən,
onun islahatından nə gözləyiriksə,
müəllim onun canlı və yaradıcı daşıyıcısı
olmalıdır”. Bu barədə
bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) keçirilən “Təhsil,
milli mühit, milli ruh: istiqamətlər,
nəticələr” mövzusundakı
ümumrespublika elmi-parktik
konfransında təhsil
müəssisəsinin direktoru,
Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar
Şurasının sədri,
filologiya üzrə elmlər doktoru, professor Nurlana Əliyeva bildirib.
O, məktəblərdə milli
mühitin yaradılmasına
diqqət çəkərək,
bunu hər bir müəllimin, məktəb rəhbərinin,
bütün kollektivin
vəzifəsi kimi qələmə verib. Qeyd edib ki,
bu, müəllimin zahiri görkəmində,
şagirdlərin geyimində,
keçirilən mədəni-kütləvi
tədbirlərin məzmununda,
mahiyyətində, məktəbin
daxili nizam-intizamında,
müəllimin etik davranış qaydalarında,
müəllim-tələbə münasibətlərinin həssaslığında,
zərifliyində, ayrı-ayrı
fənlər üzrə
dərslərin müxtəlif
metod və üsullarında, fənn kabinetlərinin, bütövlükdə
məktəbin tərtibatında
öz əksini tapır. Kollec direktoru bildirib
ki, öz işinin mahiyyətini dərk edən, bilik və tərbiyənin
vəhdətini anlayan,
ixtisasını hər
zaman təkmilləşdirən,
yenilikləri tətbiq
edən müəllim
əsl vətəndaş
olmasa, onun milli ruhda vətəndaş
yetişdirməsi də
mümkün deyil.
N.Əliyevanın sözlərinə görə, müəllim
Vətənini, dövlətini,
torpağının hər
qarışını sevən
bir ziyalı olmalıdır.
ADPK direktoru deyib ki, milli ənənələrimiz,
mənəvi-əxlaqi keyfiyyətlərimiz
xalqımızın həyat
gücünü, gələcək
arzularını əks
edən dəyərlərimizdir:
“Biz sürətlə tərəqqi
edən bir millət kimi dünya sivilizasiyası dəyərlərinin köklü
əhəmiyyətini də
bilirik. Milli dəyərlər heç zaman bəşəri dəyərlərə,
xüsusilə Qərb
sivilizasiyasının nailiyyətlərinə
zidd deyildir. Bu nailiyyətlərə arxa çevirsək, tərəqqi edə bilmərik. Ulu öndər Heydər
Əliyev də müasir Azərbaycanı
azad, demokratik, liberal dəyərlərə bağlı
açıq bir cəmiyyət kimi inkişaf etdirməyi bizə vəsiyyət etmişdir. Biz təhsilimizdə islahat aparanda bundan sonra da qabaqcıl
ölkələrin təcrübəsindən,
elmi, texniki və pedaqoji nailiyyətlərindən istifadə
etməliyik”.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin (ADPU) kafedra
müdiri, filologiya üzrə elmlər doktoru, professor Zahid Xəlil “Uşaq ədəbiyyatının
milli ruhun oyanmasına təsiri” mövzusunda çıxış
edib. O, konfrans öz işinə başlamazdan əvvəl müəllimlərlə birlikdə
kollecdəki sinif otaqlarını gəzdiklərini,
bu təhsil ocağındakı mövcud
şəraitlə daha
yaxından tanış
olduqlarını dilə
gətirib. Bildirib ki, müşahidə edilənlər kollecin daim özünü təkmilləşdirdiyini sübut
edir: “İnkişaf üçün bu başlıca şərtdir.
Milli-mənəvi dəyərləri yaradan, qoruyan anadır. Bu kollec isə həmin anaları, ziyalı Azərbaycan qadınını, gələcəyin
ailə başçılarını
yetişdirir, onlara təhsil verir. Kolleclə tanışlıq
zamanı tələbələrin
əl işləri ilə də tanış olduq, yaratdıqları sənət əsərlərini
gördük, bişirdikləri
düşbərədən daddıq. Bütün bunlar onu deməyə
əsas verir ki, bu kollecdə
təhsil alan
övladlarımız hərtərəfli
yetişməkdədirlər. Bu hadisə onu
deməyə əsas verir ki, kollecdə
Azərbaycan xalqının
milli-mənəvi dəyərləri
ən yüksək səviyyədə qorunur,
gələcək nəsillərə
çatdırılır”.
Konfransda
Təhsil Problemləri
İnstitutunun baş elmi məsləhətçisi,
pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov “Gənclərdə
milli ənənələr,
mütaliə, virtual aləm
təfəkkürünün formalaşması prosesində
məktəbin və ailənin rolu”, Kollecin IV kurs tələbəsi Aygün
Paşazadə “Məktəb
milli mühitin beşiyidir” mövzularında
çıxışlar ediblər.
Çıxışlardan sonra ADPK-nin III və IV kurs tələbələri “Milli
dəyərlərimiz nəsillərdən
nəsillərə” mövzusunda
mülahizələrlə çıxış
ediblər. Tələbələr ümummilli lider
Heydər Əliyev, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hərtərəfli
fəaliyyətini özündə
əks etdirən faktları da dilə gətiriblər.
Eyni zamanda müstəqil Azərbaycanın inkişafından,
Cənubi Qafqaz regionunun lider dövləti olmasından
söhbət açıblar.
Bundan başqa, kollecin tələbələri pianinonun
müşayiəti ilə
“Ey qüdrətli Azərbaycan” musiqisini səsləndiriblər.
Konfransa
Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı
İbrahim Mehdiyev yekun vuraraq, Azərbaycanda həyata keçirilən islahatlardan,
ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,
Prezident İlham Əliyevin rəhbərliyi
altında uğurla davam edən inkişafımızdan söhbət
açıb. O, ADPK-nin
fəaliyyətinə də
toxunaraq bildirib ki, hazırda bu müəssisə öz tələbələrinə
bakalavr səviyyəsində
təhsil verir. İcra başçısı
bunu kollecin və onun rəhbərliyinin
uğuru kimi qələmə verib: “Nurlana xanım 25 ildir ki, bu
təhsil müəssisəsində
çalışır. Ona görə
də kollecin bugünkü uğurlarında
onun böyük payı var. Mən fəxrlə qeyd etmək istəyirəm ki, Kollec rayonumuzdakı
təhsil müəssisələri
arasında ən qabaqcıllardan biridir.
Burada gələcək ailələrin
başçıları, əsl
Azərbaycan xanımları
yüksək və hərtərəfli təhsil
alır, kamil vətəndaş kimi yetişirlər. Heç şübhəsiz
onlar da gələcəkdə cəmiyyətimizin,
dövlətimizin inkişafına
öz töhfələrini
verəcəklər. Bütün bunlar
ümumilikdə Azərbaycan
dövlətinə və
xalqına layiqli xidmətdir”.
Bununla da konfrans öz işinə yekun vurub. Onu da əlavə edək ki, konfrans öz
işinə başlamazdan
əvvəl iştirakçılar
kollecin foyesindəki sərgi ilə tanış olublar. Burada kollecin “Təsviri incəsənət müəllimliyi”
və “Texnologiya müəllimliyi” ixtisası
üzrə təhsil alan tələbələrinin
əl işləri nümayiş olunub. Eyni zamanda kollecin foyesində açıq dərs topluları, təhsil müəssisəsinin
müəllimlərinin, o cümlədən
Nurlana Əliyevanın
müəllifi olduğu
kitablar da qonaqlara nümayiş olunub. Daha sonra qonaqlar kollecin siniflərini gəzərək açıq
dərslərlə tanış olub, tələbə və müəllimlərlə yaxından
ünsiyyət qurub, Heydər Əliyev Muzeyi, kitabxana ilə tanış olublar.
Rufik İSMAYILOV
Kaspi.-2015.-19 noyabr.-S.10.