Azərbaycanın səsi niyə “O Səs
Tükiyə”yə gedir?
Gövhər
Həsənzadə: “Dünyaya çıxarılacaq
ifaçılarımız olsa da, onlara dəstək olacaq
ürəkli şirkətlərimiz yoxdur”
Deyirlər musiqi sərhəd tanımır. Hansı ölkədə olursan-ol, musiqinin dili yoxdur. Azərbaycan musiqisi isə çox zəngindir. Onun dili sadə və birbaşa olaraq qəlblərə yol tapır. Azərbaycan musiqisi ifa olunduğu bütün ölkələrdə insanların qəlbini ram edir.
Son dönəmlər yerli ifaçılarımızın səsi qardaş Türkiyədən gəlir. Türkiyədə “TV-8” kanalında yayımlanan “O Ses Türkiye” yarışması Azərbaycanda da kifayət qədər məşhurdur. Qonşu ölkədə keçirilən musiqi yarışması bizim yerli müğənnilərimizin də diqqətini cəlb edib. Şou aləmində az da olsa tanınan ifaçılar həmin müsabiqədə iştirak edərək özlərinə daha çox tamaşaçı cəlb etməyə can atırlar. Elə bu mövsüm də keçirilən sözügedən yarışmaya Azərbaycandan kifayət qədər iştirakçı qatıldı və qatılmağa da davam edir. Əslində bu bizi çox sevindirir. Ona görə ki, qonşu ölkənin böyük arenası olan musiqi yarışmasında bizim vətəndaşlarımız iştirak edir və ən azından, indiyədək anonim səslənən mahnılarımızın müəllifləri orada qeyd olunur. Ancaq məsələ burasındadır ki, vətənimizdə də bu tip musiqi yarışması yarandığı halda, niyə ifaçılarımız məhz qonşu ölkəyə üz tuturlar? Yerli müsabiqələrimiz nə üçün onları cəlb edə bilmir?
Azərbaycan televizyasında yayımlanan “O Səs Azərbaycan” müsabiqəsində iştirakçıların demək olar ki, yarısı rusdillidir. Onlardan biri Rusiyadan, biri Ukraynadan, biri Hollandiyadan gəlir. Nə üçün ifaçılarımız səslərini “O Səs Azərbaycan” yarışmasında sınamaq istəmirlər?
Biz də bu sualla “O Ses Türkiye” yarışmasında iştirak edən ifaçılara müraciət etdik. Onlar “Kaspi”yə açıqlamasında bildirdilər ki, Türkiyə beynəlxalq arenaya daha yaxındır və qonşu ölkənin 80 milyonluq xalqı tərəfindən tanınırlar. İfaçılarımız Azərbaycanda tanındıqlarını və məhz bu səbəbdən yerli musiqi yraışmasına qatılmağı lazım bilmədiklərini dedilər.
Mütəxəsisslər isə elə hesab edirlər ki, ifaçılarımızın yerli müsabiqədə iştirakından sonrakı taleyi sual altında qalır və onlarla maraqlanan prodakşınlarımız olmur. Məhz bu səbəbdən də ifaçılarımızı qardaş ölkəyə getməyə vadar edirik.
Ötən həftə sözügedən müsabiqədə “Nağd pul” adı ilə tanınan rep qrupumuzun ifasını dinlədik və onların ifası müsabiqədə ajiotaj yaratdı. Qrupun gənclərindən olan Hilal bizimlə söhbətində müsabiqəyə “Acun Media”nın dəvəti ilə qatıldıqlarını bildirdi: “Çıxışımız gözlədiyimizdən də artıq sevildi. Demək olar ki, Türkiyədə artıq pərəstişkarlarımız yaranıb. Türkiyədən və “Acun Media”dan yaxşı dəstək aldıq. Biz o müsabiqəyə layihənin rəhbəri Acunun dəvəti ilə qatılmışdıq”.
Gənc rep ifaçısı yerli müsabiqələrdə iştirak etməyi düşünmədiklərini dedi: “O Ses Türkiye” kimi məşhur və baxımlı bir yarışmada özümüzü yoxlamışıq. Hələlik əldə olunan nəticədən də razıyıq. Hədəfimiz isə Azərbaycanı Türkiyədə təmsil etməkdir. Tükiyə böyük ölkədir, onun 80 milyon əhalisi var. Biz öz üzərimizə düşəni edirik. Qarşıdakı turlara hazırlaşırıq. Yaxşı fikirlərimiz olsa da, səhnədə mükəmməl şou hazırlamaq üçün maddi çətinliklərimiz var. Əgər istədiymizi edə bilsək, “O Ses Türkiye”nin tarixinə düşəcəyik”.
Bu həftə “O Ses Türkiye” yarışmasında münsiflər heyətini təəccübləndirən azərbaycanlı ifaçı Zemfira İbrahimova da bizimlə söhbətində sözügedən müsabiqəyə “Acun Media” tərəfindən xüsusi dəvət aldığını və birbaşa olaraq səhnəyə çıxdığını dedi: “Bu yarışmaya 3 il bundan qabaq getməyi düşünürdüm. Bəzi problemlər yarandığı üçün gedə bilmədim. Bundan öncə Acun Ilıcalının “Kazanan” yarışmasında iştirak etmişdim. O yarışda iştirak etdikdən sonra “Acun Media” məni bu layihəyə dəvət etdi. Burada iştirakçılar seçim turlarından keçib sonra səhnəyə çıxırlar. Ancaq mən heç bir seçim turuna qatılmadım və birbaşa olaraq səhnəyə çıxdım. “Acun Media”dan mənə zəng ediləndə, sözün əsl mənasında şok oldum”.
İfaçı müsabiqədə xalq mahnısı oxumaq istəsə də, öz istədiyinə nail ola bilməyib: “Mən o müsabiqədə xalq mahnılarımızı ifa etmək istəyirdim. Oradakı musiqiçilər bizim mahnıları ifa edə bilmədiklərinə görə mənə türklərin “Yastayım” mahnısını ifa etdirdilər. Mən indiyə kimi heç vaxt bu mahnını ifa etməmişdim. Bu mənim istəmədiyim bir mahnı idi. Belə ki, mahnını mənə bir gün öncə təqdim etdilər. Və səhəri gün səhnəyə çıxdım. Onların dedikləri mahnını oxusam da, “Nədən oldu” mahnımızı öz istəyimlə ifa etdim. Türkiyədə bu müsabiqədə iştirak etdiyim üçün məni qınadılar. Dedilər ki, Azərbaycanda kifayət qədər tanınırdın, nə üçün belə bir müsabiqəyə getdin. Əslində mən bunların heç birinə əhəmiyyət vermirəm. Azərbaycan ifaçısını, onun xalq mahnısını 80 milyon izləyirsə, mən bundan sadəcə qürur duya bilərəm”.
Z.İbrahimova yerli müsabiqəyə qatılmaq istəmədiyini və buna görə onun öz səbəbi olduğunu qeyd etdi: “Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Azərbaycanda kifayət qədər tanınıram, ona görə də yerli müsabiqədə iştirak etməyi düşünmürəm. Mən “Xalq ulduzu”, “Yeni ulduz” müsabiqələrində iştirak etmişəm. Məhz bu səbəbdən xarici müsabiqələrdə tanınmağa daha çox üstünlük verirəm. Burada o yarışmalarda iştirak etməyə ehtiyac duymuram”.
Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə ifaçılarımızın “O Ses Türkiye” yarışmasına axın etməsini doğru hesab edir. Bəstəkar Türkiyə arenasının, tamaşaçısının, auditoriyasının daha böyük olduğunu bildirərək ifaçılarımıza haqq qazandırdı: “İfaçılarımız daha böyük səhnələrdə parlamaq istəyirlər. Onlar çalışırlar ki, tanınmış studiyalardan iş təklifi alsınlar, onlarla işləsinlər, kimsə onları görsün, bəyənsin, böyük səhnələrə yol açılsın. Türkiyə dünyaya daha çox inteqrasiya edib. Türkiyədə bir çox səsyazma studiyaları sistemli şəkildə ifaçılarla 15-20 illik müqavilə bağlayıb, onları məşhur edirlər. Hansısa bir ifaçını götürüb, onu məşhurlaşdırırlar. Türkiyənin tanınmış müğənnilərinin hamısı prodakşınlarla çalışıb, onların sayəsində məşhurlaşıblar. Bizim ifaçılar da məhz bu səbəbdən Türkiyə səhnəsinə çıxmağa çalışırlar. Onlar qalib gəlməsələr belə, həmin səhnədə çıxış etmək, özlərini tanıtmaq ifaçılarımıza kifayət edir. Bu çox normal haldır. Ortalığa belə bir sual çıxır: “Nə üçün ifaçılarımız Avropaya, Şərqə deyil, məhz Türkiyəyə gedirlər?” Burada əsas məsələ dil baryeri, ifaçılıq, bir də din məsələsidir. Türkiyə səhnəsi dünyaya çıxmaq üçün ən yaxın yoldur”.
Gövhər Həsənzadə yerli müğənnilərimizin müsabiqələrə qatıldıqdan sonra təşkilatçıların onlarla müqavilələr bağlayıb, layihələrə dəvət etmədiklərini deyir: “Bəzən xarici müsabiqələrə qatılan sənətçilərimizi qınayırlar ki, nə üçün Azərbaycan səhnəsini qoyub, Türkiyə səhnəsini seçirlər. Bizim efir məkanı sistemli olaraq özəl sektorlarda tənzimlənmir. İfaçılarımız yalnız rəsmi qurumlarda və tədbirlərdə iştirak edə bilirlər. Dövlət strukturunda mükəmməl işə malik olan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyimiz əlindən gələni edir. Bir də var ki, özəl sektor, studiyalar fəaliyyət göstərsin. Onlar ifaçıya külli miqdarda sərmayə qoyurlar. Sənət baxımından struktur yaradırlar. Burada həm səsyazma, həm peşəkar işçilər, geyim, vizaj – hər şey olur. Onlar seçdikləri insanlarla müqavilə bağlayırlar və onun üzərində işləyirlər. Onu keyfiyyətli məhsul halına gətirib, sonra satışa çıxarırlar. Bu sistem bizdə yoxdur. Sonra deyirlər ki, bizə dövlət dəstək verməlidir. Özəl strukturlar əziyyət çəkib, sərmayə qoysunlar, öz işləri ilə məşğul olsunlar. Bizdə özəl prodakşınlar istəyirlər ki, kommersiya xarakterli konsertlər versinlər, pul qazanıb ciblərinə qoysunlar. Nə qədər ki bizdə hər hansı bir ifaçının yetişməsində, təhsil almasında, peşəkarlaşmasında, beynəlxalq arenaya çıxarılmasında ixtisaslaşan bir şirkət yoxdur, hər zaman ifaçılarımız xaricə üz tutacaq. Burada başqa bir səbəb axtarmayın. Qanunlar əsasında maliyyə məbləği qoyulmalı və şirkətlər bununla məşğul olmalıdır. Türkiyədə hansı şirkət dövlət qurumu ilə bağlı çalışır? Onlar şirkət qururlar, qazanırlar və qazandırırlar. Bu sistem bizdə olmadığına görə, bu tərəfimiz bir qədər zəifdir. Bizdə də musiqi müsabiqələri təşkil edilir. Ancaq müsabiqə bitdikdən sonra nə baş verir? O ifaçının taleyi necə olur? Bununla maraqlanan olurmu? Hansı müsabiqə iştirakçılarımızın sonrakı taleyində hansısa böyük layihə görmüsünüz? Onlar ifaçıdırlar, təşkilatçılar onlara sahiblənib sabahını düşünmək üçün iş görməlidirlər. Bəs onlar nə etsinlər? Müsabiqədən çıxan iştirakçılarımızın başqa çarələri qalmır və restoranlara üz tutmağa məcbur olurlar. Burada ifaçıları, nə də yaradıcı insanları qınamaq olmaz”.
Əməkdar incənət xadimi “Bəs nə üçün sizi müsabiqələrdə münsif heyəti kimi görmürük?” sualımıza isə belə cavab verdi: “Mən burada nə kanalı, nə də nazirliyimizi qınamıram. Azərbaycan Dövlət Televiziyası bizim ən öndə gedən kanallarımızdan biridir. Onlar müsif heyətində düzgün seçim ediblər. Əgər mən orada münsif qismində çıxış etmirəmsə, orada yoxamsa, bu o demək deyil ki, bu layihə məni maraqlandırmır. Mənim kifayət qədər təcrübəm var və lazım olsa, canla-başla bu tip layihədə iştirak edərəm. Doğrudan da ifaçılarımızı beynəlxalq arenada tanıtmaq üçün layihələr işləmək olar və şükürlər olsun ki, dünyaya çıxarılacaq ifaçılarımız da var. Bunun üçün dəstək ola biləcək ürəkli şirkətlər lazımdır”.
Xəyalə Rəis
Kaspi.-2015.-24 noyabr.-S.12.