Sözü ilə Vətənə ibadət edən adam

 

Abid Tahirli mühacirət epoxasının böyük salnaməsini yaradıb

 

Abid Tahirli bir çox məqalələrin, kitabların müəllifı kimi tanınmış bir publisist olmaqla bərabər, bu gün mühacirət problemləri, xüsusən mühacirət mətbuatı sahəsində, bizim mühacirətdə yazıb-yaradan Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Şəfi bəy Rüstəmbəyli və b. kimi mütəfəkkirlərimizin, lazımınca tanımadığımız və qiymətləndirmədiyimiz qələm sahiblərinin fəaliyyətinin və yaradıcılığının öyrənilməsində tanınmış bir mütəxəssis tədqiqatçıdır”.

 

Elçin

 

Hörmətli oxucularım! Bilmirəm onu sizlərə necə təqdim edim: ömrünün 40 ilini yazı-pozuya həsr edən, tükənməyən axtarmaq, araşdırmaq, yazmaq ehtirası ilə yaşayan “mühacirət mətbuatının dəyərli tədqiqatçısı” mühacirşünas alimmi, professor Məhərrəm Qasımlının təbrincə desək, “simalı, məsləkli qələm sahibimi, irs-varislik əlaqəsinə və halal zəhmətinə güvənən bir həmkarımmı, bütün varlığı ilə dövlətinə, dövlətçiliyinə sədaqətli olan vətəndaşmı, elinin-obasının xeyrinə-şərinə yarıyan məclis əhli, dərd adamımı, sədaqətli, səxavətli dostmu, ləyaqətli və cəfakeş ailə başçısımı kimi? Məncə, fərq etməz. Abid Tahirlinin özünüyaxud sözünü tanıyan hər kəs ilk olaraq onun insanlığına, ziyalılığına böyük hörmətlə yanaşır. Bəzən uşaq saflığı ilə secilən səmimi, təmkinli, təvazökar olan Abid müəllim əməli, ideyası, əsərləri ilə fərqlənən, başqalarına örnək olan, yüksək mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə malik bir ziyalıdır.

 

Abid müəllim haqqında yazılan məqalələrin birində müəllif sonda çox gözəl qeyd edir: “Abid-ibadət edən deməkdir. Abid Tahirli qələmi, sözü ilə ömrünün tən yarısını vətəninə, xalqına ibadətlə keçirir”.

 

***

1975-cı ildən dövri mətbuatda çap olunan Abid Tahirli imzası illər sonra “Sözlə yarananlar, sözü yaşadanlar” (2001), “İlyas Əfəndiyevin publisistikası” (2001), “Azərbaycan mühacirət mətbuatı” (I hissə-2002), “Azərbaycan mühacirət mətbuatı” (II hissə-2003), “Deyilən söz yadigardır” (2003), “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)” (2005), “İdrak işığında” (2010), “Bütün türklərin tərcümanı” (2012), “Məktəb: tariximiz, taleyimiz” (2013), “Qaspıralı Dünyası, Qaspıralı Dühası” (2014) və daha neçə-neçə dəyərli, sanballı əsərlərin üzərində göründü. Xoşbəxtlikdən, bu əsərlərin bəziləri xarici oxucuların da diqqətini cəlb edib. Məsələn, 2005-ci ilin dekabrında Abid Tahirliyə Almaniyanın Halle şəhərindəki məşhur Martin Lüter Universitetindən bildiriş gəlib. Bildirişdə qeyd edilib ki, Abid Tahirlinin beş kitabı- “Azərbaycan mühacirəti”, “Sözlə yarananlar, sözü yaşadanlar”, “Azərbaycan mühacirət mətbuatı (1-ci və 2-ci hissələr)”, “Azərbaycan mühacirət mətbuatında publisistikauniversitetin kitabxanasının kataloquna salınmışdır.

 

Akademik İsa Həbibbəyli də müəllifin əsərlərini yüksək dəyərləndirir: “Azərbaycan mühacirət mətbuatı», «Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)», «Azərbaycan mühacirət mətbuatının biblioqrafiyası» kitabları ilə Abid Tahirli mühacirət epoxasının böyük salnaməsini yaratmışdır və onun bu sahədəki çoxillik fəaliyyətini mühacirətşünaslıqda böyükuğurlu addımlar adlandırmaq olar”.

 

Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etmək uğrunda mübarizəyə qalxdığı illərdə Abid Tahirli də qələmi və sözü ilə bu mübarizəyə qoşuldu. Həmin illərdə baş verən ictimai-siyasi hadisələrə və milli azadlıq hərəkatımızın tarixinə həsr etdiyi “Sözlə yarananlar, sözü yaşadanlar” adlı kitabı haqqında tanınmış türk yazarı Sebahattin Şimşir yazırdı: “Gelecekte, yakın dönem Azerbaycan tarihi konusunda araştırma yapmak isteyenlerin ve bu dönemde ortaya konulan Türklük mücadelesini merak edenlerin hararetle okuyacakları bir kitaptır”.

 

İngilis yazıçısı Jozef Addisonun fikrincə, “yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir”. “Abid Tahirlinin bütün kitabları dəyərlidir” söyləyən professor Nizaməddin Şəmsizadənin fikirlərinə əsaslanaraq demək olar ki, müəllifin hər bir əsəri gələcək nəsillərə ünvanlanan “ən qiymətli hədiyyədir”.

 

Xalqımızın milli şüurunun, milli təfəkkürünün dirçəlişi yolunda aparılan mübarizələri əks etdirən bu “qiymətli və dəyərli hədiyyələr” haqqında görkəmli yazarımız Anar deyir: “Türk düşüncə tarixinə həsr olunmuş bu əsərlər elmi cəmiyyətdə bu günlayiqli yerini tutub, sabah da tutacağına inanırıq”.

 

Təcrübəli və istedadlı jurnalist Məzahir Süleymanzadənin “məhəbbətlə oxuduğum kitablar” adlandırdığı bu əsərlər hər bir oxucunun bilgilərini dolğunlaşdırmaq və tamlaşdırmaq baxımından maraqlı mənbə kimi çox dəyərlidir. Külli miqdarda atxiv, muzey, fond sənədlərinə istinad edən müəllif bu əsərlərində M.F.Axundzadə, İ.Qutqaşınlı, H.Zərdabi, C.Hacıbəyli, M.B.Məhəmmədzadə, İ.Qaspıralı, C.Məmmədquluzadə, Ö.F.Əfəndizadə, H.Vəzirov və daha neçə-neçə ədəbiyyatımızda, mətbuatımızda, ictimai fikir tariximizdə öz yeri, sözü, çəkisi olan ədiblərimizin həyat və yaradıcılığından bəhs edir.

 

Ömrünü xalqının azadlığı yolunda sözə bağlayan Abid Tahirlinin jurnalistlik fəaliyyəti “Odlar Yurdu” qəzetindən başlayır. Hörmətli yazıçımız Elçin Əfəndiyevin rəhbərlik etdiyi “Vətən” Cəmiyyətinin orqanı olan bu qəzet milli azadlığımız uğrunda mübarizə illərində “geniş mənada bütün cəmiyyətin orqanı idi”.

 

1980-cı illərin sonlarında mənəvi qida mənbəyi rolunu oynayan və Azərbaycan mətbuatı və ictimai fikir tarixində əvəzsiz xidmətləri hər kəsə məlum olanOdlar yurdu” qəzeti Abid müəllimə “VƏTƏN sözünün özünü dəyərləndirməyi öyrətdi”. Öyrətdi ki, Azərbaycanın istiqlalı uğrunda canından, qanından kecən mücahidlərin amallarını, əməllərini müqəddəs miras kimi nəsillərdən-nəsillərə ötürsün, onların bu yoldakı fədakarlığını, cəfakeşliyini gənc nəsillərə çatdırsın və yaşatsın.

 

Müəllifin həmin illərdə qəzetdə çap olunan saysız-hesabsız məqalələrini gözdən keçirirəm. Mövzuların aktuallığı, rəngarəngliyi, mənbələrin zənginliyi daha çox diqqətimi cəlb edir. Maraqlıdır, Abid müəllim qələmə aldığı hər bir mövzunu faktlar əsasında açıqladıqca onun həmin sahəni nə qədər dərindən və mükəmməl bildiyinin şahidi oldum. Xüsusən də mühacirət mətbuatı, ədəbiyyatı, publisistikası haqqında. Ona görə də mühacirlərimizin həyat və yaradıcılığını öyrənmək baxımından bu mövzuya həsr etdiyi kitablarının və elmi məqalələrinin qiyməti böyükdür və ölçüyəgəlməzdir.

 

Əslində Abid Tahirli istər elmi əsərlərində, istər publisistik məqalələrində prinsipiallığı ilə seçilən, Azərbaycan mətbuatında özünəməxsus yeri, yazı tərzi, üslubu olan, söz savaşında təpərli söz sahibidir. Sözünü özünəməxsus şəkildə, jurnalistikanın “sirlərinə uyğun” deməsi onun jurnalist, publisist sənətkarlığına dərindən bələd olmasından irəli gəlir. Geniş mütaliə dairəsi olduğu üçün onunla istənilən sahədə polemikaya girmək olar.

 

A.Tahirli haqqında istər ölkəmizdə, istərsə də xaricdə yazılan məqalələrdə əsasən mühacirşünas alim kimi təqdim edilib. İlk dəfədir ki, məhz bu məqalədə Abid müəllimin publisistikasından bəhs edilir. O, 1980-1990-cı illər hadisələrində, xalqının azadlığlı uğrunda mübarizədə çox yaxından iştirak etmiş, “Odlar yurdu” (bu qəzet 1988-ci ildən etibarən “Vətənin səsi” adı ilə Xarici Ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı kimi nəşr edilib), “Səhər”, “Azadlıq”, “Qarabağ”, “Ədalət”, “Bakı”, “Aydınlıq”, “Maarifçi”, “Günay”, “Meydan”, “Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “Kaspi”, “Xalq qəzeti”, “525-ci qəzet”, “Azərbaycan müəllimi”, “Yeni Azərbaycan”, “Azərbaycan təbiəti”, “Gənclik”, “Azərbaycan qadını” və s. qəzet və jurnallarda məzmunlu və maraqlı publisistik məqalələri ilə oxucusunun diqqətini cəlb etmişdir.

 

Müəllifin “Qərib gözlərin aydın”, “Bir ovuc torpaq”, “Ürəyim Bakıda qaldı”, “Anadır, Vətəndir qərib dərmanı”, “Gülablıda iki gün”, “Özümüz qürbətdə, qəlbimiz Vətəndə”, “Son qəmin olsun, Vətən” və daha onlarla Vətənin azadlığı uğrunda aparılan mübarizəyə həsr etdiyi məqalələrində onun narahat qəlbinin çırpıntıları duyulur. Zamanın, xalq hərəkatının böyük problemlərini əks etdirən bu məqalələrdə sanki oxucu ilə müəllif üz-üzə, göz-gözə dayanmış, bu problemlərin həlli yollarını birgə çözürlər. Məhz bu publisistik yazılarda bir publisist kimi Abid müəllimin güclü məntiqi, mühakimələrdə təmkin və inandırıcılığı əks olunur. Çünki bir ayağı cəbhədə, bir ayağı azadlıq uğrunda mübarizədə olan publisist xalqının dərdlərini və ehtiyaclarını bütün qəlbiylə duyurdu. Bilirdi ki, istər 20-ci yüzilin əvvəlləri, istərsə də sonu kimi Azərbaycanda azadlıq hərəkatının yüksəldiyi bir zamanda xalqla ünsiyyətin ən gözəl forması məhz publisistika olub. Mirzə Cəlil, Üzeyir bəy, Ceyhun bəy, Əli bəy, Əhməd bəy, Məhəmməd Əmin, Mirzə Bala kimi klassiklərin publisistikası onu çox qaranlıq mətləblərdən hali etmişbu yolda mübariz olmağa səsləmişdir.

 

Bütün varlığı ilə torpağına, Vətəninə, onun azadlığına bağlı olan publisist oxucusunu yüksək amallarla yaşamağa, bu amallar uğrunda mübarizə aparmağa çağırır. Odur ki, bu məqalələrdə həssas bir qələm əhlinin ürəyi, pak, təmiz duyğuları dil açır. Abid Tahirlini yaxından tanıyanlar bilirlər ki, nə onun öz təbiətində iddia var, nə də yaradıcılığında.

 

Təbiiətən çox istiqanlı olan müəllifin “Son ucu ölümlü dünya” və “Əzəli gül kimi açıb, axırında solan dünya” rubrikaları altında çap etdirdiyi məqalələr əziz valideyinlərinə və vəfalı dostlarına həsr olunub. “Bu bahar sənsiz gələcək”, “Səninlə”, “Səməndər tək yanar daim anan nari-fərağında” sərlövhəli məqalələri heçsakit oxumaq mümkün deyil. Müəllifin ürəyindəki ağrılar, səssiz hönkürtülər için-için yandırır səni, varından yox edir. Amma içində “insan duyğularına ruhi dinclik gətirən” bir rahatlıq duyursan. Çünki, onların ömrünü layiqlə davam etdirən Abid kimi övladları, Abid kimi dostları var!

 

***

 

Abid müəllimi çoxdan tanımağıma, haqqında bir neçə dəfə yazmağıma baxmayaraq, etiraf edim ki, bu dəfə da çox çətinliklə yazdım. Çünki Abid müəllim söz adamı kimi sıradan biri deyil, “sözünün qədim-qayım olması danılmazdır”. Sözünə, imzasına sahib olan, sözü göydə tutan, məsuliyyətini dərk edən, nəinki sözü, hətta baxışı belə dəyərləndirməyi bacaran söz adamıdır. Odur ki, Abid müəllimin sözə, söz adamına qarşı münasibəti də, məsuliyyəti də başqadır. “İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır” -söyləyən Abid Tahirli haqqında yazarkən həm məhəbbətlə, həm də məsuliyyətlə yazmalı olursan.

 

Bu günlərdə Abid müəllim ömrünün 60 ilini tamamlayır. Amma yenə də tutduğu amal yolunda addımlamaqdadır. Bu yolda Tanrı ona UĞUR DOLU ömür bəxş etsin. Amin!

 

Qərənfil Dünyamin qızı

Əməkdar jurnalist

Kaspi.-2015.-24 noyabr.-S.14.