53 ildir əmək kitabçasına eyni ünvan yazılıb – Keçmişdəki mən

 

Rafiq Əzimov: “Çıxışımdan sonra Lütfi Məmmədbəyov saçlarını yolmağa başladı”

53 ildir əmək kitabçasında eyni ünvan göstərilir - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı. 1962-ci ildən sözügedən teatrda fasiləsiz çalışır. Bu illər ərzində çox sənətkarlarla səhnəni bölüşüb, yüzlərlə müxtəlif xarakterli rollar oynayıb. Həmsöhbətimiz Dövlət Akademik Milli Dram Teatrının aktyoru, “Arxadan vurulan zərbə” filmindən Hüseynov, “Yeddi oğul istərəm”də Şahsuvar obrazı ilə sevdiyimiz xalq artisti Rafiq Əzimovdur. R.Əzimovun uşaqlığı, məktəb illərində teatra marağının yaranması, teatra ilk qədəm qoyduğu illərə birlikdə nəzər salaq...

 

Qeyd edək ki, müsahibimizin Azərbaycan kinosu tarixində də kifayət qədər zəhməti var. 50-dən çox kinoda müxtəlif obrazları canlandırıb, həmçinin filmlərin səsləndirilməsində iştirak edib.

 

Müharibə dövrünün uşağı

 

O, dünyaya gələndən 3 il sonra İkinci Dünya Müharibəsi başlayıb. Həmin dövrün bütün uşaqları kimi o da əzab-əziyyətlərə, məhrumiyyətlərə məhkum uşaqlıq yaşayıb. 1941-ci ildə cəbhəyə yollanan atası Əşrəf 6 il sonra, 1947-ci ildə geri qayıdıb. Atasının olmadığı dövrdə başı çarşablı anası iki körpə uşaqla tənha qaldığından işləmək məcburiyyəti ilə üzləşib. Özünə tapandan sonra isə uşaqlar tək qalmasın deyə, hər gün onları özü ilə işə aparıb gətirib. 1947-ci ildə atası müharibədən qayıdanda hər şey yavaş-yavaş yoluna düşüb. Müsahibimizin bir qardaşı da dünyaya gəlib.

 

Uşaqlığı Molla Vəli Vidadi küçəsində keçib. Deyir ki, tarzən Qurban Pirimov, balerina Qəmər Almaszadə, şairlər Əliağa Kürçaylı, Qabil kimi sənət adamları ilə eyni məhəllədə yaşayıblar: “Məndə sənətə məhəbbət bu insanlardan qaynaqlanıb”.

 

R.Əzimov Qurban Primovun konsertə getməyini xüsusi maraqla izləyib: “Filarmoniyada konsert saat 20.00-da başlayırdısa, o, saat 18.00-da evdən çıxardı. Çox ağayana yerişi var idi”.

 

Tarzən olmaq sevdası

 

Təzə bazarın yaxınlığındakı 44 nömrəli orta məktəbdə oxuyub. Məktəbdə xor dərnəyinin üzvü olub. Uşaqlarla birlikdə dram dərnəyi təşkil edirmişlər. Məktəbdə keçirilən bütün mərasimlərdə fəal iştirak edən müsahibimiz ilk dəfə Səməd VurğununVaqifpyesi əsasında məktəblilərin hazırladıqları tamaşada Eldar rolunda çıxış edir.

 

Müsahibimiz, Rayon Ticarət Mərkəzinin müdiri olan atasının muğamata marağından da söz açdı: “Muğamı çox sevirdi. Bəlkə buna görə tarzən olmağımı istəyirdi. Filarmoniyadakı konsertlərə mütəmadi getdiyindən atama vəsiqə vermişdilər. Bu vəsiqə ilə o, konsertlərə pulsuz gedirdi. O vaxt uşaqları Filarmoniyaya buraxmırdılar. Atamın dostları ilə konsertlər barədə etdikləri söhbət çox xoşuma gəlirdi. Anamın əmisi oğlu da bizimlə bir məhəllədə yaşayırdı. Atamın məni tarzən görmək istədiyini eşidib öz tarını mənə bağışladı və bu tarın arxasınca getməyimi tapşırdı. Mən də orta məktəb illərindən tar dərnəyinə getməyə başladım. İlk dəfə müəllimim mənə “Yüz bir” mahnısını öyrətdi. Musiqi duyumum gözəl olduğundan baxdığım hind filmlərindəki musiqiləri tarda özüm ifa etməyə başladım. Sonra ansamblda çıxışlarım oldu”.

 

Amma R.Əzimovun tarzən olmaq arzusu o qədər də çox çəkmir...

 

 

Özümüzü böyük hesab edirdik

 

Orta məktəbdə oxuyanda uşaq dram dərnəyinə üzv yazılır: “26-lar sarayının birinci mərtəbəsində uşaqlar, ikinci mərtəbəsində isə böyüklər üçün dram dərnəyi var idi. Uşaq dərnəyinin müəllimi Azərbaycan SSR-nin xalq artisti, “Vaqif” tamaşasında Vidadi rolunun ifaçısı Əli Qurbanov idi. O, Vidadi rolunu oynayarkən sazda özü ifa edirdi”. R.Əzimov uşaq dərnəyində satirik şeir bəndləri deyərkən sazda canlı olaraq özü ifa edərdi. İfa edə-edə kiçik ürəyi böyük arzularla alışıb yanardı. Belə ki, müəlliminin təsirindən həmsöhbətimiz hələ kiçik yaşlarından artist olmaq, Dram Teatrında işləmək, Vidadi rolunu oynamaqsazda özü çalmaq həvəsilə, arzusuyla yaşayardı...

 

Hərdən böyüklərin dram dərnəyindəki tamaşalarına baxmaq üçün onlara da dəvətnamə verilərmiş: “Böyüklərin dram dərnəyinin rəhbəri Lütfi Məmmədbəyov idi. 5-6-cı siniflərdə oxuyanda biz artıq özümüzü böyük hesab etdiyimizə görə orada çıxış etmək istəyirdik. Lütfi Məmmədbəyov uşaqları da müsabiqə yolu ilə böyüklərin dərnəyinə qəbul edirdi. Düz altı ay məşqlərə gedib-gəldim, amma hələ də məni üzv yazmamışdılar”.

 

 

Lütfi müəllim saçlarını yoldu

 

Həvəskar aktyorlardan birinin tamaşaya gəlməməsi R.Əzimovun böyüklərin dərnəyinə üzv yazılmasına yol açır: “Nəcəf bəy Vəzirovun “Ağakərim xan Ərdəbili” tamaşası ilk dəfə səhnələşdirilmişdi. Dərnəyin truppası Lökbatana qastrol səfərinə hazırlaşırdı. Hamı avtobusda gözləyirdi, amma nökər Səfərəlinin rolunu canlandıran aktyor hansısa səbəbdən gəlməmişdi. Lütfi müəllim çox əsəbi idi, o baş-bu başa gedirdi. Altı ay ərzində mən onların bütün tamaşalarına baxdığımdan bəzi rolları əzbərləmişdim. Lütfi müəllimə yaxınlaşmağa utandığımdan köməkçi-rejissor Asya xanıma Səfərəli rolunu canlandıra biləcəyimi dedim. Asya xanım bu barədə Lütfi müəllimi məlumatlandırandan sonra o, məni çağırdı, sözləri bilib-bilmədiyimi soruşdu. Bildiyimi deyəndən sonra məni paltar seçməyə yolladı”.

 

Beləliklə, R.Əzimov səhnəyə çıxıb Səfərəli rolunu oynayır. Balaca aktyor sözlərini deyəndən sonra tamaşaçılar zalda ürək dolusu gülürlər. Onun son sözlərindən sonra pərdə bağlanır: “Camaat qəşş edib güldüyündən düşündüm ki, rolu çox gözəl ifa etmişəm. Sevindiyimdən nə edəcəyimi bilmirdim. Düşünürəm ki, Lütfi müəllim gəlib məni çıxışıma görə təbrik edəcək. Amma pərdə bağlanan kimi Lütfi müəllim saçlarını yolmağa başladı.

 

Lütfi müəllim:

- Ala, o sözdür demisən?

- Kitabda yazılıb onu demişəm.

- Kitabda elə söz var?

 

Səhifəsinə qədər harada yazıldığını dedim. Lütfi müəllim Asya xanımdan kitabı istədi baxdı ki, əsərdə doğrudan da həmin söz var. Amma dedi ki, həmin söz çox biədəb çıxıb. Mən üzr istədim, “bağışlayındedim. Lütfi müəllim əsəblə, “ bağışlayım?”, - deyə qışqırdı. Amma ondan sonra Lütfi müəllim məni böyüklərin dərnəyinə üzv qəbul etdi”.

 

Bizim nəsildən artist çıxmayıb”

 

Səfərəli rolundan sonra müsahibimiz 5-6 il sözügedən dərnəkdə müxtəlif rollarda çıxış edir: “Son siniflərdə artıq məndə Teatr İnstitutuna (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti - L.M.) qəbul olmaq arzusu yaranmışdı. Atamdan qorxduğumdan ürəyimi anama açdım. Atam aktyor olmaq arzumu mənə vaxtilə tar bağışlayan anamın əmisi oğluna dedi. O, çox hirsləndi, onların nəslində artist olmadığını bildirdi. Qeyd edim ki, anam axund nəslindən idi. Beləcə, evimizdə qırğın düşdü. Atam heç vaxt bizi döyməzdi. Bir baxışı bəs idi. Amma anam hərdən “çəkərdi”. Anam tapşırdı ki, bir də ayağımı dram dərnəyinə qoymayım. Mən də, sadəcə, tamaşalara baxmağa getdiyimi, oynamadığımı dedim. Hətta bir gün anamla atama dəvətnamə verib dərnəyimizin hazırladığı tamaşaya apardım. Çıxışım ikinci hissədə olduğundan onlarla bir oturdum. İkinci hissədə su içmək bəhanəsi ilə zaldan çıxdım və qrimlənib rolumu oynadım. Sonra yenidən atamgilin yanına qayıtdım. Tamaşadan sonra yolda onlardan tamaşa, mənim canlandırdığım obraz barədə fikirlərini soruşdum. Çox bəyəndiklərini dedilər. Onlara rolum barədə bir söz demədim”.

 

Valideynlərinin razılığını alır

 

Valideynləri razı olmasa da, onlardan gizli sənədlərini Teatr İnstitutuna hazırlayır. Amma bütün hallarda valideynlərinin razılığını almaq istəyir: “Əmim oğlu Cəbrayıl Moskvada Kinematoqrafiya İnstitutunu bitirmişdi, kinostudiyada işləyirdi. Xətrimi çox istədiyindən ondan yardım istədim. Atamla danışıb razılığını aldı. Amma danışdıq ki, anamın əmisi oğlunun xəbəri olmasın. Onların razılığını alan kimi sənədlərimi Teatr İnstitutuna verdim və Məhərrəm Haşımovun kursunda kino-dram şöbəsinə qəbul oldum. Sevincimdən yerə-göyə sığmırdım”.

 

“Əgər pul istəyirsinizsə, pivə satın”

 

Dərsə başladıqları ilk gün M.Haşımov tələbələrini başına toplayıb onlardan bu sənətə niyə gəldiklərini soruşur. Hərəsi bir cavab verir: “Sonda Məhərrəm müəllim dedi ki, “əgər bu sənətə gəlməklə pulunuzun, maşınınızın, bağınızın olacağını düşünürsünüzsə, səhv edirsiniz. Bu, çox çətin sənətdir. Əgər pul istəyirsinizsə, qapının ağzında pivə satırlar. Gedin, satın, maşınınız da, evinizolsun. Bu sözlər qulağımıza sırğa oldu”.

 

Səhərə qədər gözümə yuxu getmədi...

 

Müəllimləri M.Haşımov Rus Dram Teatrının baş rejissoru olduğundan dərslərini orada keçərmişlər. Buna görə də tələbəykən sözügedən teatrda kütləvi səhnələrdə çıxış etməyə başlayırlar: “Bir müddət sonra Həsən Məmmədov, Nazim Yüzbaşov və mən oturub məsləhətləşdik ki, Rus Dram Teatrındakı tamaşalarda çıxış edirik, amma orada işləməyəcəyik. Dedik, bəlkə Milli Dram Teatrına gedək. Elə də etdik, bizi işə götürərlər. Kütləvi səhnələrdə çıxış etsək də Ələsgər Ələkbərov, Şeyx Zamanov, Ağadadaş Qurbanov, İsmayıl Osmanlı, Mərziyyə Davudova, Barat Şəkinskaya, Hökumə Qurbanova, Leyla Bəbirbəyli, Nəcibə Məlikova kimi artistləri görür, onlarla bir səhnəyə çıxdığımıza görə fərəh hissi keçirirdik”.

 

R.Əzimov tələbəykən böyük səhnəyə yeni qədəm qoyduğu vaxtlarla bağlı maraqlı əhvalatları da bizimlə bölüşdü. Həmişə kütləvi səhnələrdə iştirak edən R.Əzimov bir gün ürəklənib köməkçi rejissordan xahiş edir ki, bir kəlimə söz deyən obrazlardan birini canlandırmağa icazə versin. Köməkçi rejissor razılıq verir və həmsöhbətimiz “Vaqif” tamaşasında bircə cümlə deyən əyanı canlandırır: “Əyan deyirdi ki, “tez olun, yaxşı bir segah oxuyun”. Səhərə qədər gözümə yuxu getmədi ki, tamaşada söz deyəcəm. Sonra bu cümlə üçün hamımız növbəyə dayanırdıq, özü də yalnız gündüz tamaşasında deməyimizə icazə verirdilər”.

 

Hər çıxışa 80 qəpik

 

“SSRİ xalq artisti Ələsgər Ələkbərov Otellonu oynayırdı. Tamaşanın bir yerində Otello əlini sərkərdələrdən birinin çiyninə qoyurdu. Ələsgər müəllimin əlini çiynimizə qoyması üçün bu rol üstündə biz tələbələrin arasında dava gedirdi. Yəni, sənət sevgisi bizdə bu dərəcədə yüksək idi. 28 manat tələbə təqaüdü alırdıq. Teatrda hər çıxışımıza 80 qəpik verirdilər. 10 gün çıxış edəndə 8 manat alırdıq. Bu, bizim üçün əməlli-başlı pul idi”.

 

20 ildən çoxVidadini gözləyir

 

Yuxarıda qeyd etdiyimiz kimi hələ orta məktəbdə uşaq dərnəyinə gedərkən R.Əzimov artist olmaq Azərbaycan Dram Teatrında Vidadi rolunda oynamaq arzusuyla yaşayır. Artist olur, Azərbaycan Milli Dram Teatrında işləyir, “Vaqif” tamaşasında epizodik rollardan tutmuş böyük rollara qədər oynayır. Vidadi rolunun ona həvalə olunmasını səbrlə gözləyir. Təxminən 1980-ci illərdə Vidadi rolunu oynamaq nəsibi olur. Özü də arzuladığı kimi - sazda da özü canlı ifa edir.

 

Qeyd edək ki, R.Əzimov institutu bitirəndə təyinatını indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına verirlər: “1962-ci ilin sentyabrından indiyədək bu teatrda çalışıram. O vaxtdan bu günə qədər, 53 ildir, əmək kitabçamda bir ünvan göstərilir - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı”.

Lalə MUSAQIZI

Kaspi.-2015.-2 oktyabr.-S.21.