Hörmətdən yaranan
sevgi – Ailə
Pikə Axundova: “Sübhan ev işlərində
köməyini əsirgəmir”
Sübhan Talıblı: “Ailədə “özüm”, “mən” deyə bir
şey olmamalıdır”
“Ailə qurandan sonra o insan artıq sənin həyatının bir parçasına çevrilir, onun üçün yaşayırsan. Onun işində problem varsa, sən gülə bilməzsən, onun kefi yoxdursa, sənin də kefin olmur, o xəstələnibsə, sənin də canın ağrıyır”. Müsahiblərimiz belə düşünür. Onların fikrincə, ailə qurandan sonra iki cisim, iki can bir ürəkdə döyünür.
“Ailə” rubrikasının bu dəfəki qonaqları AMEA Dünya Siyasəti İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin nəzəriyyə şöbəsinin müdiri, Bakı Musiqi Akademiyasının müəllimi, bəstəkar-pianoçu, Prezident təqaüdçüsü Pikə Axundovadır. Qeyd edək ki, indiyədək söhbətləşdiyimiz cütlüklərdən fərqli olaraq, Sübhanla Pikənin evliliyi vasitəçilərin köməyi ilə baş tutub. Həmişə olduğu kimi, tanışlıqdan başlayaq...
“Ailə mənim
üçün əsasdır, amma...”
Ailələrinin məsləhəti ilə görüşüb söhbətləşirlər. İki görüşdən sonra münasibətlərini rəsmiləşdirməyə qərar verirlər. Pikə deyir ki, hər biri eşitmək istədiklərini bir-birinin dilindən eşitdiyindən münasibətlərini ciddiləşdiriblər. Sübhana Pikə barədə məlumat veriləndə düşünüb ki, ailəsi tanıdığına görə hər mənada xeyirli olacaq: “Fikirləşdim ki, hər iki tərəfdə elmə maraq varsa, elm və təhsil üçün çalışırlarsa, deməli, münasibdir. Beləcə, görüşdük. Görüşdən sonra bizə lazım olan o dəyərlər hər iki tərəfdə öz əksini tapdı və biz də öz razılığımızı verdik”.
Pikə üçün vacib olan qarşı tərəfin sənətinə hörmət göstərməsi idi: “Mən hər şeyi öz təhsilimə, sənətimə qurban vermişəm. Uşaqlar həyətdə oynayanda mən saatlarla fortepianonun arxasında məşğul olmuşam. Sənətimə, təhsilimə çox bağlıyam və mütəmadi olaraq beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil etmişəm. Bir sözlə, karyeramın arxasınca getmişəm. Amma hər zaman demişəm ki, qadın üçün ailə birinci yerdə gəlməlidir. Görüşdə də Sübhana dedim ki, ailə mənim üçün əsasdır, amma həyatda hər şeyimi işimə həsr etdiyim üçün bunsuz da qala bilmərəm. Sübhan da bu yerlərə əziyyətlə gəlib çıxdığından ailəni ikinci plana salmamaq şərtilə məni başa düşdüyünü dedi. Bildirdi ki, hər zaman işimdə, fəaliyyətimdə mənə dəstək olacaq. Bu, mənim üçün çox vacib idi. Beləcə, rahat şəkildə ömrümün qalan hissəsini Sübhanla birgə keçirməyə razılıq verdim”.
“Barışmaq üçün ilk
addımı kişi atmalıdır”
Pikə Sübhanla ailə qurmasına peşman deyil: “Çox xüsusiyyətlərini bəyənirəm. Qayğıkeşdir, ailəsi üçün hər bir fədakarlığa hazırdır, mehribandır. Bu, hər şeyə dəyər. Bircə bəzi şeylərə bir qədər tez reaksiya verir”.
Sübhan isə Pikədə bəyənmədiyi xüsusiyyətin olmadığını deyir.
Mübahisə zamanı tərəflərdən hansının barışmaq üçün ilk addım atmasına gəlincə, Sübhanın fikrincə, ilk addım ailə başçısı - kişi tərəfindən atılmalıdır: “Humanizm də, anlayışlı olma da, ümumiyyətlə, bütün ağırlıq kişinin üzərinə düşür. Güzəştə də getməyi bacarmaq lazımdır. Övlad xatirinə, ailənin qorunması üçün hər kəs öz günahını etiraf etməlidir. Bizdə də belədir. Problem olduqda oturub söhbət edir, bir-birimizi başa düşməyə çalışırıq”.
Pikə küsəyən olduğunu boynuna alır: “Amma əsas odur ki, günahı olan insan bunu başa düşsün. Biz mübahisə zamanı hər şeyi şişirtməyi xoşlamırıq. Mübahisələrimiz də xırda şeylərin üstə olur”.
“Qısqanc
xanıma oxşayırsız”
Hər iki həmsöhbətimiz qısqanc olduqlarını gizlətmir. Amma Pikə daha çox qısqancdır: “Sübhan ilk dəfə məni görəndə qısqanc xanıma oxşadığımı dedim. Sonradan gördüm ki, düz deyirmiş. Əvvəllər bu baxımdan daha çılğın idim, amma vaxt keçdikcə, onu daha yaxşı tanıdığımdan qısqanclığım da azaldı”.
Ev işlərində Sübhanın xanımına kömək etməsinə gəlincə, Pikənin bu baxımdan bəxti gətirib: “Mənə hazırda çətindir. Çünki həm işləyirəm, həm elmi iş üzərində çalışıram. Uşaq da insanı çox yorur. Sübhan evdə olduğu müddətdə çox kömək edir, oğlumuzu gəzməyə çıxarır. Başqa işlərdə də yardım edir”.
“Onun problemi varsa, sən gülə bilməzsən”
Müsahiblərimiz ailə ilə bağlı fikirlərini də bizimlə bölüşdülər. Sübhanın fikrincə, ailə qohumlarla münasibətlərin qurulmasıdır, nəsil artımıdır, bir mədəniyyətdir: “Ailə Azərbaycan, türk, islam mədəniyyətində önəmli yer tutur. Ailə müqəddəsdir. İnsan evdə rahatlıq tapmalı, evdən zövq almalıdır. İnsanın həyat yoldaşı yaxşı olanda qohumlarla münasibəti də yaxşı olur. Düzdür, bizim də müəyyən problemlərimiz olur. Amma əsas odur ki, evə gəlib uşağı görəndən sonra hər şeyi unudursan”.
Pikə də Azərbaycan ailə dəyərlərinə sadiq qalmağa çalışdığını deyir: “Bacardığım qədər çalışıram ailəmdə mehribanlığı, təmiz, sağlam münasibətimizi qoruyum. Çünki ailəmizdə övlad böyüyür. O övladın cəmiyyətə yararlı olması üçün sağlam, psixoloji baxımdan normal şəraitdə böyüməsi vacibdir. Ailə insanın simasıdır. Nəsə edəndə, yalnız özün üçün deyil, ailəni düşünərək etməli olursan. Ailəni qorumaq baxımından əsas yük qadının çiyinlərindədir . Çünki kişilərin işi çoxdur, evdə daha az olurlar. Buna görə övladın tərbiyəsi ilə məşğul olmaq, ailəni yumruq kimi saxlamaq daha çox qadının əllərindədir”.
Çoxları düşünür ki, ailəni birləşdirən tərəflərin bir-birinə sevgisidir. Pikə deyir ki, sevgi iki tərəfin məhəbbəti ilə məhdudlaşmır: “Ailə sevgisi başqa şeydir. O insan artıq sənin həyatının bir parçasına çevrilir, onun üçün yaşayırsan, onun işində problem varsa, sən gülə bilməzsən, onun kefi yoxdursa, sənin də kefin olmur, o xəstələnibsə, sənin də canın ağrıyır. Elə bil, iki cisim, iki can bir ürəkdə döyünür. Mənim üçün ailə sevgisi budur. Sevgi, eşq, qısqanclıq - bunlar hamısı öz yerində, amma mən ailə sevgisini daha müqəddəs, daha ali görürəm. Mən evlilik qərarını ağılla verdim. Xasiyyəti ürəyimə yatdı, “hə” dedim. Sevgi sonradan yarandı”.
Ailələr mehriban olanda...
Sübhanın fikrincə, sevgi hörmətdən, sədaqətdən, verdiyin sözü tutmaqdan yaranır: “Ailə sadiqlikdən yaranır. Ailədə “özüm”, “mən” deyə bir şey olmamalıdır, əks halda, hər şey qarışır. Mehribançılığın olmasında hər iki tərəfin valideynlərinin də çox böyük rolu var. Ailələr mehriban olanda, bu, böyük dostluğa, mehribançılığa, ailə sevgisinə gətirib çıxır. Mənim üçün dəyərli olan budur ki, ailə təmiz, milli mentalitetimizə uyğun olmalıdır, tərəflər özləri üçün deyil, ailəsi üçün yaşamalıdır. Sevgi də hörmət-izzətdən yaranır”.
Lalə MUSAQIZI
Kaspi.-2015.-2 oktyabr.-S.19.