Uğursuzluğu pozitiv araşdıran menecerUğur hekayəsi

 

Nurlan Vəliyev: “Əsas olan, uğursuzluğu səhv kimi deyil, uğurlu nəticəyə yaxınlaşmaq üçün növbəti addım kimi qəbul edib ruhdan düşməməkdir”

Düşünür ki, uğursuzluqdan qorxmayanda, səbəblərini pozitiv araşdıranda daha yaxşı nəticə əldə etmək olur. Onun fikrincə, hətta bəzən uğursuzluğun üzərində elə çalışırsan ki, ilk vaxtlar uğur saya biləcəyindən daha yaxşı nəticə əldə edirsən. Müsahibimiz DəmirBankın Əməliyyatların Konfiqurasiyası Departamentinin direktoru Nurlan Vəliyevdir.

 

 

- Nurlan bəy, Əməliyyatların Konfiqurasiyası Departamentində işinizin xüsusiyyətləri nədən ibarətdir?

 

- Hazırda bank sektorunda müştərilərə təklif olunan maliyyə şərtlərinin bir-birindən çox fərqlənmədiyini nəzərə alsaq, rəqabətdə qalib gəlmək üçün ən vacib amil xidmət səviyyəsinin yüksəldilməsi və əməliyyatların aparılmasının düzgün təşkil olunmasıdır. Buna nail olmağın ən başlıca şərtlərindən biri isə bankın İnformasiya Texnologiyaları (İT) infrastrukturunun bu tələbləri ən yüksək səviyyədə qarşılamasıdır. DəmirBank da bu ideyanı əsas tutaraq, son illərdə İT infrastrukturunun inkişafını əhəmiyyətli dərəcədə gücləndirmiş və dünyanın ən nüfuzlu proqram təminatlarının tətbiqini həyata keçirməkdədir. Əməliyyatların Konfiqurasiyası Departamenti olaraq, biz hazırda bankın bütün biznes sahələri üzrə biznes-proseslərin optimallaşdırılmasını, müvafiq proqram təminatlarının bu proseslərə inteqrasiyasını və yeni innovasiyaların tətbiqini həyata keçirməkdəyik.

 

 

- Mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis, şöbə müdirinin müavini, şöbə müdiri, departament direktorunun müavini, departament direktoru... İlk işə Dəmir Bankda başlamısınız və işlədiyiniz 6 il ərzində 7 pillə irəliləmisiniz. Növbəti hədəfiniz nədir?

 

- Şəxsi həyatda da, işdə də insanın hədəflərinin olması çox vacibdir, nə üçün yaşadığını, çalışdığını bilməlisən. Mən də karyerama, sözsüz ki, müəyyən hədəflərlə başlamışam. Hamımızın baxdığımız “Alisa Möcüzələr diyarında” filmindəki məşhur dialoqda deyildiyi kimi, hara gedəcəyini bilmirsənsə, hansı yolla gedəcəyinin əhəmiyyəti yoxdur, istənilən yol səni ora aparacaq. Mən özüm üçün hədəflər müəyyənləşdirmişdim, amma hədəfim hansısa vəzifəyə çatmaq deyil, görəcəyim işlərlə bağlı olub. Çatdığım vəzifələri isə hədəflərimə çatmağımın müqabilində verilən mükafat kimi başa düşürəm. Bundan sonrakı hədəflərim də yalnız yeni layihələrlə bağlıdır. Çalışdığımız sahənin dinamik inkişaf edən və yaradıcılıq tələb edən sahə olduğunu nəzərə alaraq, hədəf baxımından, necə deyərlər, korluq çəkmirəm.

 

- Karyeranızda yeddi pillə irəliləmisiniz. Yuxarıdan baxanda aşağılar necə görünür?

 

- Aşağı deməzdim, amma keçdiyim yola baxanda uğurlarımı və uğursuzluqlarımı, düzgün və yanlış qərarlarımı, çıxardığım nəticələri görürəm. Karyerama aşağı pillədən başlamış menecer kimi, kollektivimizin vaxtilə gördüyüm işi icra edən əməkdaşlarına yol göstərmək mənim üçün daha asandır. Hesab edirəm ki, bunun həm mənim, həm də kollektivimizin üzvləri üçün əhəmiyyəti var. Səhvlərimi, uğursuzluqlarımı onlara deyirəm. Bir çox rəhbərlərdən fərqli olaraq, öyrətməkdən çəkinmirəm, çünki sağlam rəqabəti sevirəm. Çox şad olaram ki, mənim kadrlarımdan kimsə məni əvəz edə və daha irəli gedə bilsin.

 

- Nurlan bəy, vəzifə pillələrinin hamısından keçməyin üstünlükləri nələrdir?

 

- İşin bütün xüsusiyyətlərinə, xırdalıqlarına bələd olursan. Hansısa tapşırığı verəndə bunu hansı işçinin daha yaxşı, hansı müddətə görə biləcəyini bilirsən. Çətin tapşırıq verəndə işçini motivasiya etməyi də unutmursan. Çünki vaxtilə eyni işi görmüşəm. Amma işə bələd olmayan menecerlər çətin işi işçiyə elə asan kimi tapşırar ki, bu, işçini demotivasiya edə bilər. Yaxud çox asan işi elə çətin tapşırıq kimi verər ki, işçilər bundan sui-istifadə edər. İşi kökündən bilən rəhbər üçün işləmək, tapşırıq vermək, idarə etmək daha asandır.

 

- Gənc yaşlarınızdan rəhbər vəzifələrdə çalışdığınızdan böyük ehtimalla rəhbərliyiniz altında sizdən yaşlı insanlar da çalışıb. Onlara tapşırıq vermək ilk vaxtlarda sizin üçün kompleks yaratmırdı ki?

 

- Bəlkə də kənardan birdən-birə vəzifəyə təyin olunsaydım, məndə kompleks yaranardı, belə olanda kollektivin öz liderini qəbul etməsi də çətin olur və bəzən heç alınmır. Amma kollektivin içindən çıxdığıma görə, bu baxımdan heç bir problem yaşamadım. Tapşırıqlara gəldikdə, imperativ şəkildə tapşırıq verilməsinin həmişə əleyhinə olmuşam, çalışıram ki, işin zərurətini, məntiqini və istiqamətini çatdırım, nə etməli olduğunu məsul əməkdaş özü başa düşsün. Bu halda, həm işin nəticəsi daha keyfiyyətli olur, həm də kollektivdə tapşırıqla bağlı heç bir kompleks yaranmır.

 

- İdarə olunmaq çətindir, yoxsa idarə etmək?

 

- Sözsüz ki, idarə etmək daha çətindir. Çünki idarə olunanda ancaq öz məsuliyyətini daşıyırsan, özün nümunəvi işçi ola bilərsən. İdarəedici olmadığına görə səni yalnız özünə görə qiymətləndirirlər. Amma nə qədər yaxşı işçi olsan da, idarəedicisənsə, kollektivin hər bir üzvünün davamiyyəti, məsuliyyəti, qabiliyyəti - hamısı sənin qiymətləndirməndə iştirak edir. Bir sözlə, yaxşı idarə olunan üçün yaxşı görmək kifayətdir. Amma yaxşı idarəedici üçün bir çox amillərə cavab vermək lazımdır.

 

İnsanlar azadlığa meyllidirlər və buna görə də, bir çoxları sözsüz ki, idarə olunmağı çox xoşlamırlar. Bunun müqabilində, insanların davranışları da fərqlidir - bəziləri idarə olunmamağı qaydaları pozmaqdaimkan olduqca tapşırıqları icra etməkdən yayınmaqda görür. Mən də idarə olunmağı çox xoşlamıram, amma idarə olunmamaq üçün heç vaxt qaydalardan kənara çıxmamışam, əksinə, idarə olunmamaq üçün mənə hər hansı tapşırıq verilməmişdən əvvəl o tapşırığı özüm müəyyən edib işi görməyə çalışırdım. Çox vaxt mənə tapşırılandan artığını etdiyimdən ortaya daha yaxşı nəticə çıxırdı. Bu da rəhbərlərim tərəfindən çox yaxşı qarşılanırdı, sağlam rəqabət mühitinə düşdüyüm üçün gördüyüm qiymətləndirilirdi. Bir sözlə, mənə tapşırıq verilməməsi üçün mümkün qədər özüm-özümə tapşırıq verirdim. Həmişə belə düşünmüşəm ki, mənə nə qədər çox tapşırıq verilirsə, deməli, işi o qədər az mənimsəmişəm, bu baxımdan öz üzərimdə çox çalışmışam.

 

- İşinizdə, hansısa layihənizdə uğursuzluğa düçar olandaedirsiniz?

 

- Kollektivdə həmişə pozitiv auranı saxlamağa meylliyəm. Böyük layihələrdə çalışdığımızdan təbii ki, xırda uğursuzluqlar qaçılmazdır. Bu cür hallarda həmin uğursuzluğun səbəbini və çıxış yollarını işdən sonra, qeyri-iş günlərində çayya yemək süfrəsi arxasında kollektivlə birlikdə müzakirə edib bir nəticəyə gəlirik. Uğursuzluqdan qorxmayanda, pozitiv araşdıranda daha yaxşı nəticə əldə etmək olur. Hətta bəzən uğursuzluğun üzərində elə çalışırsan ki, ilk vaxtlar uğur saya biləcəyindən daha yaxşı nəticə əldə edirsən.

 

Uğursuzluqla üzləşəndə rəhbərin kollektivə dəstək verməsi də çox vacibdir. Yaradıcılıq tələb olunmayan işdə uğursuzluq olanda bunu hansısa səhlənkarlıq, yaxud diqqətisizliklə əlaqələndirmək olar. Bu hal təkrarlanmağa meyllidirsə, işçinin tənbeh olunması da labüddür. Amma yaradıcı işdə uğursuzluqla üzləşmək, istənilən nəticəni əldə etməmək ehtimalı həmişə var. Çünki heç kimin əldə etmədiyi bir nəticəni əldə etmək üçün bəzən 5 fərqli metodu sınaqdan keçirməli olursan, bu isə o deməkdir ki, ilk 4 cəhdin uğursuzluqla nəticələnir. Əsas olan, bu uğursuzluğu səhv kimi deyil, uğurlu nəticəyə yaxınlaşmaq üçün növbəti addım kimi qəbul edib ruhdan düşməməkdir.

 

 

- Nurlan bəy, son olaraq, uğur sirriniz nədədir?

 

- Karyerada uğur qazanmağın üsulları çoxdur, bu haqda kifayət qədər kitablar, məqalələr var. Lakin bu o demək deyil ki, həmin kitabları oxuyan hər kəs asanlıqla uğur qazana bilər. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, uğur əldə etmək üçün tələsməmək, hədəflərini təcrübənə, xarakterinə, bilik bacarığına uyğun müəyyən etmək lazımdır. Bu halda, uğur qazanmağın yollarını axtarmağa ehtiyac qalmır, uğura gedən yol özü gəlib səni tapır. Uğuruma yol açan, daha doğrusu, sürətləndirən digər bir səbəb isə sağlam rəqabət şəraitində çalışmağımdır.

 

Lalə MUSAQIZI

Kaspi.-2015.-2 oktyabr.-S.15.