Türk dünyasının qəhrəman
oğlu
İbad
Hüseynli gənclərə nümunə olacaq igidlik rəmzidir
“Qarabağ döyüşlərində şücaət göstərən, Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran İbad Hüseynli bu gün müasir Azərbaycan gəncliyinə, böyüməkdə olan Azərbaycan övladlarına ən gözəl qəhrəmanlıq nümunəsidir”. İbad Hüseynlinin 45 illik yubileyi münasibətilə “Hilton” hotelində düzənlənən gecədə səslənən bu fikirlər qəhrəman döyüşçünün həyat və döyüş yoluna daha yaxından bələd olmaq üçün əsil fürsət oldu. Azərbaycanın bir çox ziyalıları, dövlət adamları ilə yanaşı, Türkiyənin bir neçə keçmiş naziri, millət vəkilləri, yazarlarının da qatıldığı tədbirə tanınmış sənət ustalarımızın ifasında səslənən şeir və musiqi əsil rəng qatdı.
Qəhrəmanlığa aparan yol
İbad Hüseynli 18 yaşında ikən Rusiyanın Amur vilayətində hərbi xidmətdə olub. 20 Yanvar hadisələri baş verəndə çevrəsindəki azərbaycanlı əsgərləri toplayaraq aclıq aksiyaları keçirib. O, rus generallarına, hərbçilərinə qarşı etiraz edib müxtəlif işgəncələrə məruz qalsa da: “Bizim dövlətdə qan tökən ölkəyə xidmət etmirik, bizi Qarabağa göndərin” - deyərək öz əqidəsindən dönməyib və nəhayət, Rusiya hökuməti hərbi xidmətin bitməsinə 4 ay qalmış İbad Hüseynlini və çevrəsindəki bir neçə əsgəri tərxis edərək Azərbaycana göndərib.
Hərbi xidmətdən bütün silahlar üzrə birincilik qazanmış hazır döyüşçü kimi gələn qəhrəmanımız birbaşa Qarabağın müdafiəsi üçün xüsusi könüllülər dəstəsi yaradır və kəşfiyyatçı-döyüşçü olaraq vətəninin müdafiəsinə başlayır. İbad Hüseynli ermənilərin Kür çayının sahillərinə çıxmasının qarşısını almaqda xüsusi qəhrəmanlıq göstərib. 1993-cü ilin dekabrında düşmən arxasından kəşfiyyatdan dönən zaman minaya düşməsinə, yaralanmasına, 28 gün komada qalmasına baxmayaraq, müalicədən dərhal sonra həkimlərin etirazına baxmayıb, güclü iradəsi sayəsində yenidən döyüş bölgəsinə qayıdıb. 1994-cü ildə ümummilli lider Heydər Əliyev İbad Hüseynlinin xidmət etdiyi N saylı hərbi hissəyə gedib və ona səngərdə qəhrəmanlıq göstərdiyinə görə təşəkkürünü bildirib. 1994-cü il oktyabr ayının 9-da isə İbad Hüseynli «Azərbaycan Bayrağı» Ordeni ilə mükafatlandırılıb.
Hələ son sözünü deməyib
«Əslində İbadın ad günü oktyabrın 18-dir. O gün həm də Azərbaycanın Müstəqillik Günüdür» - deyən millət vəkili Aydın Mirzəzadə İbad Hüseynlini qəhrəmanlıq nümunəsi adlandırdı: «İbad bəlkə də iç dünyasında özünü qəhrəman saymır. Özünü sadəcə, bir Azərbaycan oğlu hesab edir. O Azərbaycan oğlu ki, istənilən şəraitdə vətəninin qeyrətini çəkməyə, azadlığı uğrunda döyüşməyə, həyatını belə qurban verməyə hazırdır. Bu gün bizə onun düşmən arxasına kəşfiyyata getməsi haqqında danışmaq asan gəlir. Ermənistanın simvoluna çevrilən Monte Melkonyanın başını kəsərək ermənilərə böyük mənəvi zərbə vurmasından danışmaq da bizə asan gəlir. Əslində bu, «Sonrası necə olacaq?» - deyə düşünülmədən atılan addım idi. Buna böyük cəsarət lazım idi”.
İbad Hüseynlinin Azərbaycan xalqının qəhrəmanlıq simvoluna çevrildiyini vurğulayan millət vəkili qeyd etdi ki, o, artıq Azərbaycan xalqının genetik kodunda olan qəhrəmanlığı göstərib: “Biz onu Azərbaycan gənclərinə nümunə göstərməliyik. Gənclər tarixdən kiminsə tərcümeyi-halını oxuyub qəhrəman olmaq istəyərkən məhz bu cür insanlardan örnək götürməlidirlər».
İbad Hüseynli haqqında döyüş yoldaşı kimi danışmaq istədiyini bildirən millət vəkili Elman Məmmədov bildirdi ki, müharibəni görməyən, o dəhşətli anları yaşamayan insanlar İbadın necə bir qəhrəmanlıq etdiyini təsəvvür edə bilməzlər: «Mən 4 il müharibənin, od-alovun içərisində olmuşam. İbad kimi çox qəhrəman oğlanların düşmənə zərbə vurduğunu, özlərinin də həlak olduğunu görmüşəm. İbad kimi qəhrəmanlar «Sonra nə olacaq?”- deyə düşünmürlər, «Mən bunu edəcəyəm» - deyə qərar verirlər. İbad Hüseynli düşmənin öz qərargahında bütün dünyada ad çıxaran bir qatili, bir türk düşmənini diz çökdürüb başını kəsdi. Bu, bütün türk xalqına və dünyaya «Türkün dizi bükülməz» - deyə bir mesaj oldu. Azərbaycanda İbadlar tək deyil, yüzminlərlədir. Onlar yeri gələndə də sözlərini deyirlər”. Hələ İbadın qəhrəmanlıq yolunun başa çatmadığını bildirən millət vəkili qeyd etdi ki, o, bu gün müharibə veteranı kimi öz həyat və fəaliyyəti ilə gənc nəslə, əsgərlərimizə nümunə göstərir, dərs keçir: “Biz Azərbaycan torpaqlarını xilas edən gün İbad son sözünü döyüşdə deyəcək».
Xocavənd rayon İcra Hakimiyyətinin başçısı, qəhrəmanın qardaşı Eyvaz Hüseynov bildirdi ki, Xocavənd istiqamətində aparılan bütün döyüş əməliyyatlarını həyata keçirən məhz İbad Hüseynli olub: “Biz ailədə 5 qardaş olmuşuq və hamımız döyüşlərdə iştirak etmişik. Biz bir-birimizlə döyüş yoldaşı, dost olmuşuq. İbad olan yerdə həmişə döyüş əməliyyatları uğurla həyata keçib. Bizim şəhid olan döyüş yoldaşlarımızın bir lövhəsi vardı. İbad da öz şəklini o lövhəyə vurmuşdu. İbad məhz şəhid olmaq üçün döyüşürdü. O, məhz dostlarının yolu ilə gedəcəyini düşünürdü». E.Hüseynov qardaşının ikinci doğum gününün olduğunu da xatırlatdı: «26 dekabrda İbad ikinci dəfə dünyaya gəlib. O, növbəti döyüş əməliyyatından qayıdanda xidməti avtomobili minaya düşdü. Akif adlı sürücüsü həlak oldu, İbad isə ağır yaralandı. Mərkəzi Hospitalda müalicə olunarkən onun yaşamasına ümid yox idi. Tale eldə gətirdi ki, İbad sağaldı. 25 gün komada qaldıqdan sonra gözlərini açdı”. E.Hüseynov qardaşının öz müalicəsini yarımçıq qoyaraq yenidən döyüşə yollandığını bildirdi: “Döyüş gedərkən o, hospitalda müalicə olunmağı qəbul etmədi və həkimlərin təkidinə baxmayaraq, vuruşmağa getdi. Bu gün İbadın yaşaması onun ikinci doğum günü olan 26 dekabrla bağlıdır». Bizim ən müqəddəs vəzifəmizin torpaqlarımızı düşməndən azad etmək olduğunu bildirən E.Hüseynov qeyd etdi ki, İbadın da ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi və o döyüşlərdə iştirak etməsidir: “Biz torpaqlarımızın azadlığı uğrunda 20 mindən çox övladımızı şəhid vermişik. Onminlərlə oğlumuz yaralanıb. O torpaqları azad etməməyə bizim haqqımız yoxdur. Təbii ki, İbad da başladığı işi axıra yetirmək arzusundadır. İnanıram ki, biz tezliklə Qarabağı düşməndən azad edəcəyik. Mən həmin döyüşlərdə İbadın öndə getməsini arzu edirəm!»
İgidlik rəmzi
“İbad Hüseynli 25 ildir ad gününü qeyd etmir. O: «Nə qədər Qarabağ torpaqları alınmayıb, şad günlər bizə yaraşmaz»,- deyə bildirir” - deyən Türkiyədə dərc olunan «Atilla» dərgisinin baş redaktoru Gülşən Behbud İbad Hüseynlinin ad gününü Qarabağ azad olunanda o torpaqlarda qeyd edəcəyini bildirdi: “Biz sadəcə, Türkiyədən gələn qonaqlarımız və İbadsevərlərlə bir yerə yığışmaq istədik”. İbad Hüseynli haqqında danışmaq, söz deməyin şərəf olduğunu bildirən baş redaktor: “İbad Hüseynli haqqında yalnız haqqı olan və layiqli insanlar danışa bilər”-deyə bildirdi: “Birinci qrup Qarabağ əlili olan, 90-cı illərdən «Biz Heydər Əliyevin əsgərləriyik» deyən qəhrəmanımız bu gün Azərbaycan və türk gəncliyinə örnək olacaq igidlik rəmzidir”.
Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin başqanı, keçmiş nazir, millət vəkili Hasan Calal Gözəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını məclis iştirakçılarına çatdırdı: «Rəcəb Tayyib Ərdoğan da İbad Hüseynlini yaxından tanıyır və onunla üç dəfə görüşüb. O, Azərbaycanda belə bir məclisin düzənlənəcəyini bilincə salamlarının çatdırılmasını tapşırdı”. Qonaq İbad Hüseynlini türk dünyasının yaşayan qəhrəmanlarından adlandırdı: «Türk dünyası zaman-zaman qəhrəmanlar yetişdirib. Onlardan biri də İbad Hüseynlidir”. Hasan bəy Türkiyə vətəndaşı olmaq üçün müraciət edən İbad Hüseynliyə sürprizinin olduğunu da qeyd etdi: “Türkiyə vətəndaşı olmaq İbad Hüseynlinin böyük arzusu idi. Bu gün ona bu şad xəbəri veririk ki, ona bir həftə sonra bu sənədi təqdim edəcəyik”. Keçmiş nazir həmçinin İbad Hüseynlyə Türkiyənin Bayraq medalını təqdim etdi.
«Gərək gənclər İbad Hüseynlini təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qəhrəmanı kimi tanısınlar» - deyən Türkiyənin keçmiş naziri, millət vəkili Məhməd Sağlam da türk dünyasının qəhrəmanlar yetişdirdiyini qeyd etdi: “Qəhrəmanların adının hər zaman duyulması üçün işlər görülməlidir. Biz türk dünyasının qəhrəmanlarını tanıtmalıyıq. Biz böyük bir sevgi ilə İbad Hüseynlinin türk dünyası gənclərinə örnək olmasını istəyirik. 2005-ci il aprel ayının 28-də Türkiyənin Ankara şəhərində İbad Hüseynlinin adına küçə verildi, avqust ayının 30-da isə Türkiyənin qəhrəman şəhərlərindən sayılan Qaziantepdə adına böyük bir park verildi”. Qəhrəmana göstərilən bu diqqət Türkiyə-Azərbaycan dostluğunu əbədiləşdirən addımlardan biri kimi dəyərləndirildi.
“Əgər bu gün Türkiyədə İbad Hüseynlinin adına bir küçə verilirsə, ona vətəndaşlıq vermək üçün xəbər elan olunursa, demək, müasir dönəmimizin mübarizi kimi İbad Hüseynli bizim ortaq dəyərimizdir”- deyə səslənən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyə və Azərbaycanın ortaq dəyərlərini bilməyin vacib olduğunu vurğuladı: “Ortaq dəyərlərimizi bilməliyik ki, Vətən, Qarabağ və Türkiyənin bütövlüyü uğrunda canlarını fəda etmək istəyən insanlara örnək olsun. Bizim milli qəhrəmanlarımızın qəhrəmanlığına kölgə salmaq istəyən insanlar var. Mən döyüş bölgələrini qarış-qarış gəzən insanam. Bəzən Türkiyədə bizim haqqımızda “Azərbaycan savaşmadı” deyirlər. Xeyr, Azərbaycan savaşdı, bizim 25 min şəhidimiz var. Biz bu torpaq uğrunda şəhid olan hər bir insanın qədrini bilməliyik ki, yenə bu torpağın azadlığı uğrunda canını şəhid vermək istəyən insanlar olsun».
Digər çıxış edən qonaqlar da İbad Hüseynli kimi qəhrəmanların şücaətinin böyüyən nəsil üşün əsil örnək olduğunu vurğiladılar.
Qarabağ müharibəsinin qəhrəmanı İbad Hüseynli tədbirin keçirilməsinə görə təşkilatçılara və mərasimə qatılanlara təşəkkürünü bildirdi: «Mən ad günü keçirmirəm. Bu mərasimin təşkil olunmasını təşkilatçılar istədilər. Sağ olsunlar. Mən söz vermişdim ki, Qarabağ alınmayana qədər ad günü keçirməyəcəyəm. O üzdən bu gecəni ad günü kimi qeyd etmirəm».
Təranə Məhərrəmova
Kaspi.-2015.-2 oktyabr.-S.6.